İctimai nəzarət:
sosial-hüquqi baxış
“Mütləq çox güclü
ictimai nəzarət olmalıdır”. – Bu qətiyyətli fikir Prezident
İlham Əliyevə məxsusdur. Dövlət
başçımızın bu tələbi elmi-nəzəri
baxımdan da əsaslıdır. Məsələyə ictimai
və sosial-hüquqi kontekstdə nəzər yetirək. Bəşər
tarixini iki yerə ayırmalı olsaq, iki halla üzləşərik.
Əvvəla, mədəni cəmiyyətlərdə insanlar
birlikdə özlərinin haqq və hüquqlarını
müdafiə etmək üçün dövlət qurub,
onları idarə edən qurumlar yaradıblar. İkinci, məhz
dövlət və hakimiyyətdən həm də özlərini
qorumaq üçün müxtəlif metodlar, üsullar
axtarmağa cəhd ediblər. Təbii ki, ən
müvafiq təsirli metod ictimai nəzarət məsələsidir.
İctimai nəzarətin təşkilində bütün vətəndaşlar,
ictimai və siyasi təsisatlar, eyni zamanda, QHT sektoru və media
da əhəmiyyətli rol oynamalıdır. Əslində, bu,
bütövlükdə nəzəri məsələdir.
Praktik aspektdə problemə yanaşdıqda ictimai nəzarətin bazis tərkibi
olaraq, ictimai
davranışın, ictimai məsuliyyətin, hətta ictimai rəyin
önə keçməsi zəruriləşir.
İctimai nəzarətin həyata keçirilməsi metodunda hakimiyyət strukturlarının üzərinə müəyyən vəzifələr düşür. İlk növbədə, bu sahədə qanunvericilik dövrün və zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməli, bəzi məqamlar yumşaldılmalı, bəzən də şərtləşdirilməlidir. İkincisi, ictimai institutların fəaliyyəti və təsir mexanizmləri artırılmalıdır. Bu yöndə xüsusən də QHT sektoru və sosial media daha da aktiv olmalıdır. Üçüncüsü isə, institusional və peşəkar resursların fəaliyyəti yüksəldilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin I bəndində: “Əmək fərdi və ictimai rifahın əsasıdır”, VI bəndində: “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək .... hüququ vardır” (1;14); 41-ci maddənin III bəndi: “İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunun əsasında məsuliyyətə cəlb edilirlər” kimi və 46-cı maddənin I bölümü: “Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır” kimi, II bölümü isə “şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” (1;17) kimi təsbit olunmuşdur.
Bəs Azərbaycan Respublikası Əmək Məcəlləsində nə deyilir? Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin c)bəndində: “həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək” üzrə hər bir işçinin əsas hüquqları açıqlanır. Məcəllənin 10-cu maddəsinin b) bəndi: “əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək”, e) “iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq” kimi əsas vəzifələri göstərilir. Həmçinin 31-ci maddənin n) bəndində “iş yerində və ya işlə əlaqədar olaraq, ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik hərəkətləri və təhqiramiz hərəkətlər barəsində izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə hərəkətlərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımı tədbirlərin göstərilməsi” təsbit olunmuşdur. Məsələn, peşəkar resurslar deyəndə, ulu öndər Heydər Əliyev tərəfindən 1999-cü il 28 oktyabrda imzalanan “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin II hissəsinin birinci bölümü problemin mahiyyətini açır: “ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin vəzifəsidir”. 10-cu maddənin II bölümündə isə: “Hər bir şəxs polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərə bilər” ifadəsi də vardır”.
2013-cü il noyabrın 22-də Prezident İlham Əliyev tərəfindən imzalanan, 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Qanunun 1.0.1.bəndində deyilir ki, “ictimai iştirakçılıq - dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, .... ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının bu qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması üçün və vətəndaş cəmiyyəti institutları — QHT, KİV, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri” və “ictimai iştirakçılığın həyata keçirilməsi ilə bağlı bu qanunda nəzərdə tutulmamış digər hüquqlarını məhdudlaşdırmır”. Bu baxımından adıçəkilən qanunda ictimai iştirakçılığın formaları da göstərilir. Bu isə ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə və s. kimi fəaliyyətdir.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.0.3. bəndində deyilir: “İctimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir” və bu qanunun 4.1.3. bəndində “informasiyanın əldə olunmasının təşkilinə nəzarətin həyata keçirilməsi” qaydaları da açıqlanır.
Bəs bu barədə fəlsəfi, hüquqi lüğətlərdə nə yazılır? “Fəlsəfə” ensiklopedik lüğətində “ictimai münasibətlər” insanlar arasında onların birgə əməli və mənəvi fəaliyyəti prosesində qərarlaşan münasibətlərdir; İctimai rəy isə “xalqın, sinifin (yəni, əhali qrupu, əhali təbəqəsi - R.M.), sosial qrupun əksəriyyətinin onların təlabat və mənafelərinə toxunan gerçəkliyin fakt, hadisə və proseslərinə real münasibətlərinin ifadə olunduğu, kütləvi şüurun movcudluğu və təzahürü üsullarından biridir. İctimai rəyin formalaşması və inkişafı istər məqsədyönlü şəkildə – siyasi təşkilatların və sosial -sinfi təsisatların və idarələrin kütlələrin şüuruna təsiri nəticəsində, istərsə də kortəbii şəkildə, yəni, həyat hadisələrinin, sosial təcrübənin və ənənələrin bilavasitə təsiri altında baş verir. İctimai rəyin əlamətlərinə onun intensivliyi və sabitliyi aiddir. İctimai rəy rasional, emosional və iradi ünsürlərin üzvü vəhdətidir. İctimai rəy üç səviyyədə təzahür edə bilər: Birincisi, mənəvi münasibət kimi (qiymətverici mühakimələr vasitəsilə); ikincisi, mənəvi -praktik münasibət (emosional -iradi meyillər, səylər, niyyətlər və s); üçüncüsü isə, praktik münasibət kimi (kütləvi hərəkatlar və əməllər vasitəsilə.
Bəs ictimai rəyin nüfuz gücü nədir? Bu güc əksəriyyətin şüuruna əsaslanaraq təzahür edir. Həmin əksəriyyət, yəni, çoxluq düzgün, real həqiqəti əks etdirən mövqedədirsə, bu əksəriyyətin — çoxluğun yetkin rəyi kimi nəzərə alınır. Məhz bu nöqteyi -nəzər ictimai rəyin sosial əhəmiyyətini və praktik təsirliliyini artırır.
Bəs
ümümilikdə “ictimai nəzarət” anlayışı nədir?
Hüquq ensiklopedik lüğətində
“ictimai nəzarət sosial nəzarətin kütləvi
növüdür” kimi göstərilir. İctimai nəzarət
dövlət, dövlət - ictimai (xalq) nəzarətindən ibarət olan nəzarət sisteminin
mühüm tərkib hissəsidir. İctimai nəzarət
demokratiyanın həyata keçirilməsinin
bir forması, geniş kütlələrin cəmiyyətin və
dövlətin idarə olunmasına cəlb edilməsi
üsulu, ...aşkara çıxarılan nöqsan və
çatışmazlıqların aradan
qaldırılmasının zəruri şərtidir” kimi
açıqlanır.
Bəs ictimai təsir özünü nədə ehtiva edir? İctimai təsir hüquqi tərbiyə, xəbərdarlıq tədbirləridir. İctimai təsir ictimai rəyə, ictimaiyyətin təşkilatı və tərbiyəvi iş sisteminə əsaslanır. İctimai təsir şəxsə onun davranışının ziyanlı olmasını izah etməkdən, ictimai təşkilatın, kollektivin adından bunun pislənməsindən, qaydanı pozan üzərində sosial nəzarətin artırılmasında və onun pozitiv maraq sahəsinə cəlb edilməsindən ibarətdir. İctimai təsir söhbətlərdə, iclaslarda müzakirə, mətbuatda tənqid, hamilik, nizamnamə tənbehləri, müvəqqəti olaraq imtiyazlarından məhrumetmə, bəzən isə yoldaşlıq məhkəməsində (iş əməkdaşlarından ibarət komissiyada – R.M.) baxma və s. yolla həyata keçirilir” kimi ifadə olunur.
Belə olan surətdə “ictimai rəy” anlayışı nəyi ehtiva edir? “İctimai rəy” - insanların sosial gerçəkliyin hadisə və faktlarına, müxtəlif qrupların və ayrı- ayrı şəxsiyyətlərin fəaliyyətinə münasibətlərini (gizli və ya açıq çəkildə) təsbit edən qeyri-rəsmi, kütləvi şüurun mövcud olması üsüludur. İctimai rəydə insanların həyat hadisələrinə, siyasi partiyaların, ayrı-ayrı qurumların fəaliyyətinə münasibəti öz əksini tapır”. Məhz bu yanaşmadan da “ictimai münasibətlər” termininə də nəzər yetirək. İctimai münasibətlər – insanlar arasında onların birgə təcrübi və fəaliyyəti prosesində yaranan münasibətlərdir. İctimai münasibətlər maddi və ideoloji münasibətlərə bölünür”.
Təhlil olunan mövzuda digər bir “sosial nəzarət” termini də diqqət çəkir. Bəs sosial nəzarət nədir? Sosial nəzarət sosiologiyada hamılıqla qəbul olunan mühüm anlayışlardan biridir. Özünün qeyri-itaətkar üzvlərini nizama çəkmək üçün hər bir sivilizasiyalı cəmiyyət onun tətbiqinin ən müxtəlif vasitələrindən istifadə edir. Heç bir cəmiyyət sosial nəzarətsiz ötüşə bilməz. Hətta adamların təsadüfən bir araya gəlmiş kiçik bir qrupuna öz nəzarət mexanizmlərini işləyib hazırlamaq lazım gəlir”.
Hüquqi dövlətdə mövcud demokratik
institutların möhkəmləndirilməsində sosial nəzarət
mexanizmi vacib rola malikdir. Bu baxımdan sosial nəzarət
demokratik institutların əsas atributlarından olub, əsasən
sosial davranış qaydalarını tənzimləməklə,
cəmiyyətdə davranış normalar sistemini təsbit
edir. Sosial nəzarət dedikdə, normativ tənzimetmənin
praktiki-mənəvi vasitələrinin köməyilə
sivilizasiyalı sistemi nizamlı, dinamik-müvazinətli vəziyyətdə
saxlamaq üsulu başa düşülür". Deməli,
ictimai qaydanın və onun xüsusi mexanizmlərinin
qorunması üçün hakimiyyət səlahiyyətlərindən
istifadə olunur. Bu zaman sosial normalar, sanksiyalar tətbiq edilir və
hakimiyyət anlayışı ön plana çəkilir. Başqa
sözlə, cəmiyyət üzvlərinin fəaliyyətinə
dövlət və cəmiyyətin özü tərəfindən
nəzarət keçirilir.
Sosial davranışın özü nədir? Sosial
davranış fərdlərin tam olaraq cəmiyyətin həyatına,
fəaliyyətinə dövlət və sosium tərəfindən
nəzarətin sosial mexanikasıdır. Sosial
davranışın məqsədli tənzimlənməsi incə
və zərif
xarakter daşıyır, eləcə də dəyər
yönümlərinin seçilməsində sərbəst və
azad iradənin maksimum fəal iştirakını nəzərdə
tutur. Bu baxımdan əsrlərlə
formalaşan adətlər, yazılmamış qanunlarla riayət
edilən ənənələr, iman və inamdan irəli gələn
dini ayinlər, əxlaq normaları bəzən hüquqi
qanunlarsız belə insanlar tərəfindən nəzarət
edilir. Məhz bu ictimai, başqa sözlə,
hüquqi müdaxiləsiz sosial nəzarət insanların
davranışının təmin edilməsini göstərən
çeşidli münasibətlər, qayda və normalar, həmçinin
demokratik insanlararası institutların münasibətlərinin
qaydalar məcmusudur.
İctimai nəzarət mexanizmləri fərdi yox, məhz
fərdin öz davranışından yaranan xətalar,
qüsurları və ifadə etdiyi qeyri-etik sözlər onu
qınaq obyektinə çevirir. Məhz burada fərd
qeyri-etik davranışı ilə “təcrid olunur”, onun nəinki
özü, həmçinin digər şəxslərə
münasibətdə davranış və ifadələri, onu
“arzu olunmayan şəxsə” çevirir. Bəzən
də ətrafın loyallığı da belə
davranışlara stimul verir.
Akademik Ramiz Mehdiyev çox haqlı olaraq
göstərir ki, “insanlar bu və digər hərəkətləri
avtomatik şəkildə deyil, tamamilə şüurlu surətdə,
müəyyən məqsədlərə istiqamətlənərək
yerinə yetirir. Bundan əlavə,
insanların davranışı dərk edilmiş maraq və
emosiyalarla yanaşı, ənənələr, dil, tərbiyə
və dinin müəyyən etdiyi dünya mənzərəsi
ilə şərtlənir”. Bu baxımdan
da məhz Ramiz Mehdiyev məntiqində sosial davranış
termininin izahına müraciət edək. Akademik “Fəlsəfə”
dərsliyində açıqlayır ki, “fərdin və
qrupun davranışının həm obyektiv, həm də
subyektiv ilkin şərtlərinin nəzərdən
keşirilməsinə əsaslanan sosial davranış
kateqoriyası cəmiyyətin mənəvi həyatının
başa düşülməsi və qiymətləndirilməsi
üçün həlledici əhəmiyyətə malikdir”.
İctimai
nəzarət özündə ictimai norma
və qaydalar, sosial göstərişlər və hüquqi cəzalar
kimi anlamları da birləşdirir. Sosioloq
P.Bergerin fikrincə, “sosial nəzarət” konsepsiyasına
uyğun olaraq, insan öz ətrafında baş verənlərin
və sosial nəzarətin müxtəlif növlərindən,
tiplərindən və formalarından ibarət olanların mərkəzində
dayanır. İnsanı əhatə edən
hər bir dairə yeni nəzarət sistemidir. Dövlət
aparatından ibarət olan siyasi-hüquqi sistem ən
böyük dairədir”.
İctimai və ya sosial nəzarətdən bəhs edərkən,
ilk öncə, hər bir fərdin məhz özünənəzarət—
yəni daxilən nəzarət məsələsi əsas
önəm daşıyır. Hər bir kəs (fərd,
şəxs, vətəndaş) öz
davranışını bütövlükdə cəmiyyətdə
qəbul olunmuş normalarla uyğunlaşdıraraq tənzimləməlidir.
İkincisi, xarici nəzarətdir. Bu isə ümumilikdə qəbul edilən qanunlar,
davranış tərzi – normalarına əməl edilməsinə
məsul olan institut və mexanizmlərin məcmusudur. Təbii ki, burada da (xarici nəzarətdə) iki hal
meydana çıxır. Birinci, qrupdaxili —
yəni qeyri- formal nəzarət. Burada əsasən
iş yoldaşları, həmkarlar, qohum və qonşular, tanış və
dostlar qeyri- formal sürətdə, əsasən, fərdin
qeyri-etik davranışını tənqid etməyə əsaslanaraq,
tövsiyə, məsləhət və s. şəkildə
ictimai rəyi dəstəkləyir, hətta tənbeh də
edirlər.
İkincisi isə, institusional – formal nəzarətdir. Burada daha
çox rəsmi strukturlar və ya bəzən də inzibati
orqanlar cəlb edilməklə tədbirlər
görülür. Burada ailə və iş kollektivi daha
çox ictimai (sosial) nəzarəti yerinə yetirməyə
dəstək olur. Unutmayaq ki, ailə institutu ən önəmli
sosial institut, iş – kollektiv isə həmkar–əməkdaşlıq
institutdur. Deməli, həm ailə, həm də
kollektiv qeyri-formal nəzarətin subyekti, aparıcı vahidi,
yaxud sosioloji anlamda desək, agentləridir.
Bir halı da qeyd edək ki, formal nəzarət
qeyri-formal nəzarətdən sonra yaranmış və
reallıqda ondan sonra gəlir. Əgər qeyri-formal
nəzarəti kiçik qrup, dəstə və kollektivdə
həyata keçirmək mümkünsə, formal nəzarətin
böyük insan çoxluğu çərçivəsində
tətbiqi qeyri- mümkün olur. Məhz
burada inzibati institutlar daha çox önəm
daşıyır. Bu baxımdan da
qeyri–formal nəzarət əgər lokal-yerli xarakter
daşıyırsa, formal nəzarət isə dövlətin
bütün ərazisində səlahiyyət kəsb etdiyi
üçün qlobal nəzarətdir. Formal nəzarəti
təhsil ocaqları, istehsalat müəssisələri, ordu, məhkəmələr,
KİV, siyasi qurumlar, QHT və s. ictimai təsisatlar həyata
keçirməklə məşğuldurlar. Təbii ki, bu
zaman qanunlar, hökumət qərarları, sərəncam və
s. bu kimi təlimatlar ictimai (sosial) nəzarətin əsasını
təşkil edir. Bu isə institusional dəstəkdir.
Sosial nəzarətin bəs hansı nəzarət
üsulu – forması vardır? Burada bir neçə amil
qarşılaşdırılır. Belə ki, a)
yüngül -asan forma; b) dolayı (yanaki) forma; c) birbaşa
(düzünə) üsul; d) sərt üsuldan istifadə
edilir. Nədir bu üsullar? Qeyd
etdiyimiz kimi, ailə və kollektiv sosial institutları
yüngül və dolayı nəzarəti həyata
keçirirsə, birbaşa və sərt üsullar artıq rəhbərlik
tərəfindən və qanunlarla tənzimlənir.
Belə bir fikir də var ki, istənilən nəzarət
prosesini hətta idarəetmə metodu ilə də
uyğunlaşdırırlar. Nəzarət prosesi
yalnız fəaliyyətin istiqamətini tənzimləyir.
Məsələn, ailədə uşağın təlimi, təhsili,
valideynlərin qarşılıqlı hörmətinin
qorunması və s. Əmək kollektivlərində isə hər
bir müəssisənin öhdəliyi—fəaliyyətinin idarə
olunmasına nəzarət tətbiq edilir. Deməli,
nəzarət anlayışı məhdud, idarəetmə isə
daha genişdir. Və nəzarət prosesi
məhz idarəetmədən yaranır. Çünki,
idarəetmə zəif olanda, yuxarıda qeyd olunan üsul
(metodlar) kollektivdə həyata keçirilməyəndə,
orada artıq ictimai nəzarət də zəif olur. Burada akademik Ramiz Mehdiyevin fikirləri yerinə
düşür. Akademik R.Mehdiyev yazır: “
Vaxtilə M.Veber qeyd edirdi ki, insan öz fəaliyyəti
üçün məqsədlərdən və onlara məna
verən dəyərlərdən təkan alır. Əgər bir insanın öz qarşısına məqsəd
qoyan varlıq olması fikri ilə razılaşırıqsa,
onun davranışının sirlərini hər hansı məqsəd
qoymaq prinsipinin müəyyən etdiyi yollarda axtarmaq
lazımdır. Dəyərlərin düzgün
dərk edilməsi cəmiyyətin mənəvi tənəzzüldən
yaxa qurtarmasına kömək edə bilər”.
Həqiqətən də, məhz istənilən fərd
fəaliyyət normalarına, əxlaq dəyərlərinə
riayət etsə, bütövlükdə ictimai nəzarət
də mükəmməl və mühit yüksək mədəniyyətli
olar.
Bu mənada, keçmiş sovet təlim–tərbiyə
metodikasında həmişə mədəniyyət elementləri
yüksək dəyərlər çərçivəsində
olurdu. Yazılmamış qanunlarla tənzimlənən
ictimai davranış kodeksləri çərçivəsində
insanlar yüksək nəzakətlə bir-birilə
davranırdılar. Təbii ki, hər fərd
qarşısındakına münasibətdə “buyurun”,
“bağışlayın”, “rica edirəm”, “zəhmət
olmasa”, “mümkünsə” və s. kimi müraciəti ilə
seçilirdi. Xüsusən də, təhsil, elm-mədəniyyət
ocaqlarında ucadan danışmaq, söhbətləşmək,
zaraftalaşmaq, əl-qol hərəkətlərii etmək,
şit hərəkətlər, ucadan mahnı oxumaq və s.
qeyri-etik davranış tərzi qeyri-məqbul, hətta qəbuledilməzdir.
Bəs demokratiya-müstəqillik
dövrünün təlim-tərbiyə metodikası hərəkətlərə
də azadlıq verməlidirmi? Söz,
fikir, ifadə, əqidə azaddır. Hərəkət,
davranış, nizam–intizam, məsuliyyət hissi isə həm
də daxilən nəzarətdə olmalıdır. Burada məhz müvafiq qanunlara riayət olunması
vacibdir. Hər bir insanda özünə
qarşı məsuliyyət hissi güclü olmalıdır.
Unutmayaq ki, ulu öndər
Heydər
Əliyev daima mənəvi tərbiyəni əsas prioritet
saymış və söyləmişdir: “Cəmiyyətimizdə
saf mənəviyyatı
bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi
hallara qarşı mübarizəni gücləndirmək əsas
vəzifəmizdir” və ya “Hər bir insan həyatda
yaşamalı, inkişaf etməlidir, öz yerini
tapmalıdır. Amma öz yerini, özünə
məxsus olan yeri tapmalıdır. Kim ki,
öz bildiyindən, bacarığından artıq iddialar edir,
o, həmişə məğlub olur. Ulu öndər
sanki uzaqgörənliklə bu günümüzü nəzərə
alaraq demişdir: “ Biz bütün qüvvələrimizi
toplasaq, ziyalılardan, din xadimlərindən, alimlərdən, hörmətli
adamlardan istifadə etsək, onlar bu işi mütəşəkkil
apara bilsələr, lazımi iş görərək tərbiyə,
əxlaq, mənəviyyat məsələlərini ...
aşılaya bilərlərsə, mənəviyyatı, iradəni
möhkəmləndirə bilsələr, bu, bizim həm
siyasi, həm də ideoloji işimiz olacaqdır. Lakin bu iş
nəzəri şəkildə deyil, mütəşəkkil
aparılmalıdır”.
Məhz
bu baxımdan da ölkə Prezidenti İlham Əliyev 2015-ci il mayın 27-də Respublika Gününə həsr
olunmuş tədbirdə çox dəqiq və düzgün
söyləmişdir: “Bu gün Azərbaycan dövləti möhkəm
əsaslar, milli maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız azərbaycançılıq
fəlsəfəsi bütün cəmiyyəti birləşdirir.
Müstəqil Azərbaycan dövləti
möhkəm milli dəyərlər üzərində
qurulubdur. ...Ölkəmizdə ictimai proseslər müsbət
istiqmətdə inkişaf edir... idarəetmə sahəsində
müsbət islahatlar aparılır. Mən
burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd
etmək istəyirəm. ... İctimai nəzarət
olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz.
Mütləq çox güclü ictimai nəzarət
olmalıdır. Belə olarsa, o zaman
işlər daha da sürətlə gedər və xoşagəlməz
halların aradan qaldırlması üçün yeni bir
mexanizm yarana bilər... ictimaiyyət də daha fəal
olmalıdır.”
Göründüyü kimi, dəyərlər yeniləşir
və dəyişir, sosial mədəni-mənəvi
ölçülərdə isə bəzən diskriminativ
şərait nəzərə çarpır. Təhsil, elm, mədəniyyət
nümayəndələri ulu öndər Heydər Əliyev kəlamlarının
bu günlə tarazlaşmasında sanki bir qədər biganələşiblər...
Ölkədə iqtisadi yönümdə şəhərlə
kənd arasında getdikcə fərqlər də dəyişir.
Kəndlər, qəsəbələr şəhərləşib,
hər yerdə ailəvi park mədəniyyəti
formalaşıb, yaşıllaşdırma, asudə vaxtın
səmərəliliyi yönümündə modernlik
vardır. Bəs dəyişən nədir?
Ailə mədəniyyətinə riayətsizlik və ailədaxili
qətl, övladdan imtina və uşaqlarını
küçələrə atma, ağsaqqal ağbirçək
məfhumunun münasibətlərdə bəzən dəyərsizliyi,
müəyyən etik normalardan çıxma, hansısa neqativ
mənəviyyatsızlığın
“peşə”yə
çevrilməsi və bu proseslər çərçivəsində
mənəvi zombiləşmə, ictimai nəzarətin,
ictimai rəyin, hətta ictimai qınağın belə
sönükləşməsi...Elə burada Prezident İlham
Əliyevin 10 may 2015 - ci il tarixdə Cinayət Məcəlləsinə
dəyişikliklərlə bağlı imzaladığı sərəncam
da məhz neqativ halların aradan qaldırılmasına
qarşı yönəlik müsbət addımdır. Gender strategiyasında yeni metodda qanunvericiliyin tənzimlənməsi
reallıqdır.
Bu baxımdan professor Əli Həsənovun fikirlərinə
müraciət edək. Ə.Həsənov yazır: “...Dövlət
orqanlarının tam şəffaf fəaliyyətinin təmin
olunması, ictimai nəzarət mexanizminin
stimullaşdırılması, məmur-vətəndaş
münasibətlərinin ictimai və hüquqi normaya uyğun
tənzimlənməsi... kimi məsələlər diqqət
mərkəzində olacaqdır. Bu norma və prinsiplərə
əməl etməyən,
öz işində ardıcıl nöqsanlara yol verənlər...Azərbaycan
Prezidentinin tapşırıq və tövsiyələrindən
ciddi nəticə çıxarıb, öz işlərində
dönüş yaratmalıdırlar, ya da qanunun sərt
üzü ilə üzləşəcəklər”.
Bu baxımdan ictimai nəzarət prosesində vətəndaş cəmiyyəti, əsasən də QHT sektorunun və ictimai mühitin yeniləşməsində rolu, yeri və mövqeyi də önəmlidir. Belə ki, daxili resursları olan, özəl keyfiyyətləri inkişaf etmiş, fəal həyat mövqeyi tutan passionar insanları təşkilatlandırmaq vətəndaş cəmiyyətinin ən aktiv vəzifəsidir. Cəmiyyətin demokratikləşməsi, yeni kreativ, yaradıcı, intellektualların müxtəlif təşkilatlarda aktivliyi labüddür. QHT-nin sosial, humanitar, ictimai prosesə cəlb edilməsi məqsədilə, onların Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənməsi, konstruktiv ictimai tənqid və tənbeh üçün şərait yaradılması, maddi-texniki bazasının möhkəmlənməsi, habelə aktual sosial və humanitar layihələrin həyata keçirilməsinə kömək ölkədə demokratikləşmə yolunda aparılan mühüm islahatlarda ictimai rəyin formalaşmasına köməkdir. QHT-lərə Dövlət Dəstəyi Şurası ölkədə vətəndaş təşəbbüskarlığı, yeni ictimai davranış normaları mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Bu mənada qismən də olsa, sosial-hüquqi konteksdə araşdırılan “ictimai nəzarət” mövzusunu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fikirləri ilə yekunlaşdıraq: “Hazırda dünya öz inkişafının elə bir dövrünə qədəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişməsində uğurlar bir çox siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin, yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan kişilər və qadınlardan asıldır.”
Rəna
MİRZƏZADƏ,
AMEA Fəlsəfə
və
Hüquq
İnstitutunun
şöbə
müdiri, fəlsəfə
elmləri doktoru
Xalq qəzeti.- 2015.- 23 iyun.- S.9.