QAYIDIŞ
1993-cü il
iyunun 9-da ulu öndər Heydər Əliyev
xalqın təkidi ilə
Naxçıvandan Bakıya qayıtdı
Gərək heç kəs bunu
unutmasın ki, 1993-cü ildə
Azərbaycan parçalanmaq, bir
ölkə kimi,
müstəqil dövlət kimi məhv olmaq təhlükəsi
qarşısında idi.
Azərbaycanda vətəndaş
müharibəsi baş vermişdi...
1993-cü ildə Azərbaycan
yanırdı.
Heydər
ƏLİYEV
Ümummilli lider
Biz xalqın dövlət müstəqilliyinə
nail olmaq üçün apardığı mübarizənin
də, o müstəqilliyin qorunub saxlanılması
üçün tökülən qanların da, müstəqilliyimizə
qənim kəsilən qüvvələrin iyrənc ssenarilərinin
də şahidi olmuşduq, xalqın israrlı
çağırış və tələbləri ilə
siyasi hakimiyyətə qayıdıb dövlət müstəqilliyimizi
ikinci dəfə əldən getmək təhlükəsindən
qorumuş Heydər Əliyevin siyasi müdrikliyinin də. Biz onun da şahidi olduq ki, Heydər Əliyev nəinki
ölkədə start verilmiş vətəndaş müharibəsini
dayandırdı, qardaşın-qardaşa güllə
atmasının qarşısını aldı, bizim dövlət
müstəqilliyimizi qorudu, hətta, dövlətimizin
suverenliyinə əbədilik qazandırdı.
O
böyük və qüdrətli yolun ilk addımı ulu
öndərin Moskvadan Bakıya qayıtması ilə
atılmışdısa, ikinci addım onun Naxçıvandan
Bakıya gəlməsi oldu. Müdrik dövlət
xadiminin həmin addımı böyük siyasətə
qayıdış, Qurtuluşa isə zəmin idi. ... Dövlət müstəqilliyimizi bərpa etməyimizdən
ciddi şəkildə narahat olan dairələr gənc
müstəqil Azərbaycan dövlətini hələ
ayağa qalxmamış məhv etmək üçün
çoxsaylı variantlar düşünür, daxildə və
xaricdə ucu-bucağı görünməyən fitnə-fəsadlar
törədirdilər. O zaman ölkəyə hansısa
normal siyasətçilər komandası rəhbərlık
etsəydi, bəlkə də üzləşdiyimiz məhrumiyyət
və məşəqqətlərdən yan keçə bilərdik.
Amma, çox təəssüf ki, həmin
ağır günləri yaşamalı olduq. Çünki müstəqilliyin ilk illərində
respublikaya diletantlar komandası “rəhbərlik edirdi”. Ona görə də cəbhə xəttində vəziyyət
gündən -günə kəskinləşirdi.
Artıq Xocalı faciəsi baş vermiş, 1992-ci il martın 6-da Ayaz Mütəllibov respublika rəhbərliyindən
istefaya getməyə məcbur olmuşdu. Şuşa
şəhəri xəyanət nəticəsində
düşmənə təslim edilmişdi. Ayaz Mütəllibov minbir fırıldaqla yenidən
hakimiyyətə qayıdaraq cəmi 1 gün prezident
kürsüsündə otura bilmişdi. Bir gündən
sonra Xalq Cəbhəsi parlamentin binasına yürüş
etmiş, ölkənin ali qanunvericilik
orqanı 4 gün əvvəl qəbul etdiyi qərarları
qanunsuz elan etmişdi. Beləliklə, cəbhəçilər
hakimiyyəti zorla ələ almışdılar. Ancaq onların səriştəsizliyi ucbatından
daxili və xarici siyasətdə buraxılan səhvlər
ölkəni uçurumun bir addımlığına gətirmişdi.
Həm Ayaz Mütəllibovun komandası, həm də
ondan da pis gündə olan AXC-Müsavat iqtidarı Heydər
Əliyevin ölkədəki və dünyadakı nüfuzuna
qısqanclıqla yanaşır, hər vəchlə onu respublikada
baş verən siyasi proseslərdən təcrid etməyə
cəhd göstərirdi. Xalqın önündə getmək
missiyasının məsuliyyətini və əhəmiyyətini
yaxşı bilən ziyalılar isə başqa fikirdə idilər.
Onlar bu qənaətdə idilər ki, ölkəni
qarşıdakı fəlakətlərdən ancaq Heydər
Əliyev müdrikliyi xilas edə bilər. Odur ki,
ziyalılar “Səs” qəzetində “Azərbaycan Sizin
sözünüzü gözləyir” adlı müraciətlə
çıxış edərək Heydər Əliyevin rəhbərliyi
altında yeni bir siyasi partiyanın yaradılması barədə
görkəmli dövlət xadiminə müraciət etdilər.
Ulu öndərin siyasətə
qayıdışı çağırışını
AXC-Müsavat iqtidarı soyuqqanlılıqla qarşılaya
bilmədi. Xalq Cəbhəsinin silahlı dəstələri
1992-ci il oktyabrın 24-də
Naxçıvanda çevriliş etməyə, Heydər
Əliyevi tutduğu vəzifədən devirməyə cəhd
göstərdilər.
Ulu
öndər çox sonralar həmin hadisəni xatırlayaraq
deyirdi: “Mən o vaxt hər bir rabitədən məhrum
olduğum üçün bir çox vətənpərvər
insanlar avtomobillərlə dərhal şəhərin məhəllələrinə,
ətraf kəndlərə, başqa kəndlərə gedərək,
insanları Ali Məclisin qarşısına dəvət edirdilər.
Bir neçə saat içərisində
Naxçıvanın 20 minə qədər qeyrətli, namuslu
kişiləri, qadınları, gəncləri,
ağsaqqalları toplaşdılar və sinələrini irəliyə
verib Naxçıvanın o vaxtkı Ali Məclisini və Heydər
Əliyevi müdafiə etdilər.” Bu isə
tamamilə təbii idi. Çünki Heydər
Əliyevin daim xalqın yanında olması xalqı da daim onun
yanında olmağa çağırırdı.
Xalqın
arzu-istəyi, tələb və israrı, ulu öndərin isə
xalqın istəyinə müsbət cavab verməsi nəticəsində
– təbii ki, hakimiyyətin çoxsaylı təqib və təzyiqləri
fonunda – 1992-ci il noyabrın 21-də
Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis
konfransı keçirildi. Heydər Əliyevin
adı ilə bağlı olan bu partiya yeganə siyasi qurum idi
ki, onun təsis konfransı paytaxtda - Bakıda deyil,
respublikanın blokada şəraitində olan bir bölgəsində
keçirilirdi. Bu partiya sürətlə
təşkilatlandı və respublikanın siyasi arenasında
öz dəsti-xətti olan bir qüvvəyə çevrildi.
Bu həmin günlər idi ki, Əbülfəz
Elçibəy başda olmaqla, iqtidarın bütün rəsmiləri
xalqın etimadını itirdiklərini etiraf etmək məcburiyyətində
qalmışdılar. Həmin arqumentin sübutu olan bir faktı
xatırladaq. 1993-cü il mayın
25-də Prezident Aparatında hüquq-mühafizə
orqanları işçilərinin müşavirəsində
Əbülfəz Elçibəy hakimiyyətin ölkədə
yaranmış vəziyyətə nəzarət etməkdə
gücsüzlüyünü etiraf edərək deyirdi: “Xalq
deyir: – kaş canımız bu Xalq Cəbhəsinin əlindən
qurtaraydı – prokurorluqdan, məhkəmədən xahiş
edirəm buna cavab versinlər. Bu gün respublika
niyə dağılır?”
Bəli, respublika dağılırdı. Bu prosesi
ölkədəki separatçılıq meyilləri daha da
sürətləndirirdi. Ə.Elçibəyin
“Milli Qəhrəman” elan etdiyi Surət Hüseynovun
qoşunları cəbhə xəttindən çəkərək
iqtidara meydan oxuyurdu. Hadisələri
düzgün qiymətləndirə bilməyən rəhbərlik
əhali arasında günbəgün öz nüfuzunu itirir,
baş vermiş proseslərdən düzgün nəticə
çıxara bilmirdi. Nəticədə,
iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə
qardaş qanı töküldü. Bu qanlı hadisələrin
ertəsi günü — iyunun 5-də Heydər Əliyevin rəhbərlik
etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar
bəyanat verdi. Bəyanatda gəncəlilərin
imperiya nökərlərinə layiqli cavab verəcəklərinə,
müstəqilliyimizi və gənc Azərbaycan dövlətini
qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.
Orada yazılırdı ki, Azərbaycan Respublikasının
bir hissəsinin düşmən tapdağında olduğu,
dünyanın mütərəqqi dövlətlərinin Azərbaycana
diqqətinin artdığı bir dövrdə cinayətkar
ünsürlərin törətdiyi qardaş
qırğınını təcavüzkar Ermənistanın
dəyirmanına su tökmək kimi qiymətləndiririk...
Ölkəni
“idarə edən” diletantların buraxdığı kobud səhvlərin
məntiqi nəticəsi olaraq, ağır sosial-iqtisadi gərginliyin
son həddə çatdığı, ölkənin vətəndaş
müharibəsi ilə üz-üzə qaldığı,
torpaqlarımızın itirildiyi, Azərbaycanın məhv
olmaq ərəfəsində olduğu bir dövrdə
xalqımızın ulu öndər Heydər Əliyevə
üz tutması təsadüfi deyildi. Çünki
hamı yaxşı anlayırdı ki, Azərbaycanı
düşdüyü ağır vəziyyətdən
yalnız ümummilli lider Heydər Əliyev xilas edə bilər.
Ona görə də Heydər Əliyevin
Naxçıvandan Bakıya dəvət edilməsi ümumxalq
hərəkatına çevrilirdi.
Bütün
bu arzu-istək və israrlı
çağırışların nəticəsi olaraq,
ümummilli lider Heydər Əliyev 1993-cü il
iyun ayının 9-da Naxçıvandan Bakıya
qayıtdı. Dövlətçiliyimizin
müqəddəratının həll olunduğu belə bir məqamda
dahi öndərin Bakıya qayıdışı respublika əhalisində
böyük ümidlər yaratdı. Çünki
ölkəni çətin vəziyyətdən ancaq Heydər
Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən
inanırdı.
Tarixçilər qeyd edirlər ki, ulu öndərin
Naxçıvandan Bakıya qayıdışı və 6
gün sonra Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin
başlanğıcı qoyulmuşdur. İyunun 15-i müstəqillik
tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur.
Ümummilli liderimizin müdrik xilaskarlıq
missiyası nəticəsində Azərbaycan dünyanın
siyasi xəritəsindən silinmək təhlükəsindən,
xalq cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən
qurtulmuşdur.
Heydər
Əliyev parlamentin 15 iyun qərarından – deputatların ulu
öndəri Ali Sovetin sədri seçməsindən təxminən
ay yarım sonra Rusiya mətbuatına verdiyi müsahibədə
maraqlı fikirlər səsləndirmişdi: “... Bugünkü vəzifəni tutmaq arzusunda deyiləm,
hakimiyyətin ləzzətini görmüşəm,
düşünüldüyü qədər də şirin
deyil. Hakimiyyətdən çəkilməyə
də hazıram. Lakin bu gün adamlar mənə
baxırlar. Özü də ümidlə
baxırlar. Hərçənd mən o adamlardan deyiləm
ki, onlara deyim: siz məni seçin, dərhal müharibəni
qurtarım və yarım ildən sonra yağ-bal içində
yaşayacaqsınız. Yox! Milli Məclisin, bizim Ali Sovetin
deputatları məndən soruşdular ki, bizə nə vəd
edirsiniz? Birmənalı cavab verdim: ”Heç
nə!" Mən peyğəmbər deyiləm və sabah nə olacağını da bilmirəm. Bəlkə,
daha pis olacaq... Lakin bir şeyi deyirəm: bu dəhşətli
anda hər şeyi atıb getmək adamlara xəyanət etmək
deməkdir..."
Heydər Əliyev müdrikliyi, onun xalqa
bağlılığı o səviyyədə idi ki, ulu
öndər dar məqamda xalqı tək qoyub gedə bilməzdi
və getmədi. Azərbaycan insanı Heydər Əliyev
dühasından xalqa, milli dövlətçiliyə
yalnız sədaqət görmüşdü və onun
ölkəmizə ikinci dəfə rəhbərlik etməsi
dövlət müstəqilliyimizə əbədilik
qazandırdı, gənc müstəqil Azərbaycan
Respublikasının tutduğu sivil, demokratik, dünyəvi
dövlət quruculuğu kursunun sorağı BMT Təhlükəsizlik
Şurasının tribunasından, Avropa Şurası Nazirlər
Komitəsinin rəhbərliyindən gəldi. Ulu
öndərin qoruyub saxladığı üçrəngli Azərbaycan
bayrağının təsviri olan rabitə peykimiz kosmosda –
dünyanın ən qüdrətli dövlətlərinin
telekommunikasiya peykləri ilə yan-yana fəaliyyət göstərir.
Dünyanın bir neçə siyasətçisi
və yaradıcı adamı Heydər Əliyevin qurub
yaratdığı Azərbaycan dövlətinin paytaxtı
haqqında söz açarkən obrazlı şəkildə
deyir ki, Bakı bu gün Avropanın paytaxtına çevrilir.
... Qayıdış
günü münasibətilə qələmə
alınmış yazının ən vacib məqamlarından
biri də odur ki, Heydər Əliyevin siyasi dühası və
xalqın ona olan inamı, sədaqəti nəticəsində əbədilik
qazanmış Azərbaycan dövlətinin son on iki ildəki
uğurlarının hamısı ulu öndərin siyasi
varisi, Prezident İlham Əliyevin
düşünülmüş, müasir dünya siyasətinin
bütün spektrlərini əhatə edən fəaliyyəti
nəticəsində günümüzün
reallığına çevrilmişdir. Azərbaycan
xalqı əmindir ki, həmin reallıqlar getdikcə daha da
genişlənəcək, respublikamız dünya ölkələri
arasında daha nüfuzlu məqamlara çatacaqdır.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2015.- 9 iyun.- S.9.