Çevik və innovativ idarəetmə
üsulu Binəqədi
rayonunun müasirləşməsini
təmin edir
Tarixə çevrilmiş 2014-cü ilin yekunlarının ictimai mənafe baxımından qiymətləndirilməsi davamlı inkişafın dolğun mənzərəsini göz önündə canlandırır. Belə real mənzərə fonunda fəaliyyəti ilə ictimai etimad qazanan, xalqa layiqli xidmət amalını daim önə çəkən respublika rəhbərliyinin qarşıya qoyduğu vəzifələri gerçəkləşdirmək əzmi də özünü daha qabarıq göstərir. Bir daha təsdiqlənir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının layiqli davamçısı olan Prezident İlham Əliyev zamanın çağırışlarına adekvat olaraq daxili və xarici siyasətdə zəruri, davamlı, uğurlu qərarlar qəbul etməklə respublikamızın siyasi nüfuzunun və iqtisadi gücünün artmasına nail olmuşdur.
Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin də diqqət mərkəzində olan, insan amilinin yüksəlişinə xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycan eyni zamanda böyük tikinti meydanını xatırladır. “Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər” – deyən Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnir.
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası bir daha göstərir ki, uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, sosial həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi kimi respublikamız dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhranına qətiyyətlə sinə gərən dövlətləri sırasına yüksəlmişdir.
Son iki ildə Binəqədiyə on
bir səfər
Dünyada iqtisadi-maliyyə böhranının kəskinləşməsinə
baxmayaraq, 2014-cü ildə Azərbaycanın bütün
şəhər və rayonları inkişaf etmiş,
müasirləşməyə xidmət edən kompleks
islahatlar uğurla davam etdirilmişdir. Bakı şəhərinin
və ətraf qəsəbələrin problemlərinin həllini
önə çəkən məqsədyönlü və
ardıcıl tədbirlər sistemi paytaxtın qədim tarixi ənənələrə,
mədəni-mənəvi irsə malik rayonlarından olan Binəqədinin
da simasını əsaslı şəkildə dəyişmişdir.
2014-cü ili uğurla başa vurmuş
rayon hesabat dövründə əsaslı keyfiyyət dəyişikliyinə
məruz qalmış müasir sosial-mədəni infrastruktur
obyektləri, yaşıl libasa bürünmüş park və
meydanları ilə paytaxtımızın göz oxşayan məkanlarından
birinə çevrilmişdir.
Ötən
il rayonda iqtisadi, sosial-mədəni
inkişaf yönümündə həyata keçirilən tədbirlər
məqsədyönlü olmuş, hər bir sakinin firavan həyat
tərzinin təminatına xidmət etmişdir. Mövcud potensialın düzgün
reallaşdırılması, əmək ehtiyatlarının və
digər resursların sosial tərəqqi yönümündə
səfərbər olunması, eləcə də paytaxtın
inkişafını nəzərdə tutan mühüm
dövlət proqramlarının, fərman və sərəncamların
hədəflədiyi genişmiqyaslı tədbirlərin
yüksək əzm və bacarıqla həyata keçirilməsi
Binəqədi rayonunun hazırkı uğurlarını şərtləndirən
mühüm amillərdəndir.
Rayonun son illərdəki dinamik inkişafına təkan
verən ən mühüm amil, şübhəsiz, ölkə
başçısı İlham Əliyevin xüsusi diqqət
və qayğısı, rayona müntəzəm səfərlər
etməsi, görülən işlərə dəstək verməsidir. Xüsusi
vurğulamaq lazımdır ki, dövlət
başçısı 2013-cü ildə Binəqədiyə
4 dəfə, 2014-cü ildə isə 7 dəfə səfər
etmişdir.
2013-cü
il aprelin 22-də Prezident İlham Əliyev Biləcəri qəsəbəsindəki
mədəniyyət-istirahət parkının, iyulun 3-də
YAP Binəqədi rayon təşkilatının inzibati
binasının, Heydər Əliyev adına Mədəniyyət
və İstirahət Parkının və Binəqədi
RİH-in inzibati binasının, avqustun 30-da əsaslı təmirdən
çıxmış 135 və 248 saylı tam orta məktəblərin,
sentyabrın 30-da Azərbaycan Respublikası Baş Prokuroru
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
yeni inzibati binasının açılış mərasimlərində
iştirak etmiş, görülən işləri yüksək
dəyərləndirmiş, zəruri tövsiyə və tapşırıqlarını
vermişdir. Ölkə
başçısının “Binəqədi rayonunun Xocasən
və Biləcəri qəsəbələri ərazisində
yolların inkişafına 2 milyon manat ayrılması barədə”
22 aprel 2013-cü il tarixli sərəncam da
həmin qəsəbələrdə yolların əsaslı
təmiri və bərpasına imkan vermişdir. Yenidən
qurulmuş qəsəbədaxili avtomobil yollarının
uzunluğu 5,7 kilometr olmuşdur.
Dövlət başçısı 2014-cü ildə də
Binəqədi rayonuna səfərlərini davam etdirmişdir. Prezident İlham Əliyev
avqustun 11-də rayonda 115 saylı, sentyabrın 13-də isə
182 saylı tam orta məktəblərin yeni binalarının
açılışında iştirak etmiş, rəmzi
açılışı bildirən lenti kəsmiş,
görülən işləri yüksək dəyərləndirmişdir.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva
2014-cü il oktyabr ayının 22-də
Stend Atıcılığı İdman Kompleksində həyata
keçirilən tikinti işlərinin gedişi ilə
tanış olmuşlar. İlk Avropa Oyunları ərəfəsində
paytaxtda idman infrastrukturunun daha da gücləndirilməsi ilə
bağlı həyata keçirilən tədbirlərin
mühüm tərkib hissəsi olan Stend
Atıcılığı İdman Kompleksində hazırda
işlər sürətlə və yüksək keyfiyyətlə
davam etdirilir. Dövlət başçısı ötən
il rayon ərazisindəki Heydər Məscidinin
inşaat işlərini xüsusilə diqqət mərkəzində
saxlamışdır. Dekabrın 24-də Binəqədi
rayonunda olan dövlət başçısı burada həyata
keçirilən son tamamlama işləri ilə yaxından tanış olmuşdur. Dekabrın
26-da isə cənab İlham Əliyev və xanımı
Mehriban Əliyeva Bakıda Heydər Məscidinin
açılışında iştirak etmişlər.
Uğurlu inkişafdan xəbər verən
statistika
Hər bir uğuru şərtləndirən mühüm
amillərdən biri də müasir və novator idarəçilik
üslubu, habelə innovasiyalara meyilli çevik və işlək
komandanın mövcudluğudur. Bu baxımdan rayonun son
3 ildə tamamilə yeni inkişaf mərhələsinə qədəm
qoyması, ilk növbədə, yeni rəhbərliyin təşəbbüskarlığı,
yeniliyə meyilliliyi ilə bağlıdır. Hələ sovetlər birliyi dövründə
Bakının ən iri sənaye mərkəzlərindən
biri kimi tanınan, neft-qaz mədənləri ilə məşhur
olan rayon son illərə qədər ciddi problemlərlə
üzləşmişdi. Cəmi 3 il əvvəllə
müqayisədə Binəqədi tanınmaz dərəcədə
müasirləşib desək, hansısa mübaliğəyə
yol vermərik.
Ölkə başçısının fərman və
sərəncamlarını, tapşırıqlarını rəhbər
tutan rayon rəhbərliyi 2014-cü ildə respublika əhəmiyyətli
bir sıra mühüm layihələri uğurla həyata
keçirmiş, bütün sahələrdə yüksək
makroiqtisadi göstəricilərə imza atmışdır. Konkret statistik
rəqəmlər rayonun dinamik inkişafı ilə
bağlı daha dolğun mənzərə yaradır. Amma o da faktdır ki, real sosial-iqtisadi inkişaf əsla
quru, cansız rəqəmlərdə deyil, binəqədililərin
gündəlik həyatında, məişətində, maddi
rifah halında əksini tapır. 2014-cü ildə sənaye
sahəsində 227 milyon 409 min manatlıq və ya əvvəlki
ildəkindən 12,4 faiz çox sənaye
məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Keçən il sənaye
müəssisələrində 6,763 nəfər işləmişdir
ki, bu da əvvəlki illə müqayisədə 15,7 faiz
çoxdur. Tikinti sektorunda il ərzində bütün maliyyə
mənbələri hesabına 48461,6 min
manat əsas fondlar istifadəyə verilmişdir.
Ötən il ərzində Binəqədi rayonunda iqtisadi-sosial
sahələrin inkişafı üçün maliyyə mənbələrindən
əsas kapitala 212 milyon 466 min manat məbləğində
investisiya yönəldilmiş, həmin vəsaitin 155 milyon 102
min manatı tikinti-quraşdırma işlərinə sərf
edilmişdir. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının
öz gücləri ilə yerinə yetirdikləri podrat
işlərinin həcmi isə 527 milyon 859 min manat olmuş, əvvəlki
illə müqayisədə 16,2 faiz artmışdır. Fəhlə
və qulluqçuların orta aylıq əməkhaqqı 471,6 manat təşkil etmişdir.
Məşğulluq problemi həllini
tapır
Azərbaycan iqtisadiyyatının inkişaf
konsepsiyasının mühüm tərkib hissəsi olan sosial
siyasət ulu öndərin layiqli davamçısı olan cənab
İlham Əliyev tərəfindən dövrün tələblərinə
cavab verən şəkildə həm forma, həm də məzmun
etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət
mərhələsinə daxil olmuşdur. Son bir neçə ildə
Azərbaycanın ümumi daxili məhsulun artım tempinə
görə dünya dövlətlərinin reytinq cədvəlinə
başçılıq etməsi, yoxsulluğun
azaldılması, regional və konkret sahəvi inkişafın
təmin edilməsi istiqamətində qəbul olunan
çoxsaylı dövlət proqramları, aparılan iqtisadi
islahatlar ötən illərlə müqayisədə əhalinin
maddi rifah halının və yaşayış, eləcə də
məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə
yüksəldilməsinə imkan vermişdir.
Uğurla
gerçəkləşdirilən məşğulluq
strategiyasının nəticəsi olaraq ötən il rayonda da işsizlik probleminin həlli istiqamətində
bir sıra tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə işçilərin orta sayı
45,387 nəfər olmuş, əvvəlki illə müqayisədə
3,3 faiz artmışdır.
2014-cü
ildə rayonda daimi olmaqla 5,620 yeni iş yeri
açılmışdır. İşlə təmin
olunmaq məqsədilə 1,678 nəfər vətəndaş
müraciət etmiş, onlardan 1,214 nəfəri işaxtaran
kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınan
işaxtaranların 638 nəfəri, o cümlədən 195 nəfər
qadın müxtəlif sahələrdə daimi işlə təmin
edilmiş, 128 nəfər müxtəlif peşə
kurslarına cəlb olunmuşdur. İşsizlik müavinəti
başa çatmış vətəndaşlardan 12 nəfər
rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin göndərişi
ilə işlə təmin olunmuş, 166 nəfərə
işsizlik statusu verilmiş, 176 nəfərə işsizlik
müavinəti təyin olunmuşdur.
Əhalinin sosial təminatının
yaxşılaşdırılması məqsədilə
2014-cü ildə 2,814 ailəyə və ya 11,356 nəfər
ailə üzvünə ünvanlı sosial yardım təyin
edilmişdir.
Hazırda 4,254 nəfər, o cümlədən, 275 nəfər
yaşa görə, 3543 nəfər əlilliyə görə,
436 nəfər ailə başçısının itirilməsinə
görə təqaüd alır. Adıçəkilən Mərkəz tərəfindən
253 nəfər tək ahıl vətəndaşa və əlilə
xidmət göstərilir və həmin xidmət sektorunda 34 nəfər
sosial işçi çalışır.
Özəl sektora xüsusi
qayğı var
Azərbaycan hökumətinin şaxələndirmə və
regional inkişaf tədbirlərini xüsusi diqqət mərkəzində
saxlaması makroiqtisadi sabitliyin təminatına xidmət edir. Regional
inkişafa, qeyri-neft sektorunun yüksəlişinə,
infrastrukturun müasirləşdirilməsinə, neft amilindən
asılılığın azaldılmasına, sahibkarlıq
mühitinin liberallaşdırılmasına yönəlmiş
islahatlar rayonda da əməli nəticələr verir. “Sənaye
ili” çərçivəsində ötən il rayonda yerli iqtisadiyyatın və
sahibkarlığın inkişaf etdirilməsi, əhalinin maddi
və sosial rifah halının
yaxşılaşdırılması, məşğulluğun
artırılması, əlverişli biznes mühitinin
yaradılması və investisiya cəlbediciliyinin
artırılması məqsədilə bir sıra işlər
görülmüşdür.
Rayon icra hakimiyyətinin dəstəyi ilə “Binəqədi
sahibkarları” İctimai Birliyi iyun ayının 27-də yerli
icra hakimiyyətləri arasında ilk dəfə olaraq rayonda fəaliyyət
göstərən müəssisələrin istehsal etdikləri
məhsulların sərgisini keçirmişdir. Sahibkarlığın
inkişafı sahəsində aparılan rasional siyasət
rayonun özəl sektoruna da töhfələrini verir. Hesabat dövründə rayon icra hakimiyyəti
Sahibkarlığa Kömək Milli Fondu ilə birgə Binəqədidə
potensial sahibkarlıq subyektlərini müəyyən etmiş
və onlara güzəştli şərtlərlə kreditlər
ayrılmışdır.
Ötən ilin 23 may və 23 avqust tarixlərində
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu ilə birgə “Sahibkarlığın
inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlər
keçirilmişdir. Hər iki tədbir çərçivəsində
sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli
istifadə edilməsi məqsədilə müzakirələr
aparılmışdır. Rayonun iqtisadi
potensialına uyğun olaraq, güzəştli kreditlər
hesabına maliyyələşdirilməsi nəzərdə
tutulan sahələrin - faraş tərəvəz məhsullarının
yetişdirilməsi üçün müasir istixana komplekslərinin,
ətlik istiqamətli quşçuluq təsərrüfatlarının,
kiçik həcmli ət kəsimi və emalı müəssisəsinin
yaradılması üzrə nümunəvi investisiya layihələrinin
təqdimatı keçirilmişdir.
Potensial
sahibkarlara kredit verilməsi məqsədilə Sahibkarlığa
Kömək Milli Fondu ilə birgə ötən dövr ərzində
keçirilmiş tədbirlər nəticəsində 43
sahibkarlıq subyektinə 6 milyon manat həcmində güzəştli
kredit verilmiş, bunun nəticəsində 120 yeni iş yeri
açılmışdır.
Dövlət Proqramı uğurla icra
olunur
Dövlət
başçısı İlham Əliyev son 11 ildə Azərbaycanın
bölgələri ilə yanaşı, paytaxt Bakının və
ətraf qəsəbələrin problemlərinin həllinə
böyük diqqət və həssaslıqla
yanaşmış, bu məqsədlə ayrı-ayrı illərdə
4 Dövlət Proqramı imzalamışdır. Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə
təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin
(2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı”, “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, nəhayət,
“2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı” paytaxtın digər rayonları kimi, Binəqədidə
də böyük infrastruktur layihələrinin həyata
keçirilməsinə imkan yaratmışdır.
İcrası davam etdirilən sonuncu proqramda rayon üzrə
40 tədbir nəzərdə tutulmuşdur. Təsnifat qruplarına
görə, təhsil sahəsi üzrə 15, səhiyyə
sahəsi üzrə 2, kommunal xidmətlər üzrə 4,
digər sosial sahələr üzrə 4, qəsəbədaxili
və məhəllədaxili yolların əsaslı təmiri
üzrə 1, sahibkarlığın inkişafı sahəsi
üzrə 4, fövqəladə hallar üzrə 9, rayon icra
hakimiyyətinə həvalə edilmiş abadlıq-quruculuq
sahəsi üzrə 1 bənd daxil edilmişdir. Ötən il
10 obyektin layihə sənədləşdirmə işləri
aparılmış, 157 saylı orta məktəbin, 10-a
yaxın idman meydançalarının, 7-ci mikrorayon
yaşayış massivində yanğından mühafizə
bölməsinin, rayonun müxtəlif ərazilərində
yanğına qarşı su hovuzlarının tikintisi
üçün sifarişçi təşkilatlarla
razılaşdırılmış təkliflər Bakı
Şəhər İcra Hakimiyyətinə göndərilmişdir.
Həmçinin, proqramın təhlükəsizlik
sahəsi üzrə rayonda tikiləcək obyektərin yerlərinin
müəyyənləşdirilməsi məqsədilə
Fövqəladə Hallar Nazirliyinə müvafiq təkliflər
verilmişdir.
İdman
və digər sosialyönümlü tədbirlərin həyata
keçirilməsi məqsədi ilə yeni Dövlət
Proqramı çərçivəsində Stend
Atıcılığı üzrə İdman Kompleksinin
sökülərək yenidən qurulması, dağ velosipedi
yarışları üçün veloparkın tikintisi
işləri davam etdirilmişdir.
“Təmiz Binəqədi” - uğur
layihəsi
Tarixdə
ilk dəfə bu ilin iyun ayında Bakıda keçirilməsi
planlaşdırılan I Avropa Olimpiya Oyunları ərəfəsində
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü
ilə 2014-cü il ilyulun 1-dən icrasına start verilmiş
“Təmiz Binəqədi” sosial
layihəsinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır.
Rayon icra hakimiyyəti başçısının təşəbbüsü
ilə reallaşdırılan layihənin məqsədi Avropa
Oyunlarına hazırlıq dövründə rayonun
memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə
və mikrorayonlarda, küçə və məhəllələrdə,
park və xiyabanlarda aparılan təmizlik və abadlıq
işlərini intensiv və mütəşəkkil formada
davam etdirmək, bu işlərə ictimaiyyəti və
geniş əhali kütləsini cəlb etməkdir.
Bundan başqa, layihədə prioritet istiqamətlərdən
biri də ekoloji durumun yaxşılaşdırılmasına
yönəlmiş tədbirlər həyata keçirmək və
Binəqədini ekoloji baxımdan təmiz rayona çevirməkdir. Ümumilikdə,
layihənin məqsədi insanlar arasında maarifləndirmə
işi aparmaqla, ictimai şüur səviyyəsini yüksəltməklə
abadlığı, səliqə-sahmanı təmin etməkdir.
Layihə üzrə rayonda abadlıq-quruculuq sahəsində
bir sıra mühüm işlər
görülmüşdür. Mərhələli
və planlı şəkildə həyata keçirilən
abadlıq-quruculuq işləri çərçivəsində
qəsəbələrarası və məhəllədaxili
yollarda, mərkəzi prospektlərdə, yaşayış
binalarının fasad və dam örtüklərində, park
və meydanlarda, həmçinin digər infrastruktur sahələrində
yenidənqurma və əsaslı təmir işləri
görülmüşdür.
Hazırda I Avropa Oyunlarına hazırlıqla əlaqədar
Ziya Bünyadov prospektinin Binəqədi rayonuna aid hissəsində
əsaslı yenidənqurma işləri aparılır. Bunun nəticəsidir
ki, bu gün Ziya Bünyadov prospektinin rayona aid hissəsində
yerləşən çoxmənzilli yaşayış
binaları müasir görkəm almışdır. Bununla yanaşı, prospektə yaxın küçələrdə,
habelə Atatürk prospektinin rayondan keçən hissəsində
genişmiqyaslı abadlıq-quruculuq işləri
görülür, ətrafdakı binalar müasir tələblərə
uyğun təmir edilir.
Ölkə başçısının müvafiq
tapşırığı ilə “Dərnəgül yolu” kimi
tanınan Ziya Bünyadov prospektinin yenidənqurulmasına
2011-ci ilin sonlarında başlanılmışdır. Yenidənqurma işlərinin
yaxın vaxtlarda tam
yekunlaşdırılması
planlaşdırılır. Prospekt boyunca 11
çoxmənzilli yaşayış binası müasir tələblərə
uyğun təmir edilmiş, binaların qarşısında ətrafa
yaraşıq verən yaşıllıqlar, parklar
salınmışdır.
Vətəndaş müraciətlərinə
həssas münasibət
Azərbaycan Prezidentinin icra strukturları
qarşısında ilk gündən müəyyənləşdirdiyi
mühüm tələblərdən biri də məhz vətəndaşların
qəbulu, onların ərizə və şikayətlərinə
ciddiliklə yanaşılması ilə bağlıdır. Rayon icra
hakimiyyəti fəaliyyətini bu tələblər çərçivəsində
quraraq vətəndaşların qəbulunun təşkili,
onların müraciətlərinə vaxtında
baxılmasına əməl olunması, icra aparatında
nizam-intizamın gücləndirilməsi, şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
sahəsində də zəruri tədbirlər görür.
Azərbaycan
Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il
tarixli sərəncamı ilə təsdiq edilmiş
“Açıq hökumət”in təşviqinə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı”nın icrası ilə əlaqədar olaraq rayon icra
hakimiyyəti başçısının mütəmadi
olaraq vətəndaşlarla birbaşa, o cümlədən
yerlərdə səyyar qəbulları təşkil
edilmişdir. Vətəndaşların
müraciətləri, irad və təklifləri diqqətlə
öyrənilərək müvafıq Tədbirlər
Planı təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək
icrası nəzarətdə saxlanılmışdır.
2014-cü
il ərzində rayon icra hakimiyyəti
başçısının iştirakı ilə 25-i
görüş və 7-si səyyar qəbul - “Açıq
qapı” olmaqla, ümumilikdə 32 görüş
keçirilmişdir. Həmin görüşlərdə
rayon icra hakimiyyətinin məsul işçiləri,
hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin
rəhbərlərinin iştirakı təmin edilmişdir.
Keçirilən görüşlərdə
ümumilikdə 3,863 nəfər vətəndaş iştirak
etmiş, 460 məsələ qaldırılmışdır.
Görüşlərdə sakinlər tərəfindən
qaldırılan irad və təkliflərin
protokollaşdırılaraq aidiyyəti üzrə Azərbaycan
Respublikasının Prezident Administrasiyasına
ötürülməsi təmin olunmuşdur. Bundan başqa, 24 Tədbirlər Planı tərtib
edilmiş, qaldırılan məsələlərlə əlaqədar
aidiyyəti qurumlara və cavabdeh şəxslərə
paylanmışdır.
Vətəndaşlar
tərəfindən qaldırılan 460 məsələnin
101-i yerində həll edilmiş, 263 məsələ Tədbirlər
Planına daxil edilmiş, 142 məsələ planda nəzərdə
tutulan müddətdə həllini tapmışdır. 12 məsələ ilə əlaqədar aidiyyəti
üzrə yuxarı instansiyalara müraciət olunmuş, 12 məsələ
ilə əlaqədar müvafiq izahat verilmiş, 10 məsələ
məqsədəmüvafiq hesab edilməmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, rayon icra hakimiyyətində
2013-cü ilin aprelindən fəaliyyət göstərən
“Sakinlərin Müraciəti Xidməti - 1646” (SMX) da sakinlərin
ciddi inam və etimadını qazanmışdır. Xatırladaq
ki, “SMX-1646” vətəndaşlarla operativ ünsiyyətin
yaradılması, rayon icra hakimiyyətinə gəlmədən
və yazılı müraciət etmədən onları
narahat edən problemlərin icra hakimiyyətinə
çatdırılması baxımından faydalı, mütərəqqi
və əvəzsiz xidmət növüdür. Xidmət bütün müasir avadanlıqlarla və
sürətli kommunikasiya sistemi ilə təchiz edilməklə
24 saat fasiləsiz fəaliyyət göstərir. Bütün bu imkanlar rayon icra hakimiyyəti tərəfindən
vətəndaşlara göstərilən xidmətlərin hər
bir vətəndaş üçün əlçatan
olmasını təmin etmək məqsədini
daşıyır. Bir sözlə, yerli
icra hakimiyyətləri arasında ilk dəfə Binəqədi
Rayon İcra Hakimiyyətində təşkil edilmiş bu xidmətin
sayəsində vətəndaşlar heç bir yerə getmədən,
sadəcə bir zənglə üzləşdikləri problemləri
operativ şəkildə həll edə bilirlər.
Aparılan təhlillər göstərir ki, “SMX-1646"
sayəsində yuxarı orqanlara edilən şikayət və
müraciətlərin sayı yarıbayarı
azalmışdır. Qurum fəaliyyətə
başladığı gündən rayon ərazisində
yaşayan əhaliyə yüksək keyfiyyətli xidmətlər
göstərməyi qarşısına məqsəd
qoymuşdur. Hətta digər rayonlardan da
sakinlərin bu xidmətə müraciət etməsi
hallarına rast gəlinir. Bu da qurumun əhali
arasında olan yüksək nüfuzundan xəbər verir.
Binəqədi rayonunun seçicilərini Milli Məclisdə
təmsil edən deputat kimi demək istərdim ki, bu gün
rayon rəhbərliyinin təşəbbüsü ilə həyata
keçirilən layihələr, ilk növbədə,
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ən
mühüm vəzifənin reallaşdırılmasına -
insan amilinin yüksəlişinə xidmət edir.
Son 3 illik müşahidələrimiz göstərir ki,
rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti
düzgün dəyərləndirməklə, fəaliyyətində
hər bir sakinin mənafeyini nəzərə almağa, uzun
illərdən bəri yığılıb qalmış
problemlərin həllinə çalışır. Əlbəttə,
rayonda uğurlarla yanaşı, müəyyən problemlər
də mövcuddur və bunu Binəqədi RİH rəhbərliyi
səmimi etiraf edir. Başlıcası
budur ki, ölkə başçısının xüsusi diqqət
və qayğısını hiss edən rayon rəhbərliyi
mövcud problemlərin həlli istiqamətində fəaliyyət
göstərir, rayonun bütün potensialını bu işə
səfərbər edir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.-
2015.- 3 mart.- S.4.