Hər gün bir tarix,

hər gün bir zəfər

 

Dünən Azərbaycan Milli Olimpiya Komitəsində “Zəfər günləri: hər gün bir tarix, hər gün bir zəfər” devizi altında iyunun 19-da ölkəmizə yeni medal qazandırmış idmançı ilə ictimaiyyət nümayəndələrinin növbəti görüşü keçirildi. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə taekvondo yarışlarında qalib gələrək  qızıl mükafata sahib olmuş Radik İsayevi qələbə münasibətilə təbrik etdi.

 

Azərbaycan MOK-un vitse-prezidenti bildirdi ki, birinci Avropa Oyunlarının açılışından sonra müxtəlif idman növləri üzrə keçirilən yarışlarda medallar qazanmış Azərbaycan idmançıları ilə hər gün görüşlər keçirilir və onların bu qayda ilə geniş Azərbaycan ictimaiyyətinə təqdim edilməsi artıq ənənə halını alıb. Eyni zamanda, onlara prizlər, hədiyyələr təqdim olunur. Onun sözlərinə görə, çox sevindiricidir ki, Azərbaycan idmançıları hər gün qələbələr əldə etdikcə yarış meydanlarında Azərbaycan bayrağı qaldırılır, dövlət himni səsləndirilir, ölkəmizin əsl idman dövləti olduğu bir daha təsdiqini tapır. Artıq yeddinci gündür ki, görüşlər və eyni zamanda, təbriklər davam edir. Bu günədək ölkəmiz 13-ü qızıl olmaqla ümumilikdə 30 medal qazanıb. Beləliklə, Azərbaycan Avropanın idman tarixinə yeni səhifələr yazır.

Çingiz Hüseynzadə əmin olduğunu bildirdi ki, birinci Avropa Oyunlarının bağlanış gününə qədər Azərbaycan idmançılarının uğurları davam edəcək. MOK-un vitse-prezidenti qarşıdakı günlərdə mübarizəyə qoşulacaq idmançılarımıza uğurlar arzuladı.

Çingiz Hüseynzadə qeyd etdi ki, Avropanın müxtəlif ölkələrindən gəlmiş idmançılar Bakıda birinci Avropa Oyunlarının təşkilindən çox razı qaldıqlarını bildirir, onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirirlər. Hamı Azərbaycana, Bakıya valeh olduğunu bildirir. Bakının geniş və yaraşıqlı idman arenaları onların ixtiyarındadır.

Sonra Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti Xəzər İsayev, Olimpiya çempionları Lyudmila Şubina və Nazim Hüseynov Radik İsayevi təbrik edərək ona hədiyyələr təqdim etdilər. Fürsətdən istifadə edərək biz də qalib idmançımızı təbrik etdik və “Xalq qəzeti” üçün eksklüziv olaraq təəssüratını öyrəndik.

Radik İsayev:

– Birinci Avropa Oyunları istər Azərbaycanın, istərsə də Avropanın tarixində böyük hadisədir. Bu Oyunlara Azərbaycan, bütün xalqımız yüksək səviyyədə hazırlıq görüb. Oyunların təşkili ilə bağlı Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın zəhməti daha çox olub.

Ayrı-ayrı idman növləri üzrə yarışlar yüksək səviyyədə keçirilir. Mən də Azərbaycanın bu Oyunlarda daha çox medal qazanması üçün əlimdən gələni etdim və qızıl mükafata sahib oldum. Buna görə ilk növbədə məşqçilərimə minnətdaram. Eyni zamanda, xalqımıza, bütün idmansevərlərə “sağ olun” deyirəm ki, sonadək bizə azarkeşlik etdilər, dəstək oldular. Cənab Prezidentin də görüşümü izləyənlər arasında olması mənə hədsiz ruh verdi. Çox şadam ki, qazandığım qızıl medalı da hörmətli Prezidentimiz İlham Əliyev təqdim etdi.

Bir məsələni də qeyd edim ki, Bakıda keçirilən birinci Avropa Oyunları üçün görülmüş hazırlıq işləri, təşkilati tədbirlər avropalı həmkarlarım tərəfindən çox yüksək qiymətləndirilir. Bu işin təşkilinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılıb və bunu Oyunların bütün iştirakçıları etiraf edirlər.

Qeyd edək ki, Azərbaycan yığmasına 30-cu medal qazandıran, qızıl mükafatlarımızın sayını isə 13-ə çatdıran Radik İsayev onu çempionluğa aparan yolda Hollandiya təmsilçisi Jeron van Roeji, yarımfinalda sloveniyalı İvan Traykoviçi məğlubiyyətlə barışmağa məcbur etdikdən sonra həlledici final görüşündə Vladislav Larinə (Rusiya) də qalib gəlməyi bacardı və həmin dəqiqələrdən ilk Avropa Oyunlarının çempionu adını daşımağa başladı.

Xoşbəxt qalib finaldan dərhal sonra jurnalistlərə müsahibəsində sevincini gizlədə bilməyərək belə deyib:

– Larin kifayət qədər çətin rəqib idi. Şadam ki, qalib gəlib azarkeşləri sevindirə bildim. Onlar məni çox yaxşı dəstəkləyirdilər. Mən bütün yarışın gedişində bunu hiss edirdim.

Həqiqətən də, son illər bir çox mötəbər beynəlxalq yarışda uğurları ilə diqqət mərkəzində olan R.İsayev möhkəm iradəli, əzmkar idmançıdır və qazandığı qələbələrlə heç vaxt arxayınlaşmır, əksinə, yeni nailiyyətlərə can atır. Taekvondoçumuzun bir ay əvvəl Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında əla çıxışı xatirələrdə hələ təzədir. Çempionatdan Bakıya qızıl medalla qayıdan Radik Banqladeş, Tayvan, Fransa, Kuba və Özbəkistanı təmsil edən bütün beş rəqibi üzərində layiqli qələbələr qazanmışdı.

On doqquz iyun axşamında dünya çempionumuz bir daha parladı. Bu dəfə Bakıda, öz pərəstişkarları qarşısında. Nəticədə Avropa, dünya çempionu R.İsayev indi həm də Avropa Oyunlarının çempionudur. Tarixdə ilk dəfə keçirilən belə mötəbər yarışın qızıl medalı isə, təbii ki, onun sahibinə ikiqat sevinc hissi yaşadır.

Beləliklə, istedadlı Azərbaycan taekvondoçusu Radik İsayev daha bir zirvəyə yüksəlmiş, özünün zəngin mükafatlar kolleksiyasına daha bir qiymətli medal əlavə etmişdir. Ancaq bu da son hədd deyil. Qarşıdan növbəti Yay Olimpiya Oyunları gəlir. Bundan sonra İsayevin bütün diqqəti 2016-cı ilin avqust ayında Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya lisenziya qazanılmasına yönələcək. Bu istiqamətdə artıq kifayət qədər imkanı olan və özünü taekvondo aləminə yaxşı tanıtmış Radik İsayev bu vəzifəni də  yerinə yetirməyə, sonra da Rioda baş rollardan birini oynamağa qadir idmançıdır.  

 

Oqtay BAYRAMOV,

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2015.- 21 iyun.- S.4.