Azərbaycanın iqtisadi qüdrəti
və dünya birliyinə
sürətli inteqrasiyası
Almaniyanı nə
üçün narahat edir?
Azərbaycanın son illərdəki sürətli inkişafı və dünya birliyinə sürətli inteqrasiyası beynəlxalq ekspertlər və tanınmış ictimai-siyasi xadimlər tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizinn BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və iki dəfə bu quruma sədrlik etməsi, Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi, “kosmik ailəyə” qatılması və dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini keçirdiyi məkana çevrilməsi dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin uğurlu nəticələridir. Azərbaycan bu gün, sözün həqiqi mənasında, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır.
Hazırda ölkəmizdə keçirilən birinci Avropa Oyunlarında iştirak edən çoxsaylı turistlər Azərbaycanı gəzdikcə buradakı əmin-amanlığa, sabitliyə, bolluğa, xalqla Prezidentin sıx vəhdətinə heyranlıqlarını bildirirlər. Əcnəbilər bildirirlər ki, Bakıda olduqları müddətdə hər hansı bir narazılıqlarla, hökumətə qarşı etiraz mitinqləri və digər aksiyalarla qarşılaşmayıblar. Bu da xalqın dövlət başçısını dəstəkləməsindən və həyata keçirilən siyasətin razılıqla qarşılanmasından irəli gəlir.
Demokratiyanın “beşiyi” hesab edilən Avropanın bir sıra ölkələrində etiraz aksiyalarına çıxan əhalinin rezin güllələrlə, itlərlə, gözyaşardıcı qazlarla, su şırnaqları və digər ağır vasitələrlə dağıdılmasının çox şahidi olmuşuq. Məsələn, İspaniyada, İtaliyada, Yunanıstanda keçirilən bir çox irimiqyaslı etiraz aksiyalarında insanların dəyənəklərlə vəhşicəsinə döyülməsi, gözyaşardıcı qaz və s. kimyəvi vasitələrdən istifadə edilməsi, xüsusi təlim keçmiş itlərin aksiyaçıların üzərinə buraxılması, nümayişçilərin atların ayaqları altına salınması, həbs olunarkən ən sərt üsullardan istifadə edilməsi dünyanın gözü qarşısında baş verir. Azərbaycanda isə belə hallara heç vaxt rast gəlinməyib. Çünki mitinq və digər kütləvi aksiyaların keçirilməsi üçün şəhərin mərkəzində müvafiq yerlər ayrılıb. Hətta mitinq iştirakçılarının təhlükəsizliyi dövlət tərəfindən qorunur. Özünü dünyada demokrat və insan hüquqlarının müdafiəçisi kimi göstərən bir sıra Qərb dövlətləri üçün əsl nümunə.
Bu gün Avropada, həmçinin dünyada özünü demokrat kimi göstərib, Azərbaycandakı ictimai-siyasi sabitliyi pozulmasında maraqlı olan, ölkəmizin inkişafını gözü götürməyən, dünya birliynə inteqrasiyamızı qısqanclıqla qarşılayan dövlətlərdən biri də Almaniyadır. Bu ölkənin parlamentində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qətnamə qəbul edilməsi xəbəri məni bir o qədər də təəccübləndirmədi. Çünki son illər ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində dövlət başçımızın qətiyyətli mövqeyi və bu sahədə imzaladığı sərəncamlar, habelə qəbul etdiyi qərarlar Almaniya rəsmiləri tərəfindən mütəmadi olaraq görməməzliyə vurulur. Bu da təsadüfi deyil. Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi getdikcə möhkəmlənir, Almaniyanın isə adı insan hüquq və azadlıqlarının kobud pozuntusuna görə müəyyən siyahılara salınır. Bu, artıq reallıqdır.
Bir faktı diqqətinizə çatdırmaq istərdim. Bir müddət əvvəl Romanın “Müstəqillik meydanı”nda minlərlə nümayişçi ilə polis arasında baş verən toqquşma nəticəsində xeyli insan ciddi bədən xəsarətləri almışdı. Bu qarşıdurmanın əsas səbəbkarı Almaniya olmuşdur. İtaliya mətbuatının yazdığına görə, 600 nəfər İtaliya vətəndaşının alman şirkətindən ixtisar olunması nəticəsində onlar işdən uzaqlaşdırıldıqlarına etiraz edərək, Almaniyanın İtaliyadakı səfirliyi qarşısında aksiya keçiriblər. Polis isə güc tətbiq edərək aksiyaçılara divan tutub. Bundan sonra nümayişçilərin etirazı daha da şiddətlənib. Aksiyanı dağıtmaq üçün polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
İnsanların vəhşicəsinə döyülməsini ört-basdır etmək istəyən bəzi Almaniya siyasi və media dairələri insan hüquqlarını arxa plana keçirərək, vəziyyəti digər səmtə istiqamətləndirməyə cəhd etmişlər. Lakin fakt faktlığında qalırdı. Bu, ilk hadisə deyildi və biz dəfələrlə belə kobudluqların şahidi olmuşuq. Maraqlıdır, əgər Almaniya hökuməti Avropanın mərkəzi ölkələrinin birində – İtaliyada insan hüquqlarını kobud şəkildə pozursa, eyni zamanda, öz daxilində inkişaf edən irqçilik və islamafobiya kimi amillərin qarşısını ala bilmirsə, bu zaman nəyə görə məhz müstəqil Azərbaycana qarşı bu qədər qərəzli yanaşmalar edir? Doğrudanmı Almaniya rəsmiləri son vaxtlar Avropa İttifaqına daxil olan ölkələrdə sosial-iqtisadi problemlərin çoxalması ilə əlaqədar kütləvi etirazların səngimədiyini görmürlər?
Beynəlxalq aləmdə “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi arxasında çıxış edən Almaniya və bəzi Qərb ölkələrinin Azərbaycana qarşı təzyiq mexanizmindən istifadə etməsinin arxasında nə dayanır? Təbii ki, ölkəmizin sürətli inkişafı və dünya birliyində söz sahibinə çevrilməsi. Biz bu təzyiqləri “Eurovision-2012” mahnı müsabiqəsi zamanı da gördük. Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ərəfəsində və elə Oyunlar davam edən zaman da bunun şahidi oluruq. Bəli, Almaniya kimi inkişaf etmiş bir dövlətin cəmi 24 illik müstəqillik tarixi olan bir ölkənin sürətli inkişafını həzm edə bilməməsinin səbəbi hər kəsə aydındır. Bunun yalnız bir adı var: paxıllıq. Bu fakt bir daha təsdiqləyir ki, Almaniya və bir sıra Qərb dövlətləri nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atırlar, o cümlədən, gənc müstəqil dövlətlərin beynəlxalq müstəvidəki fəaliyyətinə kobudcasına müdaxilə edir və bununla da öz xislətlərini aşkar şəkildə nümayiş etdirirlər.
ABŞ və Avropada geniş vüsət alan tətillərdə hökumət qüvvələrinin aksiya iştirakçılarına qarşı ən amansız metodlardan istifadə etməsi “demokratiya ixracatçısı” olan bu ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulduğuna təməlli nümunədir. Təəssüf ki, bunları görən yoxdur. Öz gözlərində tiri qoyub Azərbaycanda tük axtaran “demokratların” bütün cəhdləri iflasa uğrayıb. Çünki Almaniya kimi uzun illərin “demokratının” gənc müstəqil Azərbaycana böhtan və qarayaxmalarının təzyiq vasitəsi olduğu artıq beynəlxalq aləmə də bəllidir. O da bəllidir ki, Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından birinə çevrilib. Hələ dörd il əvvəl onun Azərbaycana səfəri zamanı təzyiq vasitəsini kəskin fikirləri büruzə vermişdi. Radikal müxalifət nümayəndələri ilə görüşü zamanı onları dövlətçilik əleyhinə mübarizəyə səsləmiş və bu işdə onlara arxa olacaqlarını bildirmişdi. Löninq açıq şəkildə demişdi: “Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır”. Löninqin antiazərbaycan demarşı 2013-cü ilə kimi, BMT-nin İnsan Haqları Komissiyasında Almaniyada insan hüquq və azadlıqlarının pozulması, irqçilik və ksenofobiya faktlarının artmasını nəzərdə tutan hesabatın açıqlandığı günə qədər davam etdi.
Almaniyanın Azərbaycana qarşı qərəzli olmasını təsdiqləyən başqa bir fakt. Avropa Şurasının insan haqları üzrə bədnam alman məruzəçisi Kristofer Ştrasserin Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına dair hesabatını xatırlayaq. Lakin AŞ PA-nın 2013-cü il yanvar sessiyasında onun Azərbaycana dair məruzəsi tam iflasa uğradı və avropalı deputatlar Ştrasserin özü ilə birgə onun hesabatını da tarixin arxivinə təhvil verdilər.
Almaniyalı deputat Azərbaycanda “siyasi məhbus” axtarışına çıxanda və ölkəmizdə insan hüquq və azadlıqlarının “qayğısına” qalanda Cenevrədə BMT-nin İnsan Haqları Şurasının iclasında Almaniyada insan haqlarına necə hörmət və riayət olunmasının kəskin tənqid edilməsi məsələsi müzakirə olunurdu. Onu da qeyd edək ki, BMT-nin həmin iclasında Almaniya hökumətinin insan haqları üzrə müvəkkili, hansı ki, Azərbaycanın radikal müxalifətini hakimiyyət dəyişikliyinə səsləyən və onlara arxa-dayaq olacaqlarını deyən Markus Löninq başda olmaqla, bu ölkənin nümayəndə heyəti də iştirak edirdi. Onlar BMT-nin üzvü olan 100-ə yaxın dövlət qarşısında bu ölkədə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə əlaqədar deyilən faktlara cavab verə bilmədilər. Almaniyada insan haqlarına necə hörmət və riayət olunması beynəlxalq birlik tərəfindən kəskin tənqid olundu.
Faktlar qarşısında aciz qalan Almaniya hökumətinin insan haqları üzrə müvəkkili Markus Löninq əvvəlcə öz ölkəsinə haqq qazandımağa çalışaraq söylənilən faktların nasistlər tərəfindən təşkil edildiyini bildirmişdir. Lakin sonradan çıxış yolu tapa bilməyən Almaniyanın bir nömrəli hüquq müdafiəçisi alman müstəntiqlərinin yol verdiyi məşum səhvləri etiraf etməli və öz ölkəsi adından Türkiyədən və BMT-dən dönə-dönə üzr istəməli olmuşdur. Hətta Almaniyaya dost ölkələr hesab olunan Böyük Britaniya və Fransa da Almaniya hökumətindən tələb etmişlər ki, bu ölkədə irqçilik və əcnəbilərə münasibətdə düşmənçilik təzahürlərinə qarşı səmərəli mübarizəyə başlasınlar.
Göründüyü kimi, bu gün Almaniyada haqsızlıq, özbaşınalıq baş alıb gedir. Bu ölkə vəziyyəti normallaşdırmaq əvəzinə Azərbaycana təzyiq edir, bununla da öz “demokratikliyini” bir daha təsdiqləyir.
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru, professor
Xalq qəzeti.- 2015.- 24 iyun.- S.8.