Azərbaycan xalqını həqiqi lideri
Heydər Əliyevlə
qovuşduran və xilas yoluna
çıxaran tarixi Qayıdış
Ötən hər
il ümummilli lider Heydər Əliyev dühasının
böyüklüyünü, möhtəşəmliyini bir
daha üzə çıxarır. Zaman Heydər Əliyevin
siyasi baxışlarına daha dərin məna
qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə
çox möhkəm tellərlə bağlı olduğunu
daha aydın göstərir. Dövrümüzün
ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və
bütün bu təlatümlərin fövqündə dayanan
müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən
əsası qoyulmuş siyasi kursun
mükəmməl bir məntiqdən
- Heydər Əliyev zəkasından yoğrulduğunu
bir daha sübut edir.
Dünya tarixinin ən həyəcanlı epizodlarını göz önünə gətirərək Heydər Əliyevin hakimiyyətə qayıdışını təbii və qanunauyğun hal kimi dəyərləndirmək olar. Çünki bütün xalqların tarixində ən ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti vardır. Bir qayda olaraq, qarşısının alınması mümkün görünməyən real təhlükə ərəfəsində bu instinkt siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin bütün təbəqələrini yeganə ümid ətrafında birləşmək üçün sonuncu cəhdə səfərbər edir. Yenə də bir qayda olaraq, yeganə ümid rolunda toplumun ən müdrik şəxsiyyəti çıxış edir və cəmiyyətin bir müdrik şəxs ətrafında kütləvi səfərbərliyi həlledici gücə çevrilir.
Belə bir monolit güc o zamanadək qeyri-mümkün görünən bütün sədləri aşır, çıxılmazlıqdan çıxış yolları tapır, cəmiyyətin və dövlətin varlığını təhdid edən ən böyük təhlükəni bir an içində böyük məsafəyə uzaqlaşdıra bilir. Dünya tarixində buna bənzər bir sıra ibrətamiz hadisələr var. Məsələn, birinci dünya müharibəsində didilib parçalanmış və tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan Türkiyə ən çətin sınaq məqamında öz ümidini türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün zəkasına və məharətinə bağladı və məhz onun şəxsiyyəti üzərində səfərbər olan ümummilli mübarizə əzmi Türkiyəni qələbəyə apardı.
İkinci dünya müharibəsində ingilis xalqının alman faşizminə qarşı mübarizə ruhu Uinston Çörçilin şəxsiyyəti üzərində öz təcəssümünü tapdı. Yenə də İkinci dünya müharibəsində işğal altında olan Fransada fransız xalqının azadlıq mübarizəsinin nüvəsində Şarl de Qoll şəxsiyyəti dayandı.
1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış hərbi- siyasi vəziyyət sadaladığım hadisələrdən daha gərgin və daha təhlükəli idi. Zaman da dəyişmişdi. Mürəkkəb siyasi texnologiyaların təşəkkül tapdığı, ifrat dərəcədə differensiallaşmış çoxqütblü qlobal siyasi məkanda hadisələrin axarını istənilən səmtə yönəltmək artıq o qədər də asan deyildi. Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası Heydər Əliyevə nəsib oldu. Bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu iki qütblü qlobal siyasi sistem özü dağılmışdı. Bu dağıntılar içərisində xalqların öz azadlığına qovuşmaq və öz dövlət müstəqilliyini əldə etmək arzularıyla o zamanadək dünyada söz sahibi olan supergüclərin məqsədləri bir-birinə tərs mütənasib idi.
Doğrudan da böyük güc sahibləri üçün dünya siyasi xəritəsində çoxsaylı xırda dövlətlərin meydana gəlməsi və onlarla ayrı-ayrılıqda işbirliyi qurmaq və ya mübarizə aparmaq məcburiyyətində qalması böyük dövlətlərin marağında deyildi. Bir tərəfdən, xalqların azadlıq ideallarını, onların müstəqilliyə qovuşmaq arzularını təqdir edərək onların demokratik dünya birliyinə can atmasını alqışlasalar da, digər tərəfdən gündən-günə sayı çoxalan milli dövlətləri öz təsir dairələrində saxlamağın çətin olacağını bilərək böyük dövlətlər bu prosesləri dəstəkləməyə o qədər də tələsmirdilər. Digər tərəfdən, sovet imperiyası hələ özünün dağılma prosesinin içində ikən özündən qopan milli dövlətin yenidən hansı yolla itaət altına salınmasının yollarını düşünürdü.
Bu məqsədini heç olmasa gələcəkdə həyata keçirmək üçün son nəfəsində olan imperiya müstəqilliyə qovuşmaq arzusunda və ərəfəsində olan gənc milli dövlətlər arasında süni ziddiyyətlər yaradır, onları imperiyadan asılı saxlaya biləcək bütün ipləri əlində saxlamağa çalışırdı. Bu ziddiyyətlər özünü SSRİ-nin bütün periferiyasında baş verən lokal müharibələr şəklində göstərirdi. Sovet imperiyasının perifieriyasında yenicə yaranmaqda olan milli dövlətlərdə imperiya siyasətinin bütün bu incəliklərini anlayacaq qədər zəngin təcrübə, dərin siyasi düşüncə və siyasi iradə sahibləri çox az idi.
Moldovada, Gürcüstanda, Qazaxıstanda və Baltikyanı ölkələrdə baş verən hadisələrlə yanaşı, Azərbaycanda cərəyan edən dərin hərbi- siyasi böhran daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyimizi önləmək baxımından daha təhlükəli idi. Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə şəraitində hər cür kömək göstərilməkdən məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və hərtərəfli dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya cəsuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu.
Məhz belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə - Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı hakimiyyət israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün hakimiyyəti buraxıb qaçdılar.
Beləliklə, möhtəşəm Qayıdış baş verdi. Əslində, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi bir qədər gecikmiş qayıdış oldu. İdeal vəziyyət o ola bilərdi ki, Heydər Əliyev sovet hökumətində tutduğu yüksək vəzifədən istefa verdiyi an Azərbaycan hakimiyyəti tərəfindən milli siyasətə - müstəqil Azərbaycan dövlətinin quruculuq proseslərinə cəlb olunardı. Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti həmin dövrdə dünya siyasətinin nəhəng simalarından biri hesab olunan, xalqımızın qəlbində millət atası kimi yaşayan Heydər Əliyevin hadisələrə lap başlanğıcında ikən müdaxilə etməsinə şərait yaratmadılar. Əksinə, siyasət nəhəngi Heydər Əliyevin Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək fikrinə düşdülər.
Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi - siyasi şəraitdə hadisələri idarə etmək və ən başlıcası, Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq xalqı birləşdirəcək yeganə şəxsiyyət Heydər Əliyevsiz mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı.
Bu prosesin özü də rahat keçmədi. Heydər
Əliyevin qayıdışından sonra onun hakimiyyətinə
qarşı xarici və daxili qüvvələr tərəfindən
törədilən təxribatlar, planlaşdırılan sui-qəsdlər
diqqəti yayındırır, gərginlik vəziyyətini
aradan qaldırmağa və ölkəni kritik vəziyyətə
salan səbəblərin çözülməsinə ciddi
maneə yaradırdı. Bütün
bunlara baxmayaraq, Heydər Əliyev zəkası Azərbaycanın
müstəqilliyinə qarşı yönəlmiş xarici və
daxili təzyiqlərin, hərbi müdaxilənin
qarşısını ala bildi. Xalq da məhz
bunu gözləyirdi və buna inanırdı. Bu inamı yaradan Heydər
Əliyevin Azərbaycan xalqının gözləri
qarşısında keçən həyatı və fəaliyyəti
olmuşdu. Hələ 1969-cu ildə Heydər
Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər
Azərbaycan Sovet İttifaqının tənəzzül
içində boğulan geridə qalmış əyalətlərindən
biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik
edən Heydər Əliyevin fəaliyyəti nəticəsində
cəmi on il ərzində ölkə
iqtisadi, mədəni, sosial inkişafına görə
İttifaq daxilində ən yüksək pilləyə qalxa
bildi. Məhz o dövrdə İttifaq çərçivəsində
olsa da Azərbaycanın milli dövlətçilik
strukturlarının təşəkkül tapması, Azərbaycan
vətəndaşının sovetlər birliyi çərçivəsində
yüksək mədəni, intellektual potensiala yiyələnməsi
baş tuturdu.
Bütün bunları zamanında həyata keçirən
Heydər Əliyevin siyasi təcrübəsi yeni və
çox mürəkkəb bir şəraitdə Azərbaycanı
sonrakı inkişaf yoluna düzgün istiqamətləndirmək
üçün kifayət qədər zəngin potensial
yaratmışdı. Həmin dövrdə Azərbaycan
xalqının və dövlətinin mövqeyini
doğru-düzgün müəyyənləşdirib ortaya
qoymaq və bunu lazımi şəkildə dünya birliyinin
diqqətinə təqdim etmək və dünya dövlətlərinin
yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini
təmin etmək başlıca vəzifə idi.
Belə
bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev
gələ bilərdi və 1993-cü ildə Heydər
Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan
xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi
ilə istifadə edən Heydər Əliyev bu vəzifənin
öhdəsindən layiqincə gəldi. O, qısa bir
müddət ərzində atəşkəsin əldə
olunmasına, qüvvələrin səfərbər edilməsi
üçün zəruri olan təşkilatlanma fəaliyyətinin
həyata keçirilməsinə, iqtisadi tənəzzülün
dayandırılmasına və ölkənin davamlı
inkişafına yol açan sabitliyin təmin edilməsinə
nail oldu.
Böyük siyasi mütəfəkkir kimi, Heydər
Əliyevin keçdiyi həyat yolu və bütöv bir
xalqın gələcəyini müəyyən edən
uğurlu siyasi kursunun kökündə dayanan səbəblər
haqqında çoxsaylı dəyərli əsərlər
yazılır. Bu araşdırmalarda Heydər
Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən
böyük düha sahibi kimi xarakterizə olunur və bu, şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə
Azərbaycan kontekstində deyil, daha geniş miqyasda - XX əsrin
qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında
mühüm rol oynamış siyasi xadimlərlə bir
sırada nəzər salmaq onun siyasi portretini daha önəmli
cizgilərlə zənginləşdirmiş olar.
Məhz bu rakursda biz Heydər Əliyevi bütün
ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında,
onun yaradıcıları və yönləndiricilərinin
ön sıralarında görürük. Xüsusən, sovet
dövrünün son illərində, kommunist
ideologiyasının aqoniyası fonunda yürüdülən
Qorbaçov siyasətinə qarşı çıxması və
heç kim tərəfindən
anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən
imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini
düzgün müəyyən edə bilən yeganə sovet
siyasətçisi kimi tanıdır.
Hadisələrin sonrakı inkişafı da göstərdi
ki, sovet liderləri arasında postsovet məkanında müstəqilləşmə
epoxasının zərurətlərini duyan və siyasətdə
yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən,
yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə
gətirən yeganə siyasətçi məhz Heydər
Əliyev oldu. Məhz bu baxımdan, öz dövrünün ən
xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi
kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin
daşıyıcısı missiyasına yüksələn
universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə
sığmayaraq ümumdünya kontekstinə
çıxır.
Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən,
XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə, XX əsr
bəşər tarixində bir çox təlatümlü
hadisələrin baş verdiyi, iki dünya müharibəsinin
od ələdiyi, çoxsaylı milli dövlətlərin
meydana gəldiyi, siyasi və iqtisadi böhranların
qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan
verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə
dolu dramatik yüzillik kimi tarixə düşdü. Baş verən bütün bu proseslər
dünyanın bugünkü mənzərəsini ərsəyə
gətirməklə yanaşı həm də siyasətdə
aparıcı şəxsiyyətlərin dövlətlərin
və bütövlükdə bəşəriyyətin
taleyində nə qədər önəmli rol
oynadığını göstərdi.
Məhz buna görə Azərbaycanın üzləşdiyi
təcavüz və ermənilər tərəfindən milli
ayrı-seçkilik zəminində etnik təmizləmə
siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi
deyil, eyni zamanda, bəşəri dəyərləri təhdid
edən, beynəlxalq hüquqa zidd olan təhlükəli
tendensiya xarakteri almışdı. Belə bir məqamda erməni
faşizminə qarşı ümummilli cəbhəni
formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin
qüdrəti idi. Xüsusilə, ümummilli
liderimizin 1994-cü ilin aprelində düşmən hücumlarının
kəskinləşdiyi məqamda xalqa müraciətini
xatırlamaq yerinə düşər. Ağdam, Tərtər,
Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin
aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin
ən yüksək şəkildə təşkili zərurətini
yaratmışdı.
Belə bir anda Heydər Əliyevin soyuqqanlı və bir
o qədər də qətiyyətli, xalqın vətənpərvərlik
hisslərini alovlandıran müraciətindən sonra qısa
zaman ərzində cəbhədə əhəmiyyətli
dönüş yarandı, düşmən tapdağında
olan bir neçə qəsəbə və kəndlərimiz
işğaldan azad olundu. Cəbhədə yaranan dönüş
tez bir zamanda düşməni atəşkəs sazişi
imzalamağa məcbur etdi. Məhz bu tarixdən
başlayaraq, Azərbaycanda daha sistemli və vahid mərkəzdən
idarə olunan ordu quruculuğuna start verildi.
Zaman-zaman
Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin,
dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin
və gənc dövlətimizin məhv olması təhlükəsini
ortaya çıxardığı anlarda Heydər
Əliyevin fövqəladə
çevikliklə öz qətiyyətli mövqeyini birbaşa
xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə
qarşı birləşdirməyə nail ola bilməsi də
onun siyasi cəsarətinin və xalqla rəhbər arasında
qarşılıqlı inamın nadir nümunəsidir.
Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu
da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi
müasirlərindən fərqli olaraq təkcə öz
dövrünün deyil, daha geniş zaman çərçivəsində
baş verən ictimai-siyasi proseslərin axarını müəyyən
edə bilən güclü siyasi iradə sahibi, yeni dünya
tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət
xadimidir. Heydər Əliyev təkcə Gələcəyi
görmür, həm də o Gələcəyi
yaradırdı: Sabaha doğru gedən yolu açır və
insanları o yolla getməyə səfərbər edirdi.
Bütün
siyasi karyerası boyunca Heydər Əliyevə qarşı
qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin
kökündə də məhz onun öz zəhməti ilə qazandığı
böyük nüfuzun “təhlükəsi” dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail
Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli
münasibəti bunun bariz nümunəsidir. Malik
olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin
məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin
parlaq zəkaya malik bir şəxsiyyətə - Heydər
Əliyevə qarşı qərəzli münasibəti də
məhz o “təhlükə”nin
duyğusundan qaynaqlanırdı.
Nahaq yerə
deyilmir ki, zaman tarix boyunca əsl həqiqətləri üzə
çıxaran, kimin kim olduğunu tam
çılpaqlığı ilə göstərən ən
dürüst mizan-tərəzidir. Tarixin üzə
çıxardığı ədalət və reallıq isə
bundan ibarətdir: Qorbaçov öz adını tarixə
böyük bir dövləti dağıdan, əli qana
bulaşmış cinayətkar bir şəxs kimi, Heydər
Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən
quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən
şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini
bərpa edən dövlətlərin bugünkü
siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin
dövlətlərə başçılıq etmiş şəxslərin
seçdikləri siyasi xətlə birbaşa
bağlıdır. Bunu post-sovet ölkələrinin
keçmiş rəhbərlərinin fəaliyyətinə və
həmin ölkələrin bugünkü siyasi-iqtisadi durumuna
nəzər saldıqda daha aydın görmək
mümkündür. Belə bir müqayisədə
də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi
ilə üzə çıxır. Həm
də bir faktı nəzərdən qaçırmaq olmaz ki,
Azərbaycanın yerləşdiyi geopolitik məkan digər
postsovet ölkələrindən öz mürəkkəbliyi
və həssaslığı ilə fərqlənir.
Heydər Əliyevdən başqa vaxtilə Sovet
Politbürosunun tərkibində olmuş bütün siyasətçilərin
adlarını Əlahəzrət Tarix qısa müddət ərzində
yaddaşlardan sildi.Onlardan heç birinin siyasi irsi və siyasi
kursu yeni, müstəqil bir dövlətin həyat yoluna
çevrilmədi. Dünya inkişafının perspektivini aydın görən, ona doğru
addımlayan və ölkəsini, xalqını ona doğru
istiqamətləndirən Heydər Əliyevin uzaqgörən
siyasəti isə müasir Azərbaycanın dünya birliyinə
təbii inteqrasiyasını təmin edərək onun müstəqilliyini əbədi
və dönməz etdi.
Bu siyasət,
hər şeydən əvvəl: uzunmüddətli sabitliyin bərqərar
olunmasına yönəlmişdir; zaman çərçivəsi
ilə məhdudlaşmır - gələcəyə hədəflənmişdir;
geopolitik maraqları toqquşdurmur, əksinə, həmin
maraqların Azərbaycanın milli mənafeləri ilə
uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət
hələ uzun illər Azərbaycanın daxili və
xarici siyasət doktrinasının özəyini, milli
inkişafımızın təməlini təşkil edəcəkdir.
Məhz bu cəhətləri Heydər Əliyev
siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir
və onun özünü isə dünya miqyaslı şəxsiyyətə
çevirir.
Heydər Əliyev Azərbaycan xalqının
rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini
hər şeydən üstün tutan vətənpərvər
lider idi.
Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti
hətta bir insan ömrünə sığmayacaq qədər
zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə,
daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla,
ümumən, bütün ölkənin yenidən
qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev
Yeni Azərbaycanın əsasını qoydu.İstənilən
xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli
və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının
böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi
gedişləri ilə bugünkü sürətli
inkişafımızın kökündə dayanan sabitliyi
qısa zaman kəsiyində bərqərar etməyə nail
oldu.
Gərgin
iş rejiminin səhhətində problemlər yaratmasına
baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı. Yalnız
Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin
maraqlarına xələl gətirə biləcək məsələlərdə
tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda
yanaşmanı dəyişdi. Məhz onun
yorulmaz səyləri nəticəsində Azərbaycan
konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və
regional müstəvidə sabit və davamlı inkişaf vəd
edən bərabərhüquqlu tərəfdaş kimi
tanınmağa başladı.
Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında xidmətləri, regionda sabitliyin bərqərar
olunmasında oynadığı rol bir çox
tanınmış dövlət adamları tərəfindən
də aydın şəkildə ifadə olunmuş və
yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş
Prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: “Heydər
Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən
əsas şəxsiyyət olmuşdur. Onun
mövqeyi və göstərdiyi səylər Azərbaycanın
iqtisadi inkişafını möhkəmləndirən
böyük həcmli xarici sərmayələrin cəlb
olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının
həyatını yaxşılaşdırmış və Azərbaycanın
XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait
yaratmışdır”. Bu fikirlər Heydər
Əliyev tərəfindən yürüdülən siyasətin
ölkə daxilində sabitliyə və iqtisadi inkişafa təkan
verdiyini ifadə etməklə yanaşı, ümummilli
liderimizin bütövlükdə regional müstəvidə kəsb
etdiyi sülhyaradıcı və qlobal inteqrasiyaya yol açan
fəaliyyətinin əhəmiyyətini bir daha təsdiqləyir.
Böyük
Britaniyanın keçmiş Baş naziri Toni Bleyer də Heydər
Əliyev haqqında fikirlərini bölüşərkən
sabitlik faktorunu xüsusilə vurğulayır: “Heydər
Əliyev Azərbaycanın böyük lideri idi.
O, böhranlar dövründə öz ölkəsinə
sabitlik gətirdi. Azərbaycan xalqı onun
qoyduğu irs ilə fəxr edə bilər”.
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev
şəxsiyyətinə Azərbaycan, region və
ümumdünya kontekstində yanaşaraq bildirir: “Heydər
Əliyev Azərbaycanın xoşbəxtliyi və
firavanlığı, bölgədə və dünyada
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə
türk və dünya tarixində şərəfli yer
tutmuşdur.” Doğrudan da Heydər Əliyev
öz xalqının tarixi köklərinə bağlı olan
elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti
ərzində türk dünyasının birliyinə,
bütövləşməsinə və vahid güc mərkəzinə
çevrilməsinə böyük inam bəsləmiş və
bu prosesin də davamlı inkişafına
çalışmışdır.
Son 22 il ərzində
Azərbaycanın həm beynəlxalq siyasətdə və həm
də ölkənin iqtisadi, mədəni, sosial və humanitar
inkişafında əldə etdiyi nailiyyətlər həmin
dövrdə Heydər Əliyev tərəfindən atılan
addımların yeganə düzgün çıxış
yolu və bu yolun da ən uğurlu yol olduğunu göstərir.
Bu gün Azərbaycan qlobal siyasətdə
öz müstəqil siyasətini yeridən, bütün
istiqamətlərdə öz xalqının milli
maraqlarını təmin edə bilən müasir tipli mükəmməl
bir dövlətdir. Bu dövlətin izlədiyi
siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən
təməli qoyulmuş siyasi kursun - dövlət müstəqilliyimizin
əbədiliyi və dönməzliyi kursunun davamıdır.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol həmişə daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir.
Ulu öndər Heydər Əliyev bir şəxsiyyət kimi qələbə simvoludur. O, özünün bütün yaş dövrlərində öz zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir Lider idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi.
Zamanın sınaq anında ulu öndər bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz onun sayəsində bu gün dövlətimizin müstəqilliyi dönməz və sarsılmazdır. Ümummilli lider Heydər Əliyevin Şəxsiyyət obrazı isə Azərbaycanın əbədi Qələbə simvoludur.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
Xalq qəzeti.-
2015.- 14 iyun.- S.10.