Ətraf mühitin
mühafizəsi
bəşəri problemdir
5 iyun Beynəlxalq Ətraf
Mühitin Mühafizəsi Günüdür
Beynəlxalq
Ətraf Mühitin Mühafizəsi Gününün qeyd
olunması 16 dekabr 1972-ci ildə Birləşmiş
Millətlər Təşkilatının Baş
Assambleyasının 27-ci sessiyasında elan
edilib. Həmçinin Baş
Assambleyanın bu sessiyasında BMT sistemində
BMT Ətraf Mühit Proqramı (UNEP)
yaradılıb. Hər il bu
təşkilat tərəfindən Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günü
keçirilir. Belə bir
günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin
2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin
Baş katibinə ünvanlanan
müraciət səbəb olub. Onlar “Ya biz
çirklənməyə son qoyaq, ya da
çirklənmə bizə son qoyacaq” adlı müraciətləri ilə bəşəriyyətə
ətraf mühitin çirklənməsi
barədə xəbərdarlıq
etmişdilər.
Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır.
Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Qitə ölkələrindən baş şəhərlər elan edir. 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər, Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib. Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və Beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verməsindən irəli gəlir.
Bundan sonra Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı daha intensiv tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair dövlət proqramı uğurla yerinə yetirilir.
Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağac əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.
Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr vermişdir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər də Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.
Son illər Bakıda bu istiqamətdə görülən işlərin miqyası xüsusilə genişlənmişdir. Belə ki, vaxtilə neftlə çirklənmiş ərazilərdə parklar, xiyabanlar salınmış, Balaxanı zibilliklərinin yerində tullantıların təkrar istehsalı üçün yeni zavod inşa olunmuş, yolkənarı yaşıllıqlar salınmışdır. Bir sözlə, Bakı tədricən ekoloji cəhətdən təmiz şəhərə çevrilməkdədir.
Elə regionlarda da ətraf mühitin sağlamlaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir. Əhalinin içməli təmiz su ilə təmin olunması üçün sutəmizləyici qurğuların quraşdırılması artıq geniş miqyas almışdır.
Ölkədə bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi monitorinqlər öz müsbət nəticəsini verməkdədir. Nazirliyin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən təkcə 2014-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 3338 akt və 1127 protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1472 müddətli “məcburi göstəriş” verilib. Bu tədbirlər 2015-ci ildə də davam etdirilir.
Nazirlik hər il olduğu kimi, bu il də Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində genişmiqyaslı tədbirlər keçirir. Bu tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 5
iyun.- S.9.