I Avropa Oyunları
kontekstində
Dağlıq Qarabağ
həqiqətlərinin təbliği
Dünya idman tarixində
ilk dəfə keçiriləcək
“Bakı—2015" Avropa Oyunları Azərbaycan
Respublikasının beynəlxalq aləmdə nüfuzunun
göstəricisi, ona olan
inam və etibarın daha
bir ifadə formasıdır. Avropa Olimpiya Komitəsinin bu tarixi qərarı
ölkəmizin iqtisadi qüdrətinin, dinamik inkişafının, beynəlxalq aləmdə
olan yüksək imicinin
təzahürüdür.
Eyni zamanda, bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının təşkilinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə Beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik, həmçinin, Avropa və dünya çempionatlarının uğurla keçirilməsi, “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili I Avropa Oyunlarının Bakıda gerçəkləşməsinə imkan verir.
İlk Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının yerinə yetirilməsi respublikamız üçün məsuliyyətli olduğu qədər də əhəmiyyətlidir. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi, yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanallarının Bakıdan informasiya yayımlayacağı nəzərdə tutulur. Bu isə öz növbəsində, Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına təkan deməkdir.
Bu möhtəşəm tədbir, həmçinin Azərbaycanın dünyada geniş tanıdılması, təbliği baxımından da son dərəcə önəmlidir. “Bakı-2015” Avropa Oyunlarının Açılış Mərasimi Azərbaycan incəsənətini, mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, Bakı şəhərinin müasir Avropanın həyatındakı rolunu əks etdirəcək, hər bir vətənpərvər azərbaycanlının qürur hissi duymasına səbəb olacaq bir platformadır.
Biz Avropa Oyunlarının digər aspektdən avantajını şərh etmək istərdik. Bəli, müstəqilliyini yeni əldə etmiş Azərbaycan modernləşən dünyanın nəbzini tutmağı bacaran, müstəqil siyasəti, daxili sabitliyi ilə Avropanın etibarlı partnyorudur. Bu neft ölkəsi zəngin təbii resursları, maddi sərvəti, Avropa ilə Asiyanın qovuşağında mövcud coğrafi mövqeyi, iqlimi, unikal təbiəti ilə də diqqət mərkəzindədir. Azərbaycan həm də illərdən bəri qonşu Ermənistan tərəfindən ərazisinin 20 faizi beynəlxalq hüquq normalarının pozulması yolu ilə işğal edimiş və bu ədalətsizliyə dünyanın, xüsusilə Avropanın hələ də göz yumduğu məmləkətdir.
Azərbaycan şəhidlərinin məzarsız uyuduğu, qaçqın vətəndaşlarının didərgin düşdüyü, uşaqlarının göz açıb görmədiyi, üstündə yeriyə bilmədiyi Vətəndir. Onun Xocalı torpağı dünyanın yaddaşında qanla suvarılan yer, XX əsrin faciəsi, insan hüquqlarından danışıb xalqlara fəlakət gətirən “sivil” dövlətlərin, o cümlədən Avropanın hələ də görə bilmədiyi və ya görmək istəmədiyi, “genosid” sözü ilə qoşalaşan tarixidir.
Bu gün Azərbaycanda dini azadlıq və dünyəvi dövlət prinsiplərinə əməl olunmasına baxmayaraq istər Amerika, istərsə də Avropa Ermənistan-Azərbaycan münaqişəsinə ikili standartlarla yanaşır. BMT Təhlükəsizlik Şurasının 22 il əvvəl qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri, Avropa Birliyinin bəyanatları bu günədək yerinə yetirilmir. Ermənistan BMT TŞ- nin ciddi sənədlərinə məhəl qoymur, beynəlxalq aləm isə bu ədalətsizliyə susur.
Bir faktı da qeyd etmək istərdik ki, BMT Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik olsa da, təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün heç bir konkret mexanizm müəyyənləşdirmir, lazımi addımlar atmaq istəmir. Halbuki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini təsdiqləyən onlarca fakt var. Bu faktlar sözügedən ölkənin respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə əsas verir.
Bəs bu həqiqətlərdən sadə avropalılar nə qədər xəbərdardır? Düzdür, Azərbaycan dövlətinin və onun siyasətinin humanist məramlarını özündə ehtiva edən, beynəlxalq humanitar hərəkatların avanqardı kimi müasir dünyada ədalət və həqiqətin dayağı olmaq missiyasını həyata keçirənlərin sırasında layiqli yer tutan “Xocalıya ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının ardıcıl və məqsədyönlü tədbirlər silsiləsi sayəsində dünya dövlətləri əvvəlki illərdən fərqli, erməni qəsbkarlarının insanlığa sığmayan qətilləri haqqında daha dolğun məlumatlandırılır. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, qətliamı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar.
Lakin biz vətəndaşlar bu kampaniyaya nə dərəcədə qoşulmuşuq, Qarabağ həqiqətlərinin təbliği istiqamətində hansı fəaliyyəti göstəririk? Respublikamızda mövcud olan müxalifət partiyaları, qeyri-hökumət təşkilatları “Xocalıya ədalət”in çağırışına səs veribmi? Məgər Qarabağ həqiqətlərini dünyaya yaymaq, Vətəni sevmək üçün mütləq hakimiyyətə gəlmək lazımdırmı? Axı, bunun üçün böyük maliyyə tələb olunmur. Məgər işğal olunan torpaqlarımızın qaytarılması naminə birgə təbliğat və məlumatlandırma aparmaq gərək deyilmi?
“Bakı-2015" Avropa Oyunlarının açılışına sayılı günlər qalır. Deməli, ölkəmizdə qonaq olacaq minlərlə insana Dağlıq Qarabağ həqiqətlərinin, Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazimizin 20 faizinin zorla zəbt olunması ilə bağlı ideoloji işin qurulmasına da zaman azdır. Avropa bizə diqqət kəsilib. Unutmayaq ki, haqq səsimizi duyurmaq üçün bu, həssas məqamdır. Belə fürsəti dəyərləndirmək üçün hər kəsi Qarabağ həqiqətlərini, Xocalı soyqırımını təbliğat marafonuna qoşulmağa səsləyirik.
Nə etməli? Hər birimizə küçədə dil kursları, müəyyən təhsil, nəşriyyat, ofis, mağazaların elan kağızları paylanılır. Belə yayım vasitələrinin məzmununu dəyişərək, Qarabağ həqiqətləri, beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın ərazisinin Ermənistan tərəfindən zəbt olunması, bu işğala dair hələ də yerinə yetirilməyən BMT qətnamələri, xüsusilə də Xocalı soyqırımı haqqında lakonik informasiyanı çap edərək şəhərimizin qonaqlarına, turistlərə, o cümlədən jurnalistlərə paylamaq olmazmı?
Xocalı soyqırımını əks etdirən konkret dəlilləri, sübutları- foto-albom, qətliamın əks olunduğu video materialları (xüsusi disklərdə tirajlayaraq), vaxtilə beynəlxalq mətbuatda bu haqda yer alan informasiyanı avropalı yarış iştirakçılarına, tamaşaçılarına təqdim etmək də o qədər çətin deyil. İngilis dilini mükəmməl bilən şəxslərin köməkliyi ilə, Xocalı soyqırımı şahidləri, qaçqınlar, Qarabağ müharibəsi əsirləri, əlilləri ilə şəhərimizdəki əcnəbilərin ünsiyyətini təşkil etmək də mümkündür.
İnformasiya cəmiyyətinin formalaşdığı qloballaşma, modernləşmə dövründə xalq diplomatiyasının çox geniş yayılmış formalarından biri kimi çıxış edən sosial şəbəkələr kütləvi kommunikasiyanı və təbliğatı təmin edir. Bu baxımdan Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə bağlı faktlara əsaslanan informasiyalarla avropalıları gələcəkdə də məlumatlandırmaq, maarifləndirmək üçün, onlarla Facebook, Tvitter kimi sosial şəbəkələrdə dostluq qurmaq olar.
Bununla yanaşı, ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmiş, müsəlman Şərqində ilk parlamentli, demokratik respublikanı, ilk opera sənətini və opera binasını, ilk universiteti yaratmaqla “ilklərlə” seçilən Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, sənətini, zəngin mətbəxini, elm və təhsil sahəsində uğurlarını, müasir inkişaf göstəricilərini, iqtisadi potensialını, beynəlxalq əlaqələrini əks etdirən müxtəlif materialları, kitabları, bukletləri, əşyaları I Avropa Oyunları zamanı Bakıya gələcək xarici qonaqlara paylamaqla, ölkəmizin Avropada bir daha tanınması üçün real imkanlardan bəhrələnmək lazımdır.
Avropa tarixində ilk dəfə olaraq reallaşacaq bu mötəbər tədbirin keçirilməsində, I Avropa Oyunları kontekstində təbliğat və məlumatlandırma və ideoloji işin təşkilində Azərbaycan cəmiyyətinin dövlətə dəstəyi, xüsusən gənclərin, tələbələrin yaxından iştirakı önəmlidir.
Vasim MƏMMƏDƏLİYEV,
akademik,
Leyla RƏŞİD,
BDU-nun jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi
kafedrasının doktorantı
Xalq qəzeti.- 2015.- 10
iyun.- S.8.