Fransada erməni diasporunun
təşkilatlanması və antitürk fəaliyyəti
Avropada erməni diasporunun
daha güclü olduğu ölkələrdən biri də Fransadır. Qitənin siyasi mərkəzi sayılan Fransa,
eyni zamanda, iqtisadi gücünə görə yalnız Almaniyadan geridə qalır. Məhz bu göstəricilərinə görə digər
Avropa ölkələrini qabaqlayan
Fransada ilk erməni
izlərinə XIX əsrin əvvəllərində rast gəlmək olur. Həmin
dövrdən başlayaraq Fransaya
meyilli olan ermənilər
qruplar şəklində bu
ölkəyə köç etməyə
başladılar. Bu qrupların çox az bir
qismi müharibədən sonra
öz torpaqlarına geri
dönmüş, qalanları isə diasporun dayaqlarını
formalaşdırmışdır.
Xatırladaq ki, Fransada ermənilərin məskunlaşması 1811-ci ildə bəzi ermənilərin katolik məzhəbinə keçməsi ilə başlanılmışdır. Bu hadisə qriqorian ermənilər ilə düşmənçiliyə gətirib çıxardığına görə katolik ermənilər vəziyyətdən çıxış yolunu Fransanın himayəsinə keçməkdə görmüşdülər. Fransaya köç 1915-ci ildən etibarən daha da sürətlənmiş, xüsusilə, Ermənistanın SSRİ-yə birləşdirilməsi və Lozanna konfransına qədər davam etmişdir.
1921-ci ildə Fransaya
daha bir güclü axın olmuşdur. Erməni əsilli Osmanlı
vətəndaşları daha
sıx yaşadıqları
Adana bölgəsini kütləvi
şəkildə tərk
etməyə başlamış
və Fransa gəmiləri ilə Marselə köç etmişlər. Osmanlı ermənilərinin
sıx yaşadıqları
Hatayın 1938-ci ildə
Türkiyəyə birləşdirilməsi
ilə bölgədə
yaşayan ermənilərin
çoxu, 1946-cı ildə
isə Fransa müstəmləkəçiliyindən azad olan Suriya
və Livan ermənilərinin böyük
əksəriyyəti Fransada
məskunlaşmışdı. Beləliklə, 1921-1946-cı illərdə təxminən 100 min erməni
Fransaya köçmüş
və onların böyük bir qismi Paris, Lion və Marseldə yerləşmişdir.
1925-1938-ci illər arasında 63 000 erməni Suriyadan, Livandan, Türkiyədən, Yunanıstandan
və Sovet Ermənistanından Fransaya
köç etmişdi.
Fransaya köçən
ermənilər XIX əsrdən
etibarən bu ölkədə aktiv rol oynayan erməni
ticarət koloniyasının
formalaşmasında yaxından
iştirak etmişlər.
Bu isə ermənilərin
sürgündə olduqları
Suriya və Livandakı fransız idarəçiliyi ilə əlaqələndirilir.
Qeyd etmək
lazımdır ki,
1920-30-cu illərdə Yunanıstandan
və Sovet Ermənistanından kütləvi
surətdə Fransaya erməni köçü
başlamışdı. Beləcə, Parislə yanaşı, erməni lobbisinin mütəşəkkil surətdə
fəaliyyət göstərdiyi
Marsel və Lion şəhərlərində də
diasporun güclü dayaqları formalaşırdı.
Erməni tədqiqatçısı
E.Melkonyanın fikrincə,
1920-ci ildə Fransada ermənilərin sayı
60 minə çatmışdı,
onlar Marsel-Paris dəmir yolunun hər iki tərəfində,
eləcə də müxtəlif şəhərlərdə
məskunlaşmışdılar. Həmin dövrdə bu şəhərlərdə işçi
qüvvəsinə kəskin
ehtiyac duyulurdu. Sonradan ermənilərin xeyli hissəsi Marseldə, Lionda, Parisdə və onların yaxınlığındakı şəhərlərdə
cəmlənmişdi. Fransaya gələn ermənilərin
bir qisminin bu ölkənin dilini bilmələri və ticarətlə məşğul olmaları
onların cəmiyyətə
daha sürətlə
uyğunlaşmasına şərait
yaratmışdı. Lakin II Dünya
müharibəsindən sonra
Sov.İKP MK-nın Baş katibi İ. Stalin ölkədə ermənilərin
sayını artırmaq
və onların vasitəsilə Türkiyədən
ərazi qoparmaq üçün Fransadan erməniləri geri qaytarmaqdan ötrü
1946-cı ilin oktyabrında
xüsusi qərar vermişdir. Amma geri
qayıdan ermənilər
burada sosial və siyasi şəraitə uyğunlaşa
bilmədiklərinə görə
Fransanı özlərinə
ikinci dəfə sığınacaq seçmişdilər.
Bu hadisə Sovet
Ermənistanı ilə
Fransadakı ermənilər
arasında uzun müddətli siyasi və ideoloji rəqabətə yol açmışdır. Bu
bölünmə prosesini
Ermənistan SSR-də
əhalinin əksəriyyətinin
dəstəklədiyi “Hnçak”
və “Ramqavar” partiyaları ilə Fransadakı ermənilərin
üzv olduqları “Daşnaksütyun” partiyası
arasındakı qütbləşmədə
göstərməkdə idi.
Amma Ermənistan SSR-dən Fransaya geri qayıdan
ermənilər buraya
1915-ci ildə köçmüş
ermənilərlə birlikdə
daha geniş və çeşidli bir sosial qrup
formalaşdırmışdır.
Bu proses fərqli vaxtlarda müxtəlif səbəblərin təsiri
ilə son illərədək
davam etmişdir. Məsələn, 1950-ci illərin
əvvəllərində Fələstin
və Şərqi Avropadan, 1975-ci ildə Livandan, İrandan, 1980-ci il hərbi çevrilişindən
sonra Türkiyədən,
1988-ci il zəlzələsindən
sonra Ermənistandan Fransaya ermənilərin kütləvi köçü
baş vermişdir. Yeni gələn ermənilərin sayəsində
erməni icmasının
sayında ciddi bir artım hiss olunmuşdur. Maraqlısı
odur ki, o dövrdə Fransa ermənilər üçün
“açıq qapı”
siyasətini aparmış,
ölkəyə gələnlərin
qarşısını nəinki
almamış, əksinə,
lazımi dəstək
göstərmişdir. Hətta
1979-cu ildə İranda
şah üsul-idarəsinin
devrilməsi, eləcə
də 1988-ci il
Spitak zəlzələsi,
SSRİ-nin çökməsindən
sonra Ermənistan Respublikasının yaranması
və ən nəhayət, Dağlıq
Qarabağ müharibəsi
nəticəsində Fransaya
yeni erməni köçləri təşkil
edilmişdir.
Fakt
ondan ibarətdir ki, müasir dövrdə Avropada ən güclü erməni diasporunun mövcud olduğu ölkələrdən biri
də Fransadır. Bir məsələni qeyd etmək lazımdır ki, bütün dünyada ermənilərin
ümumi sayı təqribən 5-6 milyon nəfərdir. Hazırda Fransadakı
ermənilərin sayı
500 minədəkdir. Bu
gün Avropaya köç edən ermənilərin böyük
əksəriyyəti Fransaya
üz tutmaqdadır.
Qeyd edək ki, Fransa
ermənilərinin böyük
əksəriyyəti Parisdə
və paytaxtın ətrafında yaşayır.
Bununla yanaşı, Marsel və Lion şəhərlərində,
eləcə də Alfortville, Mousons-Alfort və İssy-les-Monlineaux kimi yaşayış məskənlərində
də erməni sıxlığı müşahidə
edilməkdədir. Erməni diasporu
ilə yanaşı türk diasporunda da təşkilatlanma prosesi sürətlə getməkdədir. Türk diasporunun ümumi
sayı 500 min nəfəri
ötmüşdür. Lakin bu gün Fransada
türk diasporuna nisbətən erməni diasporu daha təşkilatlanmış
formada fəaliyyət
göstərir.
Bəzi mənbələr fransızlarla
ermənilərin ilk yaxınlığının
və əlaqələrinin
daha əvvəlki dövrlərə aid olduğunu
sübut edir. Belə ki,
hələ xaç yürüşləri zamanı
bu xalqların arasında daha isti münasibətlər olmuşdur.
Fransada erməni diasporunun təşəkkülü və formalaşması XVIII əsrin sonları — XIX əsrin əvvəllərinə təsadüf etsə də, erməni tədqiqatçısı E.Melkonyan erməni icmasının fəaliyyətini bir qədər də irəli apararaq Paskal-Arutunyan adlı bir erməninin 1654-cü ildə əvvəlcə Marseldə, 18 ildən sonra isə Parisdə ilk qəhvəxana açdığını yazır. Onun fikrincə, Paris tacirlərdən başqa, təhsil almaq istəyən gəncləri də özünə cəlb edirdi. Fransa imperatoru I Napoleonun göstərişi ilə 1810-cu ildə Parisin Şərq Dilləri Məktəbində ermənişünaslıq kafedrası yaradılmışdır. 1843-1914-cü illərdə 120-dən çox erməni şəhərin müxtəlif universitetlərinin diplomlarını almışdır.
XX əsrin I yarısından
etibarən Fransada erməni diasporunun strukturu formalaşmaqda idi. Həmin strukturun əsasında
diaspor ermənilərinin
yaratdıqları çoxsaylı
təşkilatlar şəbəkəsi
dayanmaqdadır. Bu şəbəkənin digər
qitələrdəki diaspor
təşkilatları ilə
məqsəd və fəaliyyət prinsipləri
baxımından sıx
əlaqələri mövcuddur.
Diaspor təşkilatları Fransadakı
bütün mövcud
elmi institut və araşdırma mərkəzləri ilə,
siyasətçilər, kilsə,
mədəniyyət evləri
və digər ictimai təsisatlar, yəni bütün sahələrdə fəaliyyət
göstərən qeyri-hökumət
təşkilatları ilə
qarşılıqlı yardım
və əməkdaşlıq
adı altında münasibətlər yaradırlar.
Belə qurumlardan Erməni Çalışma və Araşdırma mərkəzləri,
idman cəmiyyətləri,
mədəniyyət və
maarif təşkilatları,
müxtəlif fondlar,
dini təşkilatlar,
sosial xidmət, tələbə yurddaş,
gənclik təşkilatları
və başqalarının
adlarını çəkmək
olar. Qeyd edək ki, Fransada real fəaliyyət
göstərən 300-dən artıq erməni dərnəyi mövcuddur.
Bu ölkədə erməni
diasporunun strukturunda siyasi partiyalar xüsusi yer tutur. Erməni diasporunun təşkilati
strukturuna siyasi partiya adı altında fəaliyyət göstərən Erməni
İnqilab Federasiyası
(Daşnaksütyun), “Hnçak”
və Erməni Liberal
Demokrat Partiyası (“Ramqavar”) daxildir. 1930-cu illərdən etibarən bu partiyalarla bağlı olaraq, Osmanlıda mövcud olan bütün erməni təşkilatları Fransaya
transformasiya edilmişdir.
Qeyd edək
ki, Erməni İnqilab Federasiyası diaspor ermənilərinin ən böyük və aktiv siyasi
partiyasıdır, Antilyas
kilsəsinə bağlıdır. Partiyanın Parisdəki
mərkəzi ofisi digər təşkilatların
da mərkəzi kimi fəaliyyət göstərir. “Droşak”
adlı qəzet nəşr etdirdikləri üçün Droşak
Komitəsi kimi də adlanır.
Bu gün “Daşnaksütyun”
partiyası qarşısında
duran əsas məsələlər bunlardır:
1. Azad, müstəqil, birləşmiş
Ermənistan yaratmaq. Birləşmiş Ermənistana Sevr
müqaviləsi ilə
müəyyənləşdirilmiş Ermənistanın əraziləri,
eləcə də Naxçıvan, Qarabağ
(Artsax) və Cavaxetiya daxildir; 2. Türkiyə tərəfindən ermənilərə qarşı
törədilmiş “soyqırımının”
beynəlxalq səviyyədə
tanınması, işğal
olunmuş torpaqların
qaytarılması və
erməni xalqına təzminat verilməsi; 3.
Dünyaya səpələnmiş ermənilərin “Birləşmiş
Ermənistan”a qaytarılması;
4. Ermənistan dövlətçiliyini möhkəmləndirmək, demokratiyanı
və qanunun aliliyini təmin etmək, insanların iqtisadi vəziyyətini yaxşılaşdırmaq və
sosial ədaləti bərpa etmək.
Fransada fəaliyyət göstərən digər erməni siyasi partiyası Sosial Demokrat Partiyası (“Hnçak”) 1887-ci ildə Cenevrədə Avatis Nazarbekyan və millətçi erməni tələbə mühacirləri tərəfindən təşkil edilmişdir. Əsas məqsədi Türkiyənin şərq vilayətlərini “Rus və İran Ermənistanı”na birləşdirmək və müstəqil Ermənistan yaratmaq idi. Bu partiyanın da strukturunda terror qurumları mühüm rol oynayırdı. Göründüyü kimi, hər iki partiya terroru əsas vasitələrdən biri kimi qəbul etmiş, antitürk ideologiyası zəminində yaranmış və bu gün nəinki Fransada, eləcə də digər ölkələrdə erməni iddialarını təbliğ etmək və həyata keçirmək, ictimai rəyi manipulyasiya etməklə Türkiyə və Azərbaycanın maraqları əleyhinə mübarizə aparmaq, Fransada və bütünlüklə dünyada “türk imici”ni sarsıtmaq istiqamətində çox aktiv iş aparır. Dağlıq Qarabağla bağlı məsələdə millətlərin öz müqəddəratını təyin etmək prinsipindən çıxış edən partiya Qarabağın müstəqil olmasını və ya Ermənistana birləşdirilməsini münasib həll variantı hesab edir.
(ardı var)
Taleh CƏFƏROV,
Azərbaycan
Dövlət Pedaqoji
Universitetinin Türk və
Şərqi
Avropa xalqları tarixi
və tarixin
tədrisi
metodikası kafedrasının müəllimi
Xalq qəzeti.- 2015.- 6
iyun.- S.10.