Abşeron: uğurlar
silsiləsi
daha da zənginləşir
Hər daşı-torpağı
tarix qoxuyan, keçmişiylə bu gününün əsrarəngiz
vəhdətini yaradan gözəl bir ünvan var. Və mən
tez-tez bu ünvana tələsirəm. Çünki burada qəribə
bir rahatlıq, dinclik tapıram. Adım kimi əminəm ki, bu
rahatlığa, bu dincliyə tələsənlərin
sayı yüzlərlə, minlərlədir. Ən
başlıcası da odur ki, bura Bakının beş-on
kilometrliyindədir. Yəqin ki, bildiniz: hər gün
gözümüzün önündəcə dəyişən,
yeniləşən, böyüyən və hər il on minlərlə
insana “qucaq açan” bu doğma ünvan Abşeron rayonudur. O
Abşeron rayonu ki, yuxarıda saydığım bu təşbehlərin
hamısını son beş-on ildə qazanıb. Bir neçə
on ilə sığmayan inkişaf yolunu qısa müddətdə
keçən və misilsiz nailiyyətlər əldə edən
Abşeron üçün 2014-cü il də əlamətdar
oldu. Bunu ötən ilin statistikası da təsdiqləyir.
Bəri
başdan qeyd edim ki, dövlət başçısı
İlham Əliyevin oktyabrın 3-də Abşeron rayonuna
növbəti səfəri abşeronluların
yaddaşında silinməz izlər buraxdı. Həmin səfər
zamanı Prezident Heydər Əliyev Mərkəzinin, yenidən
qurulmuş mədəniyyət və istirahət
parkının, Bayraq meydanının, musiqi və şahmat məktəblərinin,
“Park Abşeron” əyləncə mərkəzinin, Masazırda
13 min tamaşaçı yerlik müasir stadionun
açılışında iştirak etmiş, aparılan
abadlıq-quruculuq işləri ilə ətraflı
tanış olmuş, tapşırıq və tövsiyələrini
vermişdir.
Görülmüş
işləri çox yüksək qiymətləndirən
dövlət başçısı Abşeron rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında sərəncam
imzalayaraq Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait
ayırmışdır. Eyni zamanda, ötən il Abşeron
rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan 14
abşeronlu da müxtəlif fəxri ad və medallarla təltif
edilmişdir.
Kimsəsiz məzunlara yeni mənzillər
2014-cü
ildə əlamətdar və təsirləndirici,
yaddaşlardan silinməyəcək bir hadisə baş verdi.
Bu, valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların
yerləşdirilməsi üçün Masazır kəndində
120 mənzilli 13 mərtəbəli yaşayış
binasının açılışı idi. Həmin tədbirdə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva da iştirak edirdi.
Çoxdan bəri ictimai narahatlıq doğuran ciddi bir məsələnin-
uşaq evlərində tərbiyə alan və 18 yaşı
tamam olmuş gənclərin mənzillə bağlı
probleminin bu cür həlli, doğrudan da, alqışlanmağa
və təqdir edilməyə layiqdir. Bu, eyni zamanda, ölkə
başçısı İlham Əliyevin və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın valideyn himayəsindən
məhrum olmuş kimsəsiz uşaqlara yüksək diqqət
və qayğısının əyani təzahürüdür.
Açığı, bu incə məqama 2014-cü ildə
sosial-iqtisadi inkişaf yekunlarından bəhs edən
yazıının elə başlanğıcında toxunmaq
ehtiyacı duydum.
Bir az statistika
...
2014-cü ildə 73 faizi qeyri-dövlət sektorunun payına
düşməklə rayonun sənaye müəssisələri
114 milyon manatlıq məhsul istehsal etmişdir.
...2014-cü
ildə Abşeron Telekommunikasiya Qovşağı
yaşayış massivlərinə 29 min metr müxtəlif
tipli yeni kabellər çəkmiş, “Abşeron Gənclər
Şəhərciyi”ndə yeni ATS istismara verilmiş, istifadədə
olan əsas telefon aparatlarının sayı 3700 ədəd
artmaqla hər 100 ailəyə düşən telefon
aparatının sayı 98-ə, internet istifadəçilərinin
sayı isə 32-yə çatdırılmışdır.
...
2014-cü ildə “Azərpoçt” İstehsalat Birliyinin rayon
filialı 562 min manat proqnoza qarşı 686 min manatlıq
işlər görmüşdür.
...
2014-cü ildə “Asan xidmət”in Xırdalan şəhərində
təşkil olunmuş 10 günlük səyyar fəaliyyətindən
2400 abşeronlu istifadə etmişdir.
...
2014-cü ildə pərakəndə ticarət və iaşə
müəssisələrinin xidməti əvvəlki ilin
müvafiq dövrünə nisbətən 23 faiz artaraq 254
milyon manat təşkil etmişdir.
...2014-cü
ildə yerli büdcəyə 34 milyon 131 min manat vəsait cəlb
olunaraq proqnoza 104,3 faiz əməl edilmiş, yerli xərclər
95,3 faiz icra olunmuşdur. İqtisadiyyatın güclənməsi,
sahibkarlıq subyektlərinin, istehsal müəssisələrinin
fəaliyyəti üçün yaradılmış əlverişli
şərait beş ildir ki, dotasiya almadan yerli gəlirlərlə
büdcə formalaşdırılmasına imkan vermişdir.
...
2014-cü ildə dövlət əmlakının özəlləşdirilməsi,
qeyri-yaşayış və torpaq sahələrinin icarəyə
verilməsi yolu ilə büdcəyə 804 min manat vəsait cəlb
edilmişdir.
...
2014-cü ildə 2349 ailənin 9500 nəfər üzvünə
hər ay 128 manat olmaqla ünvanlı dövlət sosial
yardımı ödənilmişdir.
...
2014-cü ildə əmək pensiyaçılarının
sayı 1346 nəfər artaraq 19799 nəfər olmuşdur.
...
2014-cü ildə 504 nəfər işlə təmin
edilmiş, 83 nəfərə işsizlik statusu verilərək
müavinət təyin olunmuşdur.
...
2014-cü ildə Abşeron bələdiyyələri, əvvəlki
illərdə olduğu kimi, rayonun sosial-iqtisadi, mədəni və
ictimai həyatında fəal iştirak etmiş, sosial obyektlərin
tikintisi, şəhər, qəsəbə və kəndlərin
yol, işıq, su və digər problemlərin həlli ilə
bağlı bir çox yerli əhəmiyyətli layihələri
həyata keçirmişdir.
...
2014-cü ildə 3083 yeni iş yeri açılmış,
bununla da 2004-cü ildən bəri rayonda
açılmış yeni iş yerlərinin ümumi sayı
21 mini ötmüşdür. Yeri gəlmişkən, rayonda
sahibkarlığın inkişafına yaradılmış əlverişli
şərait nəticəsində son 10 ildə 9 mindən
çox insanın işlə təmin olunduğu 90 məhdud
məsuliyyətli cəmiyyət, 18 mindən artıq fiziki
şəxs kommersiya, xidmət, istehsal və emal sahələri
üzrə fəaliyyətə başlamışdır.
...
2014-cü ildə 40 min nəfərə yaxın məcburi
köçkünün həyat şəraiti daim diqqət mərkəzində
saxlanılmışdır.
...
2014-cü ildə Abşerondakı möhtəşəm Heydər
Əliyev Mərkəzində 23 gənc ailənin nigah mərasimi
keçirilmişdir.
...
2014-cü ildə icra hakimiyyəti başçısı
yanında büdcədənkənar inkişaf və bərpa
fondu və digər daxili imkanlar hesabına 1410 nəfərə
254 min manat maddi yardım göstərilmişdir.
...
2014-cü ildə Uşaq şahmat idman məktəbi,
Masazır kəndində 13 min tamaşaçı tutan stadion
tikilmiş, abşeronlu idmançılar dünya və Avropa
birinciliklərində 29 qızıl, 18 gümüş, 12
bürünc medal qazanmışlar.
...
2014-cü illə bağlı statistikanı istənilən qədər
davam etdirmək olar. Ancaq ən yaxşısı budur ki, buradaca
nöqtə qoyub prioritet sahələrdə
göürülmüş işlərə bir qədər ətraflı
nəzər salaq.
Təhsil: nəticələr və
hədəflər
Təhsilə
dövlət qayğısının bariz nümunəsidir ki,
2013-2014-cü dərs ilində Xırdalan şəhərinin
“Abşeron Gənclər Şəhərciyi”ndə 600,
Mehdiabad qəsəbəsində 400 şagird yerlik yeni məktəb
binası tikilmiş, Xırdalan şəhər 1 saylı tam
orta məktəbi üçün 840, 4 saylı tam orta məktəbi
üçün 400, 7 saylı tam orta məktəbi
üçün 240, Aşağı Güzdək qəsəbə
tam orta məktəbi üçün isə 200 şagird
yerlik əlavə tədris korpusları tikilərək istifadəyə
verilmişdir. Bundan əlavə, Ceyranbatan qəsəbə 1
saylı tam orta məktəbində əsaslı təmir
işlərinə başlanılmışdır.
Respublikanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın bağça tikintisi ilə bağlı
təşəbbüsünə ürəkdən qoşulan
Abşeron rayonunda ötən il daxili imkanlar hesabına 22
uşaq bağçasının tikintisinə
başlanılmışdır. Xırdalan şəhərində
iki, Ceyranbatan qəsəbəsində, Məmmədli kəndində
uşaq bağçaları tikilərək artıq istifadəyə
verilmiş, Masazır kəndində tikilmiş 6 qrupluq
uşaq bağçasında isə son tamamlama işləri
görülür. Rayonun şəhər, qəsəbə və
kəndlərində 17 uşaq bağçasının
tikintisi hazırda davam etdirilir və cari ilin sentyabr ayınadək
istifadəyə verilməsi təmin ediləcəkdir.
Əvvəlki
dərs ilində olduğu kimi, bu il də ali məktəblərə
qəbul imtahanlarında rayon məktəblərinin məzunları
yüksək nəticələr əldə etmişlər.
Keçən dərs ilinə nisbətən qəbul faizi 3,5
faiz artaraq 65 faiz təşkil etmişdir ki, bu da respublika
göstəricisindən yuxarıdır. Ötən il ali məktəblərə
sənəd vermiş 1215 nəfər məzundan 785 nəfəri
tələbə adına layiq görülmüş, onlardan
81 nəfəri 500-dən, 33 nəfəri isə 600-dən
yuxarı bal toplamışdır. Saray qəsəbə 3
saylı tam orta məktəbinin iki nəfər məzunu təhsildə
qazandıqları nailiyyətlərə gərə Təhsil
Nazirliyi tərəfindən qızıl və
gümüş medallara layiq görülmüş, hər iki
məzun yüksək balla ali məktəblərə daxil
olmuşdur. Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbin
məzunu Məlikova Aysel Ənvər qızı isə
qadınlar arasında keçirilən karate üzrə Avropa
çempionatında birinci yeri tutduğuna görə
imtahansız Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasına qəbul olmuşdur. Xırdalan
şəhər 1, 2 və 8 saylı, Qobu qəsəbə 3
saylı, Ceyranbatan qəsəbə 1 və 2 saylı, Saray qəsəbə
3 saylı, Mehdiabad qəsəbə 1 saylı, Güzdək,
Hökməli qəsəbəsi, Məmmədli, Fatmayı kənd
tam orta məktəbləri yüksək nəticələr əldə
etmişlər.
Ötən
il keçirilmiş müsabiqədə Xırdalan şəhər
2 saylı və Masazır kənd 2 saylı tam orta məktəbləri
ilin ən yaxşı məktəbi adına, Mehdiabad qəsəbə
3 saylı tam orta məktəbin müəllimi Vüsalə Məmmədova
və Masazır kənd 1 saylı tam orta məktəbin müəllimi
Bilqeys Quliyeva ilin ən yaxşı müəllimi adına
layiq görülmüşlər.
Yeniləşən səhiyyə
Abşeronlulara
göstərilən səhiyyə xidmətini
yaxşılaşdırmaq istiqamətində də bir
sıra tədbirlər görülmüşdür. Prezidentin
sərəncamı ilə 2012-ci ildə ayrılmış vəsaitlə
Xırdalan şəhərində rayon Mərkəzi Xəstəxanasının
yeni binası tikilir. Eyni zamanda, rayonun daxili imkanları
hesabına Fatmayı kəndində tikilən 14 otaqlı, iki
mərtəbəli poliklinika sakinlərin istifadəsinə
verilmişdir. Hökməli qəsəbəsinin “Atyalı”
yaşayış massivində də 11 otaqdan ibarət yeni
binanın tikintisi tamamlanmaq üzrədir.
Ölkə
rəhbərinin tapşırığına əsasən
2014-cü ilin fevral-may aylarında rayon sakinlərinin həkim
müayinəsindən keçirilməsi tədbirləri
aparılmışdır. Qeyd edim ki, Prezidentin təşəbbüs
və çağırışını böyük rəğbətlə
qarşılayan 267 min nəfər tibbi müayinədən
keçmişdir. Müayinə zamanı aşkar olunmuş xəstəliklərin
vaxtında müalicəsi təmin edilmişdir. Bu tibbi
müayinənin davamlı olaraq həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Şəkərli
diabet, vərəm, onkoloji xəstəliklər, böyrək
çatışmazlığı, talassemiya və
hemofiliyalı xəstələrin dərman preparatları ilə
təminatına 700 min manatdan çox vəsait xərclənmişdir.
Rayon
Gigiyena və Epidemiolgiya Mərkəzinin ötən il həyata
keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində
kütləvi yoluxucu epidemiyalara təsadüf
olunmamışdır.
“Azərbaycanın sənətkarlıq
paytaxtı”
Mədəni-kütləvi
tədbirlərin təşkilinə də diqqət
artırılaraq tarixi hadisələr, əlamətdar günlər
qeyd olunmuş, ədəbi-bədii gecələr və
görüşlər keçirilmiş, həmin tədbirlər
televiziya kanallarında və kütləvi informasiya vasitələrində
geniş işıqlandırılmışdır. Azərbaycanın
qeyri-maddi mədəni irsinin qorunması və təbliği məqsədilə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Abşeron rayonu 2014-cü ildə “Azərbaycanın sənətkarlıq
paytaxtı” elan olunmuşdur.
Ötən
il rayon Mədəniyyət evində, Tarix
Diyarşünaslıq Muzeyində əsaslı təmir
işləri aparılmış, Xırdalan şəhərində
müasir tələblərə cavab verən uşaq musiqi məktəbi
istifadəyə verilmişdir.
Yol da, yaşıllıq da
abadlıqdan xəbər verir
Rayonda
irimiqyaslı layihələr çərçivəsində
Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral
yollarının Abşeron rayonu ərazisindən keçən
hissəsində yolun hər iki kənarında geniş
abadlıq, müasir və zövqoxşayan üslubda yenidənqurma
işləri aparılmışdır. Bununla əlaqədar
350 min kvadratmetrdən çox sahədə yaşıl ot
(qazon), 500 minə yaxın gül, 20 mindən çox dekorativ
kol və ağac əkilmişdir. Yaşıllıqların
suvarılması məqsədilə 110 kilometr uzunluğunda su
xətti çəkilmişdir.
Abşeron
rayonunda ekoloji tarazlığın qorunması və
yaşıllıqların artırılması daim diqqət mərkəzində
saxlanılır. Ötən il “İDEA” ictimai birliyinin təşəbbüsü
ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu
çərçivəsində rayonda genişmiqyaslı
ağacəkmə kompaniyası həyata keçirilmişdir.
Ümumilikdə ötən il rayon ərazisində 1 milyondan
çox ağac və gül kolları əkilmişdir.
2014-cü
ildə əsaslı tikinti və təmir-bərpa işlərinin
həcmi xeyli artmışdır. 350 milyon manatlıq
tikinti-quraşdırma işləri görülmüş,
iqtisadi və sosial sahələrin inkişafı
üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 313 milyon manat investisiya yönəldilmişdir.
Ötən
il Xırdalan şəhərində 6 binanın dam
örtüyü və fasadı, 30 binanın girişi və
pilləkən məhəccəri əsaslı təmir
edilmişdir.
Masazır-Saray-Novxanı
yaşayış məntəqələrini birləşdirən
7.6 kilometr uzunluğunda yol 2014-cü ildə yenidən qurularaq
istismara verilmiş, 33,7 kilometrlik Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta
yolunun tikintisi başa çatdırılmışdır.
Ötən il daxili imkanlar hesabına küçə və
yollara 293 min kvadratmetr asfalt örtük çəkilmiş,
104 min kubmetr çınqıl tökülərək
yayılmışdır.
Gecə-gündüz işıq,
qaz, su...
Ötən
il 14 yeni transformator quraşdırılmış, 13
yanmış tranformator təmir edilmiş, 889 yüksək gərginlikli
dayaq basdırılmış, 61 min metr uzunluğunda naqil
çəkilmişdir. Şəhər, qəsəbə və
kəndlərdə 70 min metr uzunluğunda
özünüdaşıyan izolyasiyalı kabel çəkilmiş,
1780 dayaq basdırılmışdır. Xırdalan şəhərindəki
yarımstansiyada 10 meqavatlıq transformator 25 meqavatlıq,
Masazır yarımstansiyasında 25 meqavatlıq transfomator 40
meqavatlıq, Çaylı yarımstansiyasında isə 1,8
meqavatlıq transformator 4 meqavatlıq transformatorla əvəz
edilmişdir.
2014-cü
ildə əsasən yeni yaşayış massivlərinə
14627 poqonometr qaz xətti çəkilmiş, evlərdə
6300 “Smart-kart” tipli qaz sayğacı
quraşdırılmışdır. 2010-cu ildən rayonda təbii
qaz şəbəkəsində başlanılmış
geniş miqyaslı yenidənqurma işləri sayəsində
bu gün Abşeron əhalisinin təbii qaz ilə təchizatında
problem yoxdur.
Həmçinin
ötən il müxtəlif diametrli borularla 22706 poqonometr yeni
su xətləri çəkilmiş, 4178 poqonometr korroziyaya
uğramış xətt dəyişdirilmiş, 22706 su
sayğacı quraşdırılmışdır.
Məlumdur
ki, Azərbaycan hökuməti ilə Səudiyyə
İnkişaf Fondu arasında 2014-cü ilin 3 iyulunda
“Xırdalan şəhərinin su təchizatı və
kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi”
layihəsi üzrə 75 milyon dollarlıq kredit sazişi
imzalanıb. Bu sazişin gerçəkləşməsi 190
mindən çox abşeronlunun fasiləsiz içməli su
ilə təminatı deməkdir.
Kənd təsərrüfatında göstəricilər daha da yüksəlir
Rayonda
aqrar islahatların səmərəli tətbiqi Abşeron kəndlisinə
imkan yaratmışdır ki, şəxsi təsərrüfatını
daxili tələbata və bazar iqtisadiyyatının
qaydalarına uyğunlaşdırsın.
2015-ci
ilin yanvarın 1-nə olan statistik məlumata əsasən, qəsəbə
və kəndlərin əhalisində 19530 baş iribuynuzlu
mal-qara, o cümlədən, 107 min başa yaxın davar
vardır. İl ərzində 1822 ton ət, 40637 ton süd,
2783 sentner yun, 93 milyon ədəd yumurta istehsal olunmuşdur.
Tərəvəzçiliyin
örtülü sahələrdə yerləşdirilməsi və
yeni istixanaların işə salınması ildən-ilə
bazarlara çıxarılan məhsulun artımında
özünü büruzə verir. Ötən il Abşeronda
2013-cü ildəkindən 1758 ton çox- 8407 ton tərəvəz,
həmçinin 2248 hektar bağda 1172 ton meyvə istehsal
olunmuşdur.
Abşerona
xas sahələri olan zəfərançılığın
bərpa edilməsi, zeytun bağlarının, üzüm
plantasiyalarının genişləndirilməsi sevindiricidir.
Yeri
gəlmişkən, 2014-cü ildə rayondakı dövlət
və özəl müəssisələrin 141 hektar üzüm,
1590 hektar zeytun, 23,1 hektar zəfəran sahələrindən
197 ton üzüm, 543 ton zeytun, 400 kiloqram zəfəran
yığılmışdır.
2014-2018-ci
illəri əhatə edən Dövlət Proqramına
uyğun olaraq Azərbaycan Elmi-Tədqiqat
Üzümçülük və Şərabçılıq
İnstitutunun Mehdiabad qəsəbəsində yerləşən
inzibati binasının əsaslı təmiri, yeni
laboratoriyaların tikilməsi institutun nəinki Abşeronda, eləcə
də digər bölgələrdə
üzümçülüyün və şərabçılığın
inkişafında əhəmiyyətli rol oynamasına şərait
yaradacaqdır.
Ölkə
başçısının təşəbbüsü ilə
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi
hələ ötən əsrin 60-cı illərindən kənd
təsərrüfatı rayonu kimi formalaşmış
Abşeronda da bu sahənin inkişafına təkan verəcəkdir.
...
Abşeron rayonu qazandığı uğurlar silsiləsini daha
da artırmaq və ikinci ayı tamamlanmaqda olan yeni ili də
yeni nailiyyətlərlə zənginləşdirmək əzmindədir.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2015.- 1 mart.- S.5.