Dövlət qulluğuna qəbulun
Azərbaycan modeli
yaradılmışdır
23 iyun Dövlət
Qulluqçularının Peşə Bayramı
Günüdür
Müsahibimiz Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın sədri Bəhram
Xəlilovdur
— Bəhram müəllim,
23 iyun ölkəmizdə
Dövlət Qulluqçularının Peşə Bayramı
Günü kimi qeyd olunur. Bu günlə bağlı sizdən müsahibə götürməyimiz
artıq ənənə halını almışdır. Peşə bayramınız münasibətilə
sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edirik. Dövlət
qulluqçuları öz peşə bayramlarını
hansı əhval-ruhiyyə ilə qarşılayırlar?
— Sağ olun. Öncə onu qeyd etmək istərdim ki, Azərbaycanın dövlət qulluqçuları öz peşə bayramlarını artıq 10-cu dəfədir ki, qeyd edirlər. Dövlət Qulluqçularının Peşə Bayramı Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmişdir. Dövlət qulluqçuları bu günün təsis edilməsini dövlət başçısının onların Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi prinsiplərə uyğun idarə edilməsindəki roluna verdiyi qiymətin təzahürü kimi dəyərləndirirlər. Mən də öz adımdan və rəhbərlik etdiyim kollektiv adından bütün dövlət qulluqçularını Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təbrik edirəm, onlara öz vəzifə səlahiyyətlərini yerinə yetirmələri istiqamətində uğurlar arzulayıram.
Bilirsiniz ki, Dövlət Qulluqçularının Peşə Bayramı Günü hazırda ölkəmizdə keçirilən ilk Avropa Oyunları vaxtına təsadüf edir. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli dövlət quruculuğunda və dövlətçilik sahəsində apardığı siyasətin dinamik inkişafı göz qabağındadır. Azərbaycan Respublikası iqtisadi, siyasi, hərbi, idman, mədəni və digər sahələrdə sürətlə inkişaf etməkdədir. Dövlətimiz regionda söz sahibi olan ölkədir. Regionla bağlı heç bir beynəlxalq layihə və ya tədbir Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Bu, çox böyük nəticədir. Məhz bu uğur, bizə imkan verdi ki, ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil edək və keçirək. Avropa Oyunlarının iyunun 12-də möhtəşəm açılışı isə hər bir azərbaycanlıya qürur hissi yaşadan tədbir oldu. Biz bütün dünyaya zəngin mədəniyyətimizi, tariximizi, güclü inkişafımızı bir daha nümayiş etdirdik.
Fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə Avropa Oyunlarında iştirak edən bütün idmançıları və oyunları böyük coşqu ilə izləyən bütün Azərbaycan xalqını bu böyük idman bayramı münasibətilə təbrik edirəm. Azərbaycana medal qazandıran idmançıları da əldə etdikləri uğurlara görə təbrik edirəm. Oyunlar hələ davam edir. Qarşıdakı yarışlarda iştirak edəcək idmançılarımıza da uğurlar diləyirəm.
— Dövlətimizin dinamik inkişafını qeyd etdiniz. Dövlət qulluğu sahəsində Azərbaycanın inkişafı barədə nə deyə bilərsiniz?
— İlk olaraq qeyd etmək istərdim ki, dövlət qulluğu sahəsində köklü islahatlara ulu öndərimiz Heydər Əliyevin dövründə başlanılmışdır. Ümummilli liderimizin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli maraqlarıın həllinə qadir və müasir tələblərə cavab verən dövlət idarəçilik prinsiplərini təsbit etdi. Ümummilli liderin müvafiq aktları ilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası, 1998-ci ildə isə Dövlət İdarəçiliyi Sistemində İslahatların Aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hər iki komissiyanın gördüyü işlər qanunların beynəlxalq standartlara uyğunlaşdırılmasına, dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparılması məqsədinə xidmət edirdi. 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunun qəbul edilməsi ilə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu.
Prezident İlham Əliyevin dövlət başçısı seçilməsi ulu öndər Heydər Əliyevin bütün sahələrdə başladığı işlərin uğurlu inkişafını sürətləndirdi. 2003-cü ildə Azərbaycanda Avropa Birliyinin TASİS Proqramı çərçivəsində dövlət qulluğu sahəsində islahatlara yardım üzrə layihənin icrasına başlanıldı. Layihə 24 ay davam etdi. Bu müddət ərzində ölkədə dövlət qulluğu və inzibati islahatların həyata keçirilməsi üzrə konsepsiya hazırlandı. Ən əsası isə dövlət qulluğu sahəsində aparılan islahatları sürətləndirmək, dövlət qulluğunu daha yaxşı təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı.
Komissiya 2007-ci ildən bu günə kimi dövlət orqanlarında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibələri təşkil edir və keçirir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, qısa zaman kəsiyində, bu sahədə böyük nailiyyətlərə imza atılmış və ölkənin ali rəhbərliyinin dəstəyi ilə dövlət qulluğuna qəbulun Azərbaycan modeli yaradılmışdır. Bu, həm ölkəmiz adına, həm dövlət qulluğu adına, həm də komissiya adına çox böyük uğurdur. Bu model həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mütərəqqi və səmərəli bir model kimi qəbul edilir. Sevindirici və qürurverici haldır ki, dövlət qulluğuna qəbulun Azərbaycan modeli Avropa məkanında da, Asiya məkanında da çox böyük maraqla qarşılanır və öyrənilir. Bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumları dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkəmizdə olur və ya komissiyanın əməkdaşlarını öz ölkələrinə dəvət edirlər.
Bu il mayın 21-də Qazaxıstan Respublikasının paytaxtı Astanada təşkil olunan və dünyanın 120-dən çox ölkəsindən 3 mindən artıq nümayəndənin iştirak etdiyi VIII Astana İqtisadi Forumunda da dövlət qulluğu sahəsində Azərbaycan təcrübəsi diqqət mərkəzində olmuşdur. Forum çərçivəsində “Meritokratiya və qulluq etikası effektiv dövlət qulluğunun əsas faktorları kimi” mövzusunda keçirilən konfransda bir çox ölkənin nümayəndələri dövlət qulluğuna qəbulun Azərbaycan modelinə, dövlət qulluğunda innovasiyaların tətbiqində Azərbaycanın əldə etdiyi uğurlara ciddi maraq göstərmişlər.
— Qeyd etdiniz ki,
komissiya dövlət qulluğuna qəbulun Azərbaycan modelini
yaratmışdır. Bu modelin daha çox hansı cəhətləri
xarici dövlətlərin diqqətini çəkir?
— Xarici dövlətləri dövlət qulluğuna qəbulun Azərbaycan modeli, əsasən, iki baxımdan maraqlandırır: qanunvericilik baxımından və dövlət qulluğuna qəbulda obyektivliyin və şəffaflığın təmin olunması baxımından.
— Bu barədə
bir qədər geniş açıqlama verməyinizi xahiş
edirik.
— Qanunvericilik baxımından xarici dövlətləri daha çox maraqlandıran dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada iki mərhələdə aparılmasıdır. Test imtahanı mərhələsində namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi bilikləri və Azərbaycan dili üzrə bilikləri ilə yanaşı, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabilliyyəti yoxlanılır. Onu da qeyd edək ki, qanunvericilik üzrə biliklər dedikdə Azərbaycan Respublikasının Konstitusiyası, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, dövlət qulluğu, dövlət qulluqçularının etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə, məlumat azadlığı və informasiya əldə etmə, vətəndaşların müraciətlərinə baxılması sahələrini əhatə edən dövlət qulluğu qanunvericiliyi, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair qanunvericilik, Əmək Məcəlləsi, dövlət qulluğu sahəsində Azərbaycan Respublikası Prezidentinin fərmanları üzrə biliklər nəzərdə tutulur.
Müsahibə mərhələsinə gəlincə, ilk olaraq qeyd etmək istərdim ki, dövlət qulluğuna qəbulun müsahibə mərhələsi xarici həmkarlarımızı daha çox maraqlandırır. Müsahibə mərhələsində namizədin ixtisas üzrə bilikləri, müsahibə proqramları üzrə bilikləri, vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil və informasiya texnologiyaları üzrə bilikləri, nəzəri və qanunvericilik biliklərinin tətbiqi bacarığı, ümumi dünyagörüşü ilə yanaşı, onun emosional stabillik, məsuliyyətlilik, dürüstlük, özünütənqid, nüfuzetmə, təhlil etmə, ünsiyyət qurmaq kimi keyfiyyətlərinin, danışıq, özünü ifadə etmək, təşkilatçılıq, yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə qabiliyyətinin, eləcə də dövlət qulluqçusu üçün vacib məsələlərdən olan etik davranış qabiliyyətinə malik olub-olmaması yoxlanılır. Qeyd edilən keyfiyyət və qabiliyyəti isə test imtahanı vasitəsilə nə müşahidə etmək, nə də qiymətləndirmək mümkündür. Bu keyfiyyət və qabiliyyət isə dövlət qulluqçuları üçün çox vacibdir. Çünki, dövlət orqanlarında çalışan dövlət qulluqçuları dövlət adından vətəndaşlara xidmət göstərir. Əgər dövlət qulluqçuları qeyd edilən keyfiyyət və qabiliyyətə malik olmasa, vətəndaşın nəinki dövlət qulluqçusuna və dövlət orqanına, hətta ümumilikdə dövlət qulluğuna etimadı və inamı sarsılar.
Bəzən mətbuatda çıxışlar olur ki, dövlət qulluğu sahəsində müsabiqə mərhələsində insan faktoru olmasın, yığışdırılsın. Amma dövlət qulluqçusu olmağa hazırlaşan vətəndaşın yuxarıda göstərilən şəxsi keyfiyyət və qabiliyyətini hər hansı qurğu, ən son model qurğu olsa belə, müəyyən edə bilməz. Bunu yalnız peşəkar insanlar edə bilərlər. Komissiyanın dövlət qulluğuna qəbulla bağlı keçirdiyi müsahibələrdə müsahibə komissiyasının üzvü kimi iştirak edən şəxslər artıq bu sahədə ixtisaslaşmışlar.
— Müsahibə
mərhələsinin önəmini qeyd edirsiniz. İnsan faktoru olan yerdə subyektivliyin olması istisna
deyil. Subyektivliyi aradan qaldırmaq
üçün komissiya nə kimi tədbirlər
görür?
—
Xüsusilə vurğulamaq istərdim ki, məhz şəffaflıq
və obyektivliyin yüksək səviyyədə təmin
olunması dövlət qulluğuna qəbulda Azərbaycan təcrübəsinin
xarici dövlətlər tərəfindən artıq Azərbaycan
modeli kimi qəbul olunmasını şərtləndirən
iki əsas amildən biridir. Birinci amil - dövlət
qulluğuna qəbulun qanunvericilik bazası barədə
danışdım. Dövlət qulluğuna qəbulda
obyektivliyin və şəffaflığın təmin
olunması amilində xarici dövlətlərin diqqətini
daha çox çəkən məsələlər
bunlardır:
Birincisi, dövlət qulluğuna qəbulla
bağlı elanda vəzifəyə dair bütün məlumatların,
o cümlədən də vəzifənin təsnifatı, vəzifə
maaşı, qulluq funksiyaları, tutulması şərtləri
– ali təhsil, ixtisas, staj, xarici dil də daxil olmaqla, öz əksini
tapması. Bu məlumatların elanlarda göstərilməsi
vətəndaşın təhlil aparma qabiliyyətinin
artırılmasına da xidmət edir. Belə
ki, vətəndaş vakant vəzifənin tələb və
şərtlərini təhlil edərək özünün
bilik və bacarıqlarına uyğun vəzifə seçir.
Yəni, vəzifə seçimi
düşünülməmiş qaydada deyil, təhlil edilərək
seçilir. Düzgün seçim edənlərin
uğura yolu daha rəvan olur.
İkincisi, müsabiqənin test imtahanı mərhələsinin
komissiyanın “Test mərkəzləri”ndə kompüter vasitəsilə
keçirilməsi, hər bir namizədə test
imtahanını bitirdiyi an onun nəticələrini
özündə əks etdirən “Test imtahanının nəticəsi
barədə” arayışın təqdim edilməsi və
namizədə arayışda əks olunan nəticələrlə
onun test imtahanını verdiyi kompüterdəki nəticələri
tutuşdurmaq imkanının yaradılması. Bu hal namizədin
test imtahanının tam şəffaf keçirilməsinə
inamını daha da artırır.
Üçüncüsü, test imtahanı
proqramlarının komissiyanın İnternet saytında yerləşdirilməsi. Bu, vətəndaşların
test imtahanı mərhələsinə daha yaxşı
hazırlaşmalarına imkan verir, bütün namizədlər
üçün eyni başlanğıc vəziyyətini
yaradır. Müsabiqənin elan olunub-olunmamasından
asılı olmayaraq vətəndaşlar istənilən zaman
komissiyanın saytından test imtahanı proqramlarını əldə
edə bilirlər.
Dördüncüsü, komissiyanın İnternet
saytı vasitəsilə test imtahanlarının gedişinin
onlayn izlənməsi. İstənilən maraqlı şəxs internet
bağlantısı olduğu təqdirdə evdən, iş
yerindən və ya internetə çıxışı olan
mobil telefondan test imtahanının gedişini onlayn
müşahidə edə bilər.
Beşincisi, dövlət qulluğuna qəbul sahəsinə
ictimai nəzarətin və etimadın yüksəldilməsi,
namizədlərin potensialının, bilik və
bacarıqlarının hərtərəfli qiymətləndirilməsi
məqsədi ilə müsahibə komissiyasında ya ali təhsil və elmi-tədqiqat müəssisələrində
çalışan alimlər sırasından, ya da korrupsiyaya
qarşı mübarizədə ixtisaslaşmış QHT
nümayəndələri sırasından müstəqil
ekspertin də iştirak etməsi. Yəni
komissiya korrupsiyaya qarşı mübarizədə
ixtisaslaşmış QHT-lərə vətəndaşın
dövlət qulluğuna uyğun olub-olmaması barədə
qiymətləndirmə aparmasına şərait
yaratmışdır. Bu, dövlət
orqanı ilə QHT-lər arasında səmərəli əməkdaşlığın
nümunəsidir. Bundan başqa, namizədlərin
razılığı ilə bütün müsahibələrin
videoçəkilişi aparılır. Həm
videoçəkilişin aparılması, həm də QHT
nümayəndələrinin dövlət qulluğuna qəbul
prosesinə müsahibə komissiyasının üzvü kimi
cəlb edilməsi dövlət qulluğuna qəbulun Azərbaycan
modelini fərqləndirən ən böyük cəhətlərdən
biridir.
Altıncısı, müsahibə
komissiyası üzvlərinin müsabibənin qiymətləndirilməsi
zamanı verdiyi ümumi ballar arasında müsahibə nəticəsinə
təsir edən 3 bal və daha çox fərq
olduqda videoçəkilş vasitəsilə müsahibənin
araşdırılması və müvafiq qərarın qəbul
edilməsi.
Yeddincisi, namizədlərin
müsahibə mərhələsinə daha yaxşı
hazırlaşmasını təmin etmək və onları
düzgün vəzifə seçiminə yönəltmək
məqsədilə müsahibə proqramlarını müsabiqə
və ya ümumi müsahibə elan olunan andan komissiyanın
internet saytında yerləşdirməsi.
Səkkizincisi, “Onlayn sınaq test
imtahanları” elektron xidməti vasitəsilə sınaq test
imtahanlarının təşkil edilməsi. Hazırda həm
beşinci, həm də altıncı-yeddinci təsnifatlar
üzrə sınaq test imtahanı variantlarının sayı
artırılaraq hər biri üzrə altıya
çatdırılmışdır. Ödənişsiz
olan və real vaxt rejimində interaktiv şəkildə həyata
keçirilən bu elektron xidmətdən vətəndaşlar
elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə
istifadə edə bilərlər.
Doqquzuncu, komissiya öz fəaliyyətində
aşkarlıq və şəffaflıq prinsiplərinə
sadiq qalaraq, dövlət qulluğuna qəbulla bağlı
keçirilən müsabiqə və müsahibə proseslərini
cəmiyyət üçün açıq elan etmişdir. Belə ki, QHT
və KİV nümayəndələri, həmçinin, istənilən
vətəndaş dövlət qulluğuna qəbulla
bağlı komissiya tərəfindən keçirilən
müsabiqələrin hər iki mərhələsində
müşahidəçi qismində iştirak edə bilər.
— Yəni, vətəndaş
yalnız öz bilik və bacarıqlarına uyğun olaraq,
dövlət qulluqçusu ola bilər.
— Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş
maraqları dayanır. Azərbaycan Respublikasının ali
məqsədi insan və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsidir. İnsan
və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsi həm də
dövlət qulluğunun üç vəzifəsindən
biridir. Komissiya da yaradılandan bu günə
kimi öz səlahiyyətləri daxilində vətəndaşların
hüquq və azadlıqlarının təmin olunmasında
iştirak edib. Komissiya, demək olar ki, vətəndaşların
dövlətin idarə edilməsində iştirak etmək
hüququnu təmin edən əsas dövlət
qurumlarından biridir. Fəaliyyətimizi
aşkar, şəffaf və obyektiv apardığımız
üçün Azərbaycan vətəndaşı ilə
aramızda sarsılmaz etimad körpüsü
yaratmışıq. Buna görə də
əminliklə deyə bilirik ki, vətəndaşlarımız
dövlət qulluğuna qəbulun komissiya tərəfindən
obyektiv və şəffaf aparılmasına tam inanır və
bilir ki, dövlət qulluqçusu olmaq üçün
yalnız öz bilik və bacarığına
arxalanmalıdır. Bir dövlət
qurumunun fəaliyyətinə bundan böyük qiymət verilə
bilməz.
Komissiyanın fəaliyyətindəki aşkarlıq və
şəffaflıq, dövlət qulluğuna qəbul
zamanı neqativ halların qarşısının
alınması vətəndaş cəmiyyəti, dövlət
orqanları və beynəlxalq təşkilatlar tərəfindən
də həmişə yüksək qiymətləndirilmişdir. Sonuncu qiymətləndirmə
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015-ci illər
üçün Milli Fəaliyyət Planı”nın
monitorinqinin nəticəsində həyata
keçirilmişdir. Hesabatda “Milli Fəaliyyət
Planı” ilə Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyaya verilmiş tapşırıqların icra
vəziyyəti ən yüksək balla qiymətləndirilmişdir.
— Bəs komissiyanın keçirdiyi
müsabiqə və müsahibə nəticəsində
neçə vətəndaş dövlət qulluqçusu
adını qazanmışdır?
— 2007-ci
ildən bu günə kimi komissiyanın dövlət
qulluğuna qəbulla bağlı keçirdiyi müsabiqə
və müsahibələr nəticəsində 5266 vətəndaşımız
dövlət orqanlarında qulluğa qəbul edilmiş və
dövlət qulluqçusu statusu qazanmışdır. Onların da təxminən 25 faizini qadınlar, 80
faizini isə gənclər təşkil etmişdir.
— Azərbaycanın dövlət
qulluğu sahəsində uğurlarından
danışdınız. Bu nailiyyəti təbliğ
etmək üçün komissiya hansı işləri
görür?
— Komissiya
dövlət qulluğu sahəsində əldə etdiyi təcrübəni
bölüşmək və təbliğ etmək
üçün 2011-ci ildən başlayaraq, hər il Bakıda müxtəlif mövzularda beynəlxalq
konfranslar təşkil edir. Növbəti konfrans 9-10 iyul 2015-ci
il tarixdə “Dövlət idarəçiliyi
islahatları müddətində dövlət
qulluqçularının potensialının
artırılması” mövzusunda olacaq. Tədbirin
təşkilatçısı komissiya ilə Birləşmiş
Millətlər Təşkilatının İnkişaf
Proqramıdır (UNDP). Konfrans “Avropa
İttifaqı məsələləri diqqətdə
saxlanılmaqla dövlət qulluğunda təlim
potensialının gücləndirilməsinə dəstək”
layihəsi çərçivəsində baş tutacaq.
Konfransın əsas məqsədi dövlət
idarəçiliyində təcrübə mübadiləsini həyata
keçirməkdir. Konfransda 20-dən çox xarici
ölkənin dövlət qulluğu sahəsində
ixtisaslaşmış orqanlarının və təlim mərkəzlərinin
rəhbərləri və nümayəndələri, Azərbaycanda
akkreditə olunmuş diplomatik korpus üzvləri və Azərbaycan
Respublikasının müvafiq qurumlarının rəhbər
və nümayəndələrinin, habelə QHT nümayəndələrinin
iştirakı nəzərdə tutulur.
— “Dövlət Qulluğu Məcəlləsi”
layihəsinin hazırlanması ilə bağlı işlər
nə yerdədir? Məcəllə nə zaman
hazır olacaq və orada hansı məsələlər
öz əksini tapacaq?
— “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Dövlət Qulluğu Məcəlləsi”nin hazırlanması Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşımıza vəzifə kimi qoyulmuşdur. Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GIZ) ilə birgə gerçəkləşdirdiyimiz layihə çərçivəsində bu işə xarici ekspertlər, yerli mütəxəssislər və korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış bir sıra QHT nümayəndələri cəlb edilmişdir. Hazırlanmış layihə təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə dövlət orqanlarına təqdim edilmişdir. Dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla, layihə komissiya tərəfindən yenidən işlənərək təkmilləşdirilmişdir. Layihənin son versiyası komissiyanın rəsmi internet saytında yerləşdirilərək ictimai müzakirəyə təqdim edilmişdir. Layihə ilə bağlı bir neçə dəfə ictimai dinləmələr keçirilmişdir.
Dövlət qulluqçularının həvəsləndirmə növləri və formaları, dövlət qulluğundan kənaredilmə halları və qaydaları, intizam tənbehi tədbirlərinin tətbiqi əsasları, xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində görülən tədbirlər, ehtiyat kadrların idarə edilməsi, ehtiyat kadrlar siyahısından çıxarılmanın əsasları, dövlət qulluğuna xitam verilmə qaydaları, dövlət qulluğuna xitam verilərkən təminatlar, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluqçusunun attestasiyası, dövlət qulluqçularının pensiya təminatı və dövlət qulluğuna dair digər məsələlər məcəllə layihəsində öz əksini tapmışdır.
— Bilmək istərdik
ki, hazırda dövlət qulluqçularının xidməti
fəaliyyətinin qiymələndirilməsi nə vəziyyətdədir
və komissiya qiymətləndirmə ilə bağlı
hansı tədbirlər görür?
— “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunur ki, inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Qiymətləndirmənin əsas məqsədi isə dövlət qulluqçusunun il ərzində vəzifəsinin öhdəsindən nə dərəcədə gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini və gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Qeyd edim ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dedikdə burada söhbət yalnız inzibati vəzifə tutan dövlət qulluqçusundan gedir. Bildiyiniz kimi, dövlət qulluğunda iki növ vəzifə var: inzibati vəzifə və yardımçı vəzifə. Yardımçı vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir.
Komissiya tərəfindən təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın düzgün tətbiq edilməsi məqsədilə bir sıra təlimlər təşkil edilmişdir. Təlimlər bütün mərkəzi icra hakimiyyəti orqanlarında qiymətləndirməni həyata keçirəcək struktur bölmə rəhbərləri və qiymətləndirmənin tətbiqinə məsul olan nümayəndələrin və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə xarici mütəxəssislərin iştirakı ilə keçirilmişdir. Artıq keçən ilin sonundan xidməti fəaliyyətin qiymətləndirilməsinə başlanılmışdır.
— Dövlət qulluqçuları
öz səlahiyyətlərini yerinə yetirərkən etik
qaydalara riayət etməlidirlər. Bu sahədə vəziyyət
necədir?
— Qeyd edim ki, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirmək komissiyanın əsas vəzifələrindən biridir. Bu vəzifənin icrası ilə bağlı komissiya tərəfindən müvafiq tədbirlər görülür. Hər il dövlət orqanlarından etik hesabatlar komissiyaya təqdim edilir. Komissiya həmin hesabatları ümumiləşdirir və BMT İnkişaf Proqramının, Avropa İttifaqının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümyəndələrinin, habelə QHT nümayəndələrinin iştirakı ilə ictimaiyyətə hesabat təqdim edir. Hesabatda etik davranış qaydalarına əməl edilməsi vəziyyəti, daha çox etik qaydaların pozulduğu dövlət orqanları, pozulmuş etik qaydalar, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tənbeh tədbirlərinin növləri və sayı barədə məlumat verilir. Digər tərəfdən komissiya tərəfindən dövlət qulluqçuları üçün hər il həm ölkə daxilində, həm də xaricdə çoxsaylı təlimlər təşkil edilir.
— Sonda dövlət
qulluqçularına sözünüz...
— Dövlətimizin dinamik inkişafı həm də dövlət qulluqçularının öz vəzifə borclarını və səlahiyyətlərini hansı səviyyədə həyata keçirməsindən asılıdır. Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının dövlət qulluqçuları korpusu onun qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir. Dövlətimizin əldə etdiyi bütün uğurlarda dövlət qulluqçularının öz payı var. Məhz dövlət qulluqçusunun öz işinə münasibəti, onların etik davranış qaydalarına əməl etməsi, bir tərəfdən dövlət siyasətinin həyata keçirilməsini təmin edən, digər tərəfdən ölkə vətəndaşlarının dövlət idarəetmə orqanlarına münasibətini formalaşdıran əsas amildir.
Dövlət qulluqçularına vəzifə səlahiyyətlərini məsuliyyətlə, peşəkar səviyyədə yerinə yetirməyi, xalqa, dövlətə layiqli xidmət etməyi, yüksək nailiyyətlər əldə etməyi arzulayıram.
Müsahibəni
qələmə aldı:
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2015.- 23 iyun.- S.8.