Cığır açıb yol ömrü yaşayan sənətkar
Xalq şairi Zəlimxan
Yaqubla söhbət
Çağdaş Azərbaycan ədəbiyyatının
tanınmış simalarından olan Zəlimxan
Yaqub poeziya aləminə
gəldiyi ilk illərdən dərin və
hüdudsuz oxucu məhəbbəti
ilə qarşılandı. O, gur səsi,
ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxara bildi.
Ədəbi ictimaiyyət onun məzmunca zəngin,
formaca dolğun
şeirlərini yeni səs və isti söz kimi
qəbul etdi. Azərbaycan
poeziyasının inciləri səviyyəsinə qalxan neçə-neçə əsərin
müəllifi kimi Zəlimxan Yaqub öz zəngin
yaradıcılığı ilə milli
varlığa, xalq ruhunun
tərənnümünə və milli
özünüdərkə xidmət etdi,
gənc nəslə yüksək vətənpərvərlik ruhu aşıladı.
Zəlimxan Yaqub xalq ruhuna, kökə, saz-söz sənətinə qırılmaz tellərlə bağlı olan bir sənətkardır. Sevimli Xalq şairimiz Bəxtiyar Vahabzadə vaxtilə gənc həmkarı haqqında demişdi: “Zəlimxan şeiri xalq yaradıcılığına, sazın tellərindən süzülüb durulan aşıq poeziyasına söykəndiyi üçün onun dili kələ-kötürlükdən xali, axıcı və şəffafdır. Qafiyələr sərrast, obrazlar aydın və durudur. Onun şeir köhləni ilham qanadlarıyla uçduğuna görə oxucunu öz arxasınca mənzilə rahat çatdırır. Elə buna görə də sətirlərdə yürüdülən fikir və duyğular bulanlıq arx suyuna deyil, büllur dağ çeşməsinə bənzəyir”.
Büllur dağ çeşməsi kimi çağlayan şairimizlə üz-üzə oturmuşam. Onun xatirələri, dövr-zaman haqqında söhbətləri də poeziyası qədər qəlboxşayan və şirindir.
-Mən uşaqlıqdan arana, yaylağa, dağa, binəyə, yerə-göyə, ulduza-aya, çaya-çeşməyə bağlı olmuşam. Təbiət mənim ikinci anam olub. Bu gün bəyənib xoşladığımız kitabları necə sevə-sevə oxuyuruqsa, mən də uşaqlıqda təbiəti elə sevmişəm. Təbiəti vərəq-vərəq, cığır-cığır, iz-iz öyrənmişəm və öyrəndikcə də sevmişəm. Elə təbiətə vurğunluğum, sevgim də məni xoşbəxt eləyib. İş ondadı ki, mən artıq 9-10 yaşından şeir yazmağa başlamışam. Şeirə-sənətə marağımı görən babam, sonra da atam IV-V siniflərdə oxuyanda məni məclislərə aparırdılar. Uşaq ikən ağır məclislərdə olmuşam. Maraqlıdır ki, bu günə qədər məclis deyilən böyük bir dünyanın fəlsəfəsi, akademiyası, onun dərinliyi açılmayıb. Məclis səni böyüdən mühit insanın formalaşmasında, yetişməsində çox böyük şərtdir.
Uşaqlıq illərində iki adam mənim idealım idi. Biri atamın dayısı Hacımurad müəllim idi. Səməd Vurğuna çox oxşayırdı, mütaliəli və savadlı adam idi. Onun evində olan kitablar, bəlkə də, heç kimdə yox idi. İkinci idealım isə Rəşid müəllim idi. Gürcüstanın Əməkdar müəllimi Rəşid Acalov, ona kəndimizin əlifbası deyirdilər. Onlar tez-tez mənim üstümdə mübahisə edərdilər. Rəşid müəllim deyirdi ki, az yazsın, mənalı yazsın. Hacımurad müəllimsə deyirdi ki, qoy çox yazsın. Yaxşıları onların arasından seçmək asandı. O iki adam, sonra da məktəbimizin bütün müəllimləri, yuxarı sinif şagirdləri öz isti münasibətləri ilə məni yazmağa ruhlandırırdılar.
Anam yaxşı ailədə tərbiyə almışdı. Şifahi xalq ədəbiyyatını gözəl bilirdi, ozan-aşıq sənətinə dərindən bələd idi. Atam riyaziyyat müəllimi olsa da, saza-sözə bağlı adam idi. Valideynlərimin də diqqəti və ümidli münasibəti məni yaradıcılıqla ciddi məşğul olmağa sövq edirdi.
O illərdə ən çox Səməd Vurğuna və Aşıq Ələsgərə bənzəmək istəyirdim. Səməd Vurğunu dəfələrlə yuxuda görmüşəm, ona şeirlərimi oxumuşam. Aşıq Ələsgər də tez-tez yuxuma girirdi. Bu iki böyük sənətkarı çox dərin məhəbbətlə sevmişəm və təsadüfi deyil ki, onların hər ikisinə çoxlu şeirlər, böyük həcmli əsərlər həsr etmişəm.
-Sizin
yaradıcılığınızda torpaq,
Vətən sevgisi, Qarabağ
dərdi qırmızı xətlə keçir.
Ən əvvəl Kəpənəkçiyə
ünvanlanmış bu sevgi
sonralar bütöv Azərbaycanı,
Türk dünyasını və bütün bəşəriyyəti əhatə
etdi...
-Təbiəti sonsuz məhəbbətlə sevməklə, gözəl müəllimlərim olmaqla, əziz-xələf böyüməklə bərabər, mən həm də dərdlə böyümüşəm. Çünki 1937-ci ildə ana babamı sürgün ediblər, anam yetim qalıb.
Bir at mindim, başı
yox,
Bir çay keçdim,
daşı yox
Burda bir qərib ölüb,
Qohumu, qardaşı yox.
Anam tez-tez bu bayatını deyər və için-için ağlayardı. Güldən-çiçəkdən, dağdan-dərədən, çaydan-çeşmədən yazan Zəlimxanın qəlbində bu yara da qövr
edirdi. Elə oldu ki, Allah
bu dərdin üstünə Qarabağ
boyda bir dərd də yüklədi. Qarabağ bəlası
çox ağır dərddi, çox çəkilməz dərddi.
Mənim
üçünsə lap ağırdı,
niyə? Çünki mən Qarabağı qarış-qarış gəzmişəm.
Dostum, Qarabağın ən qiymətli kişilərindən
biri olan Zeynal Məmmədovla birlikdə bu gözəl diyarın bütün guşələrini
dolaşmışıq. Mənim yazdığım “Səs
şikəstəsi” və
“O qızın göz
yaşları” poemaları,
Qarabağla, Xocalı
ilə bağlı yazdığım şeirlər
bu gün məktəblərdə tədris
olunur. Onları mən gözümün
yaşı, ürəyimin
qanı ilə yazmışam. Heç
kim deməyib
ki, bunları yazmaq lazımdır. Həmin əsərləri mənə
Qarabağ dərdi, düşmənlərin müxənnətliyi
yazdırıb. Mən
həm də Qarabağ şairiyəm, Qarabağ dərdlərinin
şairiyəm:
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan
ağlayırdı.
Dönmüşdü qanadı qırılmış
quşa,
Qarabağ başa-baş qan ağlayırdı.
Mənim üçün Qarabağ
akademik Xudu Məmmədov demək idi. Böyük vətəndaş
olan Xudu müəllim bənzərsiz insan, əvəzsiz
ziyalı idi. Onunla biz çox yaxın dost idik. Dünya şöhrətli bu alimlə səmimi,
unudulmaz söhbətlərimiz çox olub. Onunla bağlı iki hadisəni yada salmaq istəyirəm.
Şah İsmayıl
Xətainin 500 illiyi ilə bağlı
Bakı Dövlət Universitetində tədbir keçirilirdi. Çıxış
edənlər müxtəlif məsələlərdən
danışır, əsas mövzudan yan keçirdilər.
Bir neçə çıxışdan sonra
söz Xudu müəllimə verildi. Onun şah cümlələri
olduğu üçün sözbəsöz təkrar edirəm:
“Deyirlər, dünyanın yeddi möcüzəsi var. Mən
deyirəm ki, dünyanın səkkiz möcüzəsi var. Səkkizinci
möcüzə Azərbaycan alimlərinin Azərbaycan tarixinə
biganəliyi möcüzəsidir!”. Bundan təsirli adamı nə cür silkələmək,
sözlə döymək olar? Böyük ziyalı kimi
o, kəskin fikrini dedi.
İkinci hadisə Dağlıq Qarabağ davasını körükləyən
hadisələrdən biri - Topxana meşəsinin
qırılması ilə bağlı filarmoniyada keçirilən
tədbirdə oldu. Yenə Xudu müəllimə söz veriləndə
o, tufan qopartdı, aləm qarışdı bir-birinə.
Yenə əvvəlki təmtəraqlı,
boşboğaz çıxışlara kəskin münasibətini
bildirdi. Dedi: “Ay qardaşlar, biriniz deyirsiniz ki, Londondan
xalçanı gətirək, biriniz deyirsiniz ki,
Gürcüstandan Gəncənin qədim qapısını
alaq. Başqa biriniz deyirsiniz ki, əlifbanı dəyişək.
Siz Qarabağ adında yanan o nəhəng ocağı
söndürmüsünüzmü ki, belə xülyalara
düşmüsünüz?”.
Mən Qarabağ
dərdi ilə
yanıb-qovrulan adamları çox eşitmişəm. Onların
arasında rəhmətlik Şahmar Əkbərzadəyə,
Xudu Məmmədova hədsiz minnətdaram. Zeynal Məmmədov Qarabağın şah kişisi,
həm də Qarabağın canlı ensiklopediyası idi.
Məhz onun köməyi və tövsiyələri
sayəsində Qarabağa həsr olunmuş əsərlərim
belə dolğun və məzmunlu
çıxmışdır. Buna görə
də Zeynal müəllimə çox minnətdaram.
Türk dünyasına gəlincə
isə gənclik illərində
yazmışdım ki, əzəl-axır dünya
türkün olacaq. Bu gün həmin qənaətim daha da
artıb. Çünki dünya
çalxalanır. Qərb hər an
Şərqi aşağılayır. Hətta
onun peyğəmbərinə sataşır, onu lağa qoyur.
Müsəlman dövlətlərini bir-biri ilə
müharibəyə sövq edir. Bu gün
ayıq-sayıq olan bir dövlət varsa o da Türkiyə
dövlətidir. O, təkcə öz millətini yox,
bütün müsəlman dünyasını qorumağa
çalışır. Əminəm ki, onun buna
gücü çatacaq. Çünki
türk milləti həmişə ədalətə güvənib,
haqqa bel bağlayıb.
...Yavuz Sultan Səlim Misirə səfər edərkən qoşun
ucu-bucağı görünməyən alma
bağlarından keçib gedir. Bağlardan bir
xeyli uzaqlaşandan sonra əmr verir ki, qoşun düşərgə
salıb dincəlsin. Yavərinə onun üçün
bir alma tapmağı tapşırır.
Qoşunu ələk-vələk eləyirlər, ancaq bir alma tapa bilmirlər. Onda Sultan Səlim deyir ki,
gör mən necə böyük millətin övladıyam,
yarım gün alma bağlarının
arası ilə yol getmişik, ancaq bir əsgər ordan bir alma
qırmayıb.
Bəli, türklər getdikləri
ölkələrə mədəniyyət,
böyüklük, həqiqət aparıb. Heç kimin
loxmasına toxunmayıb, hər yerdə ədaləti bərpa
edib, ədalətin tərəfində olub. Buna görə əzəl-axır dünya onun
olacaq.
Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuz xanlar, Bilgələr.
Türkə səcdə, türkə
təzim olacaq,
Bu gün-sabah
dünya bizim olacaq.
- Siz həm də həmişə
Haqqa sığınmısınız, böyük Yaradana
bağlı adam olmusunuz...
-Şair olan, əlində qələm,
önündə dəftər olan adam həmişə
Haqqa, Allaha bağlı olmalıdır. Onun payı göylərdən
gəlməlidir... Böyük
yazıçımız, rəhmətlik İsa Muğanna deyərdi
ki, sən Allahdan gələn sədaları eşidib qəbul
etməlisən. Mən ömrüm boyu
göylər aləmi ilə bağlı olmuşam. Mənim dəftərlərimə, əlyazmalarıma
baxsanız, kiçik bir düzəliş də görməzsiniz.
Düzəlişlərin hamısı içəridə
olurdu və vərəqlərə tərtəmiz
düzülürdü. Mənim
yazdığım əsərlərin hamısı, həqiqətən,
xalqın dupduru varlığından su içib. Xalqsa Allah deməkdir, Allah Xalq deməkdir, Xaliq deməkdir.
Mən həmişə xalqa bağlı adam olmuşam.
O da məni həmişə Haqqa bağlayıb. Haqqa bağlı olmaq da torpağa, vətənə,
millətə bağlı olmaqdı, əzəli
varlığa bağlı olmaqdı. Mənim
yazdıqlarımın hamısı ona görə dillər əzbəri
olub, yayılıb ki, orda həqiqət var, Haqqın nəfəsi
var, Allahın qüdrəti var, ilahi yaradıcılıq var.
Bunların hamısı birləşəndə insanın
böyüklüyünü, şəxsiyyətin kamilliyini
yaradır, insanın dünyaya baxışını
formalaşdırır. Mən də həmişə
Allahla, həqiqətlə olmuşam.
“Peyğəmbər” poemasını
yazarkən 300-dən artıq əsər
oxumuşam, iki dəfə Məkkə ziyarətinə
getmişəm. Birinci dəfə ulu öndərimiz Heydər
Əliyevlə birgə səfərimiz çox böyük
tarix idi. İkinci dəfə getdim ki, bəzi
şeyləri bir də təsdiqləyim. İki
Məkkə görüşü, sonra zəngin dini ədəbiyyatla
yaxından tanışlıq, “Quran”ı, “İncil”i, “Zabur”u,
“Tövrat”ı, onlar haqqında yazılmış əsərləri
oxumaq sonda “Peyğəmbər” poemasını ərsəyə
gətirdi. “Peyğəmbər” mənim şah
əsərimdir. Bu böyüklükdə
əsəri yazmaq üçün çox oxumaq, çox bilmək,
çox düşünmək lazım idi.
Zərrəni bir dünya daşı zər eylər,
Yerlərə, göylərə şad
xəbər eylər,
Yetim bir uşağı
peyğəmbər eylər,
Yarsıza yar olar, Allah istəsə!
Elə bu əsərlə
vurar möhrünü,
Zəlimxan var olar, Allah istəsə!
-Azərbaycan dövlətçiliyinin
bərpası, möhkəmləndirilməsi və müstəqilliyimizin
qorunması sizin ən böyük arzularınızdan olub. O
çətin günlərdə bu arzuların
reallaşması yollarını necə təsəvvür
edirdiniz?
-Əlbəttə, azərbaycanlılar
bir xalq kimi çox
çətin yollardan keçiblər. İstiqlalımıza,
müstəqilliyimizə hazır gəlməyiblər. Müstəqilliyimizin beşiyi başında
böyük siyasətçilərimizlə bərabər,
söz-sənət adamlarımız dayanıblar.
Böyük şairlərimiz Bəxtiyar
Vahabzadə, Xəlil Rza, Məmməd Araz
- bir az əvvəllərə də getmək
olar - istiqlal, müstəqillik dövrünü yetişdirən
bu şairlərimiz olub. Onlar istiqlal
sözünün, müstəqil Azərbaycan
sözünün qədir-qiymətini biliblər. Bu mənada
Məmməd Araz deyirdi:
Söz gərək ox keçməz
qayadan keçə,
Yoxdursa sözünün kəsəri
yazma,
Özünü söymə, söyülmə,
Özgədən məhəbbət
əsəri yazma.
Geniş mənada bizim istiqlal şairlərimizin
sözü, yaradıcılığı ilə bizim müstəqilliyimiz
yetişdi, yəni meydanlarda, ürəklərdə, evlərdə,
ailələrdə müstəqillik məfkurəsi
başladı böyüməyə. Biz müstəqilliyə
qovuşduğumuza görə birinci növbədə bu ilahi
neməti yaradanlara, yetişdirənlərə, onun beşiyi
başında dayanan ulu öndərimiz Heydər Əliyevə
- onun böyüklüyünə və dahiliyinə, onun
dövlətçilik məktəbinə minnətdar olmalıyıq.
Və onun qayğısından
böyüyüb ucalan sözə, şeirə, ədəbiyyata
minnətdarıq ki, bugünkü müstəqil Azərbaycan
dövlətini yaratdılar. Əgər
bugünkü Azərbaycan dünyanın aparıcı
dövlətlərindən birinə çevrilibsə,
dünya bizim ölkə ilə hesablaşırsa, bizim iqtisadi
inkişafımız dünya ölkələrinin nəzərindədirsə,
bu, Heydər Əliyevin müəyyənləşdirdiyi
düzgün strategiyanın qələbəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu
strategiyanı uğurla və yaradıcılıqla davam və
inkişaf etdirməsinin bəhrəsidir. Bu
gün bütün dünya Azərbaycanla hesablaşır,
çünki dünya bu saat iqtisadiyyat, neft üstündədi,
hansı dövlət varlıdı, hansı dövlətin
iqtisadiyyatı güclüdür, onun sözü keçir.
Biz də şükürlər olsun ki, müstəqilliyimizi,
istiqlalımızı qoruya-qoruya iqtisadiyyatımızı da
möhkəmləndirə bildik. Bu da bizim
dövləti böyük, nüfuzlu dövlətlər cərgəsinə
çıxardı. Ona görə də
biz dövlətimizə və Prezidentimizə minnətdar
olmalıyıq.
- Ədəbi tənqid Zəlimxan
Yaqubu sazla şerin ruhunu, mayasını birləşdirən
şair kimi də yüksək qiymətləndirir. Sizin üçün ozan-aşıq, saz sənəti nə
deməkdir?
-Böyük
dostum, istiqlal şairimiz Xəlil Rza yazmışdı:
Zaman bu kəsiri bitirməliydi,
Vaqifi bu günə gətirməliydi,
Sazla şeirimizi öpüşdürməyə,
Bir şair Zəlimxan yetirməliydi.
Mənim ruhum, mayam sazla bağlı olub. Sözdən
saza yox, sazdan sözə gəlmişəm. Ustad aşıqların məclisində çox
olmuşam. Onların sazlarına əlimi
toxunduranda elə bil cənnəti görüb gəlirdim.
Demək istəyirəm ki, saz mənim
üçün sözdü, ədəbiyyatdı, mətləbdi,
keçmişdi, ozanlıqdı, demək, həm də Dədə
Qorqudluqdu. Kimdə ozanlıq varsa, o, bir
parça Dədə Qorquddu. Dədə
Qorquddan Dədə Şəmşirə qədər, bu
gün yaşayan ustad aşıqlarımızın
yaradıcılığını əzbər bilirəm.
Onları sevmişəm, əzizləmişəm.
Onlar da ruhumla, yaradıcılığımla
bir ilhamlı Zəlimxan yetiriblər.
Fəxr edirəm ki, mən “Saz” poemasının müəllifiyəm. O poemanın da araya-ərsəyə
gəlməsinə görə böyük alimimiz Xudu Məmmədova
minnətdaram. Ötən əsrin 80-ci illəri
idi. Zeynal müəllim rəhmətlik bizi
- Xudu müəllimi, Şahmarı və məni Ağdama
qonaq çağırmışdı. İsti
yay günü idi, talvarın altında oturmuşduq. Xudu
müəllim dedi: “Zeynal müəllim, burda saz tapmaq
olarmı?” Bir azdan məclisə saz gətirdilər.
Mən onu götürüb çalmağa
başladım. Özümdən
asılı olmayaraq bir hava qurtarmamış o birini
başlayırdım. Pəstən oxuyur,
şeirlər deyirdim. Xudu müəllim əlini
çənəsinə söykəyərək məftunluqla
qulaq asırdı. Sazı çiynimdən
çıxarıb yerə qoyanda soruşdu: “Zəlimxan, sən
saz haqqında poema yazmısan?” “Xudu müəllim,
poema yox, şeirlər yazmışam”. Dedi: “Mən
ictimai sifariş verirəm, saz haqqında əsər
yazmalısan. Bu, xalqın sifarişidir. Bəxtiyar
Vahabzadə ”Muğam" poemasını
yazandan sonra saz haqqında da yazmaq istəyirdi. Dedim, Bəxtiyar,
sən saz haqqında yazma, çünki onu bilmirsən. Saz haqqında da yazan tapılar. İndi mən
görürəm ki, saz haqqında əsərin müəllifini
tapmışam, o adam sənsən..."
Gəldim
Bakıya, Yasamalda yaşayırdım, gecəqonduda. Bir gün qapımız döyüldü. Çıxdım ki, Xudu müəllimdi,
üç nəfərlə gəlib. Keçdik
içəri, Xudu müəllim oturmamış soruşdu:
“Dediyimi yazmısanmı?” Elə bil yuxudan
ayıldım və özümü möhkəm
qınadım ki, bu böyüklükdə nəhəng
kişinin xalq, millət adından verdiyi
tapşırığı yerinə yetirməmişəm.
Xudu müəllimi yola salandan sonra saz havaları
yazılmış kasetləri maqnitafona qoyub takrar-təkrar
qulaq asdım. Bir də dəqiqləşdirmək istədim
ki, “Yanıq Kərəmi”, “Baş sarıtel”, “Dilqəmi” nə
deyir, “Ruhani”, “Mansırı”, “Sultanı” nədən
danışır...
Bir ay müddətində
“Saz” poemasını bitirdim. Xudu müəllimə zəng
vurub tapşırığını yerinə yetirdiyimi dedim. Məni təbrik etdi və əsəri birlikdə
oxumaq üçün Zeynal müəllimi də
götürüb görkəmli filosofumuz Camal Mustafayevin evinə
getdik. Zeynal müəllim qabağına
bir qalaq kağız qoydu ki, qeydlərini yazsın. Mən
poemanı fəsil-fəsil əzbərdən dedim. Fikir
verirdim, Zeynal müəllim bir qeyd belə yazmadı,
poemanı qurtarandan sonra durub alnımdan öpdü və
qabağına yığdığı kağızları
cırdı: “Mənin gücüm ancaq bu kağızları
cırmağa çatır...”
Poemanın xeyir-duasını alandan sonra onu Azərbaycan radiosuna verdim. O vaxt “Yazıçı” nəşriyyatında
işləyirdim. Poema radioda səslənən
günün səhəri məni Azərbaycan KP MK-nın
ideoloji katibi Həsən Həsənovun yanına
çağırdılar. Həsən müəllim
dedi: “Səni “Saz” poeması ilə bağlı
çağırmışam. Dünən
radioda dinlədim, çox xoşuma gəldi”. Dedim ki,
poemanı əzbər bilirəm, hansı hissəsini istəsəniz
deyə bilərəm. Dedi: “Yanıq Kərəmi” fəslini
söylə. Mən fəsli bitirəndə eynəyini
çıxarıb gözlərinin yaşını sildi.
Dedi, sən şah əsərini yaratmısan. Götürüb
Az.TV-yə zəng vurdu. Elşad Quliyev yerində
olmadı, müavini Fuad Tarverdiyevlə danışdı.
Fuad müəllim dedi ki, “Saz” poemasını
yazdırmışıq, ancaq operatorlar səhvən lenti
pozublar. Həsən müəllim tapşırıq verdi ki, Zəlimxanın iştirakı ilə
poemanı bir də yazın və onu radionun “Qızıl
Fond”una daxil edin. Poema Rasim Balayevin , Səməndər Rzayevin,
Məhluqə Sadıqovanın və Mikayıl Mirzənin
iştirakı ilə təkrar yazıldı və
“Qızıl Fond”a daxil edildi.
-Ata-ananıza həsr etdiyiniz şeirlərdə sizə bəslənilən
ümidlərdən çox yazmısınız. Necə
bilirsiniz, həmin ümidləri doğrulda bilmisinizmi?
-Mən uşaq yaşlarımdan boynuma
ağır yük düşdüyünü
anlayırdım. Açıq deməsəm də
ürəyimdə müəllim atama, evdar anama söz verdim
ki, sizin ümidlərinizi mütləq doğruldacam. Mənim
əsas ümidim, güvənc yerim də söz idi, ədəbiyyat
idi, Aşıq Ələsgər, Səməd Vurğun idi... Şükür Allaha ki, indi mən sənin
qarşında Xalq şairi kimi əyləşmişəm.
Ona görə də bu fikirdəyəm ki,
ata-anamın ümidlərini doğrultmuşam. Bu gün 65 yaşlı Zəlimxan Yaqub vəd verdiklərinin
hamısını yerinə yetirib.
Təklikdə olanda ən çox təbiəti fikirləşirəm. Mən bulaq vurğunuyam,
bulaq ölüsüyəm.
O dibində daşları
sananan duru bulaqlar, ümumən təbiət haqqında, yolu, cığırı,
izi, göy otu, çiçəyi, qayası, mamırı barədə fikirləşirəm.
Özümü onda günahlandırıram
ki, daha çox işlər görə bilərdim.
Ondan qürur hissi keçirirəm ki, mən bu gün
xalqın sevdiyi şairlərdən, söz
adamlarından biriyəm.
Bunun üçün
mənə doğru yol göstərən müəllimlərimə - Bəxtiyar
Vahabzadəyə, Hüseyn
Arifə, Xəlil Rzaya, Məmməd Araza, Söhrab Tahirə və Nəriman Həsənzadəyə
minnətdaram. Adlarını çəkdiyim bu gözəl şairlərimizin
əsərlərini dərindən
öyrəndim, onların
yaradıcılıqlarına vuruldum və onları sevə-sevə özüm də sevildim, ümumxalq sevgisi, məhəbbəti
qazandım. Mənə
elə gəlir ki, şair üçün,
hər bir yaradıcı adam
üçün bundan
böyük xoşbəxtlik
yoxdur.
Əlipənah BAYRAMOV
Xalq qəzeti.-
2015.- 1 mart.- S.7.