Görkəmli alim, fəal ictimai xadim

 

Akademik Ziyad Səmədzadə – 75

 

Hər bir millətin tanınmasında, məşhurlaşmasında və inkişafında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışmış, inkişafına töhfə vermiş, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə diqqət mərkəzində olmuşlar.

Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin — həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülməti işığa qərq edən nur kimi qəbul olunur. Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalıların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan ziyalılar, həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalmışlar. Bir sözlə, əsl ziyalı ilk növbədə, bütöv şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır. Şərəfli ömür yolu, elmə bağlılığı, ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biri də akademik Ziyad Səmədzadədir. Ömrünün müdriklik çağında olan görkəmli alimin istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmətdən ibarət olub. Uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində yetişən, ömrünün 54 ilini elmi fəaliyyətə həsr edən Ziyad Səmədzadə iqtisadiyyat elmi sahəsində özünəməxsus yeri və rolu ilə şöhrət qazanmışdır.

Ziyad Səmədzadə 1940-cı il iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və 1968-ci ildə elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında doktorluq dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. O, keçmiş SSRİ məkanında ictimai elmlər sahəsində bu yaşda belə yüksək elmi ada layiq görülən ilk alimlərdəndir. 1977-ci ildə ona professor adı verilmişdir. 1976-1978-ci illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1978-82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur. 1980-ci ildə Z.Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. 1983-1993-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın milli koordinatoru olmuşdur.

Z.Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi aktual problemlərə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

Z.Səmədzadənin bilavasitə rəhbərliyi və iştirakı ilə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanunlar hazırlanmışdır. Onun çoxcəhətli elmi fəaliyyətində həmçinin respublika regionlarının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi mühüm yer tutur. O, dağ rayonlarının problemlərinin kompleks elmi təhlil edilməsi təşəbbüsünü irəli sürmüş və bu işlərə elmi rəhbərlik etmişdir. Onun elmi fəaliyyəti dünyanın ən nufuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Rusiyanın tanınmış alimləri — Beynəlxalq İqtisadçılar Birliyinin vitse-prezidenti, akademik L.İ.Abalkin və Beynəlxalq İqtisadçılar Birliyinin prezidenti, iqtisad elmləri doktoru  Q.X.Popov da Ziyad Səmədzadəni keçmiş postsovet məkanının ən görkəmli iqtisadçı alimlərindən biri hesab etdiklərini bildirir, Azərbaycanda iqtisadiyyatın formalaşması və dayanıqlı inkişafında xüsusi xidmətlərinin olmasını qeyd edirlər.

L.Abalkin bildirir ki, SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İstitutunun tanınmış alimlərinin - A.Notkin, K.Plotnikov, S.Xeynman, M.Sonin, İ.Borodin, E. Maneviç, A.Omarov, İ. Laptev, Q.Karnauxova, İ.Buzdalov, D.Moskvin, V.Loqinov, Q.Sorokin Z.Səmədzadənin iqtisadçı - alim kimi yetişib formalaşmasında müsbət təsiri olmuşdur. “Z.Səmədzadənin ”Əmək məhsuldarlığı və əhalinin məşğulluq strukturunun problemləri" mövzusunda 31 yaşında olarkən müdafiə etdiyi doktorluq dissertasiyası Sovet İttifaqında ən mükəmməl elmi iş idi. Nəticə etibarilə o, respublikada bu sahədə elmi iqtisadi məktəbin əsasını qoymuşdur".

Q.Popov isə bildirir ki, Z.Səmədzadə həm böyük nəzəriyyəçi alim, həm təcrübəçi, təşkilatçı, həm də müasir  iqtisadi ideyaların ötürücüsüdür: “Bir sıra nəhəng tədqiqatların və işlərin, makro iqtisadiyyatın problemləri, regional iqtisadiyyatın effektivliyi, istehsalın tempi və proporsiyaları, demoqrafiya və məşğulluqla bağlı monoqrafiyaların müəllifidir. Hakim anlayışlara qeyri-standart baxış, yaradıcı düşüncə tərzi, tənqidi analiz alimə maddi sahənin sərhədləri haqqında orijinal nəticələr çıxarmağa imkan verir”.

Beynəlxalq İqtisadçılar İttifaqının prezidenti onu da əlavə edir ki, Ziyad Səmədzadənin rəhbərliyi ilə Azərbaycanda SSRİ respublikaları arasında ilk dəfə olaraq “Əmək resurslarının demoqrafik inkişafı və istifadə olunması” mövzusunda bütöv bir proqram hazırlanmışdır. Bu proqram özündə  onun həyata keçirilməsi üçün konkret elmi nəticələri birləşdirirdi. Z.Səmədzadə keçmiş Sovetlər İttifaqında ilk iqtisadçı alimlərdən biri  idi ki, iqtisadi inkişafın regional aspektlərinin tempi və səviyyəsini təhlili ilə ərazi proporsiyasının planlaşdırılması və proqnozlaşdırılmasının metodologiyasının yaradılmasının vacibliyini sübuta yetirmişdir. Akademik, keçmiş SSRİ və İttifaqa daxil olan respublikalar üzrə müqayisəli statistik məlumatlardan səmərəli şəkildə istifadə edərək böyük həcmdə hesablamalar aparmış və mərkəzləşdirilmiş maliyyə-plan sistemində olan çox ciddi qüsurları aşkara çıxarmışdır. Akademik Ziyad Səmədzadə bu tədqiqatı ilə SSRİ məkanında ilk dəfə nəzəri iqtisadi müddəaları bilavasitə tətbiqi iqtisadiyyat səviyyəsinə və əksinə köçürülməsi üçün aqreqasiya və dezaqreqasiya metodologiyası işləyib hazırlamış və onun praktiki səviyyədə tətbiqini başa çatdırmışdır. 1989-cu ildə akademik Z.Səmədzadənin elmi rəhbərliyi altında regional təsərrüfat hesabı və iqtisadi müstəqillik problemlərinə həsr olunmuş ümumrespublika elmi-praktik konfransı keçirilmişdir. Onun elmi tədqiqatları son illərdə keçmiş sovet respublikaları içərisində  əməyin məhsuldarlığını və xalq təsərrüfatı üzrə layihələrin meyarlarının aydınlaşdırılmasında, ciddi sualların cəsarətli qoyuluşu və həllində ən original işlərdən hesab oluna bilər.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, “Böyük yolun mərhələləri” - “Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər” adlı kitabı çapdan çıxmışdır. Dünyanın tanınmış alim və mütəxəssisləri Ziyad Səmədzadənin bu əsərini yüksək qiymətləndirmişlər.

SSRİ-nin ən tanınmış dövlət xadimlərindən biri, SSRİ-nin neft sənayesinin inkişafında böyük rol oynamış, texniki elmlər doktoru, Sosialist Əməyi Qəhrəmanı, Sialkovski adına Kosmonavtika Akademiyasının akademiki Nikolay Konstantinoviç Baybakov  bu əsəri qeyri-adi əməyin məhsulu hesab etmişdir. N.K.Baybakov yazır: “Bu, Azərbaycanın keçmişinə və bu gününə analitik ekskursiyadır. Burada gələcəyə baxış vardır. Buna görə də onu  mütəxəssislərdən tutmuş  adi vətəndaşlara qədər hamıya tövsiyə etmək olar”. Qeyd edək ki, sözügedən kitabda ulu öndər Heydər Əliyevin 1970-80-ci illərdəki və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin bütün istiqamətləri elmi-iqtisadi araşdırma mövzusu olub. Fundamental-analitik təhlilin məhsulu olan nəşrdə ümummilli liderin  Azərbaycan iqtisadiyyatının formalaşdırılmasına verdiyi töhfələr dolğun, məzmunlu şəkildə əks etdirilmişdir. Nikolay Baybakov qeyd edir ki, “Böyük yolun mərhələləri” kitabının səhifələrini vərəqlədikcə, statistik göstəricilərə nəzər saldıqca respublikanın bütün sahələrdə əldə etdiyi sıçrayışlı inkişafın, irəliləyişin şahidi olursan: “Hər yerdə artan və inkişaf edən sənaye — yeni fabriklər, zavodlar yaradılmışdır. Nəticədə Azərbaycanın sənaye potensialı gözlə görünəcək həcmdə artmışdır. Mən Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı proqramını necə əminliklə həyata keçirdiyi zamanların şahidi olmuşam. Onun bu sahədə hər bir qərarı inanılmış və dərinliklə ölçülüb-biçilmişdi”. N.Baybakov Ziyad Səmədzadəni Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək qiymətləndirmişdir: “Ziyad Səmədzadə böyük və şərəfli ömür yoluna malikdir. Onun elmi və ictimai fəaliyyəti həddindən artıq geniş və çoxşaxəlidir. MK-nın iqtisadiyyat şöbəsinə, Ali Sovetin plan-büdcə komissiyasına, eləcə də, respublikanın Dövlət Plan Komitəsinə rəhbərlik edən iqtisadçı alim və ictimai xadim kimi Z.Səmədzadənin əldə etdiyi  zəngin təcrübə ona Azərbaycanın ötən əsrdəki ictimai-siyasi, iqtisadi-sosial həyatı barədə, qlobal iqtisadi problemləri dərindən təhlil etməyə imkan vermişdir. Mənə onunla söhbət etmək çox xoş idi və qeyd etməliyəm ki, bizim söhbətimizdə bir çox məsələlərdə üst-üstə düşən məqamlar da az deyildi. Biz bu məsələdə də eyni fikrə gəldik ki, iqtisadi əməkdaşlıq olmadan uğur qazanmaq olmaz. Mən müəllifin iqtisadi əməkdaşlıqla bağlı  mövqeyi və onun məsələyə münasibəti ilə yaxından tanış oldum və onu bütünlüklə dəstəkləyirəm. Ziyad Səmədzadə açıq iqtisadiyyatın ideyalarının təbliği ilə kifayətlənməyib. O hesab edir ki, bunun üçün milli maraqları, xalqın düşüncələrini öyrənmək lazımdır. Biz, yaşlı nəslin nümayəndələri, bilirik ki, Böyük Vətən müharibəsindən sonrakı iqtisadiyyatı bərpa etmək — yeni təsərrüfat, yeni sənaye ocaqlarını qurmaq, yaratmaq necə çətin başa gəlib”.

Ziyad Səmədzadənin elmi fəaliyyətində Azərbaycan və dünya iqtisadiyyatı problemlərinin tədqiqi böyük yer tutur. Dünya ölkələrinin təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Z.Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, “Dünya iqtisadiyyatı: Çin ”iqtisadi möcüzəsi" kitabını nəşr etdirmişdir. Azərbaycan və rus dillərində çıxan “Çinin iqtisadi möcüzəsi”, “Çin qlobal dünya iqtisadiyyatında” kitablarının müəllifi sübut etdi ki, bu bir xoşbəxt təsadüf deyildir, aqrar sektorun sənaye islahatlarının, dünya təcrübəsinə sığınaraq, xalqın maraqları ilə maliyyənin qarşılıqlı və səmərəli inteqrasiyasının məntiqi nəticəsidir. Bu monoqrafiyaları ilə alim iqtisad elminə böyük töhfə vermişdir.

Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də çox faydalı işlər görməkdədir. Z.Səmədzadənin elmi kadrların hazırlanmasında böyük rolu var. Onun rəhbərliyi altında 50-dən çox elmi tədqiqatçı  namizədlik dissertasiyasını müdafiə etmiş, elmlər doktorluğuna bir çox namizədlərə isə dəyərli tovsiyələri ilə kömək göstərmişdir. Bu gün Azərbaycan iqtisadçıları iqtisadi reformalarda, yeni iqtisadi təfəkkürün formalaşmasında iştirak edir, iri simpozium və konfransların keçirilməsində təşəbbüskarlıq göstərir, aktiv çoxşaxəli fəaliyyətlə məşğuldurlar.  İqtisadçı elmi kadrların hazırlanması sahəsində müstəsna xidmətləri olan Ziyad Səmədzadə nüfuzlu beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Strasburq və Stokholm, San-Fransisko və Barselona, Ankara və Brüssel, Sidney və Paris, Moskva və Sankt-Peterburq, Vaşinqton, Akaba və Pekin daha neçə belə coğrafi məkanlarda keçirilən böyük forum, konfrans və simpoziumlarda akademik Z.Səmədzadə geniş elmi diapazonunu nümayiş etdirərək, öz ideya və baxışlarını Azərbaycanın müasir iqtisadi elminə və inkişafına yönəltmiş,  çıxışları və hesabatları ilə onun dünya arenasına çıxış yollarını göstərməyə çalışmışdır.  Z.Səmədzadə TASİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük zəhmət çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirmiş, milli koordinator, bir iqtisadçı-alim kimi TRASEKA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparmış, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfrasda əsas məruzə ilə çıxış etmiş və Brüssel bəyannaməsini imzalamışdır. Ziyad Səmədzadə daim axtarışdadır. O, elmi öncəgörmələrin və proqnozlaşdırmanın informasiya bolluğu şəraitində və biliklərin yeniləndiyi bir vaxtda mühüm əhəmiyyət kəsb etdiyini gözəl başa düşür. Keçən əsrin 70-ci illərində onun “Məhsuldar qüvvələrin yerləşdirilməsi və inkişafı” və “Ölkənin uzunmüddətli inkişafının proqnozlarının” hazırlanmasında əldə etdiyi təcrübələr bu gün də respublikamızın gələcək sosial inkişafı proqnozlarının verilməsində ona kömək edir. Bu planda Z.Səmədzadənin “Azərbaycan XXI əsrin astanasında” problemləri ətrafında  respublikanın elmi gücünü səfərbər edərək apardığı təşkilatçılıq işini yüksək qiymətləndirmək olar. İki dəfə  bu deviz altında respublika elmi-praktik konfransı keçirməyə nail olmuş akademik yaradıcı qrupla birlikdə yüzülliyin prioritetlərini müəyyənləşdirməyə, insan  inkişafının müasir şərait və perspektivlər kontekstində Azərbaycanın yaxın gələcəkdə həll edilməli olan problemlərini təhlil etməyə nail olmuşdur.

Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu “Böyük İqtisadi Ensiklopediya” dünya iqtisadiyyatının tarixi, bu gün iqtisadi həyatın müxtəlif sahələrində istifadə edilən terminlərin mahiyyəti, görkəmli iqtisadçıların fəaliyyəti barədə ətraflı məlumat və bilik mənbəyidir. Ensiklopediyada iqtisadi termin və anlayışların, nəzəriyyə və baxışların mükəmməl izahları verilib, iqtisadi hadisələrin məzmunu və əhəmiyyəti yüksək peşəkarlıqla açıqlanıb, müasir gerçəkliklər fonunda dünya iqtisad elminin nailiyyətləri hərtərəfli işıqlandırılıb. Ensiklopediya əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli barədə aydın təsəvvür yaradır. Burada müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolu iqtisadi təhlil istiqamətlərindən səmərəli istifadə edilməklə çox dəqiq qiymətini alıb. Bu qiymətləndirmədə, həmçinin elmi aspektdən hazırda Azərbaycanın ictimai həyatının bütün istiqamətlərini əhatə edən innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması məsələlərinə yer verilib. Bu ensiklopedik külliyyat elmi-analitik, metodoloji, leksik formatı, biblioqrafik və statistik informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə də diqqəti cəlb edir. Yeni iqtisadi təfəkkürə köklənmiş bu irihəcmli nəşrdə müasir iqtisadi biliklərlə bağlı istənilən suala cavab tapmaq mümkündür. Akademik Ziyad Səmədzadə yeni ideyaların, yeni iqtisadi təfəkkürə keçid yollarının fəal və yorulmaz təbliğatçısıdır. Akademikin son illər apardığı  işlərdə Azərbaycan iqtisadiyyatına dünya təsərrüfatının bir hissəsi kimi baxılır və onun inkişafı qlobal dünya iqtisadi inkişafı kontekstində təhlil olunur. O, bu nəticəyə gəlir ki, dünya inteqrasiyası, qloballaşması və dərinləşməsi şəraitində milli dövlət maraqlarının təminatı, gənc suveren dövlətin iqtisadi təhlükəsizliyi  az rol oynamır.

Akademik cəmiyyətin demokratikləşdirilməsi prosesləri və iqtisadi inkişafının sıx əlaqədə olması ilə bağlı dəqiq nəticələr əldə etmişdir. İqtisadiyyat nə qədər fəal inkişaf edərsə, cəmiyyətin demokratikliyinin səviyyəsi də bir o qədər yüksək olar. Bu fikir bir daha sübut edir ki, cəmiyyətin yeniləşməsi, onun kəskin problemlərinin həlli dövlətin iqtisadi gücündən asılıdır. Dövlətin iqtisadi təhlükəsizliyi problemləri haqqında onun təhlilləri,elmi ideyaları, hesabatları elmin bu vacib sahəsi üzrə yeni elmi-praktik tədqiqatları üçün əsas yaradır.

Akademik Ziyad Səmədzadə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri kimi, respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir. Ziyad Səmədzadə Milli Məclisin deputatı kimi, daim ölkəmizin iqtisadi yüksəlişi, inkişafı və tərəqqisi naminə yorulmadan çalışır.

Ziyad Səmədzadənin gördüyü işlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə akademik bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Yubiley ərəfəsində Ziyad Səmədzadənin yeni yaradıcılıq planları çoxdur. O, həmişəki kimi, yeni layihələr və monoqrafiyalar haqqında düşünür, müxtəlif tədbirlərdə, seminarlar və konfranslarda fəal iştirak edir. Onun elmə olan marağı və sevgisi getdikcə artır ki, azalmır. Xalqımızın bu dəyərli ziyalısına uzun ömür, xoşbəxtlik, uğurlar və bütün düşündüklərini həyata keçirmək üçün sönməz enerji və gümrahlıq arzu edirik.

 

Akif MUSAYEV,

AMEA-nın müxbir üzvü,

iqtisad elmləri doktoru, professor,

 

Qorxmaz İMANOV,

İspaniya İqtisadiyyat və

Maliyyə Kral Akademiyasının həqiqi üzvü,

iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2015.- 24 iyun.- S.10.