Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı
Ermənilərin
iftira və təxribatları
(əvvəli ötən sayımızda)
Erməni
təbliğatı o qədər ifrata varır ki,
özünün milli zəmində baş vermiş
soyqırımı hesab etdiyi Sumqayıt hadisələrinin əsl
mahiyyətinin guya Moskva tərəfindən Azərbaycanın
xeyrinə cidd-cəhdlə ört-basdır olunduğunu iddia
edir. Əslində, bu, diqqəti sovet rəhbərliyinin siyasətindəki
aşkar ermənipərəst xarakterdən yayındırmaq cəhdidir.
Ermənilərin
yazdığını görə, Sumqayıt hadisələri
zamanı Kremlin elçiləri Georgi Razumovski ilə Pyotr
Demiçev Bakıdaymış və faciədən xəbərləri
olsa da, heç bir ölçü götürməyiblər.
O vaxtlar xalça muzeyində bələdçi işləmiş,
sonradan Moskvaya köçmüş erməni Elmira Arzumanova deyirmiş ki, azərbaycanlılarla
erməniləri barışdırmağa gələn
Demiçev fevralın 28-i, bazar günü muzeyi ziyarət
edib. Demiçevin şərəfinə İçərişəhərdəki
Karvansarayda nahar da verilib. Həmin saatlarda Bakının 40 dəqiqəlik
məsafəsində yerləşən Sumqayıtda ermənilər
öldürülürmüş. -Bunlar hiyləgər paralellərdən
başqa bir şey deyil.
İsveçdə yaşayan erməni siyasi xadim və yazıçı Vaqe Avetyan özünün sensasion fikirlərilə soydaşlarının iç üzünü ortaya qoyub. Sumqayıt hadisələrinin ildönümü ərəfəsində o bildirib ki, həmin dövrdə yaşanan hadisələri azərbaycanlılar deyil, SSRİ rəhbərliyi ermənilərin köməyilə həyata keçirib. “25 il bundan əvvəl ermənilər Qarabağı qonşularından alıb dünyaya göstərmək istədilər ki, necə ağıllı, qədim keçmişə malik xalqdırlar. Eləcə də demək istədilər ki, azərbaycanlılar necə pis xalqdır”, -deyə erməni yazıçı bəyan edib. Ermənilərin qəsbkarlıq planları ilə bağlı onun fikirləri mütəmadi olaraq mətbuatda dərc edilir.
Ermənistanın hakim Respublika Partiyasının qurucularından olan Avetyan hesab edir ki, o zamankı SSRİ rəhbərliyinin məqsədi xalqlar arasında qarşıdurma yaratmaq idi. Bu məqsədlə də Sumqayıtda yaşayan ermənilərin əli ilə şəhərdə qarşıdurma yaratdılar.
Qeyd edək ki, Sumqayıtda baş vermiş hadisələr nə qədər təhrif olunsa da, əsl həqiqət sonradan üzə çıxdı. Avetyanın timsalında ermənilərin öz açıqlamaları isə onların iç üzünü ortaya çıxarır.
Hələ
o vaxtlar Yerevanda nəşr olunan “Sumqayıt... Genosid... Aşkarlıq” kitabı başdan-başa böhtan və
iftira toplusu idi. Kitabda şişirdilmiş
rəqəmlərlə, uydurma faktlarla dünya ictimaiyyətini
çaşdırmağa çalışılır, faktlar
qəsdən təhrif edilirdi. Yalan təbliğat
maşını bu yolda nə qədər canfəşanlıq
göstərsə də, böhtanlara üstünlük versə
də, əsl həqiqətlər hər şeyi üzə
çıxartdı.
O
dövrdə, 1988-ci il
martın 30-da “İzvestiya” qəzeti belə bir sərlövhə
ilə yazı dərc etmişdi: “Sumqayıt: istintaqa şayiələr
mane olur”. Hadisələrdə guya min nəfərin
öldürülməsi və s. barədə xəbərlər
o həddə çatmışdı ki, hamı buna
inanırdı. Nəzərə alaq ki, o zaman
SSRİ-nin əsas mətbu orqanlarına nəzarət ermənilərin
və onların havadarlarının əlində idi. Əsl həqiqəti isə istintaqın nəticələri
ortaya qoydu. Bəlli oldu ki, Sumqayıt
iğtişaşlarında müxtəlif millətlərdən
olan 32 adam həyatını itirib.
Ermənistan rəhbərləri və xaricdəki erməni
icması Sumqayıt hadisələrindən məqsədləri
üçün gərəkli bir kart kimi istifadə edir, azərbaycanlıları
qaniçən bir millət obrazında dünya ictimaiyyətinə
təqdim etmək istəyirdilər.
Sumqayıt hadisələri təhlil olunarkən onlar elə
hey dəridən-qabıqdan çıxırdılar. Hətta
qatı millətçi yazarlar Sero Xanzadyan, Zori Balayan və
Silva Kaputikyan hadisələrin sabahı günü Moskvada
M.Qorbaçovla görüşmək imkanı əldə
etmişdilər. Elə bu
görüşlərin nəticəsi olaraq Azərbaycanda
kütləvi həbslər başlandı. 400-dən
çox adam həbsxanalara atıldı. Günahsızlar işgəncələrə, təqiblərə
məruz qaldılar.
Azərbaycan
haqqında mənfi imic yaradan erməni ideoloqları az qala bir-biri ilə yarışırdı. Onlar xaricdə nəşr olunan kütləvi
informasiya vasitələrində bir ucdan azərbaycanlıların
ünvanına yalan və böhtanlar
yağdırırdılar.
Heç
bir arqumentə söykənməyən həyasız
iddialardan biri belə idi ki, guya hadisələrə bir
neçə gün qalmış Azərbaycanın hər tərəfindən
və Ermənistanın bir sıra rayonundan (Qafan, Masis və
b.) “toy” adı ilə talanlarda iştirak
etmək üçün gənc azərbaycanlılar Sumqayıta
dəvət olunubmuş. Ağdamdan, Füzulidən, digər
şəhərlərdən avtobuslar, həmçinin
Qafan-Sumqayıt reysi ilə xüsusi qatar
(!?) şütüyürmüş. Üçvaqonlu həmin
qatar “texniki səbəblərə görə”
Bakıda dayanmadan düz Sumqayıta
sürülübmüş. Orada isə şayiələr
yayılıbmış ki, Ermənistanda və Qarabağda azərbaycanlıları
öldürür, zorakılığa məruz qoyurlar... Lenin
meydanındakı mitinqdə Qafan
“qaçqınları”nın, Sumqayıt şəhəri və respublika rəhbərlərinin “izahat məlumatı”ndan
sonra isə A.Q.Mehdiyev, Ə.İ.Əhmədov və
başqaları şəhərin müxtəlif massivlərində
çoxsaylı qruplar yaradaraq talanlara başlayıblar.
Ermənilərin belə yalan “inşa”ları
saysız-hesabsızdır.
Sovqatların
gətirdiyi ruh yüksəkliyi
...Ölkədə
belə bir söhbət gəzirdi ki, Mixail Qorbaçov və
xanımı Raisa Qorbaçova ermənilərdən
çoxlu sovqat və rüşvət aldıqları
üçün muxtar vilayət onlara peşkəş ediləcək.
Burada “od olmasa, tüstü çıxmaz”
sözləri yada düşür. Təsadüfi deyil
ki, SSRİ vaxtında Baş prokurorun müavini işləmiş,
sonra RF Dumasının üzvü, Hüquq komitəsinin sədri
olmuş Viktor İlyuxinin sumqayıtlı çəkiliş
qrupuna müsahibəsində
dediyinə görə, 1987-ci ilin dekabrında
Qorbaçov ABŞ-da olarkən erməni elitası onu əməlli-başlı
ələ almışdır. Amerikadakı erməni
icması Raisa Qorbaçovaya çox qiymətli rəsm əsərləri
və XVII əsr rus əlyazmaları kitabını, bundan əlavə,
brilyantla bəzədilmiş qolbağ da hədiyyə
etmişdir.
Bu
parça Parisdə çıxan “Humanite” qəzetinin 18 noyabr
1987-ci il tarixli nömrəsində dərc ediləndən dərhal
sonra Azərbaycanı
etiraz dalğası, Ermənistanı
isə milli ədavət və türkləri deportasiya meylləri
bürüdü. İşi-peşəsi nifrət
toxumu əkib fəlakət biçmək olan ermənilərin
bədnam “Qarabağ Komitəsi” və “Krunk” cəmiyyəti
tezliklə açıq fəaliyyətə başladılar.
Ermənistanda yaşayan azərbaycanlılara hədə-qorxu
gəlir, onları təhqir edir, mal-qara və əmlaklarını
əllərindən alır, dədə-baba yurdlarından
qovurdular. 1988-ci il fevralın 22-də
Əsgəranda iki ağdamlı gənc düşmən
gülləsinin qurbanı oldu: ilk qan töküldü. Masis və Qafan rayonlarında vəziyyət daha da gərginləşdi,
ilk qaçqınlar axını Azərbaycana üz tutdu.
Növbəti hadisələri çox gözləmək
lazım gəlmədi.
Qəribədir ki, həmin günlər Sumqayıt şəhərinin
rəhbərliyi məzuniyyətə
çıxarılmış, milis rəisi işdən azad
edilmiş, DTK şəhər şöbəsinin rəisi isə
başqa işə keçirilmişdi. Şəhəri
sanki bilərəkdən başsız qoymuşdular.
Hadisələrdə iştirak etmiş Nəcəfov
soyadlı bir gənc istintaqa bildirmişdi ki, “Qriqoryan tərəfindən
təşkil olunmuş dəstə Emma adlı erməni
qadının evinə soxuldu, dərhal onu lüt soyundurdular və
Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə
çıxarmağı təklif etdi, sonra onun iştirakı
ilə Emma vəhşicəsinə öldürüldü”.
İstintaq materiallarının başqa bir yerində
göstərilir ki, “E.Qriqoryan öz dəstəsi ilə 1-ci
mikrorayonda M.Petrosyanın mənzilinə daxil olub, müqavimət
göstərmək istəyən mənzil sahibinə
başından zərbə endirərək halsız vəziyyətə
salıb”. E.Qriqoryan Sumqayıt hadisələri zamanı 6 ermənini
şəxsən özü öldürüb, 8 erməni
qadınını zorlayıb. Bu cür
faktlar çoxdur. Erməni təşkilatları
bu cür cinayətlər törətmiş E.Qriqoryanı
ağır cəzadan qurtara bildilər.
Vladimir
Çernovun “Oqonyok” jurnalı üçün
hazırladığı “Qarabağ məsələsi” məqaləsində
ona müsahibə verən ağac emalı zavodunun dəzgahçısı
J.Manasyanın bu fikirləri də yer alıb:
“Martın 5-də biz kommunistləri şəhər
(Sumqayıt. Ə.N.) partiya
komitəsinə topladılar və orada general-leytenant Krayev
dedi ki, yarımlitrlik şüşələrdə dörd
ton benzin paylanıbmış. Səkkiz min şüşə!
Təkcə onları doldurmağa nə qədər
vaxt lazımdır, qalsın ki, paylamağa...” - Bu etiraf hadisələrin
yüksək səviyyədə təşkil edilməsinə
daha bir sübutdur.
Üç gün ərzində şəhərdə
sabitliyi bərpa etmək naminə heç bir tədbir
görməyən hakimiyyət dairələri yalnız
dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə
vəziyyət elan etdilər. Bundan sonra komendant
saatı və pasport rejiminin heç bir mənası yox
idi.Amma, görünür, bu, Moskvadan göndərilmiş
istintaq qrupunun rahat işləməsi üçün
lazım imiş. Hadisələrə görə minə
yaxın adam şübhəli şəxs
qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər
mühakimə edildi. Dəstə başçısı Eduard
Qriqoryana 12 il, dəstə üzvü Taleh
İsmayılova isə 15 il həbs cəzası verildi. Əhməd Əhmədov erməni lobbisinin
hay-küyü ilə güllələndi.
Qriqoryanın arxasında dayanan qüvvələr onu hər
vasitə ilə cəzadan qurtarmağa
çalışırdılar.Təşkilatçılar
istintaqın gedişində həqiqətin
yayındırılmasına çalışır,
Paşanın əməllərini gizlədir, kimisə
başçı kimi qələmə verirdilər. Çox
çəkmədi ki, Sumqayıtda həbs edilib cinayət məsuliyyətinə
cəlb edilən Paşa erməni lobbisinin və Moskvadakı
havadarların köməkliyi ilə Azərbaycandan
alınıb Stavropol diyarına göndərildi. Onu müdafiə edən erməni kütləvi
informasiya vasitələri Qriqoryanın yanlış
tutulduğunu yazırdı. İstintaq
materialları onun qatı cinayətkar olduğunu sübuta
yetirsə də, sonradan cəzası 9 ilə endirildi.
Mərhum
akademik Ziya Bünyadovun “Elm” qəzetinin 13 may 1989-cu il tarixli
nömrəsində dərc etdirdiyi “Nə üçün
Sumqayıt?” məqaləsində
erməni daşnaklarının tarix boyu eyni ssenari üzrə
türklərə qarşı törətdikləri
alçaq əməlləri təkzibedilməz faktlarla
oxuculara çatdırmış, A.Hovanesyanın Yerevanda
çıxan “Kommunist” qəzetindəki “Suayrıcı” məqaləsinə
tutarlı cavab vermişdir. O yazırdı ki, “Qarabağ komitəsi”nin Sumqayıtda yaşayan üzvləri hadisələrdən
bir qədər əvvəl əmanət kassalarında olan
pullarını kütləvi surətdə
çıxarmağa başlayıblar. Mindən yuxarı erməni
dekabr-fevral aylarında 8 milyon 343 min 691 rubl pul götürərək
Sumqayıtı tərk edib. Bu, bir daha sübut
edir ki, Sumqayıt olayları qabaqcadan
düşünülmüş, planlı bir aksiya idi.
Daha sonra məqalədə cinayəti törətməkdən
ötrü nə üçün məhz Sumqayıtın
seçilməsinə aydınlıq gətirilir. Bizim də
bildiyimizə görə, o zaman 260 min əhalisi olan
Sumqayıtda yaşayanların əksəriyyəti gənclər
idi. Onlar əsasən rayonlardan
axışıb gəlmişdilər və valideyn nəzarətindən
uzaq idilər. Məhz belə gəncləri
ələ almaq asan olardı. İcbari iş
almış 20 min dustaq da burada yerləşdirilmişdi. Cinayət üçün münbit şəraiti
olan bu şəhərdə bir qığılcım bəs
edirdi ki, aləm bir-birinə qarışsın.
...Talanlar
ərəfəsində İsveçdən Artaşes
Qabrielyan adlı bir erməni öz videokamerası ilə
Sumqayıta gələrək qabaqcadan
planlaşdırılmış hadisələri lentə almaq
üçün rahat mövqe seçmişdi. O, lentə
aldığı hadisələrə belə bir ad qoymuşdu:
“Bizi başkəsənlərdən xilas edin”. Həmin
film xarici ölkələrdə fəaliyyət göstərən
erməni mərkəzləri üçün nəzərdə
tutulmuşdu və dərhal 22 ölkədə ekranlara
çıxarıldı.
...Sumqayıtda “uğur”la icra edilən
erməni qırğınından vur-tut ikicə gün sonra
Stepanakertdə “Sumqayıt genosidi”nə abidə
ucaldılması planlı təxribatı onların özlərinin
törətməsini sübut edən aşkar faktdır. Axı, uşaq da bilir ki, iki günə abidə
düzəltmək və yerinə qoymaq mümkün deyil.
SSRİ DTK-sının himayə etdiyi qruplar şəhərin
müxtəlif yerlərində qətliamlar törədib. 26 erməninin
qətlə yetirilməsini məhz bu dəstələr həyata
keçirib. Şəhərə yeridilən
ordu hissələri isə bunları kənardan izlədikdən
sonra fevralın 29-da hadisələrə müdaxilə edib.
Nəticədə 6 azərbaycanlı PDM-lərin
altında qalaraq şəhid olub.
Martın 1-dən Sumqayıtda komendant saatı tətbiq
olundu. Azərbaycanın o zamankı rəhbərliyi
Sumqayıt hadisələrinin səbəblərini
araşdıran istintaq qrupunun ermənilərin xeyrinə
işləməsini təkcə susmaqla müşayiət etməyib,
ədalətsiz qərara imza atıblar.
Hadisələrin səbəbini araşdıran
keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən
ibarət istintaq qrupu baş verənləri
bütövlükdə azərbaycanlıların üzərinə
qoymaqla əsl həqiqəti ört-basdır edib. İstintaq
dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup
əlil, insulindən asılı yaşayan Elçin Gəncəliyev
Bayıl türməsində müəmmalı şəkildə
öldürülüb. Onun işinə məhkəmə
baxışı zamanı günahsızlığı üzə
çıxıb.
Ziyalı
ailədən olan Taleh İsmayılova isə 15 il iş kəsilib, cəzasını “siyasi məhbus”
kimi çəkmək üçün Tbilisiyə göndərilib,
bir ildən sonra meyiti gəlib.
Hadisələrdən sonra M.Qorbaçov demişdi ki,
Sumqayıt hadisələri bir qrup şəxsin
xuliqanlığı nəticəsində baş verib. Onun hadisəyə
belə münasibəti cinayət hadisəsinin
ört-basdır edilməsilə nəticələndi. Belə. Biz qaranlıq məqamlara nə qədər çox
aydınlıq gətirsək, ermənilərin şər və
böhtan üçün faktları bir o qədər azalar.
Günahsızlığı sübut eləmək
heç vaxt gec deyil.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-
2015.- 3 mart.- S.7.