Onun ən yaxın
həmdəmi piano idi
Dərd - sərini həmişə piano ilə bölüşərdi, barmaqları
şirmayi dillər üzərində
dolaşdıqca, elə
bil rahatlıq tapırdı. Qəribə
adam idi Həsənağa
müəllim. Piano ilə elə incə rəftar edirdi ki, sanki onu incitməkdən qorxurdu. Bilirdi ki, heç
nə onun ürəyindəki arzuları,
niskilləri bu
dilsiz- ağızsız
taxta parçası qədər duya bilməz. Bəzən hansısa musiqi əsəri üzərində işləyərkən
istədiyini
ala bilməyəndə ondan incik düşərdi.
Beləcə, musiqi onun həyatının
mənasına
çevrilmişdi.
Deyirdi ki, bu narahat
dünyanın acığını yalnız musiqinin dili ilə soyutmaq olar.
Onunla tanışlığım “Dan ulduzu” ansamblının televizyadakı kosertlərindən başlamışdı. Doğrusu, onunla yaxından tanış olmaq istəyirdim. Və günlərin birində rəhbərlik etdiyi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində, iş başında onunla görüşdüm. Nurani görkəmi var idi. Sifətində Azərbaycan kişisinə xas olan cizgilər ilk baxışdan diqqəti çəkirdi. Piano arxasına keçəndə isə özgə bir görkəm alırdı. Elə bil ürəyi ilə danışırdı. Qayğılı gözləri gah pianonun dillərini asta-asta süzür, gah da tavana zillənirdi. Sanki ifa etdiyi musiqi ilə nəfəs alırdı. Həsənağa Qurbanovu mən ilk dəfə belə gördüm və yaddaşımda da elə beləcə qaldı. ...Çox şeydən danışdı. Dedi ki, “musiqi dünyanın dilidir. Deyirlər, əvvəl söz yaranıb - deyə bilmərəm. Desələr ki, əvvəl musiqi yaranıb, ikiəlli razılaşaram. İnsan yaranmazdan əvvəl təbiətdə musiqi olub. Amma küləyin havasına ney səsi verən qamış parçası ta insan şüuru formalaşanacan monoton notlar üstə havalanıb. Onu insan zənginləşdirib, qəlibə salıb, öz hisslərinə tabe edib. Bəli, insan öz içinin sirrini yalnız musiqi ilə rahatca, çəkinmədən hamıya bəyan edə bilir. Kim nə deyirsə-desin, amma mən fikrimdən dönəsi deyiləm: musiqi Tanrı ilə insanın arasında ən qısa körpüdür. Ona görə də mən taleyini musiqiyə bağlayan adamları Uca Yaradana bir köynək yaxın hesab etmişəm. Bəlkə elə ona görə də tale məni əbədi olaraq musiqi ilə bağlayıb. ” Danışdıqca gözünü pianodan çəkmirdi. Elə bil hansısa yarımçıq əsəri tamamlamağa tələsirdi. Sonra durub piano arxasına keçdi. Barmaqlarını pianonun dillərinə yavaşca yaxınlaşdırdı və bu an sevdiyim “Sarı gəlin”in sədaları ətrafı bürüdü. Bir az sonra mənə tərəf çevrilib: “Bizim çox qədim xalq mahnımızdır”, – dedi. Həsənağa müəllim danışdıqca gözlərimi ondan çəkmirdim. Və istər- istəməz, özlüyümdə hesablama aparırdım: görəsən, Həsənağa müəllimin ürəyi ilə barmaqları arasında məsafə nə qədərdir? Bəlkə heç bir məsafə yoxdur? Olsaydı, onda həmin barmaqlar o ürəyin yanğısını pianonun dillərinə necə köçürərdi? Və bəlkə də həmin məsafə neçə min işıq ilinə bərabərdir. Gör ulduzları bizdən nə qədər məsafə ayırır, amma onların işartısını həmişə bəbəklərimizdə daşıyırıq. Bəlkə də elə buna görə sənətkarları “ulduz” deyib çağırırlar.
O vaxtdan gör neçə illər ötüb. Neçə illərdir ki, əcəl onu aramızdan vaxtsız aparıb. Müdriklərdən birinin sözüdür: “İztirab və kədər baş versə, rahatlığı musiqidə axtarın.” Biz də onun yoxluğunu unutmaq üçün bu virtuoz sənətçinin həzin musiqisini dinləməkdən özgə əlac tapa bilmirik.
Bu günlər xalqımız onun 60 illik yubileyini qeyd etməyə hazırlaşır. Biz də istərdik ki, bu yazıda onun şərəfli həyat yoluna qısa bir nəzər salaq. Naxçıvanda doğulub, bu əsrarəngiz diyarın dağ çiçəkləri kimi təmiz sularından içib, bu elin-obanın adət-ənənələri ilə ərsəyə gəlib. Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan Şəhər Mədəniyyət evində müəllim və C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlamışdır. Sonralar Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Azərbaycan Televiziyasının “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışmışdır. 1998-ci il mayın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilmişdir.
Ömrünün son illərini Bakıda yaşasa da, Naxçıvanı heç vaxt unutmurdu. Deyirdi ki, ürəyim daim Naxçıvanla vurur. Həmişə də demişəm ki, Naxçıvan mənim əbədi və əzəli baba yurdumdur. Həsənağa müəllim musiqiyə həvəsinin də burada yarandığını deyirdi. Burada musiqi qəlbini ovsunlayıb və bu sənəti seçib. Seçib deyəndə ki, əslində, bu, tale qisməti, Tanrı bəxşişi idi. Hərdən mənə elə gəlir ki, musiqi olmasaydı, Həsənağa müəllim heç dünyaya gəlməzdi. Sonrakı bütün ömrünü də sonsuzluğa gedən musiqinin çətin yollarında keçmişdi. Ən əsası isə, Gülarə xanım Əliyeva ilə birgə işləyib, “Dan ulduzu” ansamblında çalışıb. Ölümündən sonra “ Bizim Gülarə xanım” adlı kitabı da işıq üzü görüb. Son vaxtlar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edirdi.
Həsənağa Qurbanov xoşbəxt insan idi. Ona görə
ki, qəlblərə
yol tapa bilmişdi. Millətini, xalqını sevən
insan idi. Bütün varlığı ilə, sənəti ilə bu xalqa bağlı
idi. Deyirdi ki, Azərbaycan
xoşbəxt xalqdır
ki, onun Heydər Əliyev kimi lideri olub.
Ulu öndərlə görüşlərindən
qürur hissi ilə danışardı.
Bir də deyirdi ki, yalnız ulu öndərin ölməz ideyaları bu xalqı xoşbəxt
gələcəyə qovuşduracaq.
Çox
əfsus ki, Həsənağa müəllim
özü bu xoşbəxt günlərimizi
görə bilmədi.
M.
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 21
iyun.- S.10.