Sumqayıt: SSRİ-nin

süqutunun başlanğıcı

 

Millətlərarası ədavəti qızışdırmaq, xaos yaratmaq keçmiş SSRİ-də “yenidənqurma” siyasəti elan etmiş Mixail Qorbaçovun “islahat”larının tərkib hissəsi idi. Onu əhatə edən ermənilər və ermənipərəst qüvvələr milli məsələlərdə rəhbərə müxtəlif məsləhətlər verir, Ermənistanın xeyrinə ola biləcək problemlərin həllini önə çəkirdilər. Təsadüfi deyil ki, Dağlıq Qarabağ məsələsi qaldırılan zaman Qorbaçov ermənilərə hər cür köməklik göstərəcəyini vəd eləmişdi. Elə akademik Aqanbekyanın Parisdəki məlum çıxışı da hadisələrin ilk qığılcımı oldu...

 

Fransa Erməni İnstitutunun və Erməni Veteranları Assosiasiyasının təşkil etdiyi qəbulda Aqanbekyan demişdi: “Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır”.

Ermənilərin torpaq iddialarının dalğasında törədilmiş Sumqayıt hadisələri  mahiyyətcə   SSRİ-nin süqutu proseslərinin ilk həlqəsi oldu. Sonra Fərqanədə, Vilnüsdə, Tbilisidə, Novı Uzendə bir-bir növbəti həlqələr də qırılmağa başladı və böyük bir ölkənin tarixi çöküşü sürətləndi. Əgər Dağlıq Qarabağ təxribatı - süni yolla yaradılan bu ocaq Moskva tərəfindən vaxtında söndürülsəydi, sonrakı proseslər və indiyə qədər davam edən münaqişə də olmazdı. Sumqayıt olayları isə, göründüyü kimi,  Qarabağın Azərbaycandan qoparılmasına güclü təkan verəcək ilkin vasitələrdən biri kimi düşünülmüşdü.

Britaniyalı jurnalist Tom de Vall da Qarabağ münaqişəsinin tarixinə aid yazıb 2005-ci ildə buraxdığı bədii-sənədli “Qara bağ” kitabında qeyd edib ki, bu hadisələr müasir sovet tarixində ilk kütləvi zorakılıq aktı idi.

Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özlərilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Hadisələrin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

Yeri gəlmişkən, Vladimir Jirinovski SSRİ-nin çökməsinin başlanğıcı olan Sumqayıt hadisələrində, ilk növbədə, Mixail Qorbaçovu müqəssir sayaraq bildirmişdi ki, o, ABŞ-ın casusudur. Jirinovski açıq şəkildə deyib ki, “Sumqayıt faciəsində Qorbaçovla yanaşı, keçmiş SSRİ DTK-sı, Hərbi Sənaye Kompleksi də məsuliyyət daşıyır. Ermənistan isə böyük bir oyunda alət olduğunu dərk edir, lakin büruzə vermək istəmir. Çünki torpaq iddiasındadır”.

Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, “Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu”. Bu hadisələri Moskvanın   törətməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi.

Fevralın 27-də axşam SSRİ Baş prokurorunun müavini A.Katusev Mərkəzi televiziyanın proqramında məlumat verdi ki, fevralın 22-də Əsgəran yaxınlığında iki azərbaycanlı həlak olub. Ölənlərin milliyyətinin bilərəkdən vurğulanması, təsdiq edildiyi kimi, qisasçılıq hərəkətlərinə başlamaq üçün qığılcım təsiri yaradıb.

 

İki günün xaosu

 

...Hadisələrdən bir neçə gün əvvəl 100-dən çox saqqallı və qara gödəkçəli erməni ekstremisti Sumqayıta göndərilib. Onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında gecələyiblər.

Şərti olaraqNalyotçik” adlandırılan qrupun üzvləri fevralın 27-də küçələrə çıxaraq əhali arasında ekstremist əhval-ruhiyyəli aparmağa başladılar. Şəxsən şahidiyəm ki, Sumqayıtın Lenin meydanında, bazarunivermaq ətrafında camaatı başına toplayan, əsasən meşin gödəkçələr geyinmiş bu naməlum şəxslər özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından “yana-yana” danışırdılar.

Əhali arasında təbliğatla kifayətlənməyən emissarlar hər cür şirnikdirici vədlərlə, pul paylamaqla gəncləri və azyaşlıları məkrli niyyətlərinə qoşdular. Qızışdırıcı, təxribat ruhlu söhbətlər təsirsiz qalmadı. Təhrikçilər şəhərdəki qeyri-sağlam qüvvələri cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Şəhərin bəzi başbilənləri əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi, düşmən öz işini görmüşdü.

Elə həmin andan qanunazidd hərəkətlər baş alıb getdi. Fevralın 27-29-da şəhərdə hadisələr idarəolunmaz şəkil aldı. Yerli hakimiyyət özünü itirmişdi. Soyuq iliyə işləsə də, iğtişaşın qaynama şkalası kəlləçarxda idi. Şəhərin 41-ci məhəlləsində, 2 və 3-cü mikrorayonlarda, “Sülh” və “Dostluq” küçələrində, digər yerlərdə başıpozuq dəstələr cövlan edir, ətrafa vahimə, qorxu saçırdılar. Kortəbii axın faciəli hadisələrə yol açdı. Döyülüb-söyülən, şikəst edilib-öldürülən sakinlər də oldu. Fikir verən kim idi ki, nə üçün milisordu dəstələri müşahidəçi qismində olayları izləyir, heç bir tədbir görmürlər?

Ara qarışandan sonra meşin gödəkçəliləri şəhərdən ilim-ayaq itdilər.

Nəticədə ümumən 32 nəfər, o cümlədən 26 erməni öldürüldü, 400-dən çox insan  xəsarət aldı, 200-dən artıq mənzil talan edildi, 50-dən çox mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomobil yandırıldı, bir sözlə, şəhərə o vaxtın qiymətləri ilə 7 milyon rublya 10 milyon dollar məbləğində ziyan vuruldu...

SSRİ Baş Prokurorluğu həmin cinayəti araşdırarkən 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, 400 nəfər isə 10-15 sutka təcridxanada saxlanılmışdı. Bir nəfər - Əhməd Əhmədov ölüm cəzasına məhkum olunmuşdu. Bu hökmü ermənilərin təkidi ilə tez-tələsik Moskvada yerinə yetirmişdilər.

...İlkin istintaqda özünü və yoldaşlarını “yandıran” müttəhim Əhmədov məhkəmədə bildirmişdi ki, tutulduğudindirildiyi günlərdə istintaqçılar onu qəddarcasına döyüblər. Ermənilərsə faktı dolayısı ilə təsdiqləyərək yazırlar: “İstintaq işçilərinin nüfuzunu qorumalı olan ittihamçı - SSRİ Baş Prokurorunun köməkçisi Kozlovski buna münasibət bildirmədən susub

 

 Kapitanlar kimlər idi?

 

Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, SamoylovPavlovskinin adları  uzun müddət mətbuatdan gizli saxlanılıb. “Əsər”in baş qəhrəmanı seçilmiş şəxs  isə iki dəfə məhkum olunmuş erməni Eduard Qriqoryan idi.  Hadisələrin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədovun güllənməsinə baxmayaraq, təkzibedilməz faktlarşahid ifadələri əsl “kapitan”ın məhz Qriqoryan olduğunu göstərir.

Planlı təxribatın icraçısı olan QriqoryanPaşa” ləqəbi ilə tanınırdı. “Krunk” cəmiyyətinin fəal üzvlərindən idi. Gözünü qan örtmüş ədabaz gizlində özünü millətinin qəhrəmanı sayırdı. Hadisələrdən öncə təlimat almaq üçün dəfələrlə Xankəndinə gedib-gəlibmiş. Beli bağlı olduğuna görə heç nədən çəkinmirdi. Qanlı aksiyalarda Qriqoryan şəxsi “nümunə” göstərərək altı ermənini öldürdü, bir  neçə erməni qızını zorladı. Cinayətkar qruplar onun dirijorluğu ilə hərəkət edirdi. Paşanın cəza qruplarını talan və qətllər üçün yönəltdiyi ünvanlar isə “Krunka haqq ödəməyən ermənilərin mənzilləri idi.

Məlum olub ki, Yerevandan  gələn emissarlar da Sumqayıtda Paşanı təlimatlandırıb, ona pulnarkotik  veriblər. Ertəsi gün isə Qriqoryan tapşırıq üzrə fəaliyyətə başlayaraq ətrafına xeyli səbatsız gənci toplayıb və bəzi əməliyyatlarda iştirak etsələr, onlara çoxlu pul verəcəyini bildirməklə talanlara, qətllərə təhrik edib.

Zərərçəkmiş Sumqayıt sakini L.Mejlumyan bildirirdi: Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbələr endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”.

Sonralar sabiq prezident Levon Ter-Petrosyan müsahibələrinin birində demişdi ki, “Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi”. Bu sözlər də sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım idi.  SSRİ Ali Məhkəməsinin 15 noyabr 1988-ci ildə keçirilmiş məhkəmə iclasında  SSRİ Baş Prokurorunun köməkçisi  Kozlovskinin söylədikləri də maraqlıdır: “Talanlara çoxlu keçmiş məhbus cəlb edilmişdi. İştirakçılar arasında ruslar, ləzgilər, ermənilər də var idi”.

Babayan familiyalı bir erməni Moskvadan gəlmiş nümayəndələri görüb qışqıra-qışqıra danışmışdı ki, guya martın 3-də mədəniyyət evinin arxasında iki erməni uşağının başını kəsib atıblar. İstintaq qrupunun rəhbəri, SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi B.Qalkin təcili olaraq faktı yoxlamaq üçün hadisə yerinə adam göndərmiş və şayiə yalan çıxmışdı. Sonralar Babayan kimilər qeyd elədilər ki, 15 erməni qadını öldürülüb. Bu da yalan oldu. Ermənilər öz çirkin əməllərindən əl çəkmirdilər. Əslində isə azərbaycanlı ailələr bir çox ermənini öz evlərində gizlətməklə Paşanın cinayətkar dəstəsindən qorumuşdu.

 

Mətbuata çıxan detallar

 

Şəhərin komendantı V.Krayevin Moskvada çap olunanPravda” qəzetinin 21 mart 1988-ci il tarixli sayındakı müsahibəsində oxuyuruq: “Ölüm çox ola bilərdi, əgər yerli əhali kömək etməsə idi. Bir avtobus sürücüsü elə həmin gün 10 erməni ailəsini öz doğma rayonu Şəkiyə aparıb...”

İsrailə köçmüş bir bakılı yazar Tel-Əvivdə çıxan həftəlik “Kruq” qəzetində (23 iyul 1989-cu il) dərc etdirdiyi “Bakı gündəliyi”ndə yazırdı: “Keçmiş həmvətənim olan qadın etiraf edirdi ki, Sumqayıt azərbaycanlıların erməniləri qəhrəmancasına qoruduqları şəhərdir. Qətllərə, əlbəttə, ermənilər rəvac vermişdilər. Tutulanların işinə isə qəsdən Rusiyanın məhkəmələrində baxılıb ki, çirkin niyyətlər ört-basdır edilsin”.

Moskvada çıxan “Novoye vremyasovet həftəliyi 20 oktyabr 1989-cu il tarixli nömrəsində “Blokada” adlı məqaləsində yazlrdı ki, oxucuların fikrincə, Sumqayıtda milli zəmində talanlar olmayıb. Təxribat məqsədilə erməniləri elə özlərininkilər öldürüblər.

Təbliğat nəşri olanİki il çəkən faciə” fotoalbomunda isə Qarabağ münaqişəsinin xronologiyasına dair belə bir qeyd yer alıb: “27-29 fevral. Bilavasitə erməni ekstremistlərinin iştirak etdikləri Sumqayıt talanları və kütləvi iğtişaşlar”.

Rus yazarı Aleksandr ÇekalinEkonomiçeskaya qazeta”nın 12 mart 2008-ci il tarixli nömrəsində dərc etdirdiyi “1983-1993-cü illərdə SSRİ-yə kənardan vurulan 100 zərbə” məqaləsində Sumqayıt hadisələrini 17-ci sırada göstərib: “17. Qərb ölkələrinin xüsusi xidmət orqanları tərəfindən erməni millətçi partiyası - ”Daşnaksutyun" və onun Ermənistan və Azərbaycandakı strukturları - vasitəsilə Sumqayıtda erməni talanlarının təşkili. Onların sonradan hüquq-mühafizə orqanlarının 100 əməkdaşından ibarət istintaq qrupunun işini pozması sayəsində hadisələrin sifarişçilərindən heç biri üzə çıxarılmayıb. İndi erməni millətçiləri öyünəcəklər ki, Sovet İttifaqına sarsıdıcı zərbəni ilk olaraq onlar vurublar".

 

Kiporenkonun uydurması

 

Sumqayıt hadisələrinin şərhi zamanı vicdanının səsini boğaraq, nəyinsə xatirinə ermənilərə sərf edən şəkildə məlumat uyduranlar da var. Onlardan biri  DTK müstəntiqi Valeri Kiporenkodur. Bu üzdəniraq çekist ermənipərəst “Analitika.at” saytına müsahibəsində azərbaycanlıların ünvanına başdan-başa iftira püskürərək hadisələri “genosid” adlandırıb. O, 18 cinayət işi üzrə, o cümlədən, öz dediyinə görə, Qriqoryanın işi üzrə istintaqı aparıb. Müstəntiqin dedikləri: “Residivist Edik Qriqoryanın cinayətkar dəstəsi Sumqayıt ərazisində ermənilərin yaşadığı mənzilləri müəyyənləşdirərək onları öldürmüş və qızlarını zorlamışdır. Zərərçəkənlər arasında tək-tək ukraynalı, rusbeloruslar da olub. Canilər onları erməni biliblər. Qriqoryanın atası Robert erməni, anası isə azərbaycanlı olub. ( yalandır, o vəhşi xislətlini rus qadını dünyaya gətirib..N.)  Qriqoryan hələ uşaq ikən atası ailəni tərk etdiyinə görə o, ermənilərə nifrət bəsləyirdi. Bir neçə məhbusluğu vardı”. Yəni cinayətləri bu üzdən törədib(?!).

Valeri Kiporenkonun uydurmasına görə, iğtişaşlar zamanı ermənilərin müqavimət göstərmək imkanı olmasa da, Ohanesyan soyadlı iki qardaş qəhrəmanlıq edərək talançıların qarşısına çıxıb və 2-3 saat müdafiə olunublar. Valideynlərini qonşuda gizlədən qardaşların evini kütlə mühasirəyə alanda onlar qohumlarına məxsus tapança ilə (?) silahlanaraq atəş aça-aça qorunublar. Lakin qüvvələr nisbəti eyni olmadığı üçün axırda mənzilləri yandırılıb, özləri isə həyətdə qətlə yetiriliblər...

Əsl kino süjetidir. Afərin, Kiporenko! Sanki “barrikada” şəxsən görüb.

Yalana dair başqa bir misal. Bu günə qədər sosial şəbəkədəVikipediyaensiklopediyasının məlumatı kimi saxlananSumqayıt talanıadlı materialda keçmiş SSRİ Baş Prokurorluğuna istinadən göstərilir ki, qayda yaratmaq üçün aparılan əməliyyat zamanı 276 hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət alıb. Bu da yalandır.

Həmin günərin bütün olaylarını günbəgün izləyə bilmiş bir sumqayıtlı kimi deyə bilərəm ki, heç bir əməliyyat olmayıb. Sadəcə iş-işdən keçəndən sonra şəhərdə komendant saatı tətbiq olunub yaşayış massivlərində keşik çəkən rus əsgərləri ilə əhali arasında mehriban münasibətlər olub. Şəxsən şahidəm ki, bütün günü bekarçılıqdan darıxan soyuqdan əsən həmin əsgərlərə mənzillərdən isti ev xörəkləri, çay qəhvə daşınıb verilir, onlarsa gözləri parıldaya-parıldayaspasibo, bolşoye spasibodeyərək bu payları gözlərinə təpirdilər.

Əhali həm ona görə əsgərlərə öz balası kimi qayğı göstərirdi ki, həmin illərdə hələ minlərlə azərbaycanlı gənc sovet ordusu sıralarında qulluq edirdi. Bəzi ermənipərəst mənbələrdə talançı qrupların əsgərlərin dəbilqə dəyənəklərini onlardan aldıqları barədə yazılanlar da uydurmadan başqa bir şey deyil.

1989-cu il sentyabrın 23-də Yerevanda, Ermənistan Memarlar evində  Quşamatyan   tarix-maarifçilik cəmiyyətinin  respublika jurnalistlər ittifaqı ilə birgə keçirdiyi mətbuat konfransında Sumqayıt hadisələrinə siyasi qiymət verilərkən özlərini ifşa etmə halları da olub. Məsələn, erməni fəalları bildirib ki, olaylardan bir neçə ay sonra keçirilmiş SSRİ xalq deputatları Qurultayında onların təmsilçiləri Sumqayıt məsələsini qaldırmağa ürək etməyiblər. Qorxublar ki, cavabında qarşı tərəf azərbaycanlıların başına Ermənistanda gətirilən müsibətlərdən danışar.

 

(ardı var)

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 1 mart.- S.4.