Elm və təhsilin inkişaf etdirilməsi dövlət
siyasətimizin prioritet
istiqamətlərindən biridir
Bu hadisə münasibətilə
bu işdə iştirak etmiş bütün qurumlara,
bütün insanlara, ilk növbədə, Azərbaycan mütəxəssislərinə
minnətdarlığımı
bildirmək istəyirəm.
Bu gün bu salonda əyləşən
gənc
mütəxəssislərimiz
artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər.
Mən çox şadam ki, bu gözəl idarəetmə
mərkəzində çalışan işçilərin böyük
əksəriyyəti
Azərbaycan vətəndaşlarıdır.
Prezident İlham
Əliyevin “Azərspace-1”
ilk telekommunikasiya
peykimizin uğurla
orbitə
çıxarılması münasibətilə
Azərbaycan
xalqına təbrikindən
Bakı, 8 fevral, 2013-cü il
İnanmıram ki, respublikamızda elmin və
təhsilin inkişaf etdirilməsi istiqamətində
həyata keçirilən tədbirlərin uğurlu
nəticəsini ifadə etmək üçün
bundan yaxşı sitat
seçilməsi mümkün olsun. Sitat tapmaq çətin
olsa da,
xatırladılmalı məqamlar çoxdur.
Onlardan bir neçəsinin yada
salınması kifayətdir. Birinci: Cəmi
24 il dövlət müstəqilliyi tarixi olan Azərbaycan dünyada barmaqla sayıla
biləcək ölkələr sırasına – "Kosmik ölkələr klubu"na qəbul edilmişdir. Bu,
danılmaz faktdır ki, möhkəm elmi bazası, mükəmməl təhsili və
qüdrətli iqtisadiyyatı olmayan
ölkələr kosmosa öz
rabitə peykini çıxara bilməz və
təbii ki, həmin uğura
imza atılmadığı təqdirdə
adıçəkilən quruma
üzvlükdən də söhbət gedə bilməz.
İkinci məqam: Bu il mayın 18-də Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev dedi: “Biz təhsilə böyük diqqət yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq 100 faizə bərabərdir. Təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır... Biz məmnunuq ki, gənc nəsil azərbaycanlılar həyatda öz layiqli yerlərini tutmaq və ölkənin potensialını gücləndirmək üçün daha çox öyrənmək, qabiliyyətlərini artırmaq arzusundadırlar”.
Üçüncü məqam: Kütləvi informasiya vasitələri xəbər verirlər ki, bu ilin sentyabr ayından başlayaraq Azərbaycanda ilk dəfə olaraq, Bakının 2 ümümtəhsil müəssisəsində inkluziv təhsilin tətbiqinə başlanılacaq. Bu barədə fikirlərini söyləyən təhsil naziri Mikayıl Cabbarov deyib ki, indi minlərlə uşaq ümumtəhsil müəssisələrində təhsil almaq imkanına malik olmadığına görə inkluziv təhsilin tətbiqinə başlamaq zərurəti yaranıb. Təhsilin bu növünə start verilməsinin iki başlıca əhəmiyyəti var: “Bunlardan biri sosiallaşdırmadır. Həmin şagirdlər bunun nəticəsində adi ümumtəhsil məktəblərində təhsil alaraq, cəmiyyətə onun tam hüquqlu üzvləri kimi inteqrasiya oluna biləcəklər. Digər məsələ isə, təlim-tərbiyə prosesi ilə bağlıdır ki, bu istiqamətdə də məzmundan təlimə qədər olan sahələri əhatə edən xüsusi proqramlar hazırlanmalıdır”. Nazirin fikrincə, ölkəmizdə ənənəvi, milli dəyərlərə əsaslanaraq sağlamlıq imkanları məhdud olan uşaqlar üçün dövlət siyasəti həyata keçirilir: “Lakin təhsil sistemi və cəmiyyətin özü tərəfindən də bu kateqoriyadan olan insanlar üçün mühüm işlər görülməlidir. Bu istiqamətdə bizim qarşımızda mühüm məsələlər durur. Bunlara çatmaq üçün inamla addımlamalıyıq”. Sözün həqiqi mənasında, alqışlanmalı addımdır. Azərbaycan kimi humanist siyasət yeridən bir dövlətin fiziki imkanlardan məhrum olan körpələrin cəmiyyətə inteqrasiyasını təmin etmək istiqamətində tədbirlər həyata keçirməsi tamamilə təbiidir. Dövlətin mühüm qurumlarından olan Təhsil Nazirliyinin bu sahədəki təşəbbüsləri isə Prezidentin adıçəkilən istiqamətdəki siyasətinin icrasına özünəməxsus töhfə kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, dövlət başçımızın təhsil sektoruna ayırdığı diqqəti və göstərdiyi qayğını pedaqoji sahənin mütəxəssisləri belə qiymətləndirirlər: “Bu gün Azərbaycanın dövlət büdcəsindən ən çox vəsait ayrılan iki sahə vardır: ordu quruculuğu və təhsil sektoru. Yəni, Prezident İlham Əliyev hər iki sahədə böyük qələbələrə nail olmaq əzmindədir”. Yaxud, “ Təhsil sektoru yeganə sahədir ki, onun inkişaf etdirilməsi üçün onlarca Dövlət Proqramı təsdiq və icra olunub”. Bu iki fakt dövlətin təhsil sektoruna diqqətini, qayğısını, verdiyi önəmin miqyasını göstərir.
...Dövlət başçımızın istənilən nitqi mütləq hansısa yeni, daha qabarıq bir ifadə ilə yadda qalır. Onun bir neçə il əvvəlki nitqlərinin birində söylədiyi “Biz neft sektorundan əldə edilən gəlirləri insan kapitalına, intellektual kapitala çevirəcəyik” – fikri təkcə yaddaşlarda uzun müddət yaşaması ilə deyil, həm də cəmi beş-altı ildə həyatımızın reallıqlarından birinə çevrilməsi ilə əlamətdar oldu. Təbii ki, bu çağırışın həyata keçirilməsi üçün bir sıra dövlət qurumlarının üzərinə böyük vəzifələr düşürdü. Amma ən böyük məsuliyyəti Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının daşıdığı da danılmaz idi. Ancaq təhsil naziri Mikayıl Cabbarovun mətbuatda verilmiş məqaləsində bu istiqamətdə nazirliyin deyil, dövlətin daha böyük işlər gördüyü qeyd edilir: “Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Müqayisə üçün qeyd edək ki, ərazisinə və iqtisadi imkanlarına görə Azərbaycandan üstün olan, sürətlə inkişaf edən Qazaxıstanda isə bu dövrdə 700 məktəb inşa olunub”. Çox maraqlı müqayisədir və istənilən oxucu dövlət başçımızın yuxarıda qeyd etdiyimiz çağırışının həyata keçirilməsi üçün dövlətin atdığı addımların miqyasını bu müqayisədə aydın şəkildə görür.
Yaxud, təhsil nazirinin həmin məqaləsində oxuyuruq: “Təhsil müəssisələrinin İnformasiya Kommunikasiya Texnologiyaları və onların avadanlıqları ilə təminatı istiqamətində 2014-cü il ərzində də təsirli tədbirlər görülüb. Təhsil müəssisələrinə 6000 ədəd kompüter, 3000 ədəd noutbuk, 700 ədəd proyektor, 1377 ədəd elektron lövhə verilib. 200 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub”. Yəni, neft sektorundan əldə edilən gəlirlərin əhəmiyyətli hissəsinin insan kapitalına, intellektual kapitala çevrilməsi məqsədilə xərclənməsi istiqamətində kəsərli addımlar atılıb. Maddi-texniki bazanın möhkəmləndirilməsi və təhsil prosesində İKT-dən günün tələbləri səviyyəsində istifadə edilməsi cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına start verirdi.
Azərbaycan təhsili son on bir ilin bütün dövrlərində olduğu kimi, bu ilə də kifayət qədər uğurlu addımlarla başlayıb. Prezident İlham Əliyevin ilin əvvəlində imzaladığı sərəncamlarla təsdiq olunmuş “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sənəd və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" bu baxımdan mühüm əhəmiyyətə malikdir. Region ölkələrində büdcənin sosial xərclərinin azaldıldığı və dünya bazarında neftin qiymətinin endiyi bir vaxtda belə bir qərarın verilməsi, əlbəttə ki, Azərbaycan həqiqətlərini qiymətləndirə bilən adamlar üçün gözlənilməz deyildi. Bu sərəncamlar ölkənin təhsil işçiləri üçün böyük bir hədiyyə olmaqla yanaşı, eyni zamanda, təhsil ictimaiyyətinin üzərinə böyük məsuliyyət qoyurdu. Mütəxəssislərin fikrincə, dövlət başçısının “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında 19 yanvar 2015-ci il tarixli sərəncamı milli təhsil sisteminin inkişafı baxımından dönüş ilinin başlandığını deməyə əsas verir. Qeyd etdiyimiz kimi, dövlət strategiyasının fəaliyyət planında təhsilin bütün pillə və səviyyələri üzrə gələcək tədbirlərin icrası ilə bağlı dəqiq və əhatəli istiqamətləri öz əksini tapıb.
Təbii ki, ölkənin iqtisadi qüdrəti artdıqca təhsil sektoru ilə yanaşı, milli elmimiz də öz inkişaf mərhələsini yaşayır. Elm ictimaiyyətinin nümayəndələri fəxrlə yada salırlar ki, bu gün Azərbaycan elmi islahatlarla müşahidə olunan yeni inkişaf yoluna qədəm qoyub. Belə ki, Azərbaycan elmində müşahidə olunan müsbət tendensiyalar nüfuzlu beynəlxalq reytinqlərdə əks olunan konkret rəqəmlərlə təsdiq olunur. Alimlər qətiyyətlə deyirlər ki, hazırda biliklər iqtisadiyyatının qurulması baxımından strateji əhəmiyyətli innovativ fəaliyyət sahələrində də nəzərəçarpacaq uğurlarımız var. Bu, uğurları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması və səmərəli şəkildə fəaliyyətə başlaması daha da artırır.
Xatırladaq ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması ölkəmizin əsas strateji inkişaf xətti olaraq bəyan edilib. Konsepsiya bütün sahələrlə yanaşı, Azərbaycan elminin qarşısında da mühüm vəzifələr qoyur. Bu vəzifələrin icrası ilə bağlı Azərbaycan alimləri öz yaradıcı qüvvələrini səfərbər edib və müvafiq olaraq AMEA-nın 2020-ci ilədək inkişaf konsepsiyası, onun prioritetləri hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 4 may tarixli sərəncamı ilə təsdiq olunmuş ”Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın “Giriş”ində qeyd edilir ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Hazırda beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillər müstəsna rol oynayır.
Adıçəkilən sənəddə oxuyuruq: “Hazırda dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq müstəqil Azərbaycanın optimal inkişaf modeli dünyanın inkişaf tendensiyalarına uyğun proqnozlaşdırıldığı kimi, Azərbaycanda elmi tədqiqatların prioritetləri də ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərinin həllinə istiqamətləndirilməlidir. Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına, eyni zamanda, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən Azərbaycan elminin inkişafı üzrə milli strategiyanın hazırlanmasına ehtiyac yaranmışdır. Məhz həmin ehtiyacın dərindən qiymətləndirilməsi nəticəsində elm ictimaiyyətimiz adıçəkilən strategiyanı böyük maraq və məsuliyyətlə icra edir.
Bir sözlə, bu gün müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca, milli təhsilimiz də, elmimiz də özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Biz əminik ki, yaxın gələcəkdə Azərbaycan elmi və təhsili regionda və dünyada özünəməxsus nüfuz qazanacaqdır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq
qəzeti”
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın
140 illiyi münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir
Xalq qəzeti.- 2015.- 7
iyun.- S.7.