Azərbaycanda gender, ailə və

demoqrafiya siyasəti uğurla aparılır

 

Keçən əsrin 70-ci illərində olmuş əhvalatıdır. UIu öndərimiz Heydər Əliyev yüksək aqrotexniki qaydalar əsasında becərilən, səliqə-sahmanı ilə diqqəti cəlb edən pambıq tarlalarını, taxıl zəmilərini gəzməkdən xüsusi zövq alır, məhsul bolluğu yaradan kolxozçularla söhbət etməyi xoşlayırdı. İmişli rayonundakı “Araz” kolxozunda da belə oldu. Rza Cəfərovun başçılıq etdiyi briqadanın işindən razı qalan Heydər Əliyev tarla düşərgəsində kolxozçularla səmimi söhbət etdi. Müxtəlif məsələlərdən, incə mətləblərdən söz açıldı. Ölkə rəhbəri briqadirdən neçə uşağı olduğunu soruşdu. Təbiətən utancaq olan, abır-həyalı Rza kişi sıxıntı içində astadan dilləndi:  - Yeddi.

 

 Heydər Əliyev eyni sualı qarşı tərəfdə dayanan qadına da verdi:

 - Yeddi, — deyə qadın astadan cavab verdi.

 Məlum oldu ki, həmin qadın Rza Cəfərovun həyat yoldaşıdır. Ani yaranan gərginliyi Heydər Əliyev özü aradan qaldırdı. O, gülümsəyərək yanında dayanan raykomun birinci katibindən xəbər aldı:

 - Bəs, sizin neçə uşağınız var?

 - Beş.

Katibin cavabından sonra ümummilli liderimiz tam ciddi şəkildə nəsil artırmağın vacibliyindən, əhəmiyyətindən ətraflı söhbət açdı. Dedi ki, xalqımızın sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Unutmaq olmaz ki, həyatda, hər yerdə, hər məsələdə məhz çoxluqla hesablaşırlar.

Bunu mən nə üçün xatırladım?! Ona görə ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişi və uzun illər xalqın rəhbəri vəzifəsini şərəflə yerinə yetirməsi respublikamızın tarixində silinməz izlər buraxmışdır. Onun müdrik göstərişlərini həyata keçirən xalqımız keçən əsrin 70-80-ci illərində xariqələr yaradaraq Azərbaycanı müttəfiq respublikalar arasında qabaqcıllar sırasına çıxarmış, müstəqillik illərində isə nəinki MDB ölkələri içərisində, bütün dünyada yüksək inkişaf səviyyəsinə qaldırmışdır.

 Heydər Əliyev xalqa sədaqətlə xidmət etməyin nümunəsi idi. Onun rəhbərliyi altında ölkəmizin iqtisadiyyatı dinamik inkişaf yoluna qədəm qoymuş, əhalinin həyat səviyyəsi yüksəlmiş, insanların sosial problemləri məqsədyönlü şəkildə ardıcıllıqla həll edilmişdir. Yaxın keçmişimizə nəzər salsaq, aydın şəkildə görərik ki, 22 il bundan əvvəl Azərbaycan dağılıb parçalanır, məhv olurdu. Belə bir dərin böhran məqamında xalqın təkidilə Heydər Əliyevin hakimiyyətə qayıdışı böyük el sevincinə səbəb olmuşdu. Dahi öndərimiz ömrünün kəşməkeşli həyat yolunda ikinci dəfə hakimiyyət olimpinə qalxandan sonra Azərbaycan bütün çətinliklərdən, gərginliklərdən azad edildi, Ermənistanla gedən müharibədə atəşkəsə nail olundu, ölkənin iqtisadiyyatı dirçəlməyə başladı, xalq çətin vəziyyətdən qurtardı, respublikamız dünyada tanındı.

Tarixi baxımdan çox qısa bir müddətdə Heydər Əliyev Azərbaycanın daxili və xarici siyasətini yenidən qurdu. Fenomen idarəetmə qabiliyyətinə malik olan bu nadir şəxsiyyət “Əsrin müqaviləsi” adı altında tarixə düşən möhtəşəm bir layihənin müəllifi kimi çox gördü. Hər şeydən əvvəl, dünyanın aparıcı dövlətlərinin nəzərlərini Azərbaycana yönəltdi. Bütün bu qlobal işlərin öhdəsindən layiqincə gələn ümummilli liderimiz — “Azərbaycanın gələcəyini kim idarə edəcək?” — problemini də yaddan çıxarmadı. Hələ sağ ikən ulu öndər ən çox inandığı və etibar etdiyi davamçısını prezidentliyə məsləhət bildi.

İllər ötdükcə, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü, dahi şəxsiyyət olduğunu daha aydın dərk edəcəkdir. Heydər Əliyev elə bir uca zirvədir ki, ondan uzaqlaşdıqca əzəmətini daha aydın görürsən. Məhz buna görə də 15 iyun 1993-cü il Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi üçün “Qurtuluş Günü” kimi qəbul olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yaddaşlara haqqın, ədalətin, Vətən, millət üçün yaşayıb-yaratmağın mücəssəməsi kimi həkk olunmuşdur.

Ömrü boyu qadına böyük hörmət, dərin məhəbbət hissi bəsləyən Heydər Əliyevin diqqəti və qayğısı sayəsində keçən əsrin 70-80-ci illərində Azərbaycan qadınlarının bir çoxu SSRİ-nin ən ali mükafatına — Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, şərəfli əməyə görə yüksək orden və medallar almış, idarəetmə, qanunvericilik orqanlarında layiqincə təmsil olunmuşdur. Heç təsadüfi deyil ki, Azərbaycanda təkrar hakimiyyətə qayıdan ulu öndər ölkə iqtisadiyyatının idarə olunmasında, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafında yenə də qadınlara üstünlük vermişdir.

Ölkədə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (sonralar Ailə, Qadın   Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlandırılmışdır) yaradılması dediklərimizə əyani sübutdur. “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” ümummilli liderimizin 6 mart 2000-ci il tarixli fərmanında komitənin fəaliyyətinin əsas istiqamətləri müəyyənləşmişdir. Komitə yarandığı ilk gündən yerlərdə qadın hüquqları və onların sosial müdafiəsi, qadın və kişilərin arasında ayrı-seçkiliyin ləğv edilməsinə aid konvensiyaya uyğun ölkə Prezidentinin, Nazirlər Kabinetinin qəbul etdikləri fərman və sərəncamların, qərarların yerinə yetirilməsinə nail olmaq üçün müvafiq iş aparır. Ümumiyyətlə, komitənin əməkdaşları şəhər və rayonlarda “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanın yerinə yetirilməsi vəziyyəti ilə yaxından tanış olmuş, RİH başçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri və digərləri ilə görüşərək fikir mübadiləsi aparmışlar. Yerlərdə keçirilən görüşlərdə və ayrı-ayrı qadınlarla aparılan söhbətlərdən məlum olub ki, dövlət tərəfindən qadınlara və uşaqlara göstərilən diqqət və qayğı ildən-ilə artırılır.

Komitə vaxtaşırı icra hakimiyyətlərində, nazirliklərdə, iri şirkətlərdə, səhmdar cəmiyyətlərində və başqa təşkilatlarda qadın məsələləri ilə məşğul olan şəxslərin yığıncaqlarını keçirir, vəziyyəti onların nəzərinə çatdırır, fərmandan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün birgə çıxış yollarını müəyyənləşdirir.

15 oktyabr 2003-cü ildə xalqımız tərəfindən Prezident seçilən möhtərəm İlham Əliyev indiyədək çox işlər görüb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident fərmanının və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsində qadınların rolu” mövzularında xüsusi konfranslar keçirmiş, Prezidentin imzaladığı fərmanların iqtisadiyyatda müşahidə olunan müsbət meyilləri daha da inkişaf etdirmək, sosial sahədəki problemlərin həllini sürətləndirmək məqsədi daşıdığını nəzərə çatdırmışdır.

Dövlət proqramları ilə əlaqədar rayonlarda keçirilən yığıncaq və seminarlar da göstərmişdir ki, Maliyyə, Vergilər, İqtisadi İnkişaf nazirlikləri, Dövlət Gömrük Komitəsi tərəfindən vergi dərəcələrinin optimal həddədək azaldılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli vergi siyasətinin davam etdirilməsi, sahibkarlığın inkişafını ləngidən, sosial-iqtisadi tərəqqiyə mənfi təsir göstərən problemlərin aradan qaldırılması, sahibkarlıq fəaliyyətinə görə qadınlara kreditlər verilməsi, fermerlərin texniki təminatının yaxşılaşdırılması, meliorasiya, irriqasiya sistemləri və qurğularının yenidən qurulması, suvarma infrastrukturlarının bərpası, pensiyaların və digər sosial müavinətlərin artırılaraq əhaliyə vaxtında çatdırılması xalqımız tərəfindən rəğbətlə qarşılanmışdır.

Cəmiyyətin sosial, iqtisadi, siyasi və mədəni həyatında qadınların rolu getdikcə yüksəlir. Bu gün fərəh hissi ilə qeyd edə bilərik ki, qadınların iqtisadi fəallığının yüksəldilməsi, son illər onların sahib olduğu müəssisələrin sayının artması ilə nəticələnib. Məlum məsələdir ki, ölkəmizdə sahibkarlığın və kiçik biznesin inkişafı, yeni iş yerlərinin yaradılması və məşğulluğun artırılması iqtisadi inkişaf üçün real zəmin yaradır. Belə bir şəraitdə dövlətimiz qadın sahibkarların inkişaf proseslərindən kənarda qalmaması üçün tədbirlər görür. Azərbaycan hökuməti mövcud gender bərabərsizliyi ilə yanaşı, yoxsulluğu azaltmaq üçün də bir sıra proqramlar həyata keçirir. Qadın sahibkarlığının inkişafı üzrə Dövlət Proqramı bu sahədə aparıcı rola malikdir. Belə ki, qadınların sahibkarlıq fəaliyyətinin inkişafı, onların iqtisadi və sosial nüfuzunun artması yoxsulluğun azaldılması, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Qadınların sahibkarlıq imkanlarının artırılması, bizneslə məşğul olmaları üçün onlara lazımi dəstəyin verilməsi sahəsində hökumətlə yanaşı, həm yerli, həm də beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, 1995-ci ilin iyununda Azərbaycan Respublikasının qanunverici orqanı tərəfindən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”nın ratifikasiya edilməsi və həmin ilin sentyabrında Pekində keçirilən IV Ümumdünya Qadınlar Konfransında Azərbaycan qadınlarının iştirakından sonra ölkədə qadın problemlərinə maraq daha da artmış, bunların həlli istiqamətində əməli addımlar atılmağa başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamış, dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda onların geniş təmsil olunmasına çalışmışdır.

Belə siyasəti davam etdirən möhtərəm İlham Əliyevin prezidentlik fəaliyyəti ilə əlaqədar hələ 11 il bundan əvvəl komitədə keçirilən konfransda millət vəkilləri, dövlət və qeyri-hökumət qadın təşkilatlarının nümayəndələri, rayon, şəhər İH-lərində, nazirlik, komitə, elmi müəssisə, hüquq-mühafizə orqanlarında, mərkəzi təşkilatlarda qadın problemləri ilə məşğul olan şəxslər iştirak etmişdilər. Çıxışlarda göstərilmişdi ki, ulu öndərimiz son anadək – “Fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsinə sadiq qalaraq və “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri sizin köməyinizlə İlham Əliyev başa çatdıracaqdır” – deməklə, Azərbaycan xalqını etibarlı əllərə tapşırdı. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezidentimiz İlham Əliyev isə fəaliyyətə başladığı ilk gündən — “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” — dedi.

 Bu gün dövlətimizə ulu öndərimizin layiqli davamçısı İlham Əliyev məharətlə rəhbərlik edir. Onun fəaliyyəti ölkəmizə həm daxili, həm də xarici siyasət sahəsində nəzərə çarpan uğurlar gətirir. Son on iki ildə əldə edilən nailiyyətlər bunun bariz nümunəsidir. Bu gün Azərbaycanda ictimai-siyasi həyatımızın bütün sahələri kimi, qadın siyasəti də dövlət səviyyəsində aparılır. Gender, ailə və demoqrafiya məsələləri hökumətin gündəlik fəaliyyətində əsas yerlərdən birini tutur. Son çıxışlarının birində hörmətli Prezidentimiz demişdir ki, Azərbaycanda çox müsbət demoqrafik dinamika var, əhalimizin sayı artır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən 24 ildə əhalimizin sayı 31 faiz artaraq, 9 milyon 593 min nəfərə çatmışdır.

 

Telman ƏLİYEV,

“Xalq qəzeti”

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən müsabiqəyə təqdim olunur.

 

Xalq qəzeti.- 2015.- 7 iyun.- S.7.