15 iyun - Azərbaycan
tarixinə
əbədi həkk olunmuş
gün
Ulu öndər Heydər Əliyevin
1993-cü il iyunun 15-də
siyasi hakimiyyətə qayıtması
xalqımızın çoxəsrlik tarixinə möhtəşəm
hadisə kimi daxil oldu. Həmin gün Azərbaycan
dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk olundu. Xalqın təkidi ilə ümummilli
liderimizin hakimiyyətə
qayıdışından sonra ölkədə
baş vermiş sosial-iqtisadi və siyasi inkişaf müstəqilliyimizin möhkəmləndirilməsində,
sivil dünyaya
qovuşmasında, beynəlxalq aləmə inteqrasiyasında və
modern cəmiyyətin qurulmasında həlledici
rol oynamışdır.
1993-cü ildə “olum, ya ölüm” dilemmasında qalmış müstəqil Azərbaycan möhtəşəm qayıdışdan sonra – Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.
1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdikdən sonra ölkəni idarə edə biləcək və xalqı bir yerə cəmləşdirib arxasınca aparan qüdrətli bir liderimiz yox idi. Ölkədə daxili vəziyyət getdikcə gərginləşirdi. Səriştəsiz idarəetmə, mənəm-mənəmlik və özbaşınalıq hakimiyyət böhranına gətirib çıxarmışdı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə genişlənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc müstəqil respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Azərbaycanda artıq vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Həmin dövrdə Azərbaycan ərazilərinin tədricən işğalı, getdikcə gərginləşən daxili siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək müdrik şəxsiyyətə, dövlət idarəçiliyində zəngin təcrübəsi olan nüfuzlu liderə böyük ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düçar olduğu ağır və dözülməz bəladan çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın istəyi idi. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı – alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər Heydər Əliyevə müstəqil dövlətimizi məhv olmaqdan xilas etmək üçün rəsmi müraciət etdi. Respublikada yaranmış və getdikcə daha geniş vüsət alan anarxiya, özbaşınalıq və torpaqlarımızın işğalı yeni Azərbaycan uğrunda siyasi hərakatı genişləndirirdi.
AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyəti ölkəni parçalanmaq həddinə çatdırmışdı. Öz aralarında başlayan hakimiyyət davası AXC- Müsavat cütlüyünü də çıxılmaz vəziyyətə salmışdı. Getdikcə ağırlaşan təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət etmək məcburiyyətində qaldı.
Böyük vətənpərvər və təcrübəli dövlət xadimi Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənarda qala bilməzdi. Ulu öndər xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da daxili və xarici düşmənlərimizin Azərbaycanı parçalamaq, müstəqilliyimizi məhv etmək, vətəndaş qarşıdurması yaratmaq kimi xəbis planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən dünya şöhrətli siyasi xadim ömrünün qalan hissəsini xalqa, Azərbaycana həsr etməyi qərara aldı. Ulu öndər həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdir: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda həmin günü bayram elan etmişdir. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq, ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi, ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı və bütün çətinliklərə sinə gərərək ölkədə sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan , anarxiyadan və məhv olmaq təhlükəsindən xilas olmuş, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Siyasi baxışlarına, zəngin dövlətçilik təcrübəsinə güvənən dahi şəxsiyyət dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını əməlləri ilə də sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Heydər Əliyevin xalqımız və tarix qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, müstəqil dövlətimizin varlığının parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Milli dövlətçiliyimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması qurtuluş deməkdir!
Həmin gün – 15 iyun 1993-cü il Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir. Bu illər ərzində ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmişdir. Ulu öndərin möhkəm təməllər üzərində qurduğu azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəylik yaradılması istiqamətində ardıcıl olaraq qətiyyətli addımlar atılmışdır.
Ulu öndərin siyasi xəttini inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasi strategiyası Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuşdur. Hazırda müstəqil dvlətimiz dünya birliyində söz sahibinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu dərin izlər heç vaxt silinməyəcək. Bu gün Azərbaycan xalqı ulu öndərin firavan gələcəyimiz üçün açdığı yolla qətiyyətlə irəliləyir. “Xalq-İlham” vəhdətinin monolit birliyi nəticəsində ümummilli liderimiz tərəfindən əsası qoyulmuş azad, müstəqil, demokratik Azərbaycan sürətli inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə ulu öndərin layiqli davamçısı, praqmatik düşüncəli dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz İlham Əliyevdir.
Dövlətimiz və xalqımızın həyatı üçün ən əhəmiyyətli və prinsipial məsələlərdə Prezident İlham Əliyev Heydər Əliyevə xas olan polad iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin gücünü, qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, xalqa, Vətənə olan sonsuz məhəbbəti və müstəqil Azərbaycanın dünya birliyindəki mövqeyinin daha da möhkəmləndirilməsi naminə gərgin və səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Dövlət başçımızın praqmatik siyasi strategiyası sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Prezident İlham Əliyevin məntiqli siyasi və iqtisadi strategiyasının nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Bu gün dünyanın diqqəti Azərbaycana yönəlib. Avropa Oyunlarının ilk dəfə məhz ölkəmizdə keçirilməsi də siyasi kursun möhkəm özüllər üzərində qurulmasının bariz nümunəsidir.
Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində azadlıq və müstəqilliyimiz nəinki qorunub saxlanılmış, hətta daimi və əbədi olmuşdur.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2015.- 14
iyun.- S.12.