Şəhriyarda bir gün
Söhbət Göygöl rayonunun
Şəhriyar kəndindən,
onun bolluq, bərəkət yaradan
insanlarından gedir
İlin bu çağlarında
adamın ürəyi təbiət istəyir: dağlara
çıxmaq, düzlərə, dərələrə,
meşələrə doyunca baxmaq, minbir rəngə
çalan güllərin, çiçəklərin ətrinə
hopmuş sərin dağ havası ilə nəfəs almaq,
bulaq başına enmək, dincəlmək,
bu mənzərədən, bu gözəllikdən zövq almaq, yaşamaq istəyirsən...
Elə
ona görə də Göygöl Rayon İcra
Hakimiyyətində Şəhriyar
kəndinə getməyimizi məsləhət biləndə ürəyimcə oldu. Orası da var ki, Göygöl
rayonunun coğrafi vəziyyəti
elədir ki, yaşayış məntəqələrinin,
demək olar, hamısı
bağlarda, dağətəyi
zonada yerləşir. Ancaq, hər
halda, Şəhriyar kəndinə
getmək dağların döşü ilə uzanan
yollardan ötmək,
qıjıltı ilə axan dağ
çaylarından keçmək,
az qala, hər addımda buz kimi
bulaqlardan su içmək, palıd, ulaş, çinar
ağaclarının qalın kölgəsində dincəlmək
demək idi. Ona görə də
dərhal yola
çıxdıq.
Yol-yoldaşım,
Göygöl Rayon İcra Hakimiyyəti başçısının
müavini Rauf Nəsirov bu yerlərin
hər qarışına
yaxşı bələddir.
Keçdiyimiz yerlər, kənd-kəsəklər
haqqında maraqla danışır, son illər
görülmüş işlər,
yaxın illərdə nəzərdə tutulmuş tədbirlər barədə
məlumat verir. Müsahibim deyir ki, indi kənd də dəyişib, kəndli
də. Azad sahibkarlara, fermerlərə, iş adamlarına dövlət səviyyəsində
göstərilən diqqət və
qayğı, geniş tətbiq
olunan və hər yerdə böyük maraqla qəbul edilən güzəştli şərtlər və s. nəticə etibarilə kənd
təsərrüfatı məhsulları istehsalının ildən-ilə artırılımasına səbəb olur.
Təsadüfi
deyildir ki, hazırda kənd yerlərində
bir metr də olsun əkilməmiş torpaq sahəsi
qalmır. Kənd adamı
yaxşı bilir ki, onun
çörəyi,
dolanışığı,
gün-güzəranı torpaqdan çıxır. Ona görə də
gecəli-gündüzlü iş
üstündə, əkində-biçindədir.
Harda nə əkməyi, nə
qədər əkməyi özü müəyyənləşdirir. İllik azuqəsinin demək olar
ki, hamısını torpaqdan götürür. Qalanını isə aydın məsələdir ki, bazara çıxarır. Düzdür, dağ
kəndlərində əkin-biçin işləri aran yerlərinə nisbətən çətindir. Ən
əvvəl, əlbəttə,
suvarma suyu cəhətdən. Digər
tərəfdən, dəmyə şəraitində, dağ yamaclarında, talalarda,
çay kanallarında əkin-biçin işləri ikiqat zəhmət və
vəsait tələb edir.
Buna baxmayaraq, olduğumuz başqa kəndlərin, elə Şəhriyar kəndinin sakinləri də
torpaqdan istədikləri barı-bəhəri götürə bilirlər.
Şəhriyar kəndində doğma
ata-baba yurd yerlərindən didərgin düşmüş insanlar yaşayır. Taleyin amansız zərbələrinə tuş gələn bu insanların əvvəllər
yaşadığı ünvanlar da müxtəlifdir:
Göyçə, Laçın, Kəlbəcər, Ağdam ... Həyatın sərt sınaqları, çətinlik və
yurd-yuva həsrəti onları
daha da möhkəmləndirmiş, qayğıkeş və mehriban etmişdir. İndi burada özlərinə ev-eşik,
gün-güzəran qursalar da, ürəkləri doğma yerlərə qayıtmaq arzusuyla
döyünür.
Göygöl Rayon
İcra Hakimiyyəti başçısının Şəhriyar kəndi üzrə nümayəndəsi Abdulla
Cahangirov son illər görülmüş işlərdən, vacib sosial məsələlərdən,
əkin-biçin işlərinin
gedişindən söz açdı:
–
Gördüyünüz 180 yerlik orta
məktəb binası son
illər tikilib. Uşaq bağçası isə
əsaslı təmirdən sonra
köhnə məktəb binasına
köçürüldü. Su
xəttinin çəkilişi
artıq başa çatmaq
üzrədir.
Böyük Vətən müharibəsində həlak
olanların xatirəsinə ucaldılmış abidə kompleksi
də əsaslı təmir olunmuşdur. Elektrik
enerjisi, yol və
başqa sosial məsələlər də çoxdan öz müsbət həllini
tapıb. Kənd təsərrüfatı məhsulları istehsalına gəlincə, onu
deyək ki, son 5 ildə taxıl,
bostan-tərəvəz, ət,
süd, yumurta istehsalı 3 dəfədən çox
artıb. Bu isə, hər şeydən əvvəl,
bol gəlir, əlavə qazanc,
firavan yaşayış
deməkdir.
Əli
Həsənovun yaşı
75-i ötüb. Əslən
Göyçə
mahalının
Qaraqoyunlu kəndindəndir.
Məlum hadisələrdən sonra
ailəsi, qohum-əqrəbası isə bura — Şəhriyar kəndinə köçüb. İstili-soyuqlu,
enişli-yoxuşlu ömür yaşayıb. İki
dəfə doğma yurd-yuvasından didərgin düşüb. Axırıncı – 1989-cu
ilin payızı isə
daha dəhşətli, daha
faciəli oldu. İxtiyar yaşlı qoca
üçün o günləri xatırlamaq çətin olsa da ürəyindən keçənləri dilinə
gətirir:
–
Dolu ev-eşiyimizdən bir çöp də çıxarda bilmədik. Mal-qaramız, ev əşyalarımız
yağıya qismət oldu. Quruca
canımızı
götürüb çıxdıq. Təkcə bizim
kənddən onlarla
dinc sakin şəhid oldu. Yağı düşmən nə qocaya, nə
qadına, nə də
uşağa rəhm elədi.
Mən hələ
uzaq, soyuq dağ yollarında əziyyətə, zülmə tab gətirməyib dünyasını dəyişənləri demirəm.
Gəlib
burada nə görsək
yaxşıdır? Köçüb getmək istəyən erməni
ailələri
üçün yük
maşını
ayırır, onları xətir-hörmətlə yola salırdılar. Bax, bizi
yandırıb tökən
də elə bu idi. O zamankı respublika
rəhbərlərinin qorxaq, aciz, satqın mövqeyi
bizdə haqlı olaraq
hiddət və nifrət
yaradırdı. Ancaq nə
etməli? Yaşamalı, özümüzə yenidən
ev-eşik, həyət-baca
qurmalı, necə deyərlər, ayaq
üstə durmalı idik.
Yaxşı
ki, ulu öndər Heydər
Əliyev yenidən
respublika rəhbərliyinə gəlməyə razılıq verdi. Həmin tarixi
qayıdışdan sonra səsimizi
eşitdilər, diqqət və
qayğı artdı. Gördüyünüz bu kənddə inkişaf və yüksəlişin bünövrəsi də
o vaxtlar qoyuldu.
Şəhriyar kəndində qabaqcıl əmək adamları, fermerlər, sahibkarlar
çoxdur. Onlardan biri də Əli Ağamalıyevdir. Öyrəndik
ki, əslən
Laçın rayonunun
Əlikli kəndindəndir. Laçının işğalından sonra bu kənddə məskunlaşıb.
Qohum-qonşu birləşib kiçik
bir təsərrüfat da yaradıblar. Taxıl da
əkirlər, heyvandarlıqla da məşğul olurlar, bostan-tərəvəz məhsulları da yetişdirirlər. Builki göstəriciləri ilə maraqlandıq. Bildirdi ki, havalar
kənd təsərrüfatı üçün əlverişli keçir. Dəmyə olsa da,
bol taxıl yetişdirmişik.
Biçinə tam hazırıq. İlkin hesablamalara görə, zəmilərin hər
hektarından 30 sentner məhsul götürüləcəkdir.
Heyvandarlıq, meyvə-tərəvəzçilikdə də məhsul ötən ildəkindən çoxdur. Deməli, gəlirimiz də
çox olacaqdır. Ə.Ağamalıyev bir məsələyə də toxundu:
–
Düzdür, kəndimizdə
hamının az-çox
torpaq sahəsi var, əkir-becərir. Ancaq
münasib iş yerləri
axtaranlar da çoxdur.
Yaxşı olar ki, burada kiçik emal
müəssisələri yaradılsın. Məsələn, bizim meşələrdə müxtəlif
meyvələr yetişir.
Üstəlik, həyətyanı sahələrdə də
meyvə boldur. Ancaq
hamısını bazara çıxarda bilmirik. Nəticədə, zay olub
gedir. Əgər burada
kiçik bir emal
müəssisəsi yaradılsa həm ekoloji cəhətdən təmiz məhsul
götürülər, həm
də gənclər işlə təmin olunar.
Şəhriyar kəndindən aşağı enirik. Bu yerlərə
yaxşı bələd olan
sürücü sərt döngələrin birində, iri qoz ağacının
yanında maşını
saxlayır.
– Burada yaxşı bir bulaq var,
– deyir. – Suyu bal kimidir...
Ensiz cığır bizi
bulaq başına gətirdi. İri qayanın dibindən çıxan gur su çiçəklərin, otların arası ilə axıb gedirdi. Ağacdan iri nov da düzəltmişdilər.
Knyaz Atayevlə
də burada tanış olduq. O da yol
üstəydi, su
içməyə düşmüşdü.
İri dolçanı
doldurub bizə uzatdı:
– Min bir dərdin dərmanıdır,
– dedi. – Mən özüm əslən göyçəliyəm.
20 ildən çoxdur ki, bu kənddə
məskunlaşmışıq. Doğma yurd yerlərimiz bax o dağların arxasındadır. Orada
belə bulaqlar çoxdur.
Təbiəti də, meşələri
də bizim tərəflərə çox
oxşayır. Bizi
burada yaşadan da ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı,
bir də bu təbiət, bu dağlar, bu bulaqlardır...
Yeri gəlmişkən, qeyd edək ki, 2015-ci ilin ötən ayları ərzində, bütövlükdə,
Göygöl
rayonunda
iqtisadiyyatın dinamik inkişafı təmin olunmuş, sosial obyektlərin tikintisi, abadlıq-quruculuq
işlərinin aparılması
istiqamətində həyata
keçirilən
tədbirlər daha sürətlə
davam etdirilmişdir.
Göygöl şəhərinin
Həsənbəy Zərdabi
və Mir Cəlal Paşayev küçələrinə asfalt örtük salınmış,
Böyük
Vətən müharibəsində
həlak olanların Xatirə kompleksinin əsaslı təmiri, abidənin ətrafındakı
parkda təmir-bərpa və yenidənqurma işləri başa çatdırılmışdır.
Ekoloji vəziyyəti
yaxşılaşdırmaq məqsədilə
ağacəkmə kampaniyası davam etdirilmiş, meşə dolaylarında 14350 ədəd, şəhər, qəsəbə və kəndlərdə, park və xiyabanlarda, yol kənarlarında 4700
ədəd
müxtəlif növ
ağac əkilmişdir.
Rayonda
2015-ci ilin ötən ayları ərzində
302 yeni iş yerləri açılmışdır, bunun
da 190-ı daimidir.
İqtisadiyyatın əsas sahələrində
istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi
31094,9 min manat təşkil etmişdir.
Aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin nəticəsi
olaraq, 2014-cü
ildə 1652 kənd təsərrüfatı məhsulları istehsalçısına
yanacaq və motor yağlarına, buğda əkininə, toxum istehsalına və mineral gübrələrə görə
dövlət
büdcəsindən 768,3 min manat yardım verilmişdir. Bu da rayonda aqrar sahənin dinamik inkişafına
səbəb olmuşdur.
Bu ilin məhsulu üçün 9956,1 hektar payızlıq, 416,4 hektar yazlıq səpin aparılmış,
istehsalçılara 70 faiz güzəştlə
108,2 ton azot gübrəsi satılmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə
743,2 min manat
çox olmaqla,
7606,7 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bunun da 99,6 faizi qeyri-dövlət
sektorunun payına düşür.
İri malın
sayı 20420, xırda
heyvanların sayı isə 169786 başa çatmışdır. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə
süd
istehsalı 208,9 ton, ət
2,1 ton,
yumurta 8,9 min ədəd artmışdır.
Göründüyü kimi, kənd təsərrüfatı ili təkcə Şəhriyar kəndi deyil, bütövlükdə, Göygöl rayonu üçün böyük uğurlar, geniş imkan və hədəflər vəd edir. Nəzərdə tutulmuş vəzifələrin
uğurlu
icrası üçün bütün qüvvə və səylər hərəkətə gətirilmiş, əlavə imkan və ehtiyat mənbələri
müəyyən edilmiş, bütün sahələrdə
ciddi intizam və tələbkarlıq
yaradılmışdır. Əsas diqqət ona yönəldilmişdir
ki, ölkənin ümumi ərzaq təminatında Göygölün payı daha da artsın.
Dağlar
qoynunda qərar tutmuş, sərin havalı, buz bulaqlı, minbir çiçəklərin,
güllərin,
ağacların dili ilə nəfəs alan Şəhriyarda
bir gün olduq. Kənd adamları
ilə görüşdük,
söhbət etdik. Qəlbi bu dağlar kimi uca, təmiz olan insanların qonağı olduq, gün-güzəranları, qayğıları,
arzuları ilə maraqlandıq.
Bəli,
bu ilin bərəkətli
baharı, ümidli yayı çox şey vəd edir. Bolluq, bərəkət
özü qapımızı
döyür. Şəhriyarın – bu kiçik dağ kəndinin sakinləri məhz belə düşüncələrlə, arzu və qayğılarla yaşayır, sabaha böyük ümidlə baxırlar.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2015.-
6 iyun.- S.11.