İçməli su təchizatı layihələri
dövlətimizin
həyata
keçirdiyi uğurlu sosial
siyasətin məntiqi
nəticəsidir
5 İyun Su Təsərrüfatı
və Meliorasiya İşçiləri Günüdür
Ölkə Prezidenti İlham Əliyevin 2014-cü il may ayının 14-də imzaladığı sərəncamla hər il iyun ayının 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi növbəti peşə bayramını yüksək nailiyyətlərlə qarşılayır.
Xatırladaq ki, şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyilə dövrünün mürəkkəb mühəndis kommunikasiyalarından sayılan Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra olunub. SSRİ dövründə yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemlərinin mərhələlərlə həllinə başlanılıb.
Ulu öndər Heydər
Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən
sonra su təsərrüfatında ciddi dönüş yaranıb, problemlərin kompleks həlli
məqsədilə böyük layihələr sürətlə
icra edilib. 1970-ci ilin
sentyabrında Kür su kəmərləri sisteminin birinci növbəsi
təhvil verilib. Heydər Əliyevin xeyir-duası
ilə 1980-ci ildə tikintisinə başlanmış Kür
su kəmərləri sisteminin ikinci növbəsi isə
1988-ci ildə istismara buraxılıb. Ceyranbatan
sutəmizləyici qurğularının 3-cü mərhələsinin
inşası da ümummilli liderin adı ilə
bağlıdır. Belə ki, onun rəhbərliyi
altında məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara
verilib.
Bakının
tullantı infrastrukturunun inkişafını nəzərdə tutan
“Böyük kanalizasiya” layihəsinin işlənib
hazırlanması və reallaşdırılması isə
1970-80-ci illərə təsadüf edir. Ulu öndərin
birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın
ən böyük çirkab sutəmizləyici qurğusu olan
Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də
paytaxtda yaranan tullantı sularının kənarlaşdırılmasında
əsas arteriya rolunu oynayan “Sənaye zonası”, “Şəhərkənarı”
və “Sahil” kollektorları inşa edilib.
Ulu öndər 1993-cü ildə xalqın təkidi ilə
hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının
yaxşılaşdırılmasını yenə də diqqət
mərkəzində saxladı. Azərbaycanda siyasi
sabitlik bərqərar edildikdən dərhal sonra beynəlxalq
maliyyə qurumlarından su sektoruna kredit cəlbi ilə
bağlı danışıqlara başlandı.
Danışıqların nəticəsi olaraq Dünya
Bankı ilə Avropa Yenidənqurma və İnkişaf
Bankı “Böyük Bakının su təchizatı sisteminin
yenidən qurulması layihəsi”nə güzəştli
şərtlərlə 88,7 milyon dollar
kredit ayırdı. 1998-ci ildə icrasına
başlanılan layihə çərçivəsində
Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksləri
yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət
göstəriciləri standartlara uyğunlaşdırıldı.
Bakı şəhəri və Abşeron
yarımadasının su təchizatında müstəsna əhəmiyyət
daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri
layihəsinin ideya müəllifi də Heydər Əliyevdir. Məhz ulu
öndərin rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu
məsələ hökumət səviyyəsində
müzakirə edildi və yeni su kəmərinin tikintisi
üzrə araşdırmalara başlanıldı.
2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın
etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin
həyatında yeni mərhələ başlandı. 2004-cü il
iyun ayının 11-də Azərbaycan Respublikasında su təchizatı
sahəsində idarəetmənin təkmilləşdirilməsi
haqqında Prezident sərəncamı imzalandı. Sənədə
əsasən buna qədər sərbəst qurumlar kimi fəaliyyət
göstərən Abşeron Regional Səhmdar Su Cəmiyyəti,
Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir”
və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin
Bakı Şəhər İcra Hakimiyyətinin Bakı
Kanalizasiya İstehsalat Birliyinin əsasında “Azərsu”
Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bununla da, içməli su təchizatı və
kanalizasiya xidmətləti sahəsində fəaliyyət
göstərən vahid qurum formalaşdırıldı.
Ümummilli liderin göstərişi ilə icrasına
başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri
layihəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə
reallığa çevrildi. 2007-ci ilin martında təməli
qoyulan kəmərin inşası Dövlət Neft Fondundan
maliyyələşdirildi. Dövlət
başçısı bir neçə dəfə tikinti sahələrinə
səfər edərək inşaat işlərini şəxsən
nəzarətdə saxladı. Layihədə nəzərdə
tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşdı və Yeni il ərəfəsində
kəmərlə nəql olunan su Bakı sakinlərinə
çatdırıldı. 2 min millimetr diametrli
şüşə lifli borulardan istifadə olunmaqla tikilmiş
262 kilometr uzunluğunda özüaxımlı kəmər
Abşeron yarımadasının su təminatında müstəsna
əhəmiyyət daşıyır. Məhz
bu kəmərin, eləcə də digər mənbələrin
imkanları hesabına hazırda paytaxt əhalisinin 78 faizindən
çoxu fasiləsiz və keyfiyyətli içməli su ilə
təmin edilir.
“Azərsu”
ASC-nin fəaliyyətə başlaması ilə Bakı şəhərində
formalaşan tullantı sularının təmizlənərək
kənarlaşdırılmasına xidmət edən Hövsan
Aerasiya Stansiyasının yenidən qurulması reallaşdırıldı. Fransa hökumətinin krediti hesabına stansiyada yeni
qurğular tikildi, köhnə avadanlıqlar yeniləri ilə
əvəz olundu. Nəticədə, stansiyanın məhsuldarlığı
sutkada 480 min kubmetrdən 640 min kubmetrə
çatdırılmaqla yanaşı, tullantı suların
bioloji təmizlənməsi prosesi
avtomatlaşdırıldı. Layihənin tərkib
hissəsi olaraq Zığ kanalizasiya nasos stansiyası yenidən
quruldu və yeni təzyiqli kanalizasiya xətləri inşa
olundu.
Əhalinin həyat səviyyəsinin yüksəldilməsini
və insanların sağlamlığını prioritet elan
etmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə
reallaşdırılan dövlət proqramlarında içməli
su təchizatı və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması ilə bağlı
genişmiqyaslı tədbirlər öz əksini tapıb və
artıq onların böyük bir hissəsi həyata
keçirilib.
Bakı şəhəri və bütövlükdə
Abşeron yarımadasında su təchizatı və
kanalizasiya sektorunda görüləcək işlərin və
Dövlət Proqramının icrasının səmərəliliyini
artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf
nəzərə alınmaqla su təchizatı, kanalizasiya sistemləri və
yağış sularının idarə olunması
üçün Master Plan hazırlanıb. 18
bölmədən ibarət sənəd su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun
institusional və normativ bazasının təkmilləşdirilməsi,
təmizlənmiş tullantı suların təkrar istifadəsi,
ekoloji tarazlıq və digər amillər əsas
götürülüb. Sənədə uyğun olaraq
550 kilometr magistral, 8100 kilometr
paylayıcı su xətlərinin, həcmi 1 milyon 150 min
kubmetr olan su anbarlarının, 150 kilometri tunel tipli olmaqla 680
kilometr kanalizasiya kollektorlarının, 6400 kilometr kanalizasiya
şəbəkəsinin, 900 kilometr yağış
kollektorlarının və məhsuldarlığı sutkada 1
milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici
qurğunun tikintisi layihələndirilib.
Artıq sözügedən sənədin su təchizatı
bölməsinin ən böyük layihəsi olan Ceyranbatan
ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi
yekunlaşmaq üzrədir. Xatırladaq ki, 2011-ci ilin
sentyabrında təməli Prezident İlham Əliyev tərəfindən
qoyulan layihə çərçivəsində Ceyranbatan
gölündən suyun götürülməsi təmin
edilib, subölüşdürücü kameranın,
anbarların, yardımçı infrastrukturun tikintisi
yekunlaşıb, qurğunun işə salınması
üçün son hazırlıqlar aparılır. Məhsuldarlığı
saniyədə 6 kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici
qurğunun istismara verilməsi ilə Abşeron
yarımadasında 1 milyondan artıq sakinin su təchizatı əsaslı
şəkildə yaxşılaşacaq, yarımadanın
şərq hissəsində mərkəzləşdirilmiş
su şəbəkəsinə qoşulmayan qəsəbələrin
və yeni yaşayış massivlərinin içməli su
problemi həllini tapacaq. Eyni zamanda, 84 kilometr uzunluğunda
Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin,
həmçinin içməli suyun optimal paylanması məqsədilə
kəmərin marşrutu boyu layihələndirilmiş
Abşeron, Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarlarının
tikintisi yekunlaşıb.
Bakı
şəhərinin şərq hissəsinin içməli su təchizatında
müstəsna əhəmiyyət daşıyan “69 Şərq”
və “110 Şərq” anbar komplekslərində həyata
keçirilən əsaslı yenidənqurma işləri nəticəsində
Bakının Nizami, Xətai Suraxanı və Sabunçu
rayonlarının böyük hissəsi fasiləsiz rejimdə
içməli su ilə təmin edilib. Bütövlükdə
isə son illər görülmüş işlər nəticəsində
Abşeron yarımadasında 260 min nəfər ilk dəfə
mərkəzləşdirilmiş qaydada içməli su ilə
təmin edilib və fasiləsiz su alanların sayı 900 min nəfərdən
2 milyon 40 min nəfərə çatdırılıb.
Abşeron yarımadasında kanalizasiya infrastrukturunun
inkişafı istiqamətində də mühüm tədbirlər
həyata keçirilir. İnnovativ texnologiyalardan istifadə edilməklə
Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan,
Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ
tunel tipli kanalizasiya kollektorlarının tikintisinə
başlanılıb. Artıq 13,2
kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan
kollektorunun tikintisi yekunlaşıb və Bayıl buxtasına
axıdılan tullantı suların qarşısı tam
alınıb. Eyni zamanda, Sumqayıt, Buzovna və Şüvəlan
çirkab sutəmizləyici qurğularının yenidən
qurulması, Novxanı-Sumqayıt kanalizasiya kollektorunun
tikintisi, mövcud kanalizasiya kollektorlarının yenidən
qurulması təmizlənmədən Bakı buxtasına, eləcə
də Novxanı çimərliyinə axıdılan
tullantı suların qarşısını almağa imkan
yaradıb.
Dövlət başçısı cənab İlham
Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu”
ASC-nin sifarişi əsasında hazırda 29 şəhər və
rayon mərkəzində su-kanalizasiya layihələri icra
olunur. Layihələrin
18-i beynəlxalq maliyyə qurumlarının krediti, 11-i isə
dövlət büdcəsi vəsaiti hesabına
reallaşdırılır. Layihələrin
icrasını daim diqqətdə saxlayan Prezident İlham
Əliyev bəzi şəhərlərdə
keçirilmiş təməlqoyma və
açılış mərasimlərində şəxsən
iştirak edib. Dövlət
başçısının diqqət və
qayğısı işlərin sürətlə və keyfiyyətlə
aparılması ilə nəticələnib. Görülmüş işlər nəticəsində
son bir neçə ildə şəhər və rayon mərkəzlərində
yaşayan 480 mindən artıq sakinin su təchizatı
yaxşılaşıb.
İçməli
sudan əziyyət çəkən yaşayış məntəqələrinin
su təminatına hesablanmış Şirvan-Muğan və Sabirabad-Saatlı
su kəmərlərinin tikintisi regionların inkişafı
baxımından xüsusi əhəmiyyət
daşıyır. 2012-ci ildə Prezident
İlham Əliyev tərəfindən təməli qoyulan
Şirvan-Muğan kəmərinin 107 kilometr uzunluğunda
Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə
tikilərək istismara verilib.
Kür sutəmizləyici qurğular kompleksindən
Saatlı şəhərinə qədər 62 kilometr
uzunluğunda magistral su kəmərinin tikintisi isə
2014-cü ilin sonlarında yekunlaşıb, dekabr ayında
Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən
suyun verilməsi təmin edilib.
Mərkəzi
Aran bölgəsinin sudan əziyyət
çəkən yaşayış məntəqələrinin
su təchizatına hesablanmış Külüllü mənbəyi
son illər reallaşdırılmış ən böyük
infrastruktur layihələrindəndir. Bu layihəyə
uyğun olaraq Girdimançayın yatağında suqəbuledici
qurğu tikilib, Zərdab şəhərinə 72, Ucar şəhərinə
57, Kürdəmir şəhərinə 27, Ağsu şəhərinə
isə 15 kilometr uzunluğunda magistral kəmər çəkilib
və hazırda həmin şəhərlərə su yeni mənbədən
verilir.
Xanbulançay isə cənub bölgəsində
yaşayanların içməli su təchizatında müstəsna
əhəmiyyətə malik layihədir.
Lənkəran, Astara şəhərləri və 39 kəndi
su ilə təmin etmək üşün Xanbulançay
anbarının sahilində məhsuldarlığı sutkada 30
min kubmetr olan sutəmizləyici qurğunun inşası
başa çatdırılıb, Lənkəran şəhərinə
suyun verilməsi təmin edilib, Astara şəhərində isə
magistral kəmərin inşası davam etdirilir.
Ötən
müddətdə şəhər və rayon mərkəzləri
ilə yanaşı, su qıtlığı müşahidə
olunan yaşayış məntəqələrində də
xeyli iş görülüb. Belə ki, kənd
və qəsəbələrdə 660 kilometr su xətti
quraşdırılıb, 150 subartezian quyusu qazılıb.
Bütün bunlar 210 mindən artıq əhalisi
olan 280 kəndin içməli su təminatını
yaxşılaşdırmağa imkan verib. Ağdam,
Ağcabədi, Füzuli, Tərtər, Tovuz və Goranboy
rayonlarının sərhədyanı yaşayış məntəqələri,
həmçinin məcburi köçkünlərin kompakt
yaşadığı qəsəbə və şəhərciklər
də daim diqqətdə saxlanılıb. Bütövlükdə
isə ötən dövrdə “Azərsu” ASC tərəfindən
6300 kilometr magistral və paylayıcı su xətti, 2130
kilometr kanalizasiya kollektoru və xətti, 157 su anbarı, 86 su
və kanalizasiya-nasos stansiyası tikilib, 370 mindən artıq
“smart kart” tipli sayğac quraşdırılıb.
Su təchizatı sahəsində görülən
böyük işlər əhaliyə verilən suyun keyfiyyət
göstəricilərinin müasir metodlarla tədqiqi və
daim nəzarətdə saxlanılmasını zəruri edir.
Bunu təmin etmək üçün 2013-cü ildə
istifadəyə verilmiş yeni mərkəzi laboratoriya cəmi
bir il sonra beynəlxalq akkreditasiyadan
keçib. Burada içməli suyun 84,
tullantı sularının isə 54 parametrini təyin etmək
mümkündür. Yeni
yaradılmış digər bir laboratoriya isə su
sayğaclarının yoxlanması, təmiri və onlara
texniki qulluq göstərilməsinə xidmət edir.
İnfrastruktur obyektlərinin və paylayıcı şəbəkələrin
yenidən qurulması zamanı SCADA sisteminin tətbiqinə
başlanılıb. Bu sistem infrastrukturun vahid mərkəzdən
idarə olunmasını təmin etməklə suyun mənbədən
istehlakçıya ötürülməsini onlayn rejimdə tənzimləməyə
imkan verir. Bununla yanaşı, coğrafi
informasiya sisteminin yaradılması istiqamətində
fundamental işlər görülüb. “AzərsuCİS”
adlanan bu sistem bütün şəbəkə infrastrukturunun
rəqəmsal xəritələrə
köçürülməsi üçün
yaradılıb və indiyə qədər sistemə 9700
kilometr su, 3800 kilometr kanalizasiya xətti, unikal kod verilmiş
400 min bina və tikili haqqında məlumatlar daxil edilib.
Beynəlxalq
əlaqələrini genişləndirən “Azərsu” ASC ölkə
daxilində və xaricdə keçirilən sərgi-konfransların,
beynəlxalq əhəmiyyətli tədbirlərin fəal
iştirakçısına çevrilib. Cəmiyyətin
təşəbbüsü və dəstəyi ilə
2013-cü ildə Bakıda ilk dəfə
ixtisaslaşmış Xəzər beynəlxalq su texnologiyaları
sərgi və konfransı keçirilib. Prezident
İlham Əliyevin ziyarət etdiyi debüt sərgisinə 23
ölkədən 70-dən çox şirkətin
qatılması tədbirə marağın yüksək
olmasından xəbər verir.
Eyni
zamanda, “Azərsu”ASC Dünya Su Şurasının, Beynəlxalq Su
Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul
edilib və 2015-ci ilin aprel
ayında Koreya Respublikasında keçirilmiş 7-ci
Dünya Su Forumunda Azərbaycan uğurla təmsil olunub. Cəmiyyətin
sədri Qorxmaz Hüseynov forumda Azərbaycanda su
ehtiyatlarının yaradılması və onlardan səmərəli
istifadə, son illər su təsərrüfatı sektorunda həyata
keçirilmiş layihələr barədə məruzə ilə
çıxış edərək transsərhəd
çayların çirkləndirilməsi məsələsini
iştirakçıların diqqətinə
çatdırıb.
Ölkə rəhbərliyi su təsərrüfatı
işçilərinin əməyini hər zaman yüksək
qiymətləndirib. “Azərsu” ASC-nin bir qrup işçisinin fəxri ad və
medallarla təltif olunması, icrasına başlanan və
istismara verilən bir çox layihələrin təməl və
açılış mərasimlərində Prezident İlham
Əliyevin iştirakı, nəhayət, 2014-cü il mayın
14-də imzalanmış sərəncamla iyun ayının
5-nin Su Təsərrüfatı və Meliorasiya
İşçiləri Günü peşə
bayramının təsis edilməsi bunun bariz nümunəsidir.
Son illər
əksər şəhər və rayon mərkəzlərində,
həmçinin içməli sudan əziyyət
çəkən kənd və qəsəbələrdə həyata
keçirilən su-kanalizasiya layihələri müstəqil
Azərbaycan dövlətinin öz vətəndaşlarının
sağlamlığı və sosial rifahının yüksəldilməsinə
hesablanmış məqsədyönlü siyasətinin əsas
istiqamətini təşkil edir. Layihələrin vaxtında və keyfiyyətli
icrasını təmin etmək üçün “Azərsu”
ASC-nin çoxminli kollektivi bundan sonra da əzmlə
çalışacaqdır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2015.- 5 iyun.- S.9.