Neft strategiyası Azərbaycanın
ixrac potensialını
artırır
Son illər dünyada gedən iqtisadi
proseslərin, nəhəng enerji və nəqliyyat layihələrinin
təşəbbüskarı və fəal
iştirakçısına çevrilmiş Azərbaycan
Respublikasının beynəlxalq aləmə inteqrasiyası getdikcə
sürətlənir, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin
təminatındakı rolu əhəmiyyətli dərəcədə
artır. Ötən il dünyanın bir
sıra nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanda
gedən inkişaf prosesini yüksək qiymətləndirmiş,
ölkəmizin kredit reytinqini əhəmiyyətli dərəcədə
yaxşılaşdırmışlar. Belə ki, Davos
Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə,
Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət
qabiliyyətliliyinə görə 38-ci yerdədir. Heç
şübhəsiz, dünya miqyasında ilk 40 ölkə
sırasına daxil olmaq Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə həyata keçirilən
islahatların, düşünülmüş və bitkin
siyasətin nəticəsidir.
Azərbaycanın dinamik sosial-iqtisadi tərəqqisi
2014-cü ildə də davam etmiş, ölkəmiz
dünyanın inkişaf etməkdə olan dövlətlərinin
sırasındakı mövqeyini bir qədər də möhkəmləndirmişdir. Ən əsası
isə son 11 ildə makroiqtisadi mühit göstəricisinə
görə dünya ölkələri arasında 8-ci yerdə
qərarlaşan Azərbaycan planetimizin ən yaxşı
inkişaf potensialı və inkişaf siyasətinə malik
olan dövlətləri sırasına qoşulmuşdur.
Sevindirici haldır ki, Azərbaycan bu gün
dünya birliyinə dinamik inkişaf edən, yüksək orta
gəlirli ölkə kimi təqdim olunur.
Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq
nüfuzunun ilbəil artmasında ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə işlənib
hazırlanmış yeni neft strategiyasının müstəsna
əhəmiyyəti olmuşdur. “Əsrin müqaviləsi”
çərçivəsində ilkin neftin
çıxarılması Azərbaycanda neft hasilatının
sürətli inkişafına təkan verməklə
yanaşı, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin
möhkəmləndirilməsinə imkan yaratmışdır.
Ötən müddətdə neft strategiyası
çərçivəsində həyata keçirilmiş tədbirlər,
mühüm infrastruktur layihələrinin
reallaşdırılması ölkəmizin dinamik
sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin
yaratmışdır. Eyni zamanda,
özünün zəngin karbohidrogen ehtiyatlarından
düzgün, səmərəli şəkildə istifadə
edən Azərbaycan Respublikası regionun ən sabit və
dinamik inkişaf edən ölkəsinə
çevrilmişdir.
2014-cü
il Azərbaycanın neft strategiyası
üçün bir sıra əlamətdar hadisələrlə
zəngin olmuşdur. Bu baxımdan ölkəmizin
neft sənayesinə böyük həcmli investisiyaların
qoyulması və müasir texnologiyaların tətbiqinin nəticəsi
olan “Qərbi Çıraq” platformasının istismara verilməsini
qeyd etmək olar. Məlum olduğu kimi,
yanvarın 28-də “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunun tammiqyaslı işlənməsi proqramı
çərçivəsində inşa olunmuş yeni unikal
platformadan ilkin neftin hasilatına başlanmışdır.
Heç şübhəsiz, bu əlamətdar
hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir.
Məlumat üçün bildiririk ki, “Qərbi
Çıraq” platforması dənizin 170 metr dərinliyində
quraşdırılmışdır və onun layihə
gücü gündəlik 25 min ton xam neft və təxminən
8 milyon kubmetr qaz hasil etmək potensialına malikdir. Bu
platformadan ildə təxminən 8,2 milyon
ton neft və 2,8 milyard kubmetr qaz hasil ediləcəkdir. Hasilata başlamış və yeni texnologiyalar
üzərində inşa edilmiş bu platforma gələcəkdə
hələ uzun illər boyunca dünya səviyyəli
qurğu kimi Azərbaycanda neft hasilatının həcminin
sabit səviyyədə saxlanılmasını təmin edəcəkdir.
Adıçəkilən platformadan hasilat il
ərzində digər öncəqazma quyuları işə
düşdükcə artacaq. Bundan əlavə, sentyabr
ayının 20-də “Əsrin müqaviləsi”nin
imzalanmasının 20-ci ili tamam olmuşdur. Bununla
bağlı Bakıda keçirilmiş təntənəli mərasimdə
xalqımızın ümummilli lideri Heydər Əliyevin
müəllifi olduğu neft strategiyasının
uğurlarına bir daha nəzər salınmış, əldə
olunmuş nailiyyətlər barədə ətraflı
söhbət açılmışdır. Həmin tədbirdə
çıxış edən Prezident İlham Əliyev
demişdir: “1994-cü il Azərbaycanın yeni enerji
strategiyasının başlanğıc ili idi. Hökumətimiz
ilə dünyanın əsas neft şirkətləri
konsorsiumu arasında müqavilə imzalandı. 1994-cü ildə imzalanan müqavilə dərhal
“Əsrin müqaviləsi” adını aldı. Bu, sərmayələrin həcmi və resurs əsası
kimi götürülən “Azəri-Çıraq-Günəşli”
yatağının dünyadakı ən böyük neft
yataqlarından biri olması faktı ilə bağlı idi.
İyirmi ildən çoxdur ki, həmin yataq
işlənilir və ölkəmizdə neft hasilatının
əsas özəyi hesab olunur. Buna görə də
1994-cü il enerji strategiyasının
başlanğıc ili oldu. Beləliklə, Xəzər
dənizi ilk dəfə olaraq xarici sərmayələr
üçün açıq elan edildi".
2014
-cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən
34,8 milyon ton (262 milyon barrel) xam neft Türkiyənin Ceyhan
limanından 362 tankerlə dünya bazarına göndərilmişdir.
Bütövlükdə isə 1768 kilometr uzunluğunda olan BTC
boru kəməri ilə 2006-cı ilin iyun ayından indiyədək
təxminən 2,1 milyard barrel və ya 280
milyon ton xam neft ixrac olunmuşdur.
2010 -cu
ildə Azərbaycanda
50,7 milyon ton neft
çıxarılmışdır ki, bu da ölkəmizin
neft sənayesinin tarixində rekord göstərici hesab olunur.
Bütövlükdə isə 1997-ci ildən ötən
dövr ərzində “Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan təqribən 376 milyon ton neft və 100 milyard
kubmetrə yaxın səmt qazı hasil edilmişdir.
2014 -cü ildə Azərbaycan Respublikasının Dövlət
Neft Fonduna neft və qazın satışından 12 milyard 343,8
milyon manat vəsait daxil olmuşdur.
Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli”
layihəsi çərçivəsində ölkə üzrə
neft hasilatı təqribən 5 dəfəyə yaxın
artaraq 1997-ci ildəki 9 milyon tondan 2014-cü ildə 41,9 milyon tona çatmışdır. Ölkəmizdə ən yüksək illik neft
hasilatı isə 2010-cu ildə qeydə
alınmışdır. Belə ki, həmin il Azərbaycanda
50,7 milyon ton neft
çıxarılmışdır ki, bu da ölkəmizin
neft sənayesinin tarixində rekord göstərici hesab olunur.
Bütövlükdə isə ötən illər ərzində
“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan təqribən
376 milyon ton neft və 100 milyard kubmetrə yaxın səmt
qazı hasil edilmişdir.
Ötən
il “Əsrin müqaviləsi” çərçivəsində
neft hasilatı da uğurla davam etdirilmişdir. bp şirkətinin
2014-cü il üçün yaydığı hesabata əsasən,
il ərzində “Azəri-Çıraq-Günəşli”
layihəsinin əməliyyat xərclərinə təqribən
1 milyard dollar, əsaslı xərclərinə isə 2,3
milyard dollar vəsait sərf olunmuşdur. “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunda il ərzində hasilat sabit
şəkildə davam etmiş, istismarda olan altı platformadan
gündə orta hesabla 638 min barrel neft
çıxarılmışdır. Bütövlükdə
isə müqavilə sahəsindən illik neft
hasilatının səviyyəsi 233 milyon barrel və ya 31,5 milyon ton təşkil etmişdir. Gündəlik
hasilatın 61 min 900 barreli “Çıraq”, 156 min 500 barreli “Mərkəzi
Azəri”, 149 min 300 barreli, “Qərbi Azəri”, 74 min 200 barreli
“Şərqi Azəri”, 145 min 900 barreli “Dərinsulu Günəşli”,
50 min 200 barreli isə “Qərbi Çıraq”
platformalarının payına düşmüşdür. Hazırda konsorsium iştirakçıları tərəfindən
müqavilə sahəsində 84 quyudan neft hasilat olunur. Daha 39 quyudan isə texniki məqsədlər
üçün istifadə edilir.
“Azəri-Çıraq-Günəşli”
layihəsinin illik iş proqramının bir hissəsi olaraq
oktyabrın 31-dən noyabrın 27-dək “Mərkəzi Azəri”
platformasında planlaşdırılmış profilaktik
işlər həyata keçirilmişdir. bp-dən
verilən məlumata görə, bütün bu işlər
platformalardakı qurğu və avadanlıqların indiyədək
layihə üzrə əldə olunmuş ümumi yüksək
səmərəliliyini təmin etməyin mühüm hissəsidir.
2014-cü ildə “Əsrin müqaviləsi” çərçivəsində
qazma və tamamlama əməliyyatları da uğula davam
etdirilmiş, müqavilə sahəsində 14 neft və 4
suvurma quyusu qazılaraq istismara verilmişdir. Bundan əlavə, ötən
il qazılmış daha bir quyudan
şlamların yenidən laylara vurulması üçün
istifadə olunacaq.
Cari ilin əvvəlindən “Dərinsulu Günəşli”
platformasından hasil edilən səmt qazının 28 düyməlik
sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal
terminalına göndərilməsi davam etmişdir. Xatırladaq ki, “Azəri”
yatağındakı üç platformadan səmt qazı
yataqdaxili sualtı boru kəmərləri vasitəsilə “Mərkəzi
Azəri” kompressor və suvurma platformasına göndərilmiş,
oradan qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə
yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal
terminalına nəql edilərək ölkənin daxili istifadəsi
üçün Dövlət Neft Şirkətinə təhvil
verilmişdir. Hazırda “Mərkəzi Azəri”
platformasından altı quyudan laya qaz vurma əməliyyatları
davam edir.
Bundan əlavə, yenicə istismara verilmiş “Qərbi
Çıraq” platformasından hasil edilən səmt
qazının da bir hissəsi Səngəçal
terminalına göndərilmişdir. “Çıraq”
platformasında hasil edilən səmt qazının müəyyən
hissəsi isə mövcud 16 düyməlik sualtı qaz boru kəməri
vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı
kompressor stansiyasına göndərilmişdir. İl ərzində qazın məşəldə
yandırılmasını azaltmaq məqsədilə buxarlanan
qazlar kompressoru və boru kəməri üçün nəzərdə
tutulmuş təkmilləşdirmə işləri də
uğurla başa çatdırılmışdır. Bu da “Çıraq” platformasında məşəldə
yandırılan qazın həcminin xeyli azalmasına imkan
vermişdir. 2014-cü ildə Dövlət Neft Şirkətinə
gündə orta hesabla 7,55 milyon kubmetr,
ümumilkdə isə il üçün 2,76 milyard kubmetr səmt
qazı verilmişdir.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan
çıxarılan neftin sualtı boru kəmərləri
vasitəsilə Səngəçal terminalına göndərilməsi
də uğurla davam etdirilmişdir. Məlumat üçün bildiririk
ki, terminalın texniki emal sistemlərinin gücü gün ərzində
1,2 milyon barrel nefti qəbul edib ixraca
yönəltməyə imkan verir. 2014-cü ildə Səngəçal
terminalından 298,5 milyon barreldən artıq neft ixrac
olunmuşdur. Xam neftin 260 milyon barreldən artıq hissəsi
Bakı-Tbilisi-Ceyhan, təqribən 31,4 milyon barreli
Bakı-Supsa ixrac boru kəmərləri, 5,3 milyon barreli isə
dəmir yolu vasitəsilə daşınmışdır.
Bundan əlavə, il ərzində Azərbaycandan dünya
bazarına 1,84 milyon barrel kondensat ixrac
olunmuşdur.
Azərbaycan neftinin dünya bazarlarına
çıxarılmasında xüsusi yer tutan
Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin
istismara verilməsindən doqquz ilə yaxın vaxt
ötür.
Əvvəlki dövrlərdə olduğu kimi, 2014-cü ildə
də uğurlu fəaliyyətini davam etdirən bu kəmərlə
bağlı əsaslı xərclərə 0,1
milyard dollar, əməliyyat xərclərinə isə 0,2
milyard dollar vəsat yönəldilmişdir. Hazırda kəmərin
gündəlik ötürmə gücü 1,2
milyon barrel təşkil edir. 2014-cü ildə BTC vasitəsilə
ixrac olunmuş təqribən 34,8 milyon ton (262 milyon barrel) xam
neft Türkiyənin Ceyhan limanından 362 tankerlə dünya
bazarına göndərilmişdir. Bütövlükdə isə
1768 kilometr uzunluğunda olan BTC boru kəməri ilə
2006-cı ilin iyun ayından indiyədək təxminən 2,1 milyard barrel və ya 280 milyon ton xam neft ixrac
olunmuşdur. Həmin neft həcmləri Ceyhanda
2793 tankerə yüklənərək dünya bazarlarına
göndərilmişdir. Yeri gəlmişkən,
avqust ayında BTC səhmdarları Türkiyənin Ceyhan
terminalından 2 milyardıncı barrel nefti yola
salmışlar.
Hazırda
BTC boru kəməri Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşli”
layihəsi çərçivəsində hasil edilən nefti
və “Şahdəniz” yatağından çıxarılan
kondensatı daşıyır. Bundan əlavə,
BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də
nəql olunur. 2014-cü ilin fevral ayında
Azərbaycan Respublikası Dövlət Neft şirkətinin əməliyyatçısı
olduğu şimal marşrutu ixrac boru kəmərinin axın
istiqaməti də dəyişdirilmişdir. Bu, bp ilə ARDNŞ-in bu boru kəməri boyunca bir
neçə obyektin yenidən işə salınması
üçün birgə səylərinin nəticəsində
mümkün olmuşdur. Müvafiq
kommersiya razılaşmalarının əldə edilməsi nəticəsində
Şimal ixrac boru kəmərindən neft həcmlərinin BTC
vasitəsilə ixracına imkan yaranmışdır.
Yeri gəlmişkən, artıq 15-ci ildir ki, “Azəri-Çıraq-Günəşli”
layihəsinin iştirakçıları “mənfəət
nefti”ndən gəlir əldə edirlər. Məlum
olduğu kimi, 1999-cu ilin dekabrın 29-da Azərbaycanın “mənfəət
nefti” ilk dəfə olaraq xarici bazarlara
çıxarılmışdır. Cari
ilin yanvar ayının 1-dək dünya bazarlarında Azərbaycanın
payına düşən təqribən 200 milyon tona qədər
“mənfəət nefti” satılmışdır. Bunun da hesabına ölkəmiz təqribən 110
milyard dollar gəlir əldə etmişdir. 2014-cü ildə
isə Azərbaycan Respublikasının Dövlət Neft
Fonduna neft və qazın satışından 12 milyard 319,8 milyon manat vəsait daxil olmuşdur. Son illər mənfəət neftindən əldə
edilən gəlirlər hesabına ölkə
iqtisadiyyatının şaxələndirilməsi və bir
sıra infrastruktur layihələrinin
reallaşdırılması istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirilir.
Göründüyü kimi, neft strategiyası Azərbaycanın
ixrac potensialını getdikcə artırır. Neft və qazın satışından əldə
olunan gəlirlər isə ölkəmizin iqtisadi qüdrətinin
daha da artmasına və xalqımızın həyat səviyyəsinin
yaxşılaşmasına geniş imkanlar yaradır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2015.- 1 mart.- S.1.