Xilaskarlıq missiyasının

cəsarət və qətiyyət nümunəsi

 

Ümummilli lider Heydər Əliyev deyirdi ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Həqiqətən də, istənilən xalq üçün azadlıqdan böyük nemət və sərvət yoxdur. Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan xalqının müstəqilliyini bərpa etməsi də millətimizin son əsrdə qazandığı ən böyük qələbə və nailiyyət olmuşdu. Lakin  1992-ci ildə milli-azadlıq hərəkatının dalğasında hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün bir il ərzində yürütdüyü yarıtmaz siyasət nəticəsində Azərbaycan xalqı nəinki müstəqilliyini itirmək, hətta vahid ölkə kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Yalnız güclü liderinmüdrik siyasətçi Heydər Əliyevin titanik fəaliyyəti sayəsində Azərbaycanda 1993-cü il Gəncə hadisələrinin doğura biləcəyi təhlükələrin qarşısı alındı, ölkəmizin sonrakı inkişafı üçün zəruri olan möhkəm təməllərin əsası qoyuldu.

 

Sovetlər Birliyinin dağılması nəticəsində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyətin nəticəsi olaraq meydana çıxmış AXC-Müsavat hakimiyyətinin yürütdüyü naşı siyasət cəmiyyətdəki ümumvətəndaş prinsipləri intizamsızlığın, siyasi və hərbi hərc-mərcliyin fonunda itib batmışdı. Daxilixarici düşmənlərin ortalığa atdıqları məkrli planlar sayəsində Azərbaycanda süni qarşıdurmalar, separatçılıq meyilləri güclənmişdi. Vətəndaş-dövlət münasibətlərində zəruri olan etibarlılıq prinsipi pozulmuş, ümidsizliyin yaratdığı atmosfer hər bir azərbaycanlının sabaha olan inamını sarsıtmış, üz tutacaq yeri qalmamışdı. Ümidsizliyin, inamsızlığın və anarxiyanın formalaşdırdığı ağır və mürəkkəb hərbi-siyasi vəziyyət vətəndaşı həllini gözləyən çoxsaylı problemlərlə üz-üzə qoymuşdu. O zamankı iqtidarın səriştəsizliyi nəticəsində hakimiyyət böhranının dərinləşməsi milli sərvətimiz olan müstəqilliyimizi təhlükəli müstəviyə keçirmişdi. Hakimiyyət uğrunda aparılan mübarizənin silahlı qarşıdurmaya çevrilərək ölkəni vətəndaş müharibəsinin astanasına yaxınlaşdırması Azərbaycanın gələcəyini sual atına almışdı. Ölkənin xilaskara, millətin dərdini dinləyəcək, problemlərinə işıq tutacaq müdrik liderə ehtiyacı yaranmışdı.

1993-cü il 4 iyun hadisələrinə gətirib çıxaran amillər məlumdur. Mərkəz-əyalət münasibətlərində hakimiyyət mübarizəsinin qabarması, yuxarıların dediyini aşağıların eşitmək istəməməsi, hakimiyyətin xalqın dəstəyinə bel bağlamaması və reallıqdan uzaq qərarların verilməsi ölkəni iflas həddinə gətirib çıxarmışdı. Bundan başqa, iqtidara gəlmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi Azərbaycanı beynəlxalq aləmdən də təcrid etmişdi. Dövlət sərhədlərini göz bəbəyi kimi qorumalı olan hərbçilərimiz hakimiyyət uğrunda yarışa girişmiş ayrı-ayrı siyasi qruplaşmalara qoşulmuşdular. Ordu əsgərləri ölkə sərhədlərini silahlı erməni-daşnaklardan qorumaq əvəzinə, hakimiyyəti ələ keçirmək istəyən və hakimiyyəti nəyin bahasına olursa-olsun, əldən vermək istəməyən şəxslərin maraqlarını güdməyə başlamışdılar. Belə bir çətin anda prezident olmaq iddiasını ortalığa atmış Surət Hüseynovun arzusunu gerçəkləşdirməsinə yardıma cəhd göstərmişdilər. O zamankı iqtidarın yetirməsi olanMilli Qəhrəman elan edilən Surət Hüseynovun mərkəzi hakimiyyətin yersiz qərarına göstərdiyi məntiqsiz reaksiyasının iştirakçıları olmuşdular. Bakını ələ keçirməyi düşünən Surət Hüseynovun təhlükəli planının icraçılarına çevrilmişdilər.

1993-cü il iyunun 8-də AXC-Müsavat cütlüyünün 709 saylı hərbi birləşmənin tərk-silah olunması barədə qərar verməsindən sonra Surət Hüseynovun hərbi dəstələrinin Gəncəbasar bölgəsində hakimiyyət strukturlarını devirərək paytaxta yollanması ölkədə başlamış sistemli böhranı kulminasiya nöqtəsinə yaxınlaşdırmışdı. Hakimiyyət strukturlarının “domino effektikimi dağılması o zamankı iqtidarı müdrik siyasətçi Heydər Əliyevə üz tutmağa vadar etmişdi. Bakıya istiqamət götürmüş Surət  Hüseynov silahlılarının göstərə biləcəkləri reaksiyadan xilas olmaq üçün o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər  Əliyevə müraciət etməyə məcbur olmuşdular. Türkiyə və İran kimi yaxın qonşu ölkələrlə qurulmuş yaxşı münasibətlər sayəsində Naxçıvanda problemlərin tədricən aradan qaldırılmasına nail olmuş ümummilli liderin Azərbaycan xalqını düşdüyü ağır vəziyyətdən xilas etməsinə ehtiyac yaranmışdı. Başları hakimiyyət mübarizəsinə qarışmış siyasi qruplaşmaların dağıdıcı əməllərinin qarşısını almaq üçün xalq öz liderini Azərbaycana rəhbərlik etməyə çağırırdı. O zamankı iqtidar da anlamağa başlamışdı ki, ölkəni düşdüyü ağır vəziyyətdən xilas edəcək yeganə şəxs də məhz Heydər Əliyevdir. Ona görə də AXC-Müsavat hakimiyyəti ulu öndərdən Bakıya gəlməsini xahiş etmişdi. Ümummilli liderin razılıq verməsindən sonra Bakıdan göndərilən xüsusi təyyarə iyunun 7-də Naxçıvanda yerə enmişdi. Azərbaycanın xilasına aparacaq səfərin möhtəşəm tarixi də məhz həmin gündən başlanmışdı.

1993-cü il iyunun 9-da Bakıya gələndə ümummilli lider Heydər Əliyev ölkədə ictimai-siyasi vəziyyətin həddən artıq ağır olduğunu müşahidə etmişdi. O zamankı iqtidarın yürütdüyü siyasət nəticəsində Azərbaycan siyasi kollapsa yuvarlanmaq təhlükəsilə üzləşmişdi. Siyasi böhranın arxasınca gətirdiyi iqtisadi-sosial problemlər də vətəndaşı əldən salmış, milli iqtisadiyyatı iflasın astanasına gətirib çıxarmışdı. Bir tərəfdən də Surət Hüseynova sadiq qoşun birləşmələrinin paytaxtın 100 kilometrliyinə gəlməsi AXC-Müsavat rəhbərliyinin ünvanına ultimatum səsləndirməsi ümumi siyasi gərginliyin dərəcəsini xeyli artırmışdı. Gəncədən səsləndirilən ultimatumlar qarşısında qorxuya düşən AXC-Müsavat hakimiyyəti rəhbərliyini ulu öndərin atacağı müdrik addımları izləməkdən başqa çıxış yolu qalmamışdı. Belə bir gərgin şəraitdə, 1993-cü il iyun ayının 13-də Ali Sovetdə Gəncə hadisələri ilə bağlı müzakirələr başlanmışdı. Müzakirələr zamanı Ali Sovetin sədri, AXC iqtidarının ikinci şəxsi hesab olunan İsa Qəmbər tutduğu vəzifədən getdiyini bəyan etmişdi. Gəncə hadisələrini doğuran səbəblərə məsuliyyət daşıyan İ. Qəmbərin istefasından sonra o zamankı Prezident Əbülfəz Elçibəy və digər rəsmi şəxslər parlament sədri vəzifəsini ulu öndərə təklif etmişdilər. Lakin Heydər Əliyev həmin an yaranmış vəziyyətlə yaxından tanış olmaq üçün Gəncəyə səfər etməyi lazım bilmişdi. Ulu öndər parlamentin sədri səlahiyyətlərinin icrasına başlamazdan öncə ölkəni vətəndaş müharibəsinin astanasına gətirib çıxaran səbəbləri yerindəcə bilmək istəyirdi. Elə həmin gün, yəni iyunun 13-də ulu öndər bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə yola düşmüşdü.

Görkəmli siyasi xadim Uinston Çerçill deyirdi ki, böyüklüyün dəyəri hər bir insanın şəxsi fikrinə məsuliyyət daşıması ilə müəyyənləşir. Böyük siyasi mübarizə yolu keçmiş ulu öndər hakimiyyət uğrunda bütün vasitələri işə salmış ayrı-ayrı siyasi qrup üzvlərinin vəziyyəti daha da dərinləşdirən bəyanatlar səsləndirmələrinin yaratdığı gərgin fonda, istəmədiyi halda vəziyyətin qurbanına çevrilmiş sıravi vətəndaşın fikirlərini, vəzifələrini unudaraq prezident olmaq eşqinə düşmüş Surət Hüseynovun iddiasının ardınca addımlayan əsgərləri dinləmək istəyirdi. Təbii ki, Gəncə səfəri özündə bir sıra təhlükələri ehtiva edirdi. 709 saylı hərbi korpusun komandiri Surət Hüseynovun silahlı dəstələri tərəfindən istənilən təxribatı gözləmək olardı. Amma bütün təhlükələri göz önünə alan müdrik siyasətçi Heydər Əliyev Gəncəyə getdiyerli sakinlərin böyük hörməti ilə qarşılaşdı. Ölkəni xaosa sürükləyib hakimiyyətə yiyələnmək istəyənlərin planları alt-üst oldu. Xalqın ulu öndəri böyük sevinclə qarşılaması Gəncə hadisələrinin “təşkilatçıları”nın planlarını “oyuncaq evkimi dağıtdı. Ulu öndər Heydər Əliyevə göstərilən isti münasibət və etimad Surət Hüseynovonun tərəfdarlarını çaşqınlıq dalanına sürükləmişdi.

Əlbəttə ki, böyük xilaskarlıq missiyasının uğurla başa çatması Heydər Əliyevin reallığa uyğun atdığı qətiyyətli addımlar sayəsində mümkün olmuşdu. Məhz ulu öndərin Gəncə səfərindən sonra əldə etdiyi nəticələr Azərbaycanı dünya xəritəsindən silmək istəyənlərin planlarının üzərindən qara xətt çəkmişdi. Ümummilli lider milli maraqlar çərçivəsindən çıxış edərək vətəndaşları qanunlara riayət etməyə səsləmiş, onları qarşıdurmadan çəkinməyə çağırmışdı. Qardaş qırğınının yolverilməz olduğunu önə çıxaran müdrik siyasətçinin əməyi sayəsində Azərbaycan hərbi-siyasi bataqlıqdan xilas olmuşdu. Məhz buna görə də 13 iyun Heydər Əliyevin xilaskarlıq missiyasının cəsarət və qətiyyət nümunəsi kimi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı.

Böyük xilaskarın Azərbaycana qayıdışında əsas məqsədləri dövlətçiliyi möhkəmləndirməkdən ölkənin ərazi bütövlüyünü bərpa etməklə yanaşı, müstəqilliyi qorumaqdan, xalqın dincrifah şəraitdə yaşamasını təmin etməkdən ibarət olmuşdu.

Gəncə səfərindən sonra ölkədə sabitliyin yaradılması istiqamətində uğurlu addımlar atılmış, Dağlıq Qarabağ cəbhəsində düşmənə layiqli cavab verilmişbunun ardınca atəşkəs sazişi imzalanmışdı. Siyasi-iqtisadi sabitliyin yaradılmasından sonra ümummilli lider Azərbaycanın uzun illərə hesablanmış inkişafı təmin edəcək böyük layihələri yerinə yetirmişdi. Uğurlu diplomatiya sayəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində karbohidrogen ehtiyatlarının işlənilməsi ilə bağlı beynəlxalq neft şirkətləri ilə müqavilələr imzalanmışdı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra isə geosiyasigeoiqtisadi çəkisi artan Azərbaycanın istər regional, istərsə də qlobal səviyyədə etibarlı enerji təminatçısı statusu möhkəmlənmişdi. Qısa müddət ərzində 1993-cü il Gəncə hadisələrinin fəsadlarını arxa plana keçirməyi bacaran ulu öndər Azərbaycanın bütün sahələrdə regional lider mövqeyinə yiyələnməsinə nail olmuşdu.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2015.- 13 iyun.- S.11.