Sabirabadda yeni hünər
dastanları
yazılır...
Sabirabad
rayonu barədə hansı müsbət epitetləri
işlətsən yerinə düşməz ki? Bu rayona
“ölkənin ən böyük rayonlarından biridir” deyəndə,
düzünü demiş olursan, “sabirabadlılar ən
istiqanlı və ən çalışqan insanlar
sırasındadır” bənzətməsi də həqiqəti
ifadə etmək baxımından
lap yerinə düşür və mübaliğədən
tamamilə kənardır.
Sabirabad
camaatı həmişə işlə, əməklə
bağlı olub, çörəyini alın təri ilə
qazanıb. Heç vaxt heç bir çətinlikdən
qorxub çəkinməyib. Məhz bu fədakarlığın
nəticəsidir ki, bu gün Sabirabadda yeni abadlıq-quruculuq mərhələsi
başlayıb, yeni hünər dastanları yazılır.
Yola saldığımız 2014-cü il də bu baxımdan əlamətdar
olmuşdur...
Prezident İlham Əliyev:
Burada çox böyük işlər
görülür...
2014-cü
ilin ən yaddaqalan və əlamətdar hadisəsi
hansıdır sualına
sabirabadlılar bir ağızdan “heç
şübşəsiz, Prezident İlham Əliyevin rayona
növbəti səfəri” deyə cavab verirlər. Qeyd etmək lazımdır ki,
dövlət başçısının rayona ötənilki
səfəri doğrudan da,
onlarda xoş ovqat yaratmışdır. Ölkə rəhbəri dekabrın 15 və 16-da rayonda olarkən
12 yaşayış məntəqəsini birləşdirən
46 kilometrlik Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun, Heydər Əliyev
fondunun dəstəyi ilə inşa olunmuş 100 yerlik uşaq
bağcasının, regional “ASAN xidmət”i üçün 4
mərtəbəli möhtəşəm binanın, şəhərə
çəkilən içməli suyun açılış
mərasimlərində, ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə tikilmiş Mədəniyyət evinin əsaslı təmirdən
sonra təqdimatında iştirak etmişdir.Yeri gəlmişkən,
ASAN Könüllülərinin birinci ümumrespublika forumu da
ölkə başçısının rəhbərliyi ilə
Sabirabadda keçirilmişdir.
Sabirabadlılarla
görüşündə dövlət
başçısı demişdir: “Burada çox böyük
işlər görülür... Çox şadam ki, rayonda
işlər yaxşı gedir. Çalışacağam ki,
bundan sonra da Sabirabad rayonunun inkişafı üçün
öz dəstəyimi verim”.
Danışan rəqəmlər
2014-cü
ildə Sabirabad rayonunda 300 milyon 837 min manatlıq məhsul
istehsal olunmuş, əsas kapitala yönəldilən
investisiyaların həcmi 47 milyon 886 min manatı
ötmüş, 35 milyon 645 min manatlıq
tikinti-quraşdırma işləri aparılmış, 6
milyon 390 min manatlıq sənaye məhsulu, 182 milyon 953 min
manatlıq kənd təsərrüfatı məhsulları
istehsal edilmişdir. 477 min manatlıq rabitə, 40 milyon 223 min
manatlıq pullu xidmət, 4 milyon
441 min manatlıq nəqliyyat xidməti, 6 milyon 529 min
manatlıq iaşə xidməti göstərilmişdir. Pərakəndə
əmtəə dövriyyəsi 189 milyon 976 min manata
çatmışdır. 2013-cü illə müqayisədə
2014-cü ildə sənaye məhsulu 20,8, kənd təsərrüfatı
məhsulu 9,4 faiz artmış, rabitə, pullu xidmətlər,
parakəndə əmtəə dövriyyəsi əvvəlki
ildən çox olmuşdur. Adambaşına düşən
pul gəlirləri, orta aylıq əmək haqqı əvvəlki
ilə nisbətən artmışdır.
Görülən iş göz
oxşayır
Rayonda
abadlıq-quruculuq işləri davam etdirilir. Şəhərdə
üç beşmərtəbəli, iki üçmərtəbəli,
bir ikimərtəbəli yaşayış binasının
fasadı üzlük plitələrlə üzlənmiş,
plastik pəncərələr quraşdırılmış,
dam örtükləri dəyişdirilmişdir. Şəhid
ailələri və Qarabağ
müharibəsi əlilləri üçün inşa
edilmiş ikimərtəbəli binanın dam örtüyü
əsaslı təmir olunmuş, Kürkəndi kəndi istiqamətində
abadlıq işləri aparılmaqla müasir işıq dirəkləri
quraşdırılmış, piyada səkilərə
üzlük material döşənərək bardür
düzülmüşdür. Bir küçəyə asfalt
döşənmiş, səki salınmış, hasarlar
suvanaraq rənglənmiş, işıqlandırma sistemi
quraşdırılmaqla yeni dirəklər
basdırılmış, qaz xətti dəyişdirilmiş,
hava rabitə verilişi xətləri yeraltı kabellərlə
əvəz olunmuşdur. Şəhərin görkəminə
xələl gətirən yararsız ticarət və digər
obyektlər qaydaya salınmışdır. Nizami kəndində
istirahət parkı salınmış, ticarət və digər
obyektlər təmir olunmuş, piyadalar üçün səki
çəkilmiş, bir sıra
evlərin dam örtükləri dəyişdirilmişdir.
Sahibkarlıq və yeni iş yerləri
Ötən
il rayonda 75 müəssisə fəaliyyətə
başlamış, 924-ü daimi, 111-i müvəqqəti
olmaqla 1035 yeni iş yeri açılmışdır. Birinci
Dövlət Proqramının qəbul edildiyi vaxtdan 7681-i daimi
olmaqla 10778 yeni iş yeri yaradılmışdır. Yeni müəssisələrin
yaradılmasında, iş yerlərinin açılmasında
dövlətin verdiyi güzəştli kreditlər
mühüm rol oynayır. Ötən il 94 layihənin həyata
keçirilməsi üçün Sahibkarlığa Kömək
Milli Fondu 1 milyon 378 min 500 manat güzəştli kredit
ayırmış, nəticədə
225 yeni iş yeri açılmışdır.
Bu yollar səsləyir bizi
Prezident
İlham Əliyevin sərəncamına əsasən,
uzunluğu 46 kilometrlik Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli
avtomobil yolunun əsaslı təmiri tamamlanmış,
Şirvan-Həşimxanlı-Sabirabad avtomobil yolunun 10 kilometri əsaslı
təmir olunmuş, Hacıqabul-Bəhrəmtəpə-Horadiz
magistral avtomobil yolundan Əhmədabad kəndinə qədər
olan 6 kilometr yola asfalt döşənmişdir. Məlum
olduğu kimi, dövlət başçısı 20 min nəfərin
yaşadığı, 10 yaşayış məntəqəsini
birləşdirən, uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı
avtomobil yolunun tikintisi ilə bağlı da sərəncam
imzalamışdır. Yolun çəkilişi ilə əlaqədar
layihə smeta sənədləri hazırlandıqdan sonra cari
ildə işə başlanılacaqdır. Şəhriyar,
Axtaçı, Xəlfəli, Nərimankənd,
Yastıqobu, Əsədli, Qalağayın, Balakənd, Zəngənə
kəndlərinə də asfalt yol çəkilməsi ilə
uzun illərin intizarına son qoyulacaqdır.
Bundan
əlavə, ötən il rayon icra şakimiyyəti və Kənd
İnvestisiya Layihəsinin birgə əməkdaşlığı
çərçivəsində on iki kənddə 22 kilometrdən
çox kənd yolu çınqıl döşənməklə
cari təmir edilmişdir.
Dövlət dəstəyi məhsul
bolluğuna şərait yaradır
2014-cü
ildə 17853 kənd təsərrüfatı məhsulları
istehsalçısına 1 milyon 793 min manat, buğda əkmiş
4420 nəfərə 363,6 min manat yardım verilmişdir.
“Aqrolizinq” ASC-dən və digər bazalardan 50 faiz güzəştlə
635,2 min manatlıq mineral gübrə
alınmışdır.
Bunların nəticəsində 2013-cü ildə 167,1
milyon manat həcmində kənd təsərrüfatı məhsulları
istehsal edildiyi halda, 2014-cü ildə ümumi məhsul
istehsalı 15,8 milyon manat və ya 9 faiz artaraq 182,9 milyon manata
çatmışdır. Məhsulun
103 milyon manatı və ya 56 faizi heyvandarlıq, 79,9 milyon
manatı və ya 44 faizi bitkiçilik sahəsində istehsal
olunmuşdur. 57187 hektarda əkin
aparılmışdır ki, bu da əvvəlki illərdən
artıqdır. Əkin sahələrinin 23850 hektarında taxıl, 22409
hektarında yonca, 7427 hektarında bostan-tərəvəz, 1696
hektarında pambıq, 1291 hektarında kartof, 504 hektarında dənli-paxlalı
əkilmiş və məhsulu toplanmışdır. Həmin
sahələrdən 2014-cü ildə 2013-cü illə
müqayisədə 7 faiz çox- 84403 ton taxıl, 4 faiz
çox - 2170 ton dənli-paxlalı, 11 faiz çox- 15956 ton
kartof, 4 faiz çox- 112774 ton
bostan-tərəvəz, 6 faiz çox-16460 ton meyvə-giləmeyvə
və digər kənd təsərrüfatı məhsulları
istehsal edilmişdir. Keçən il nar istehsalı da xeyli
artaraq 10462 tona
çatmışdır. Ötən il 1910 kilometr uzunluqda su
kanalı və dren-kollektor şəbəkəsi lildən təmizlənmişdir.
Dövlət
başçısı İlham Əliyevin sərəncamı
ilə Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 18 milyon manat vəsait hesabına Sabirabad
Aqroservis filialına 22 müasir tipli taxılbiçən
kombayn ayrılmışdır ki, bu da taxıl biçini
dövründə əvvəllər mövcud olmuş çətinliyi
tam aradan qaldırmış və məhsul itkisi olmadan
biçin qısa müddətdə başa
çatmışdır. Təbii ki,
fermerlər dövlətin bu qayğısını
böyük razılıqla qarşılamışlar.
İşığın, suyun,
qazın varsa...
Elektrik
enerjisinin dəqiq uçotunun aparılması və enerji
verilişində fasilələrin yaranmasının
qarşısının alınması məqsədilə
Hacıbəbir, Axtaçı, Ulacalı
yarımstansiyalarında istismar müddətini başa
vurmuş transformatorlar yenisi ilə əvəz olunmuşdur.
Muğan Gəncəli, Qaraağac, Axtaçı Muğan və
Minbaşı kəndlərində istismara yararsız hava
verilişi xətləri, bir sıra kəndlərdə
yüksək gərginlikli elektrik xətlərinin dayaqları
dəyişdirilmişdir. Sıradan çıxmış 22
transformator təmir olunmuş, 1558 “Smart” kart tipli sayğac
quraşdırılmışdır. Hazırda 13846 abonent
“Smart” sayğaclarından istifadə edir. Şəhərdə dairəvi
sistem yaratmaq üçün müxtəlif diametrli borularla
1080 poqonometr əlavə qaz xətti çəkilmiş,
küçələrə müasir qaztənzimləyici
qurğular quraşdırılmışdır. Təbii qaz təchizatında
problemləri olan abonentlərin çətinliklərini aradan
qaldırmaq üçün qaz xətləri dəyişdirilmişdir.
2014-cü ildə Suqovuşan, Əhmədabad və Məmişlər
kəndlərinə təbii qaz verilmişdir. Görülən
işlər nəticəsində 1019 abonentə təbii qaz
verilmiş və abonentlərin sayı 13965-ə
çatmışdır.
İçməli
su ilə təminatı yaxşılaşdırmaq məqsədilə
Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə
su xətti çəkilmişdir.
Xatırladaq ki, əhalinin fasiləsiz içməli su
ilə təmin olunması üçün hər birinin tutumu
5 min kubmetr olan 2 su anbarının da tikintisi başa
çatmaq üzrədir.
Ötən
il Əsgərbəyli, Osmanlı, Rüstəmli, Qardaşkənd
və Çöl Ağammədli kəndlərində modul
tipli sudurulducu qurğular sakinlərin istifadəsinə verilmişdir.
Təhsilə maraq artır
Şübhəsiz
ki, orta məktəblərdə təhsilin əsas göstəricilərindən
biri məzunların ali məktəblərə
qəbul imtahanlarında qazandığı nəticələrdir.
Bu nəticələr, eyni zamanda, təhsilin keyfiyyəti barədə
də dəqiq təəssürat yaradır. Məlumat
üçün: 2014-cü ildə 272 məzun tələbə
adını qazanmış,
32-si 500-dən yuxarı, 10-u isə 600-dən çox
bal toplamışdır. İki məzun isə qızıl
medala layiq görülmüşdür.
Həmçinin
“ölkəmizi tanıyaq” devizi altında keçirilmiş
tur-aksiyada 42 sabirabadlı
şagird İsmayıllı, Şəki, Qəbələ
rayonları ilə yaxından tanış olmuşdur.
Son
iki ildə rayonun 14 məktəbində tikinti, əsaslı təmir
işləri aparılmış, Mirzə Ələkbər
Sabir adına 1 saylı, Eynulla Nadirov adına 8 saylı şəhər,
Nərimankənd və Yuxarı Axtaçı kənd tam orta
məktəb binaları tikilərək istifadəyə
verilmişdir. Nizami Gəncəvi adına 5 saylı, Hacı
Zeynalabdin Tağıyev adına 6 saylı şəhər tam
orta məktəb binaları əsaslı təmir olunmuş, əlavə
200 şagird yerlik 10 sinif otağı tikilmişdir.
Qaraağac, Kovlar, 1 saylı Qaragüney, Çöl Beşdəli
və Xəlfəli kənd tam orta məktəbləri də əsaslı
təmir edilmiş və lazımi inventar və
avadanlıqlarla təmin olunmuşdur.
Bundan başqa, Səməd Vurğun adına 3 saylı
şəhər və 2
saylı Cavad kənd tam orta məktəblərinin dam örtüyü dəyişdirilmiş,
fasad hissəsi təmir olunmuşdur.
Son illər rayonda uşaq bağçalarının
tikintisi də gücləndirilmiş, 2 saylı şəhər
uşaq bagçası əsaslı, 5 saylı şəhər
uşaq bagçası cari təmir olunmuş, təbii fəlakət
nəticəsində qəzalı vəziyyətə
düşmüş Qasımbəyli kənd uşaq
bagçası yenidən tikilmiş, Azadkənd kənd
uşaq bagçasının bir hissəsi əsaslı təmir
olunmuşdur. Uyğunlaşdırılmış binada yerləşən
3 saylı şəhər uşaq bağçası keçən
il Heydər Əliyev Fondunun dəstəyi ilə şəhər
mərkəzində tikilmiş 100 yerlik müasir uşaq
bağçasına köçürülmüşdür.
Dekabrın 15-də Sabirabada səfəri çərçivəsində
ölkə başçısı həmin uşaq
bağçasının açılışında
iştirak etmişdir.
Cansağlığı ən
gözəl nemətdir
Mərkəzi
Rayon Xəstəxanası üçün müasir tələblərə
cavab verən 205 çarpayılıq xəstəxana
binasının tikintisinin davam etdirilməsi, xəstəxananın
bəzi şöbələrində, bir sıra kənd sahə
xəstəxanalarında və həkim məntəqələrində
cari təmir işlərinin aparılması səhiyyə
sisteminə qayğıdan xəbər verir. Məlumat üçün: Azərbaycan
Kənd İnvestisiya Layihəsi çərçivəsində
Bulaqlı kəndində, “Seda” Qeyri Hökumət Təşkilatı
tərəfindən Qaralar kəndində tibb məntəqələri
tikilib istifadəyə verilmişdir.
Prezidentin
tapşırığına əsasən, fevralın 17-dən
mayın 1-dək 108210 nəfər tibbi müayinədən
keçirilmişdir. Müayinələr nəticəsində
ciddi xəstəliyi aşkar edilmiş 191 nəfər
müalicə üçün Bakı şəhərinə
göndərilmişdir.
Ötən
ilin mayında Azərbaycan Dövlət Tibb Universitetinin 8
ixtisas üzrə həkim briqadası Qasımbəyli və
Yolçubəyli kənd həkim məntəqələrində
556 nəfəri müayinə etmişdir.
Heydər Əliyev Mərkəzi –
yeni tədbirlər ünvanı
Rayonun
möhtəşəm Heydər Əliyev Mərkəzi
artıq ümumrespublika tədbirləri keçirilən bir
ünvana çevrilmişdir. 2014-cü ildə 14186 nəfər
mərkəzi ziyarət etmiş, 412 ekskursiya təşkil
edilmişdir. Mərkəzin nəzdində fəaliyyət
göstərən tədqiqat qrupunun bilavasitə köməyi
ilə müxtəlif mövzularda 79 tədbir
keçirilmişdir. Yeni ailə quran gənclərin nikah mərasimlərinin
Heydər Əliyev Mərkəzində keçirilməsi ənənəyə
çevrilmişdir. Keçən il mərkəzdə 84 nikah
mərasimi qeydə alınmışdır. Həmçinin
fevral-may aylarında “Ulu öndər Heydər Əliyev
müstəqil Azərbaycanın qurucusu və memarıdır”
və “Ümummillli lider Heydər Əliyevin ideyaları
müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır”
mövzuları üzrə keçirilmiş 56 dərsdə
1715 nəfər XI sinif şagirdi iştirak etmişdir. 2014-cü il noyabrın 3-dən
yenidən başlanmış tarix dərsləri bu ilin
mayına kimi davam etdiriləcəkdir.
Faktlar bələdçilik edir
...
Əlbəttə, görülmüş bütün işlər
və həyata keçirilmiş tədbirlər, eləcə
də qarşıda duran hədəflər və vəzifələr
barədə bu yaxınlarda rayon ictimaiyyəti nümayəndələrinin
, ziyalıların və ağsaqqalların iştirakı ilə
keçirilmiş
yığıncaqda rayon icra hakimiyyətinin
başçısı Nazim İsmayılov daha ətraflı
hesabat verdi. Rayon rəhbərinin hesabatından bəlli oldu ki,
ötən il ümumilikdə Sabirabad üçün
düşərli olmuşdur və bütün sahələrdə
mühüm uğurlar əldə edilmişdir. Sözsüz
ki, rəsmi hesabatda səslənən rəqəmlər də
icra başçısının dediklərini bir daha təsdiqləyir.
...Və
nəhayət
...Bu
da 2014-cü ildə Sabirabadda görülmüş işlərin
qısa mənzərəsi. Bu mənzərədən
aydınlaşan çox dəqiq bir məqam var: rayonun,
doğrudan da, sosial-iqtisadi inkişaf yolunda qətiyyətlə
irəliləməsi, heç şübhə yoxdur ki, ona bu istiqamətdə daha da
böyük uğurlar qazandıracaqdır.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2015.- 4 mart.- S.7.