Faşizm üzərində tarixi Qələbədə
Azərbaycan həlledici rol
oynamışdır
22 iyun Böyük Vətən
müharibəsinin başlandığı gündür
Faşist Almaniyası tərəfindən
1939-cu il sentyabrın 1-də Finlandiyaya hücumla başlanan İkinci dünya müharibəsi 21 ay
22 gün keçəndən sonra Sovet İttifaqına
hərbi təcavüzlə davam etdirildi. Bu zaman Azərbaycan hərbi əməliyyat
meydanına çevrilməsə də, müharibənin əvvəlindən
axıradək fəal iştirak etdi, respublikamızın bütün
maddi və mənəvi sərvətləri,
insan qüvvəsi faşizmə
qarşı müharibəyə cəlb olundu.
Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı, onların da 30 min nəfərdən çoxu qadın idi. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycanda 640 min nəfərədək adam sovet ordusu sıralarına səfərbər edilib cəbhəyə göndərildi.
Milli diviziyalarımız
İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar SSRİ Silahlı Qüvvələrinin Ali Baş komandanı Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci, dağatıcı, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar yaradıldı. Həmin diviziyalar Zaqafqaziya hərbi dairəsində yerləşən 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər. 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fərqlənmiş, 416-cı diviziya isə Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş, Almaniya paytaxtının süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri igidliklərə görə Ziya Bünyadov və daha 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.
77-ci dağatıcı diviziya müharibəyə 1941-ci ilin dekabrında Kerç-Feodosiya desant əməliyyatı ilə başladı. Diviziya Kerç, Taman, Novorossiysk, Mozdok, Mineralnı Vodı şəhərləri uğrunda gedən döyüşlərdə fərqlənmiş, Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə Suvorov ordeni ilə təltif edilmişdi. Bu şərəfə 77-ci diviziyaya “Simferopol diviziyası” fəxri adı verildi. Bütövlükdə, Krımın azad edilməsində xüsusi xidmətlərinə görə diviziyanın 3140 döyüşçüsü Vətənin yüksək orden və medallarına layiq görüldü.
1944-cü ilin iyul ayından etibarən Pribaltika respublikalarında, Rusiyanın digər ərazilərində gedən döyüşlərdə fəal iştirak etdiyi üçün diviziyanın yüzlərlə əsgəri orden və medallarla təltif olundu, 8 döyüşçü isə ən yüksək mükafata — Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Ümumiyyətlə, 77-ci Simferopol diviziyası 11000 kilometrə yaxın məsafə qət edərək, müharibəni Berlində başa çatdırmışdı. Onun tərkibində döyüşən Heybət Heybətov, Tərlan Əliyarbəyov, Mahmud Əbilov, Məmmədbağır Bağırov, Hacıbaba Zeynalov, Hüseyn Məmmədov zəngin hərbi təcrübə qazanaraq general rütbəsinədək yüksəlmişlər.
223-cü milli atıcı diviziyanın döyüş yolu 1942-ci ilin yayında Şimali Qafqazdan başlayaraq, Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya, Macarıstandan keçmiş, Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı. Diviziya 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olmuş və mayın 12-də Amerika ordusunun hərbi hissələri ilə görüşmüşdü. Diviziyanın döyüşçülərindən 3483 nəfəri orden və medallarla təltif edilmişdi. 1942-ci ilin fevral ayından 1943-cü ilin iyul ayına qədər diviziyanın komandiri Heybət Heybətov olmuşdu. Onun komandanlığı altında diviziya Mozdokdan Millerova şəhərinə qədər döyüş yolu keçmişdi.
Müharibə illərində həmin diviziyada komandirlik etmiş, işləmiş 6 nəfərin arasında general Heybət Heybətovun 17 aylıq komandirlik fəaliyyəti daha zəngin olmuşdur. Diviziyanın tərkibindəki bölmələrdən - 1037-ci alay Suvorov ordeninə, 1039-cu alay Kutuzov ordeninə, 1041-ci alay Suvorov və Kutuzov ordenlərinə, 818-ci alay Boqdan Xmelnitski ordeninə layiq görülmüşdü. Diviziyanın döyüşçülərindən 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.
402-ci atıcı diviziya müharibəyə Şimali Qafqazda qatılmış, Qroznı - Mozdok istiqamətində ağır döyüşlərdə iştirak etmiş və bu savaşda onun 833-cü alayının komandiri mayor Akim Abbasov və 840-cı alayın döyüşçüləri qəhrəmanlıq nümunələri göstərmişdilər. 1944-ci ilin əvvəlində diviziyada siyasi tərbiyə işlərini daha da möhkəmlətmək üçün respublikadan 300 nəfərdən çox partiya və sovet işçisi göndərilmişdi.
416-cı milli
atıcı diviziyanın ümumi heyətinin
90 faizi, komanda heyətinin
92 faizi azərbaycanlılardan ibarət idi. 1942-ci ilin
payızında diviziya Şimali
Qafqazda Mozdok istiqamətində
döyüşlərə başlamışdı. Taqanroq şəhərinin azad
edilməsində xüsusi roluna
görə ona “Taqanroq
diviziyası” adı verildi. 1943-cü ilin iyulundan sonra diviziyaya
general-mayor Heybət Heybətov komandirlik etmişdir. Azərbaycan
hökumətinin ardıcıl köməyi nəticəsində
diviziya müharibənin sonuna qədər öz milli tərkibini
saxlaya bildi. Faşistlərlə döyüşlərdə
iradə və mətanət göstərən diviziyanın
1368-ci alayı Qırmızı Bayraq, 1054-cü alayı
Suvorov, 444-cü divizionu Boqdan Xmelnitski, 348-ci əlahiddə
sanitar batalyonu Qırmızı Bayraq ordenləri ilə təltif
edilmişdi.
Diviziya Qafqazdan Berlinə kimi müzəffər döyüş yolu
keçmiş, düşmənin 23 minə yaxın əsgər
və zabitini məhv etmiş, 5474 əsir
götürmüş, faşistlərə məxsus
çoxlu döyüş texnikasını işlək vəziyyətdə
qənimət kimi ələ keçirmişdi. Diviziyanın
14396 nəfər əsgər və zabiti SSRİ-nin ən
yüksək orden və medalları ilə təltif
edilmiş, bir çoxu isə xarici ölkələrin orden və
medallarını almışdı.
416-cı diviziyanın 1945-ci ildəki döyüş fəaliyyəti
xüsusilə diqqətəlayiqdir. Diviziya fevral ayının 3-də
Oder çayını keçərək Kyustrin şəhərinin
alınmasında böyük şücaət göstərmişdir.
Almaniya Reyxinin paytaxtı üzərinə həlledici
hücuma başlayan diviziyanın 1373-cü alayı
düşmənin müdafiə xəttini birinci yararaq, aprelin
21-də şəhərin ərazisinə daxil oldu. May
ayının 3-də marşal Georgi Jukov 416-cı
diviziyanın Berlində keçirdiyi döyüş əməliyyatlarının
məharətlə hazırlandığını qeyd
etmiş, onun xidmətlərinə yüksək qiymət
vermişdi.
Azərbaycanın milli diviziyaları
sırasında 416-cı Taqanroq
diviziyası İkinci dünya müharibəsi cəbhələrində
30 ay fasiləsiz döyüşlər apararaq Praqa şəhərinə
qədər ümumilikdə 5000 kilometr yol qət etmiş, 6
Avropa ölkəsindən — Rumıniyadan, Bolqarıstandan,
Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və
50-dən çox irili-xırdalı çaydan keçərək
düşmənin 28 hərbi təyyarəsini, 113
tankını və zirehli maşınını, 549 səhra
topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200
avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70
ambarını məhv etmiş, küllü miqdarda qənimət
ələ keçirmişdi.
Diviziyada xidmət etmiş zabit və əsgərlərdən 5 nəfərinə
Sovet İttifaqı Qəhrəmanı fəxri adı
verilmişdir.
Diviziyanın özü isə Qırmızı Bayraq və
II dərəcəli Suvorov ordenləri ilə təltif
edilmişdir. Onun cəbhələrdə qazandığı qələbələr
şərəfinə Taqonroq şəhərinin
yaxınlığındakı Sanbek yüksəkliyində
monumental xatirə kompleksi yaradılmışdır. Bundan əlavə,
Taqonroq, Kiyev, Nikolayev, Odessa şəhərlərində və
Moskvada diviziyanın döyüş yolunu təcəssüm
etdirən şöhrət muzeyləri
yaradılmışdır.
Partizan hərəkatı
Böyük
Vətən müharibəsi zamanı qeyri-bərabər
döyüşlərdə əsir düşən həmvətənlərimiz
faşistlərin Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen, Ravensburyuk
və başqa ölüm düşərgələrində
Avropa ölkələrinin antifaşistləri ilə birlikdə
hitlerçilərə qarşı mübarizə
aparmış və azərbaycanlı adına
layiq hünərlər göstərmişdilər.
1942-1944-cü
illərdə isə azərbaycanlı hərbi əsirlər
Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse,
Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina,
Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli
antifaşist təşkilatları yarada bilmişdilər. Qeyd
etmək lazımdır ki, təkcə Fransanın cənubunda
fəaliyyət göstərən partizanlar arasında 1000 nəfərdən
çox, Yuqoslaviyadakı partizanlardan ibarət zərbə
briqadalarının tərkibində isə 600 nəfərdən
çox azərbaycanlı faşistlərə qarşı
ölüm-dirim mübarizəsi aparmışdı.
1943-cü ilin yayında
Krımda fəaliyyət göstərən
partizan dəstələri arasında azərbaycanlılardan
ibarət dəstə də vardı. Sonrakı illərdə Ukrayna,
Belarusiya torpaqlarında və Baltikyanı respublikalarda da azərbaycanlı
partizanlar düşmənə qarşı mübarizədə
fəal iştirak etmişlər. Ukrayna torpaqlarının
azadlığı uğrunda gedən partizan hərəkatında
faşistlərə qarşı 5000 nəfər, Belarusiya
torpaqlarında isə 1000 nəfərədək azərbaycanlı
vuruşmuşdu.
Azərbaycanlı döyüşçülər partizan dəstələri
tərkibində Avropanın bir neçə ölkəsində
də faşistlərə qarşı müqavimət hərəkatında
fəal iştirak etmişlər. 1943-cü ildə faşistlərin
Almaniyadakı Stranse əsir düşərgəsindən
İtaliyanın Triyest şəhərinə və Yuqoslaviyaya
köçürülən sovet hərbi əsirləri
içərisində xeyli azərbaycanlı vardı. Onlar
gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın
rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov,
Cavad Həkimli və başqaları daxil olmuşdular.
Onların çoxu 1944-cü ilin fevralında əsirlikdən
qaçaraq partizanlara qoşulmuş, İ.Qradnik adına
İtalyan - Yuqoslav partizan diviziyası tərkibində əlahiddə
rota təşkil etmişdi.
Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı
yanında Haribaldi adına xüsusi kəşfiyyat
- təxribat qrupuna rəhbərlik etmiş, fövqəladə
qəhrəmanlıqları ilə ad-san qazanmışdı.
Həmin qrupa M.Hüseynzadə ilə yanaşı, Mirdamət
Seyidov, Ənvər Məmmədov, Tağı Əliyev və
digər soydaşlarımız daxil idi. Faşistlərə
qarşı döyüşlərdə fərqlənən
50-yə qədər Azərbaycan övladı Yuqoslaviyanın
orden və medalları ilə təltif olunmuşdur. Əfsanəvi
partizan Mehdi Hüseynzadə müharibədən sonra “Sovet
İttifaqı Qəhrəmanı” fəxri adına layiq
görülmüşdür.
1942-ci ilin yazında
Polşadakı hərbilərdən əsir
düşərgələrindən birində azərbaycanlıların
gizli antifaşist təşkilatı
yaradılmışdı. Ona peşəkar hərbçilərdən
H.Qiyasbəyov və M.Məmmədov başçılıq
edirdilər. Bu təşkilatın köməyi ilə bir qrup
əsir düşərgədən qaçaraq partizanlara
qoşulmuşdu.
Fransanın Rodez şəhərindəki
əsir düşərgəsində xeyli
azərbaycanlı vardı. Onların çoxu gizli antifaşist
təşkilatının üzvü idi. Gizli təşkilatın
üzvü olan həkim Əmirov 29 nəfər əsirlə
birlikdə meşəyə qaçıb partizanlara
qoşulmuşdu.
Əslən Şəkidən olan
Əhmədiyyə Cəbrayılov da
Fransanın partizan hərəkatında fəal iştirak edərək
bu ölkənin ali mükafatına layiq
görülmüşdü. Fransanın Prezidenti olmuş
Şarl de Qol onu şəxsən tanıyırdı və
Moskvaya gələndə Əhmədiyyə Cəbrayılovla
görüşmüşdü.
1944-cü
il avqustun
17-də Rodez şəhəri fransız və azərbaycanlı
partizanlar tərəfindən faşistlərdən azad
edilmişdi. Bu əməliyyatda azərbaycanlı partizan dəstəsinə
Hüseynrza Məmmədov başçılıq edirdi. Şəhər
sakinləri faşistlərə qarşı savaşda qəhrəmancasına
həlak olmuş azərbaycanlı vətənpərvərlərin
xatirəsini əziz tutaraq, onları böyük matəm mərasimi
ilə Rodez qəbiristanlığında dəfn etdilər.
Matəm mitinqində çıxış edən polkovnik
Rişard fransız vətənpərvərlərinin sovet
xalqına, xüsusilə Azərbaycana olan məhəbbət
dolu fikir və duyğularını bu sözlərlə ifadə
etmişdi: “Fransa azərbaycanlı hərbi əsgərlərin
igidliyini heç vaxt unutmayacaqdır. Övladlarımız, nəvə
və nəticələrimiz də biləcəklər ki, uzaq
Azərbaycandan olan dostlarımız da Fransanın faşizmdən
azad edilməsi yolunda canlarını əsirgəməmişlər”.
Faşistlər əsirlikdən qaçaraq
Şərqi və Qərbi Avropa ölkələrində
partizan hərəkatına qoşulan xalqımızın qəhrəman
oğullarını — Mirzəxan Məmmədovu, Qulu Quliyevi, Vəli
Vəliyevi, Mirzəli Məmmədlini, Paşa Cəfərxanlını,
Feyzulla Qurbanovu, İsmayıl Heydərovu, Həsən
Əliyevi, Qurban Məmmədovu, Məmməd Axundovu, Abbas
Hüseynovu və bir çox başqalarını yenidən həbs
edərək ağır əzab və işgəncədən
sonra ölüm cəzasına məhkum etmişdilər.
Ümumiyyətlə, alman faşistlərinə qarşı
5 il davam edən qanlı müharibə zamanı Azərbaycanın
123 nəfər Sovet İttifaqı Qəhrəmanı ilə
yanaşı, 170 mindən çox əsgər və zabiti
müxtəlif orden və medallarla təltif edilmişdir.
Partizan hərəkatında
iştirak edən
soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıq
nümunələri göstərmişlər. İkinci dünya müharibəsində
şərəfli döyüş yolu keçən Azərbaycan
övladlarının qəhrəmanlıq və şücaəti
heç vaxt yaddaşlardan silinmir, gənc nəsil
üçün əsl vətənpərvərlik nümunəsidir.
Arxa cəbhə
Xalqımız faşizmə qarşı müharibədə
döyüş meydanları ilə yanaşı, arxa cəbhədə
də böyük şücaət və əzmkarlıq
göstərmişdir. İkinci dünya müharibəsində Qələbənin
qazanılmasında Bakı nefti həlledici rol
oynamışdır. 1941-1945-ci illər müharibəsi
zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən
çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90
faizi Azərbaycanın payına düşmüşdür. Azərbaycan
Berlinin alınması zamanı Almaniya səmasında
cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında
mühüm rol oynamışdır.
Xalqımız cəbhəyə 7 tondan
çox donor qanı göndərmiş, döyüşən
ordunun ərzaq və isti geyimlə təchizatında fəal
mövqeyi ilə seçilmişdir. Azərbaycan faşizm üzərində
Qələbə naminə bütün imkanlarını
maksimum səfərbər etmişdir.
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu
bütün dövrlərdə müharibə
veteranlarının problemlərinə xüsusi diqqət
yetirmiş və onlara hərtərəfli qayğı ilə
yanaşmışdır. Məhz ulu öndərin ədaləti
uca tutması sayəsində İkinci dünya müharibəsi
iştirakçılarının mənəvi haqları
müstəqilliyin ilk illərində özlərinə
qaytarılmışdır və 1994-cü ildən
başlayaraq Azərbaycanda Qələbə Günü qeyd
olunur. Ölkəmizdə müharibə veteranlarına
qayğının və onların sosial müdafiəsinin
gücləndirilməsi dövlət siyasətinin əsas
istiqamətlərindən biridir.
Ulu öndər
Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci dünya müharibəsinin
ağır və çətin sınaqlarından
keçmiş veteranların
qayğılarına həssaslıqla
yanaşır. Qələbə
bayramı ərəfəsində
1941-1945-ci illər Böyük
Vətən müharibəsi
iştirakçılarına, həlak olmuş və ya sonralar
vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik
maddi yardım verilməsi, 1941-1945-ci illər
Böyük Vətən
müharibəsində iştirak
etmiş bəzi kateqoriyadan olan şəxslərə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdünün artırılması,
1941-1945-ci illər Böyük
Vətən müharibəsi
əlillərinin və
onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı müvafiq
sərəncamlar Azərbaycanın
dövlət siyasətinin
insan amilinə söykənməsi və
humanist mahiyyət kəsb
etməsinin bariz nümunəsidir.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2015.- 21
iyun.- S.10.