BƏRDƏ: Heydər Əliyev adına
park-bulvarda bir yay günü
(foto-reportaj)
Qarabağ torpağına bu
il yay
erkən gəlib. İnsanlar sərinləmək və
dincəlmək üçün
park və xiyabanlara axışırlar. Onların
ən çox üz tutduqları məkanlardan biri Bərdədəki Heydər
Əliyev adına
park-bulvardır. Bu ünvanın şəhərin
xəritəsinə yazıldığı
gündən o qədər
də çox vaxt keçməyib.
Ancaq sorağı bütün bölgəyə yayılıb.
Yeni park-bulvarın qısa müddətdə məşhurlaşmasının
səbəbi onun bir çox özəllikləri ilə
bağlıdır.
Bir yay günündə mən də Tərtər çayının hər
iki sahili boyunca uzanan bu istirahət məkanının seyrinə
çıxıram. Jurnalist müşahidələrimə
və bilgilərimə
əsaslanıb əminliklə
deyə bilərəm
ki, 47 hektar ərazini əhatə edən park-bulvarın genişliyinə görə
bölgədə, yaxın-uzaq
şəhərlərdə bənzəri yoxdur. Təkcə genişliyinə görəmi?
Burada yaradılan şərait, təklif olunan xidmətlər də keyfiyyətinə və çeşidinə görə
seçilir. Hər şey
insanların rahatlığına
və mənalı istirahətinə hesablanıb.
Eni 36, hündürlüyü 12 metrə
çatan əzəmətli
giriş qapısından
başlayaraq hər bir guşədə yüksək zövq, yaradıcı təxəyyül
özünü büruzə
verir. Çayın üzərində salınmış asma körpülər, fəvvarələr,
süni göllər bir-biri ilə üzvi şəkildə birləşərək harmoniya
yaradır. Sahəsi 10 hektar
olan iki süni göl təkcə sərinlik mənbəyi deyil, eyni zamanda, qayıq
gəzintisinə çıxmaq
üçün ideal məkandır.
Bu məqsədlə alınan qayıqlar istirahətə gələnlərin
sərəncamına verilib.
İstəsən arxayınca velisoped
də sürə bilərsən. Bunun üçün 1,2 kilometr uzunluğunda ayrıca yol salınıb.
Min tamaşaçı yeri olan süni örtüklü stadion, əl oyunları meydançası, min yerlik
yay kinoteatrı, iki min kvadratmetr ərazini əhatə edən uşaq əyləncə mərkəzi,
ana-uşaq kafesi, ikimərtəbəli çay
evi, kölgəliklər,
ticarət və iaşə obyektləri uşaqdan-böyüyədək hər kəsə park-bulvarda ürəyincə istirahət etmək, əylənmək imkanı
yaradır.
Park-bulvar başdan-başa
yaşıllığa, gül-çiçəyə
qərq olub. Burada əkilmiş
20 mindən çox çiçək, gül
kolu və ağac göz oxşamaqla yanaşı, ətrafa sərinlik yayır, xoş rayihə saçır.
Ərazi
ən müasir işıqlandırma sistemi
ilə təmin olunub və gecəsi gündüzündən
fərqlənmir.
Bu da hələ
son deyil. Tərtər çayı boyunca bulvarı daha 4,3 kilometrə qədər uzatmaq, 30 hektar ərazidə yeni göllər yaratmaq nəzərdə tutulur. Park-bulvar
ərazisində Qarabağ
dövlət tarix muzeyi yaradılacaq. Rayon icra hakimiyyətinin
başçısı Vidadi
İsayevin ideyası olan bu layihə
Prezident İlham Əliyev tərəfindən
də dəstəklənib.
Beləliklə, kompleks yalnız
istirahət-əyləncə məkanı olaraq qalmayacaq, eyni zamanda, bölgənin mədəni mərkəzi
statusu qazanacaq.
Axşamlar park-bulvar daha qələbəlik,
daha əzəmətli
olur. Burada, necə deyərlər,
iynə atsan yerə düşməz.
Özü də istirahətə,
dincəlməyə gələnlər
təkcə rayon sakinləri
deyil. Park-bulvara ətraf rayonlardan da üz tutanlar çoxdur. Biz onlardan bir neçəsi
ilə söhbət edirik.
Yaşar Ağayev:
– Mən Ağdamın “Dördyol” adlanan qəsəbəsində yaşayıram.
Ancaq hər axşam ailəliklə bura gəlirik. Gərgin iş günlərindən
sonra park-burvarda dincəlmək üçün
hər cür şərait yaradılıb.
Süni göl, asma körpü, yaşıllıq,
gül-çiçək adamda
xoş duyğular yaradır. Mən bu gözəlliyi, bu rahatlığı yaradanlara “çox sağ olun”
deyirəm.
Məhəbbət
Bədəlov:
– Naftalandan gəlmişəm. İşimlə əlaqədar tez-tez Bərdədə oluram. Ancaq, sözün düzü, əvvəllər burda dincəlmək üçün elə bir istirahət guşəsi tapa bilmirdik. İndi isə, görürsünüz, adam əlindən tərpənmək olmur. Bərdənin tarixinə, bugününə yaraşan gözəl istirahət məkanıdır. Əlbəttə, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevə bölgələrə göstərdiyi belə diqqət və qayğı üçün təşəkkürümüzü bildirirəm.
... İsti, bürkülü yay günü, aran yeri, Bərdə rayonu... İlk baxışda əlbəttə, darıxdırıcı, narahat mənzərədir. Ancaq tələsməyin. Bu əvvəllər belə idi. Qadir insan əli, yaradıcı, qurucu insan təxəyyülü indi bu yerləri gülüstana çevirib. Heydər Əliyev adına park-bulvarda olduğu kimi...
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2015.- 7
iyun.- S.6.