Sabirabad: Ulu öndərin
36 il
əvvəl xeyir-dua verdiyi məktəb
Məktəb var ki, yaranandan tənəzüllə
doğru gedir, məktəb də var ki, fəaliyyətə
başladığı ilk gündən uğur uğur
dalınca gəlir. Kim bilir, bəlkə də burada
verilən xeyir-duanın da gələcəyə
atılan addımlar baxımından öz
rolu, əhəmiyyəti var.
Keçdiyi yola, göstərdiyi fəaliyyətə nəzər salanda Sabirabad şəhərində yerləşən Nizami Gəncəvi adına 5 saylı orta məktəbin də taleyini bu mənada uğurlu saymaq olar. Ulu öndər Heydər Əliyevin iştirakı və xeyir-duası ilə 1979-cu il sentyabr ayının 10-da fəaliyyətə başlayan məktəb 36 ildir ki, Sabirabad rayonunda təhsilin inkişafına öz töhfəsini verməkdədir.
Yeri gəlmişkən, hazırda məktəbdə 1210 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 141 müəllim məşğuldur.
“...Azərbaycanımızın
gələcəyi naminə”
1999-cu ildə Nizami Gəncəvi adına 5 saylı Sabirabad şəhər orta məktəbinin 20 yaşı tamam oldu. 20 illik yubiley münasibətilə ulu öndər Heydər Əliyev məktəbin kollektivinə təbrik məktubu ünvanladı. Aradan, demək olar ki, təqribən bir o qədər zaman keçsə də, təkcə məktəbdə deyil, bütövlükdə rayonda indinin özündə də bu təbrik məktubu təhsil ocağının fəaliyyətinə verilmiş ən yüksək qiymət sayılır . Həmin il dekabrın 16-da ünvanlanmış təbrik məktubunda ulu öndər milli təhsil sistemimizin inkişafına öz töhfəsini vermiş Sabirabad rayonundakı Nizami Gəncəvi adına 5 nömrəli şəhər orta məktəbinin 20 illik yubileyi münasibətilə məktəbin müəllimlərini, məzunlarını və ölkəmizin bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edərək 70-80-ci illərdə Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri sırasnda yeni təhsil ocaqlarının tikintisinə xüsusi diqqət yetirildiyini vurğulayır. Məktubda deyilir: “Bu məsələyə böyük əhəmiyyət verərək 1979-cu ildə məktəbinizin təntənəli açılış mərasimində iştirakımı da yaxşı xatırlayıram. Çox şadam ki, ötən dövrdə məktəbiniz təlim-tərbiyə və tədris işinin təşkilində, böyüməkdə olan gənc nəslin savadlanmasında, gənclərimizin şəxsiyyət kimi formalaşmasında və onlara vətənpərvərlik hisslərinin aşılanmasında uğurlar qazanmışdır. Məktəbinizin məzunları arasında yüzlərlə yüksək ixtisaslı mütəxəssis yetişmişdir və bu gün onlar müstəqil Azərbaycanın dövlət quruculuğunda yaxından iştirak edir, həyatımızın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərirlər. Hazırda ölkəmizin təhsil sistemində geniş islahatlar keçirilir. Əminəm ki, maarif işimizdə öz yeri olan Nizami Gəncəvi adına 5 nömrəli şəhər orta məktəbi də təhsil islahatlarını müvəffəqiyyətlə həyata keçirəcək, Azərbaycanımızın gələcəyi naminə hərtərəfli hazırlığa malik bilikli və vətənpərvər gənclər yetişdirilməsi vəzifəsinin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir. Bu əlamətdar gündə Sabirabad rayonundakı Nizami Gəncəvi adına 5 nömrəli şəhər orta məktəbinin müəllim və şagirdlərinə, məzunlarına, bütün sabirabadlılara böyük uğurlar, xoşbəxtlik və səadət arzulayıram”.
Yeri gəlmişkən, ulu öndərin qeyd etdiyi “70-80-ci illərdə Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri sırasnda yeni təhsil ocaqlarının tikintisinə xüsusi diqqət yetirilirdi” sözlərinə əlavə olaraq məlumat üçün qeyd etmək lazımdır ki, bu gün Sabirabad rayonunda 85 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Son on ildə 12 min 700 şagird yerlik 34 sinif otağı , o cümlədən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 şagird yerlik 2 məktəb binası tikilmiş, 8717 şagird yerlik 17 məktəb binası əsaslı təmir edilmişdir. 2014-cü ildə Sabirabad şəhərində 100 yerlik uşaq bağçası inşa olunmuşdur.
Son illərin nəticələri
barədə
qısa məlumat
Göründüyü kimi, ulu öndər Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, məktəbin məzunları arasında yüzlərlə yüksək ixtisaslı mütəxəssis yetişmişdir və bu gün onlar müstəqil Azərbaycanın dövlət quruculuğunda yaxından iştirak edir, həyatımızın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərirlər. Bəs, son illərin qısa xülasəsi necədir? Bu sualı belə cavablandırmaq olar: məktəbin məzunlarından iki nəfəri Prezident təqaüdçüsü olub, ikisi qızıl medalla orta təhsilini tamamlayıb, bir məzunun adı “Azərbaycanın gənc istedadlarının qızıl albomu”na yazılıb, bir nəfər 10-cu Beynəlxalq Türk Olimpiadasının qızıl medalını, bir nəfər isə respublika fənn olimpiadasının gümüş medalını qazanıb. Son 5 ildə məktəbin 152 məzunu ali məktəblərə qəbul olub, onlardan 49 nəfəri 500-dən artıq bal toplayıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev 2010-cu il noyabr ayının 1-də təbii fəlakət zamanı yararsız vəziyyətə düşmüş Mürsəlli kənd tam orta məktəb binasının əsaslı təmirindən sonra açılışında iştirak edib. Dövlət başçısı, həmçinin 2011-ci il may ayının 5-də təbii fəlakət zamanı yararsız vəziyyətə düşmüş Qasımbəyli kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra və 2013-cü il avqust ayının 29-da yenidən tikilən 1200 şagird yerlik M.Ə.Sabir adına şəhər tam orta məktəbin açılışlarında da iştirak edib.
Məzunlar “son zəng”i
təhsil naziri ilə birgə qeyd etdilər
Ulu öndər Heydər Əliyevin məktəbin açılışında iştirakını,
rayonun bir neçə məktəbinin
Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə
verilməsini yaddaşlarına
möhkəm yazmış
sabirabadlılar üçün
o qədər də qeyri-adi sayılmasa da, Nizami Gəncəvi
adına Sabirabad şəhər 5 saylı orta məktəbin 2015-ci il məzunları özlərinin “son zəng”lərini
yəqin ki, hələ uzun müddət unutmayacaqlar. Zarafat deyil, təhsil naziri Mikayıl Cabbarov vaxt tapıb
onların “son zəng”ində
iştirak etdi. Üstəlik, məzunlar və
valideynlər qarşısında
çıxış etdi.
Təhsilin inkişafı
istiqamətində görülən
işlərdən danışan
nazir vurğuladı ki,
ölkəmizdə təhsil sistemi ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi
sağlam təməllər
üzərində uğurla
inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan abadlıq-quruculuq işləri
sayəsində, eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin
hər yerində, o cümlədən Sabirabad
rayonunda müasir standartlara uyğun yeni-yeni təhsil ocaqları tikilir ki, bu
da məktəblilərin bilik və bacarıqlarının
artmasında, onların
vətənpərvərlik ruhunun yüksəlməsində
müstəsna rol oynayır.
Sabirabad
Rayon İcra Hakimiyyətinin
başçısı Nazim
İsmayılov da çıxışında rayonda
təhsilin inkişafı
üçün yaradılmış
şəraitdən ətraflı
danışdı, qeyd
etdi ki, son illər Sabirabadda yeni məktəblərin tikilməsi və digərlərinin də əsaslı təmiri birmənalı
olaraq şagirdlərin
oxumağa marağını
artırmışdır. Ulu
öndər Heydər
Əliyevin həmişə
müəllim adının
şərəfli olduğunu
vurğuladığını xatırladan icra başçısı şagirdlərin
mükəmməl şəxsiyyət
kimi yetişməsində
müəllimlərin üzərinə
böyük vəzifələr
düşdüyünü bildirdi. O, bu vəzifənin öhdəsindən ləyaqətlə
gələn müəllimləri,
o cümlədən Nizami
Gəncəvi adına 5 saylı şəhər orta məktəbin müəllimlərini
təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar
arzuladı.
Məktəbin direktoru və məzunlar göstərilən
diqqət və qayğıya layiq olmağa çalışacaqlarını
bildirdilər.
Sonra
“son zəng” çalındı,
məktəbin məzunlarının
hazırladıqları maraqlı
əyləncə proqramı
səsləndi, ardından
isə məzunlar
təhsil naziri və icra başçısı
ilə birlikdə şəkil çəkdirərək
bu maraqlı anları fotolarda əbədiləşdirdilər.
Cəsur müəllimin
ailəsini ziyarət
Əslində təhsil nazirinin Sabirabaddakı orta məktəblərdən birində- Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbinin məzunlarının son zəngində iştirakı təsadüfi deyildi. Çünki təhsil nazirinin öz həyatı bahasına eyni məktəbin şagirdini ölümdən xilas edən müəllimin ailəsini ziyarət etməsi nəzərdə tutulduğundan o, məktəbin “son zəng”ində iştirak etmişdi. Məlumdur ki, Nizami Gəncəvi adına Sabirabad şəhər 5 saylı orta məktəbin müəllimi Əhliman Hüseynov səhər saatlarında məktəbə gedərkən idarə etdiyi avtomobili Kür çayına aşırmışdır. O, avtomobildə olan 10 yaşlı məktəbli qızı xilas etmiş, amma özü suda boğulmuşdur. Təhsil naziri Mikayıl Cabbarov və rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov qəhrəman müəllimin ailəsinə baş çəkdilər, anasına və yaxınlarına başsağlığı verdilər. Qəhrəman müəllim əbədi olaraq sabirabadlıların xatirəsində yaşayacaq və örnək davranışı ilə gənc nəslə əsil nümunə olacaqdır.
... Sabirabadda 36 yaşlı bir məktəb var. Bu məktəbin
xeyir-duasını ulu
öndər Heydər
Əliyev verib. Bu məktəb də
digər məktəblər
kimi ölkə başçısı İlham
Əliyevin hərtərəfli
diqqət və qayğısı ilə əhatə olunub. Bu məktəbin
məzunlarının “son zəng”ində
təhsil naziri iştirak edib. Bu məktəbin Prezident təqaüdçüsü də
var, yüzlərlə
yüksək bal toplayaraq ali məktəblərə qəbul
olan kifayət qədər səviyyəli
məzunları da. Və nəhayət, bu məktəbin məzunlarına
ömür boyu nümunə olacaq Əhliman Hüseynov kimi cəsur və ölümün gözünə dik baxmağı bacaran ölümsüz müəllimləri
var. Belə örnək
müəllimi olan məktəbin uğurları
da təbiidir və davamlıdır.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2015.-
3 iyun.- S.10.