Hər gün bir tarix, hər
gün bir zəfər
Dünən Azərbaycan Milli Olimpiya
Komitəsində “Zəfər günləri: hər gün bir
tarix, hər gün bir zəfər” devizi altında iyunun 22-də
ölkəmizə yeni medallar qazandırmış
idmançılarla ictimaiyyət nümayəndələrinin
növbəti görüşü keçirildi. Tədbirdə
çıxış edən Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə sambo
yarışlarında qalib gələrək 4 gümüş
medal qazanmış Nəzakət Xəlilovanı, İslam
Qasımovu, Amil Qasımovu və Vasif Səfərbəyovu qələbə
münasibətilə təbrik etdi.
Azərbaycan
MOK-un vitse-prezidenti əvvəlcə bildirdi ki, iyunun 23-ü
dünyada Beynəlxalq Olimpiya günü kimi qeyd edilir. Bu
münasibətlə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti
Tomas Bax Azərbaycan MOK-una təbrik məktubu göndərib və
məktubda Azərbaycanın Olimpiya Hərəkatına ciddi
töhfələr verdiyi vurğulanır. Çingiz
Hüseynzadənin sözlərinə görə, Olimpiya
günü Azərbaycanda hər il xüsusi tədbirlərlə
qeyd edilib. Ancaq bu il Bakıda birinci Avropa Oyunları
keçirildiyindən belə tədbirlərə ehtiyac
olmayıb. Əslində bütün Avropa
idmançıları bu günlər Bakıdadırlar və
Olimpiya gününü Azərbaycanın paytaxtında qeyd
edirlər.
Ç.Hüseynzadə
qeyd etdi ki, birinci Avropa Oyunlarının
açılışından sonra müxtəlif idman növləri
üzrə keçirilən yarışlarda medallar
qazanmış Azərbaycan idmançıları hər
gün geniş ictimaiyyətə təqdim edilir. Onun sözlərinə
görə, çox sevindiricidir ki, Azərbaycan
idmançıları hər gün qələbələr əldə
etdikcə yarış meydanlarında Azərbaycan
bayrağı qaldırılır, dövlət himni səsləndirilir,
ölkəmizin əsl idman dövləti olduğu bir daha təsdiqini
tapır. Artıq Oyunların başa çatmasına bir
neçə gün qalır, ancaq birinci Avropa Oyunları
çərçivəsində görüşlər davam
edir. İndiyədək idmançılarımız 14-ü
qızıl olmaqla ümumilikdə 39 medal qazanıblar. Beləliklə,
Azərbaycan Avropanın idman tarixinə yeni səhifələr
yazır.
MOK-un
vitse-prezidentinin sözlərinə görə, iyunun 22-də
sambo üzrə yarışlar keçirilib. İndiyədək
sambo Olimpiya oyunlarına daxil edilməyib. Ancaq Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
bu il Avropa Oyunlarına sambo da daxil olub. Yarışlarda
iştirak edən Azərbaycan samboçuları da medalsız
qalmayıblar, onlar 4 gümüş medal qazanıblar.
Çingiz
Hüseynzadə əmin olduğunu bildirdi ki, birinci Avropa
Oyunlarının bağlanış gününə qədər
Azərbaycan idmançılarının uğurları davam
edəcək. MOK-un vitse-prezidenti qarşıdakı günlərdə
mübarizəyə qoşulacaq idmançılarımıza
yeni-yeni zəfərlər arzuladı. Onun sözlərinə
görə, Avropanın müxtəlif ölkələrindən
gəlmiş idmançılar Bakıda birinci Avropa
Oyunlarının təşkilindən çox razı qaldıqlarını
etiraf edir, onlar üçün yaradılmış şəraiti
yüksək qiymətləndirirlər. Hamı Azərbaycana,
Bakıya valeh olduğunu bildirir. Bakının geniş və
yaraşıqlı idman arenaları onların
ixtiyarındadır.
Sonra
Çingiz Hüseynzadə, MOK-un baş katibi, Milli Məclisin
deputatı Ağacan Əbiyev,
Olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və
Fərid Mansurov qalib samboçuları təbrik edərək
onlara hədiyyələr təqdim etdilər. Fürsətdən
istifadə edərək biz də qalib
idmançılarımızı təbrik etdik və “Xalq qəzeti”
üçün eksklüziv olaraq təəssüratlarını
öyrəndik. Əvvəlcə sambo üzrə milli
yığmanın baş məşqçisi Yaqub Abdullayev
danışdı:
– Biz, əlbəttə,
daha yüksək nəticələr arzusundaydıq və bunun
üçün potensialımız da vardı. Buna nail ola bilərdik.
İdmançılarımızdan dünya və Avropa
çempionu İslam Qasımov, dünya çempionu Amil
Qasımov, Vasif Səfərbəyov (Avropada kişilər
arasında ikinci yerə çıxıb) və Nəzakət
Xəlilova (qadınlar arasında beynəlxalq turnir
mükafatçısıdır) daha yaxşı nəticələr
göstərə bilərdilər. Biz onların hər birindən
qızıl medal gözləyirdik. Bu dörd
idmançımız final görüşündə məğlub
olaraq gümüş medallar qazandılar. İslam Qasımov və
Amil Qasımovun qızı medal qazanacağı şübhə
doğurmurdu. Amma Amilin ciddi zədəsi olduğu
üçün qələbə şansı azaldı. O, əslində
ayağında gips olduğu vəziyyətdə final
görüşünə çıxdı. Əlbəttə,
bir ayaqla güləşmək çətin oldu.
Cənab
Prezidentimiz İlham Əliyev də görüşlərimizi
axıradək izlədi. Biz çox istərdik ki,
qızıl medal qazanaq və medalımızı şəxsən
Prezident təqdim etsin. Amil Qasımov rəqibini dünya kuboku
yarışında 5:1 hesabı ilə udmuşdu. İndi də
əsas rəqib kimi onunla döyüşə
hazırlaşmışdı. Amma aldığı zədə
Amilə mane oldu.
İslam Qasımov:
– Mən
də digər yoldaşlarım kimi, yarışlara
qızıl medal qazanmaq arzusu ilə qoşulmuşdum. 57
kiloqram çəki dərəcəsində
çıxış etdim. Mübarizəyə dörddəbir
final mərhələsindən başladım. Həmin mərhələdə
asanlıqla qələbə qazandım, Rumıniya təmsilçisi
Orlando Qruianı 9:0 hesabı ilə məğlubiyyətə
uğratdım. Yarımfinal mərhələsində
Gürcüstan idmançısı Vaxtanqi Çidraşviliyə
3:1 hesabı ilə qalib gəldim. Təəssüf ki, finalda
Rusiya təmsilçisi Aymergen Atkunova məğlub oldum və
gümüş medalla kifayətləndim.
Düzünü
deyim ki, əslində rəqibim çox da güclü deyildi.
Sadəcə, ani səhvin qurbanı oldum. 22 illik güləş
təcrübəm var. Çox istərdim ki, həmin
görüşdə qızıl medal qazanam və
yarışları izləyən cənab Prezidenti sevindirəm.
Eyni zamanda, medalımı şəxsən Prezidentin
özü təqdim etsin. Qismət deyilmiş.
Amil Qasımov:
–
Yarışlara çox ciddi hazırlaşmışdıq. Təlimlər
keçmişdik. Özümüzə inanırdıq ki, bu
yarışda qızıl medallar qazana biləcəyik.
Çox təəssüf ki, finala çıxış ərəfəsində
ayağımdan zədə aldım. Həkimlər gips qoyub
sarğı etmişdilər. Amma görüş dəqiqələrində
də ağrılarım çəkilib getmədi. Bu vəziyyətdə
yarışda iştirak etdim. Özlüyümdə dedim ki, hər
necə olsa da, görüşə çıxmalıyam,
dövlət bayrağımızı qaldırmalı,
himnimizi səsləndirməliyəm. Ancaq döyüş
prosesində ayağım daha da bərbad vəziyyətə
düşdü. Nəticədə gümüş medal sahibi
ola bildim. Hər halda, yarışları medalsız tərk
etmədik.
Nəzakət Xəlilova:
– Birinci
Avropa Oyunlarını Azərbaycanın, eləcə də
Avropanın tarixində böyük hadisə hesab edirəm.
Oyunlara çox yüksək səviyyədə
hazırlıq görülüb. Oyunların təşkili ilə
bağlı Prezident İlham Əliyevin və Təşkilat
Komitəsinin sədri Mehriban xanım Əliyevanın zəhməti
daha çox olub. Mən də istərdim ki, iştirak etdiyim
idman növü üzrə qızıl medal qazanım və
bunun üçün əlimdən gələni etdim. Ancaq
gümüş medal qazana bildim. Cənab Prezidentin də
görüşümü izləyənlər arasında
olması mənə hədsiz ruh verdi. Ancaq medalı məhz
onun əlindən almaq qismətim olmadı.
Vasif Səfərbəyov:
– Sambo yarışlarında ölkəmizi 100 kiloqramdan artıq çəki dərəcəsində təmsil etdim. Dörddəbir final mərhələsində Makedoniya idmançısı Bayro Maşoviç üzərində 8:0 hesabı ilə qələbə qazandım. Yarımfinalda ukraynalı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəldim. Finalda rəqibim Rusiya samboçusu Artyom Osipenko oldu və etiraf etməliyəm ki, o, məndən güclü olduğu üçün sonda qələbə qazana bilmədim. Gümüş medalla kifayətləndim.
Bir məsələni də qeyd edim ki, Bakıda keçirilən birinci Avropa Oyunları üçün görülmüş hazırlıq işləri, təşkilati tədbirlər avropalı həmkarlarım tərəfindən çox yüksək qiymətləndirilir. Bu işin təşkilinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılıb və bunu Oyunların bütün iştirakçıları etiraf edirlər.
Paşa
ƏMİRCANOV,
Əfsanə
BAYPAMQIZI
Xalq qəzeti.- 2015.- 24 iyun.- S.4.