HEYDƏR ƏLİYEV İDEYALARI
YAŞAYIR VƏ QALİB GƏLİR
XX əsr bəşəriyyətə
çox görkəmli dövlət xadimləri, müdrik, təcrübəli
və qətiyyətli rəhbərlər, son dərəcə
bacarıqlı dövlət başçıları bəxş
etmişdir. Belə dahi şəxsiyyətlərdən biri də
Azərbaycan xalqının böyük oğlu Heydər
Əliyevdir. Azərbaycan xalqı fəxr edir ki, onun Heydər
Əliyev kimi bir rəhbəri olmuşdur. Azərbaycanın
ən yeni tarixinin bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin şərəfli
adı və möhtəşəm fəaliyyəti ilə
bilavasitə bağlıdır. Onun 35 illik rəhbərliyi
dövründə respublikamız əsrlərə bərabər
inkişaf yolu keçmişdir.
Respublikaya rəhbərlik etdiyi dövrdə ulu öndər var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”. Yaxın kecmişə nəzər salsaq görərik ki, 1988-1993-cu illərdə Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, cəbhədəki məğlubiyyətlər, ölkədə anarxiya, xaos, vətəndaş müharibəsi və s. mövcud idi. Belə bir təhlükə və faciənin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və xalq bu günü hər il Milli Qurtuluş Günü kimi bayram edir.
Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl demişdir: “Hörmətli Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə yüksəlmişdir və bir daha enməyəcəkdir. Bu bayrağın enməməsi üçün keçən 10 ildə bütün səylər göstərilmişdir. Heydər Əliyev Azərbaycan dövlətini sadəcə tanıtmaqla kifayətlənməmiş, onunla dost olmağa çalışmışdır. Azərbaycan xalqının sərvətlərinin ortaya çıxarılması və bunların xalqın zənginliyinə xidmət etməsi həmin on ildə görülən işlərdəndir”.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. Bütün bu sadalananlar məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün olmuşdur.
Rusiya Prezidenti Vladimir Putin yazırdı: “Heydər Əliyevin prezidentliyi dövründə dost Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, ictimai və iqtisadi həyatın bütün sahələrində dərin dəyişikliklər edilməsi işində nail olduğu sanballı müsbət nəticələr bizə - qonşularınıza xüsüsilə aydın görünür”.
Bu dahi şəxsiyyət tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə dünya xalqlarının iqtisadi, mədəni səviyyəsinin yüksəlməsinə, onların arasında mehriban münasibətlərin dərin kök salmasına sərf edirdi. Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək Yolu bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi.Avropa və Asiya qitəsinin arasında yerləşən Azərbaycan tarixən qərblə şərq, cənubla şimal arasında “körpü” rolunu oynayıb. Bakıda keçirilən beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləşdirən qovşağa çevrilməkdə olduğunu nümayiş etdirdi. İpək Yolunun üstündə yerləşən 33 ölkənin, 8 beynəlxalq təşkilatın numayəndələri Bakıda toplaşmaqla Azərbaycanın beynəlxalq nüfuzunu dunyada təsdiq etdilər.
Ümummilli lider Heydər Əliyev BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və başqa beynəlxalq təşkilatların toplantılarında daim qlobal bəşəri problemlərə öz orijinal baxışı ilə fərqlənirdi. Çünki, sözün həqiqi mənasında, bu böyük insanın amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etməkdən ibarət idi.
13 aprel 1999-cu ildə Atatürkün “Yurdda sulh, cahanda sülh” prinsipinə uyğun olaraq ümummilli lider Heydər Əliyev Azərbaycanda və Qafqaz bölgəsində sabitliyin bərqərar edilməsi, dostluq, qarşılıqlı anlaşma və mehriban qonşuluq munasibətlərinin bərpa olunması, bütün dünyada sülhün çarçısı kimi Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görüldü.
Bütün bunlar Azərbaycan xalqının dünyada sülhsevər bir xalq kimi tanınmasına səbəb olmuş, respublikamızın müstəqilliyinin qorunub saxlanmasına, dinc quruculuq işlərinin aparılmasına, iqtisadiyyatımızın möhkəmləndirilməsinə tarixi bir imkan yaratmışdır. Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, dunyada neftlə zəngin olan ölkələr çoxdur. Lakin həmin sərvətlərdən bütün dövlətlər heç də öz xalqlarının rifahı üçün lazımi səviyyədə istifadə edə bilmirlər. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində həmin sərvətlər xalqın rifah halının yaxşılaşmasına yönəldildi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra onun güclu dövlət kimi formalaşmasında neft sənayesinin rolu daha da artdı. Hələ Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyərkən neft sənayesinin inkişafına çox böyük diqqət yetirirdi. Həmin dövrdə Azərbaycanda yeni neft-kimya, maşınqayırma zavodları, müasir qurğular tikilmiş, üzən qazma qurğuları xaricdə inşa edilib Azərbaycanın dəniz neftçilərinin ixtiyarına verilmişdi. Hazırda bu müəssisələrin fəaliyyət göstərməsi neft sənayesinin inkişafına xidmət edir.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və dünyanın nəhəng şirkətləri ilə birgə imzalanan “Əsrin müqaviləsi” yeni neft strategiyamızın şanlı səhifələrini açdı. “Əsrin müqaviləsi” Azərabaycan iqtisadiyyatının inkişafının təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsi və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investisiyanın ölkəmizə axını sürətləndi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclu təkan verdi.
Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş Heydər Əliyevə ünvanlandığı məktubda yazırdı: “Amerika Birləşmiş Ştatları Sizinlə sıx işləyərək, qlobal enerji təhlükəsizliyini təmin etməyə və Azərbaycan xalqı üçün daha firavan, dinc gələcək qurmağa yardım etməyə hazırdır”.
Keçən müddət ərzində respublikamızda 30-dan çox beynəlxalq neft müqaviləsi imzalanmışdır. Bu müqavilələrin respublikamız üçün əlverişli şərtlərlə imzalanmasında və onların uğurla həyata keçirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin xidmətləri xüsusilə qeyd edilməlidir. Bu müqavilələr ölkəmizə yeni idarəçilik metodlarının, mütərəqqi texnologiyaların, müasir texnikanın gətirilməsinə, neft sənayesinin infrastrukturunun yenidən qurulmasına, nəqliyyat və xidmət sahələrinin inkişafına, yeni iş yerlərinin açılmasına və xarici investisiyaların ölkəmizə axmasına güclü təkan verdi.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi ölkəmizdə istehsal edilmiş neftin dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Heydər Əliyev kəmərin təməlinin qoyulması mərasimindəki nitqində demişdir: “Bakı-Tbilisi- Ceyhan çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əminamanlığın, təhlükəsizliyin təminatçısı ola bilər”.
Bu boru kəməri Xəzərlə Aralıq dənizi arasında ilk və Turkiyə ərazisindən keçən birbaşa xəttdir. Ulu öndər Heydər Əliyevin memarı olduğu neft strategiyasının tərkib hissəsi olan bu kəmər ölkəmizdə dinamik inkişafın təmin edilməsi, əhalinin rifahının yaxşılaşdırılması, dünya təsərrufat sisteminə inteqrasiya əlaqələrinin gücləndirilməsi işinə öz töhfəsini verir.
Alfred Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və siyasət çox sıx şəkildə bir-birinə qarışıb”, - deyə xarakterizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin gərgin əməyi, məntiqi siyasi gedişləri və inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq, sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi.
Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayır. Məlum olduğu kimi, ölkəmizi dünyanın potensial qaz ixracatçılarından birinə “Şahdəniz” yatağı çevirmişdir. Qeyd etmək lazımdır ki, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə TANAP layihəsinin reallaşması olduqca mühüm tarixi hadisə sayıla bilər. Prezident İlham Əliyev bu layihənin tarixi rolundan danışaraq deyib: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.
Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda nəinki özünün, eləcə də dünyanın enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfəsini verir. Dünya ölkələri, xüsusən də Qərb enerji təhlükəsizliyi kimi ciddi problemin həllində Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda marağını açıq şəkildə ortaya qoyub. İndi söhbət məhz Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz-Aralıq-Baltik dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında gedir.
Təbii ki, neft amilinin ölkəmizin iqtisadi və siyasi həyatında strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin Azərbaycan rəhbərliyi çalışır ki, ölkə neft amilindən asılı olmasın. Buna görə də qeyri-neft sektoruna aid layihələrin reallaşmasının sayı da durmadan artmaqdadır.
Hazırda qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya-kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnməyə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmır.
Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son illərdə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.
Ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xususi diqqət yetirilir. Bu işdə iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı vurğulamışdır ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır. Bu, həm də bir növ sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığorta.
Bu illər ərzində 1 milyon 360 mindən
artıq yeni iş yeri yaradılmışdır. Onlardan 1 milyondan çoxu
daimi iş yeridir. Əlbəttə, bu, daimi proses
olmalıdır. Çünki əhalinin sayının
artması tələb edir ki, iş yerlərinin
açılması daimi proses olsun. İşsizliklə
bağlı aparılan tədbirlər nəticəsində
ölkəmizdə işsizliyin səviyyəsi 5 faizə
düşmüşdür, yoxsulluq da 5 faiz səviyyəsindədir.
Bütün bu uğurlara görə
dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın
reytinqlərini artırmışdır. Davos
Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə
görə 38-ci yerə layiq görmüşdür.
Azərbaycan Respublikasının uğurlarından bəhs
edən Prezident İlham Əliyev qeyd etmişdir ki, biz həm
ehtiyatlarımızı artırmışıq, həm də
investisiya qoymuşuq. Vaxtında real sektora, infrastruktura
investisiya qoymayan ölkələr bu gün peşman olurlar.
Onlar bu işə indi başlayırlar, amma artıq gecdir:
“İndi neftin qiyməti düşəndən sonra
böyük investisiya qoymaq o qədər də asan məsələ
deyil. Biz hər şeyi vaxtında etməli idik
və etmişik. Ona görə deyəndə
ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər
üçün də maraq doğurur. Mən
hələ enerji layihələrini qeyd etmirəm. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
“Şahdəniz”, TANAP, TAP, Cənub qaz dəhlizi – bu layihələr
regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu
layihələr son 9 il ərzində icra
edilib. Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə
istifadəyə verilmişdir, dəhliz
yaradılmışdır. O dəhliz indi xidmət
göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini
ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik,
heç vaxt Cənub qaz dəhlizi icra edilməyəcəkdi." Konfransda xüsusi
vurğulanmışdır ki, “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” çərçivəsində
nəzərdə tutulmuş layihələr uğurla icra
olunur. İnformasiya və rabitə xidmətlərinin
yaxşılaşdırılması məqsədilə
regionlarda 26 yeni ATS istifadəyə verilmiş, 42 poçt
şöbəsi tikilmiş və ya əsaslı təmir
edilmişdir. - Sumqayıt, Gəncə və Sabirabadda
“ASAN xidmət”in fəaliyyətə başlaması regionlarda
yaşayan əhalinin gündəlik həyatını
asanlaşdırmışdır.
Qeyri-neft
sektorunun inkişafı çərçivəsində ötən
il regionlarda 105 sənaye müəssisəsi
açılmışdır. Sumqayıt Kimya Sənaye
Parkında xarici və daxili infrastrukturun yaradılması
işləri sürətlə davam etdirilir. Hazırda parkda 3 rezident qeydiyyata alınmış, 2
rezident ilə danışıqlar yekunlaşır və layihələr
üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcəkdir.
Gəncə, Mingəçevir, Daşkəsən,
Neftçala şəhərlərində də sənaye
parklarının və sənaye məhəllələrinin
salınması işləri sürətləndirilir.
Qeyd etmək
lazımdır ki, Dünya Bankının məlumat bazasına
əsasən Azərbaycanda dövlət proqramlarının həyata
keçirildiyi son on il ərzində dünya miqyasında kənd
təsərrüfatı sahəsi üzrə artım 31,8
faiz, ölkəmizdə isə
48,9 faiz, yəni dünya üzrə orta göstəricidən
17,1 faiz artıq olmuşdur. Bu dövr ərzində
dünyada ərzaq məhsullarının artımı 18 faiz
olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil
etmişdir. Son on ildə milli ərzaq təhlükəsizliyinin
təminatı möhkəmlənmiş, daxili istehsal
hesabına əhalinin əsas ərzaq məhsulları ilə
təminatı səviyyəsi iki dəfəyə qədər
artmış, meyvə-tərəvəz və bir sıra digər
məhsulların tələbatdan artıq istehsal edilməsi bu
məhsullar üzrə ixrac potensialını
artırmışdır.
Ölkə
Prezidenti cənab İlham Əliyev demişdir: “Qeyri-neft sektorunun
inkişafı bizim üçün həmişə prioritet
olub. Bunun nəticəsidir ki, bu gün ölkə
iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi
tanınır. Keçən il
qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bizim
ümumi daxili məhsulumuzun tərkibində qeyri-neft sektoru
üstünlük təşkil edir. Getdikcə
bu rəqəm daha da artacaq və artmalıdır. Biz əlbəttə ki, bu məqsədlərə
çatmaq üçün lazımi tədbirləri
görürük. Burada
sahibkarlığın inkişafı əlbəttə ki,
öz müsbət rolunu oynayır. Çünki
qeyri-neft sektorumuz sahibkarlığın inkişafı hesabına
böyük dərəcədə tərəqqi edir”.
Biz gələcəyə çox böyük nikbinliklə
baxırıq.
Xarici qonaqların da etiraf etdikləri kimi
hazırda Azərbaycan sabitlik adasıdır. Ölkəmizə yatırılan xarici
investisiyaların həcmi ilbəil artır. İqtisadi
potensialımızın möhkəmləndirilməsi
sahəsində uğurlar göz qabağındadır. Eyni zamanda, bütün bu nailiyyətlərə
baxmayaraq, Azərbaycanda islahatlar yenə də etdirilir – həm
siyasi sahədə, həm də iqtisadi sahədə. Çox sevindirici haldır ki, ən böyük
maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı dünya
miqyasında bir nömrəli islahatçı ölkə kimi
tanıyır. Bu onu göstərir ki, bizim
islahatlarımız həqiqətən çox cəsarətlidir,
uğurlu və əhəmiyyətlidir.
Cənab İlham Əliyevin prezidentliyi dövründə
Azərbaycan iqtisadiyyatının yeni sürətli inkişaf
erası başlanmışdır. Bu isə heç
şübhəsiz, dövlət tərəfindən
dövrün tələblərinə uyğun olaraq iqtisadi
islahatların kompleks və əlaqəli şəkildə
aparılması, proqnozlar əsasında
formalaşdırılmış dövlət
proqramlarının, yerli, regional və beynəlxalq investisiya
layihələrinin həyata keçirilməsi və dünya
iqtisadiyyatına inteqrasiya yolu ilə əldə edilmişdir.
Bütün bunların məntiqi nəticəsidir
ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və
mövqeyi ilbəil artmaqdadır.
Ulu öndərin inkişaf strategiyasını yeni
çalarlarla zənginləşdirən Prezident İlham
Əliyevin praqmatizmə söykənən səmərəli
fəaliyyəti nəticəsində Azərbaycanın
sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter almağa
başlamışdır. Ölkə
başçının rəhbərliyi altında həyata
keçirilən iqtisadi siyasətin fərqləndirici
xüsusiyyətləri bu sahədə sürətli
inkişafa xidmət edən bütün istiqamətlər
üzrə fəaliyyətin paralel şəkildə həyata
keçirilməsi və əlaqələndirilmiş proqramlar
üzrə aparılmasıdır. Əldə olunan
iqtisadi artım isə ilk növbədə, Azərbaycan vətəndaşlarının
maddi rifah halının yüksəldilməsinə, ölkədə
yoxsulluğun
azaldılmasına, sahibkarlığın və
regionların hərtərəfli inkişafına yönəldilmişdir.
Bu işlərin
həyata keçirilməsində Heydər Əliyev Fondunun
prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri
vardır. Onun rəhbərliyi altında
respublikamızda müxtəlif layihələr uğurla həyata
keçirilmiş, yeni səhiyyə ocaqları, məktəblər,
uşaq bağçaları, qocalar evləri tikilib istifadəyə
verilmişdir. Bütün bunlar isə xalqın
maddi və mədəni səviyyəsinin yüksəldilməsinə
təkan vermişdir. Fond tərəfindən
xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən
məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən
kənarda qalan uşaqların təhsilinin təşkili,
onların təhsil aldığı müəssisələrin
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi
istiqamətində də məqsədyönlü tədbirlər
həyata keçirilmişdir.
Prezident
Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
dövlətimizin başçısının siyasi kursunun
xarakterik xüsusiyyətlərini şərh edərək
demişdir: “Azərbaycan Prezidentinin praqmatik siyasi kursu, hakim
komandanın səmərəli fəaliyyəti və ən əsası,
xalqımızın güclü dəstəyi olmasaydı,
bütün bu uğurlar əlçatmaz xəyal olaraq
qalacaqdı. Buna görə də
dünyanın nüfuzlu ekspertləri, politoloqları hesab
edirlər ki, hazırda planetimizin müxtəlif bölgələrində
münaqişələrin, siyasi kataklizmlərin müşahidə
olunduğu, aparıcı ölkələrin iqtisadi və
maliyyə böhranından əziyyət çəkdiyi bir
dövrdə Azərbaycanın dinamik inkişafı əsl
möcüzədir. Davamlı iqtisadi
inkişaf, ictimai-siyasi sabitlik, sosial rifah, xalqla hakimiyyət
arasında vəhdət—budur bugünkü Azərbaycanın
reallıqları”.
Göründüyü
kimi, davamlı inkişaf möhkəm təməl üzərində
qurulmuşdur və artıq hədəflər də müəyyən
edilmişdir: 2020-ci ilədək Azərbaycan
iqtisadiyyatının qarşısında duran əsas vəzifə
qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin
iki dəfə artırılmasıdır. Bütün
bunlar isə ölkənin gələcək sosial-iqtisadi
inkişafı məsələsinə yeni yanaşma tələb
edir. Bu məsələlər öz əksini Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə təsdiq
edilmiş, perspektiv inkişafın hədəf və istiqamətlərini
müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında tapmışdır.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini durmadan möhkəmləndirəcəkdir. Bütün bunlar isə bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir.
Dahi Üzeyir Hacıbəyov yazırdı: “Bəşər tarixində elə şəxslər var ki, onlar tək özləri üçün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi və çiçəklənməsi naminə həyata gəliblər.” Bu sözləri tam cəsarətlə ulu öndərimiz Heydər Əliyev haqqında da demək olar. Bu böyük insanın ideyaları yaşayır, qalib gəlir və xalqımızı yeni-yeni qələbələrə aparır.
Arif
ŞƏKƏRƏLİYEV,
Azərbaycan
Dövlət İqtisad
Universitetinin
kafedra müdiri, Əməkdar elm
xadimi,
Beynəlxalq Menecment
Akademiyasının üzvü,
iqtisad elmləri doktoru, professor
Xalq qəzeti.-
2015.- 14 iyun.- S.11.