Uzaq sahillərdə”ni başlayanda

mənim 25, müəllimimin isə 37 yaşı vardı

 

Qara Qarayevin bir əsərə xeyir-dua verdiyi günün yadigarı olan şəkil haqqında

 

Respublikanın Xalq artisti,  Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun redaksiyamıza hər gəlişi milli mədəniyyət tariximizin hansısa görkəmli siması haqqında maraqlı bir faktın, hadisənin yada salınması və ya korifey sənət adamları ilə unudulmaz görüşləri özündə əks etdirən şəkillərin oxuculara təqdim edilməsi ilə yadda qalır. Bu dəfə də belə oldu.

 

Tofiq müəllim öz ustadı, düz 60 il qabaq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq fənni üzrə müəllimi olmuş dünyaca məşhur Qara Qarayevdən bir əsər barədə xeyir-dua aldığı gün çəkilmiş fotoşəkli və təbii ki, öz xatirələrini də gətirmişdi. Bəstəkarın danışdıqlarını olduğu kimi qələmə aldıq:

  Tanrı insanı elə yaradıb ki,  hamı yaşa dolduqca  xatirələrə daha çox  meyilli olur. Həyatı boyu çoxsaylı görkəmli və dahi sənətkarlarla ünsiyyətdə olmuş adamın xatirə boğçası isə çözələndikcə qurtarmır. Bu baxımdan mənim bəxtim çox gətirib. Ən dəruni xatirələrim isə dahi bəstəkarımız Qara Qarayevlə bağlıdır.  Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu mükafatlarından  olan Sosialist Əməyi Qəhrəmanı adına  layiq görülmüş sənət adamlarının önündə məhz mənim müəllimim, Milli Elmlər Akademiyamızın akademiki, müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri  — bəstəkar Qara Qarayev dayanırdı. Qara müəllim cismən aramızda olduğu illərdə də, çoxmilyonlu sənət xiridarlarının xatirəsində və qəlbində yaşadığı son 33 ildə də daim sevilibehtiramla qəbul edilib. Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev də ulu öndərimizin yaradıcı ziyalılara göstərdiyi qayğı və diqqət ənənəsini sədaqətlə davam etdirirbiz yaradıcı insanlar daim onun diqqətindəyik.

İndiXalq qəzeti”nin hörmətli oxucularına təqdim etdiyim və haqqında söz açdığım fotoşəkil  1955-ci ildə,  mərhum müəllimimdən xeyir-dua aldığım günlərdən birində, bilavasitə onun indiki Şeyx Şamil ( o zamankı Buynakski)  küçəsindəki evində çəkilib. Onda Qara müəllimin 37, mənim isə 25 yaşım vardı. Onu da deyim ki, Üzeyir bəy Hacıbəylinin vəfatından sonra 30 yaşlı Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasına rektor təyin olunmuşdu. O, eyni zamanda,  konservatoriyada bəstəkarlıq kafedrasının müdiri, Bəstəkarlar İttifaqının birinci katibi, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü kimi məsul vəzifələr daşıyırdı. Üstəlik, gərgin yaradıcılıqla da məşğul olurdu. Onun ən böyük vəzifəsi isə sadə Azərbaycan ziyalısı olması idi. Mən ömrümdə onun qədər sadə və səmimi insan  görməmişəm.

Bu qədər məsul vəzifələri olan Qara müəllimin dərsi heç zaman boş keçməzdi. Mən onun bəstəkarlıq kursunda oxuyurdum. Əgər hansısa rəsmi tədbir — qurultay, plenumya sessiya səbəbindən dərsə gələ bilməsəydi, xəbər göndərirdi ki, həmin dərs axşam bizim evdə olacaq. Biz yığışıb onun evinə gedirdikheç bir dərsimizin boş keçməsinə imkan vermirdi. Həmin evdə dərs keçdiyimiz günlərdən birində məndən soruşdu ki, yay tətili zamanı hansı əsər üzərində işləmək isəyirsən? O, bütün tələbələrin gündəlik və perspektiv yaradıcılığı ilə daim maraqlanırdı. Soruşdu və mən də bir neçə ay ürəyimdə götür-qoy etdiyim məsələ barədə danışdım.

O  zaman bilirdim ki, Qara müəllim əfsanəvi qəhrəmanımız Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” filminin musiqisini yazır. Film 1958-ci ildə ekranlara çıxmalı idi və çıxdı da. Mən  Qara müəllimə danışdım ki, Mehdi Hüseynzadə bizim qonşuluqda yaşayırdı. Onun bacısı mənim atam Əhməd Bakıxanovun tar sinfinin tələbəsi idi. Yəni, Mehdinin surəti də,  ölüm xəbərindən  sonra  onun ailəsinin keçirdiyi üzüntülər də mənim gözümün qabağındadır. Ona görə də ustada dedim  ki, aylarla haqqında  düşündüyümUzaq sahillərdə” simfonik poemasını işləyib başa çatdırmaq istəyirəm. Gülümsündü və səmimiyyətlə xeyir-dua verdi. Bəlkə də onun əvəzinə başqa bir bəstəkar olsaydı,  deyərdi  ki, o barədə  artıq mən yazmışam. Qara müəllim isə həmin filmin musiqisini yazdığını qətiyyən yada salmadı və mən öz  müəllimi ilə eyni dövrdə, eyni mövzuda əsər yazmış tələbə bəstəkar kimi tarixə düşdüm.

Əsər başa çatdıqdan sonra Bəstəkarlar İttifaqının plenumunda, Filarmoniyadakı açıq konsertlərdə və radioda ( o zaman cəmi bir radiomuz vardı) ifa olundu. Daha  sonra radionun simfonik orkestrinin ifasında (dirijor Çingiz Hacıbəyov idi) lentə yazıldı. 1968-ci ildə isə “Uzaq sahillərdə” simfonik poeması “Azərnəşr”də kitab şəklində nəşr olundu. Qara müəllim mənim bu uğurumdan çox məmnun olmuşdu.

İndi oxuculara təqdim etdiyim  bu tarixi sənəd dəyərində olan fotoşəkli arxivimdə  hər dəfə görəndə böyük müəllimimin sadəliyi, mehribanlığı, xeyirxahlığı və ən başlıcası, dərs prosesindəki tələbkarlığı bir kadr kimi gözlərim qarşısında görünüryox olur. Unudulmaz müəllimimə ömrüm boyu rəhmət oxumuşam və nə qədər sağam, yenə də oxuyacağam.

 

Qələmə aldı:

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2015.- 31 iyul.- S.7.