Azərbaycan mədəniyyətlər
arasında körpülər qurur
Azərbaycan paytaxtında birinci Avropa Oyunları uğurla davam edir. Qitənin hər yerindən Bakıya təşrif
buyurmuş atletlər gərgin idman mübarizəsinə qatılıblar.
Onların hər biri ədalətli idman mübarizəsində qələbə, uğur əldə etmək arzusundadır. Təbii
ki, daha güclü, daha əzmkar
olanlar zəfər əldə edirlər!
Amma böyük mənada qələbə çalan təkcə qalib idmançılar, ya da rəqibini yendirən komandalar deyil. Qələbə çalan həm də dostluqdur, həmrəylikdir, sülhdür, barışdır. Beynəlxalq Olimpiya Hərəkatının məramı da məhz budur. Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməklə bu gün Avropada fərqli mədəniyyətlər arasında dostluq, qarşılıqlı inam, etimad körpüləri qurur.
Azərbaycanın qitədə idmanın inkişafında lider mövqelərə çıxması təbiidir. Avropa Olimpiya Komitəsinin prezidenti, cənab Pattrik Hikki dəfələrlə vurğulayıb ki, Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyev müasir dönəmdə idmanın nə qədər böyük siyasi və humanitar potensiala malik olduğunu gözəl bilir. Məhz onun liderliyi ilə bu böyük potensial hərəkətə gətirilir.
Azərbaycan bu gün möhtəşəm idman tədbirini böyük uğurla keçirməklə bir tərəfdən öz qədim tarixini və zəngin mədəniyyətini, yüksək qonaqpərvərliyini bir daha nümayiş etdirir, digər tərəfdən bu möhtəşəm idman bayramı vasitəsilə qitədə mədəniyyətlərarası dialoqa bələdçilik edir. Yalnız Azərbaycan kimi böyük mədəni irsin daşıyıcıları olan xalqlar belə yüksək humanist missiyanın bayraqdarı olmaq iqtidarındadır.
Dahi siyasətçi Heydər Əliyev demişdir: Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq! Bu gün həqiqətən belədir. Ölkəmiz bütün dünya üçün açıqdır. Azərbaycanın təkcə nəhəng Olimpiya stadionunun, digər ən müasir idman qurğularının qapılarını 50 dövlətin atletləri üçün açmayıb, ölkəmiz həm də özünün çoxsaylı teatr və mədəniyyət ocaqlarının, muzey və sərgi salonlarının qapılarını qonaqların üzünə açıb!
Ulu öndər Heydər Əliyev gənc, müstəqil Azərbaycanın parlaq gələcəyinə inanırdı. Tövsiyə edirdi ki, Azərbaycan yalnız sülh, barışıq, elm, təhsil yolu ilə inkişaf və tərəqqi etməlidir. Təqdirəlayiq haldır ki, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış bu müdrik siyasi xətti hazırda böyük uğurla davam etdirir.
Böyük Britaniyadakı Edinburq Universitetinin professoru Qulam Rza Təbrizi bu günlərdə qəzetimizə verdiyi eksklüziv müsahibədə dedi ki, müasir dönəmdə hər bir xalqa, millətə başucalığı gətirən amillərdən biri də idmandır. Bəzilərinə idman adi, sıradan bir yarış təsiri bağışlayır. Belə deyil. İdmanın bütün başqa humanitar sahələr, yəni, elm, təhsil qədər cəmiyyətə pozitiv təsiri var. Ən başlıcası, idman, ilk növbədə, sülh və barışıq missiyası kimi bəşəri amallara xidmət edir.
“Köhnə qitə” gənc, müstəqil Azərbaycanın böyük maliyyə vəsaiti və insan resursları tələb edən birinci Avropa Oyunları kimi böyük bir tədbiri keçirməklə nə qədər böyük bir missiyanı öz üzərinə götürdüyünün fərqindədir. Bir müddət əvvəl Avropa İttifaqının (Aİ) və Avropa Olimpiya Komitəsinin birgə təşəbbüsü ilə Almaniyanın Hessen Federal Torpağında keçirilən nüfuzlu toplantıda Aİ liderləri idmanın qitədə siyasi, iqtisadi, mədəni, mənəvi inteqrasiya proseslərində rolu müzakirə olunub və Azərbaycanda Avropa Oyunlarının uğurla start götürməsinin qitədə millətlərarası dialoqa pozitiv təsir edəcəyi vurğulanıb.
Böyük şairimiz Hüseyn Cavid deyirdi:
Turana qılıncdan daha
kəskin
ulu qüvvət
Yalnız mədəniyyət,
mədəniyyət,
mədəniyyət!
Bu gün xoşbəxtlikdən
müstəqil Azərbaycan
böyük mədəniyyətin
təkcə daşıyıcısı
deyil, həm də sülhün,
barışığın, eləcə də mədəniyyətlərarası dialoqun təşəbbüsçüsü
rolunda çıxış
edir. Bundan yalnız sonsuz qürur
duymaq olar!
Qabil YUSİFOĞLU,
Məsaim HACIXANLI
Xalq qəzeti.- 2015.- 21
iyun.- S.6.