Hər gün bir tarix, hər gün bir zəfər

 

Dünən Azərbaycan Milli Olimpiya Komitəsində “Zəfər günləri: hər gün bir tarix, hər gün bir zəfər” devizi altında iyunun 18-də ölkəmizə yeni medallar qazandırmış idmançılarla ictimaiyyət nümayəndələrinin növbəti görüşü keçirildi.

 

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə güləş və taekvando üzrə yarışlarda qələbə qazanmış və ölkəmizə bir qızıl, iki gümüş, üç bürünc medal gətirmiş idmançılar Milad Beiqi Harçeqani (taekvondo, qızıl medal), Fəridə Əzizova (taekvondo, gümüş medal) və Oleq Stepko (gimnastika, gümüş medal), Hacı Əliyev, Ruslan Dibirhacıyev və Cəmaləddin Məhəmmədovu (güləş, bürünc medallar) qələbə münasibətilə təbrik etdi.

Azərbaycan MOK-un vitse-prezidenti bildirdi ki, birinci Avropa Oyunlarının açılışından sonra müxtəlif idman növləri üzrə keçirilən yarışlarda medallar qazanmış Azərbaycan idmançıları ilə komitənin binasında hər gün görüşlər keçirilir və onlar geniş Azərbaycan ictimaiyyətinə təqdim edilir. Eyni zamanda, onlara prizlər, hədiyyələr təqdim olunur. Onun sözlərinə görə, çox sevindiricidir ki, Azərbaycan idmançıları hər gün qələbələr əldə etdikcə yarış meydanlarında Azərbaycan bayrağı qaldırılır, dövlət himni səsləndirilir, ölkəmizin əsl idman ölkəsi olduğu bir daha təsdiqini tapır. Artıq 6-cı gündür ki, görüşlər və eyni zamanda, təbriklər davam edir. Bu günədək ölkəmiz 12-si qızıl olmaqla ümumilikdə 29 medal qazanıb. Beləliklə, Azərbaycan Avropanın idman tarixinə yeni səhifələr yazır. Bu qələbələr tarixdə min illərlə yaşayacaq.

Çingiz Hüseynzadə əmin olduğunu bildirdi ki, birinci Avropa Oyunlarının bağlanış gününə qədər Azərbaycan idmançılarının uğurları davam eldəcək, iyunun 29-da bütün idmançılarla birgə böyük bayram təşkil olunacaq. MOK-un vitse-prezidenti qarşıdakı günlərdə birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına uğurlar arzuladı.

Çingiz Hüseynzadə qeyd etdi ki, Avropanın müxtəlif ölkələrindən gəlmiş idmançılar Bakıda birinci Avropa Oyunlarının təşkilindən çox razı qaldıqlarını etiraf edir, onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirirlər. Eyni zamanda, hamı Azərbaycana, Bakıya valeh olduğunu bildirir. Bakının geniş və yaraşıqlı idman arenaları onların ixtiyarındadır.

Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, ölkə idmançılarının birinci Avropa Oyunlarında iştirakı olduqca məmnunedicidir. “Biz bu qədər medal gözləmirdik. Bu günə qədər qazanılmış medallar bizi çox sevindirir. Doğrudur, mən əvvəlcədən nə qədər medal qazanacağımız barədə proqnoz verməmişdim. Amma özlüyümdə müəyyən hesablama aparmışdım. Bütün bunlara rəğmən, əldə etdiyimiz qələbələr sevinməyə əsas verir. Biz buna çox sevinirik”.

Nazir Azərbaycanın, həqiqətən, bir idman ölkəsi olduğunu, yarışlarda idmançılarımızın yüksək nəticələr göstərdiyini, Azərbaycanın böyük potensiala malik olduğunu qeyd etdi. Ümid etdiyini bildirdi ki, növbəti yarışlarda idmançılarımız daha çox medal qazanacaqlar.

Azad Rəhimovun sözlərinə görə, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva belə bir təşəbbüs irəli sürüb ki, Oyunların bağlanış mərasiminə idmançılarımızın valideynləri də dəvət olunsun. Onlar da qələbələrimizin sevincini bölüşməkdə iştirak edəcəklər. Nazir qalib idmançıları təbrik etdi, gələcək yarışlara qoşulacaq idmançılarımıza isə uğurlar arzuladı.

Sonra Çingiz Hüseynzadə, Azad Rəhimov və məşhur Azərbaycan idmançıları Namiq Abdullayev və Fərid Mansurov qalibləri təbrik edərək onlara prizlər və hədiyyələr təqdim etdilər. Fürsətdən istifadə edərək biz də qalib idmançılarımızı təbrik etdik və “Xalq qəzeti” üçün eksklüziv olaraq onların təəssüratlarını öyrəndik.

Milad Beiqi Harçeqani (taekvondo, qızıl medal):

- Birinci Avropa Oyunlarında qələbə qazanmağımız üçün zəhmət çəkmiş məşqçilərimə, eləcə də Oyunların yüksək səviyyədə təşkil edilməsinə hər cür qayğı və diqqət göstərmiş dövlət başçımız İlham Əliyevə və Təşkilat Komitəsinin sədri Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, bütün xalqımıza, bütün idmansevərlərə “Sağ olun!” deyirəm ki,  sonadək bizə azarkeşlik etdilər, dəstək oldular.

Birinci Avropa Oyunları çərçivəsində ilk görüşüm serbiyalı taekvondoçu ilə oldu. Onu məğlub etdikdən sonra növbəti qarşılaşmalarda Böyük Britaniya, Portuqaliya və Rusiya idmançılarına qalib gəldim və birinci Avropa Oyunlarının çempionu oldum. Çox şadam ki, mənə qazandığım qızıl medalı hörmətli Pezidentimiz İlham Əliyev təqdim etdi. Cənab Prezidentin də görüşümü izləyənlər arasında olması mənə hədsiz ruh verdi.

Bir məsələni də qeyd edim ki, Bakıda keçirilən birinci Avropa Oyunları üçün görülmüş hazırlıq işləri, təşkilati tədbirlər avropalı həmkarlarım tərəfindən də çox yüksək qiymətləndirilir. Bu işin təşkilinə Azərbaycan dövləti səviyyəsində, Prezident səviyyəsində xüsusi diqqətlə yanaşılıb və bunu Oyunların bütün iştirakçıları etiraf edirlər. 

Fəridə Əzizova (taekvondo, gümüş medal):

- Birinci növbədə, qeyd etməliyəm ki, birinci Bakı Avropa Oyunlarında iştirak etdiyimə görə qürur hissi keçirirəm. Hər halda arzum qızıl medal qazanmaq olsa da, gümüş medala sahib çıxa bildim. Yəni, Oyunları medalsız tərk etmədim.

Yarışlara 67 kiloqram çəki dərəcəsində qatıldım. İlk görüşdə Avropa çempionatının bürünc medalçısı, hollandiyalı taekvondoçu Joyce van Baarenə qalib gəldim. Türkiyəli idmançı Nur Tatarı 6:2 hesabı ilə üstələdim. İsveçli idmaçını da məğlub edə bildim. Nəhayət, final görüşündə rusiyalı Anastasiya Baruşnikovaya uduzdum.

Ruslan Dibirhacıyev (güləş, bürünc medal):

- Birinci Avropa Oyunları çərçivəsində yarışlara, əlbəttə, qızıl medal qazanmaq arzusu ilə qatılmışdım. Ancaq bürünc medal əldə edə bildim. İlk dəfə olaraq, ölkəmizdə keçirilən Avropa Oyunları kimi yarışda güclü idmançılarla çıxış etdiyimə və bu nəticəni qazandığıma görə təsəlli tapıram. Çalışacağam ki, buraxdığım səhvlərdən növbəti yarışlarda nəticə çıxarım. Azarkeşlərə təşəkkür edirəm ki, bizləri sonacan dəstəklədilər.

Yarışlara 70 kiloqram çəki dərəcəsində Polşa idmançısı ilə görüşdə başladım və uğursuzluğa uğradım. Sonrakı görüşlərdə bolqarıstanlı və macarıstanlı güləşçilərə qalib gəldim. Üçüncü yer uğrunda mübarizədə Gürcüstan idmançısı ilə qarşılaşdım və onu məğlub etdim. Nəticədə bürünc medala sahib oldum.

Qeyd edim ki, birinci Avropa Oyunlarının vətənimizdə keçirilməsi mənim üçün ən böyük sevincdir. Belə bir yarışı yüksək səviyyədə təşkil etdikləri üçün Cənab Prezident İlham Əliyevə və “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Hamı etiraf edir ki, Bakıda birinci Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilir.

Cəmaləddin Məhəmmədov (güləş, bürünc medal):

- Şübhəsiz ki, yarışlara qızıl medal uğrunda mübarizə aparmaq əzmi ilə başlamışdım. Təəssüf ki, son nəticədə qazandığım bürünc medal oldu. 125 kiloqram çəki dərəcəsində əvvəlcə litvalı güləşçi ilə qarşılaşdım, onu məğlub edərək növbəti mərhələyə keçdim. Sonrakı görüşlərim türkiyəli güləşçi Taha Akgüllə, polşalı idmançı Robert Baranla və slovakiyalı Soslan Dadloevlə oldu və bürünc medalla kifayətlənməli oldum.

Amma buna baxmayaraq, çox sevinirəm və qürurlanıram ki, ölkəmdə - Azərbaycanda birinci Avropa Oyunları keçirilir və bu böyük tədbir haqqında bütün Avropa ölkələrinin müsbət rəyi var. Avropalı həmkarlarla söhbətlərdə dəfələrlə eşitmişəm ki, Azərbaycan tarixə düşən birinci Avropa Oyunlarını çox yüksək səviyyədə hazırlayıb, bir-birindən gözəl idman arenalarını idmançıların sərəncamına verib.

Bürünc medal qazanmış Hacı Əliyev və gümüş medal sahibi Oleq Stepko da azarkeşlərinə təşəkkürlərini bildirdilər, gələcəkdə onların ümidlərini daha yüksək nəticələrlə doğruldacaqlarını bildirdilər.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2015.- 20 iyun.- S.7.