Azərbaycan mədəniyyətlərarası
münasibətlərə
müsbət dinamika
verməklə xalqları və sivilizasiyaları
bir araya gətirməyə
çalışır
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə formalaşdırılmış mədəniyyətlərarası
dialoqun Azərbaycan nümunəsi yüksək qiymətləndirilir
Bu günlərdə dünyanın
nəzər-diqqəti yenidən Azərbaycana cəlb olunub. Onu da
qeyd edək ki, son illər bu, artıq ənənə
halını alıb. Ölkəmiz dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının
tədbirlərinin keçirildiyi məkana
çevrilib. Bakıda III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun
keçirilməsi bu sahədə irəliyə
doğru atılmış daha
bir addımdır. Ötən illərə
nəzər saldıqda bir daha
aydın olur ki,
dövlətimizin başçısı və dünyada mədəniyyətlərarası
dialoqun Azərbaycan nümunəsini
yaratmış Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva bu
sahədə öz səylərini heç vaxt əsirgəməyiblər.
Artıq dünya birliyinə də məlumdur ki, Azərbaycan mədəniyətlərarası münasibətlərə müsbət dinamika verməklə xalqları, dövlətləri və sivilizasiyaları bir araya gətirməyə çalışır. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün bunları bir daha təsdiqlədi.
Mədəniyyətlərarası və dinlərarası dialoqla əlaqədar son illər Azərbaycanda mühüm əhəmiyyətli xeyli tədbir keçirilmiş, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilmişdir. Mötəbər beynəlxalq qurumların öz tədbirlərini respublikamızda keçirmələri ölkəmizin Avropa mədəniyyəti ilə İslam mədəniyyəti arasında körpü rolunu oynadığını təsdiqləyir. İki sivilizasiya arasında dialoqun yüksək səviyyədə təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir.
Bu gün dünyada mövcud olan sivilizasiyalar və mədəniyyətlər arasında sıx əməkdaşlıq, bir-biri ilə qarşılıqlı etimad şəraitində yaşamaq, müsbət ənənələrini bölüşməkdə tərəddüd edən ayrı-ayrı xalqların, etnik qrupların qarşılıqlı surətdə yaxınlaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi strategiya ilə yanaşı, Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın da əvəzsiz xidmətləri vardır. Artıq dünya birliyi də bir faktı təsdiqləyir ki, bu gün Azərbaycanda milli və dini dözümlülük, tolerantlıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Ötən illərin reallıqları göstərir ki, Azərbaycan mühüm əhəmiyyətli beynəlxalq tədbirlərə, xüsusilə də, mədəniyyətlərarası dialoqlara, humanitar forumlara ev sahibliyi etməkdə böyük təcrübə qazanmışdır. Xatırladaq ki, 2009-cu il oktyabrın 13-14-də “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində dünyanın 45-dən çox ölkəsindən, eləcə də İSESCO, Avropa Şurası, TÜRKSOY və digər təşkilatlardan 200-dən çox nümayəndənin iştirakı ilə respublikamızda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı keçirilmişdir. 2011-ci il aprelin 7-dən 9-dək Azərbaycanda 20 dövlətdən və 10-dan artıq beynəlxalq təşkilatdan 435 qonağın, o cümlədən Avropa Şurası Parlament Assambleyası, İSESCO, Dünya İctimai Forumu, UNESCO və BMT rəsmilərinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bir il sonra, aprelin 26-da keçirilmiş dünya dini liderlərinin ikigünlük Bakı Sammitinin əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılış mərasimində iştirak etmişlər. Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak etmişdir. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışlar.
Əvvəllər də Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında mədəniyyətlərarası dialoqun mədəni müxtəliflik və tolerantlıqla səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərin nəzərdən keçirilməsi, həmçinin yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsinin təşviq edilməsi qarşıya qoyulan prioritet məsələ olmuşdur. Qeyd edək ki, bu nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəklədiyi təşəbbüsdür. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir. Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunmuş, dialoqa yönələn maneələr nəzərdən keçirilmiş və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə edilmişdir. Eyni zamanda, forum təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaratmışdır. Dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak etmişlər.
Bunlarla yanaşı, Azərbaycanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir sıra tədbirlər — “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bugünü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti” və digərləri keçirilmişdir.
Mədəniyyətlərarası və dinlərarası dialoqlarda bir daha təsdiqlənmişdir ki, Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır, bütün tarixi və dini abidələr qorunur. Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə bərqərar olunubdur. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə - məscid, kilsə, sinaqoq tikilmiş və təmir edilmişdir. Bu proses indi də davam edir.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmiş mədəniyyətlərarası dialoqlarda iştirak edən qonaqlar Azərbaycanın, sözün əsl mənasında, dostluq, qardaşlıq məkanına çevrildiyinin şahidi olmuş və fondun bu təşəbbüsünü alqışladıqlarını bildirmişlər. Heydər Əliyev Fondunun dəstəyi ilə 2006-cı ilin aprelində Bakıda keçirilən “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü” adlı konfransdakı bəzi məqamları diqqətə çatdırmaq istərdim. Bu zəruri konfransda Latın Mədəniyyəti Akademiyasının böyük bir nümayəndə heyəti də iştirak etmişdir. Qeyd edək ki, Latın Mədəniyyəti Akademiyası (LMA) 2000-ci ildə latın mənşəli ölkələrin mədəni irsini qorumaq məqsədilə formalaşdırılıb. Latın Mədəniyyətı Akademiyası son illərdə “Latın dünyası və İslam aləmi” mövzusunda konfranslar keçirməklə latın və islam sivilizasiyaları arasında dialoqun genişləndirilməsi sahəsində xeyli işlər görüb. İndiyədək Latın Mədəniyyəti Akademiyası - Tehran, İskəndəriyyə, İstanbul, Ankara və s. şəhərlərdə konfranslar keçirərək mədəniyyətlərarası dialoqa xidmət edən dəyərlərin araşdırılmasına diqqət yönəldib. Əsas məqsədlərdən biri Qərb rasionalizmini islam mədəniyyəti ilə zənginləşdirmək və sivilizasiyalararası yarışda hegemonçuluğun qarşısını almaqdır. Tədbir çərçivəsində Latın Mədəniyyət Akademiyasının nümayəndə heyəti ölkəmizin tarixi, mədəniyyəti, zəngin adət-ənənələri ilə yaxından tanış olmuş, respublikamızda yaşayan xalqların sülh, dostluq və mehribançılıq şəraitində yaşadığının, dinlər və mədəniyyətlər arasında tolerantlığın hökm sürdüyünün şahidi olmuşdur. Qonaqlar ölkəmizdə bərqərar olmuş millətlərarası dostluqun və dinlərarası anlaşmanın, bu sahədəki təcrübənin dünyanın başqa ölkələrində bir nümunə kimi öyrənilməsini xüsusi olaraq vurğulamışlar.
Konfransda çıxış edən Latın Mədəniyyəti Akademiyasının baş katibi Kandido Mendes Azərbaycanda mədəniyyətlərarası vəziyyətin yüksək səviyyədə olduğunu vurğulamaqla yanaşı, konfransa sədrlik edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək demişdir: “Böyük gələcək perspektivlərə malik bir ölkə kimi, Azərbaycan xüsusi diqqətə layiqdir. Siz sırf Avrasiya ölkəsi deyilsiniz. Siz bu iki geosiyasi xətlərin tarazlaşdırılmasını təmin edə biləcək bir ölkəsiniz. Məhz buna görə Latın Mədəniyyəti Akademiyası slavyanların, türklərin, digər Avrasiya millətlərinin arasında körpü yaratmağa çalışır... Tarixin nə cür, nə məcrada inkişaf etməsinin məhz Azərbaycandan görünüşü bizim üçün vacibdir. Buna görə, qarşınızda baş əyirik və bu gözəl dialoqu məhz sizin ölkənizdə həyata keçirdiyimizə görə təşəkkürümüzü bildiririk”.
Beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, mədəniyyətlərin bir-birinə təsiri mədəni müxtəlifliyin qorunması üçün bir vasitə, ortaq dəyərlərin formalaşdırılmasıdır. Lakin qarşılıqlı təsir mədəniyyətlərimizin özəlliklərinə toxunmamalıdır. Qloballaşan dünyada mədəniyyətlərin bir-birinə inteqrasiya edərək öz xüsusiyyətlərini itirmə təhlükəsi də son zamanlarda aktual problemə çevrilmişdir. Bu baxımdan Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlar böyük əhəmiyyət kəsb etmişdir. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizdə gedən prosesləri, eləcə də bizim mədəni, sülhsevər, tərəqqipərvər xalq olduğumuzu dünyaya nümayiş etdirmək imkanı baxımından olduqca əhəmiyyətlidir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində baş tutan tədbirlərin böyük əksəriyyətinin ölkəmizdə reallaşması Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, ölkəmizin, həqiqətən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmasına gətirib çıxarmışdır.
2008-ci ilin iyununda Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ISESCO-nun dəstəyi ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq forum xüsusi qeyd olunmalıdır. Forumda dünyanın müxtəlif ölkələrindən 40-a yaxın nümayəndə, o cümlədən, Polşanın birinci xanımı Mariya Kaçinskaya, Latviyanın birinci xanımı Lilita Zatvere, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbeke və Anqolanın birinci xanımı Anna Paula Tuş Santuş, Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan, Argentinanın vitse-prezidentinin xanımı Kristina Çerutti de Kobos, Texas ştatı qubernatorunun xanımı Anita Kerri, RF Federasiya Şurasının vitse-spikeri Svetlana Orlova, BMT, İKT, digər beynəlxalq təşkilatların nümayəndələri və başqa qonaqlar iştirak edib.
Beynəlxalq forumun sonunda dünya dövlətlərini münaqişələrin həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının artırılmasına çağıran Bakı Bəyannaməsi qəbul olunmuşdur. Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mədəniyyətlərarası dialoqun inkişafında qadınların potensialından istifadə etməyə çağırmışdır.Forumda sivilizasiyalararası münasibətlərdə qadınların rolu, problemlər, anlaşma, münaqişələr və digər məsələlər müzakirə olunmuşdur.
Mədəniyyətlərarası dialoq barışdırıcı amil kimi çıxış edərək, müharibə və münaqişələrin qarşısını almaqla inam və qarşılıqlı etimad yaratmaqda böyük təsirə malikdir. Aparılan müşahidələr, həyata keçirilən tədbirlər də göstərir ki, ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoqa artıq öz töhfəsini verməkdədir. Mədəniyyətlərarası dialoq, əslində, elə bəşəriyyətin tarixi deməkdir. Bu baxımdan müasir mədəniyyət üçün dialoq daha aktual məsələdir. Dövlətimizin başçısının və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər sözün həqiqi mənasında tam formalaşdırılmış mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsidir. Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bunun bir daha şahidi olduq.
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru,
professor
Xalq qəzeti.- 2015.-
6 iyun.- S.10.