“Nur şəhəri”nin
sabahı...
Mingəçevirdə indi özgə
büsat var. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin bu şəhərə səfərindən
çox az müddət keçib. Kiminlə
salamlaşırsan, görüşüb söhbət edirsən,
bu tarixi səfərdən danışır. Fəxrlə
deyirlər ki, Mingəçevirin belə gözəlləşməsi
məhz Prezident İlham Əliyevin adı ilə
bağlıdır. Haqlı sözlərdir. Şəhərin
2014-cü ildə sosial-iqtisadi inkişafının
yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş hesabat yığıncağında bu barədə
ətraflı söhbət getdi.
Şəhər
icra hakimiyyətinin başçısı Niyazi Bayramov
çıxış etdi. Uğurları sadaladı. Bildirdi
ki, dövlət başçısının göstəriş
və tapşırıqlarını fəaliyyət
proqramı kimi qəbul edən Mingəçevir Şəhər
İcra Hakimiyyəti tərəfindən hesabat ilində
geniş tədbirlər görülüb və abadlıq
işləri aparılıb. 2014-cü ildə şəhər
üzrə ümumi məhsul buraxılışı 39 faiz
artaraq 431 milyon manat təşkil edib. O cümlədən, sənaye
məhsulu istehsalı 7,4 faiz artaraq 225 milyon manat olub. Əvvəlki
illə müqayisədə şəhər iqtisadiyyatına qoyulan
investisiyanın həcmi 2,2 dəfə artıb. Şəhərdə
aparılan tikinti-quraşdırma işlərinin həcmi 3,5 dəfə,
kənd təsərrüfatı məhsulları istehsalı
17, nəqliyyat xidmətləri 4,5, rabitə xidmətləri
22, ticarət dövriyyəsi isə 6,5 faiz çoxalıb.
“Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın Mingəçevir
şəhərinə aid bəndlərinin icrası uğurla
davam etdirilib. Dövlət Proqramının icrası ilə
bağlı görülən tədbirlər nəticəsində
il ərzində şəhərdə 1798 yeni iş yeri
açılıb ki, onlardan 1738-i daimi iş yerləridir. Son
illər Azərbaycanda
müşahidə olunan iqtisadi inkişaf ölkə
miqyasında olduğu kimi, Mingəçevir şəhərində
də demoqrafik vəziyyətə müsbət təsir edib və
şəhər əhalisinin sayı 100 min nəfəri
ötüb.
2015-ci
ildə ölkəmizdə keçiriləcək birinci Avropa
Oyunlarının avarçəkmə
yarışlarının Mingəçevir şəhərində
nəzərdə tutulduğu üçün şəhərdə
aparılan abadlıq və quruculuq işləri daha əhatəli
olub.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam
və göstərişləri ilə Mingəçevir şəhərinə
ayrılan vəsait hesabına saysız-hesabsız abadlıq və
quruculuq işləri görülüb: hündürmərtəbəli
24 binanın 52 min kvadratmetr fasad hissəsində üzləmə,
rəngləmə, işıqlandırma və dam
örtüyünün əsaslı təmiri işləri
aparılıb; prospekt, küçə, meydan və səkilərə
267 min kvadratmetr yeni asfalt salınıb; 49 min kvadratmetr dekorativ
tamet daş döşənib; 20 Yanvar, İslamzadə,
Aydın Məmmədov küçələrində və Gəncə
şosesində 330 ədəd yeni, müasir işıq dirəyi
quraşdırılıb; binalarda əhaliyə xidmət
göstərən 48 sərnişin liftinin 32-si yeni müasir
liftlərlə əvəz olunub; şəhərin 22
yolayrıcında qoyulmuş işıqfordan 20-nin yerinə
saniyə göstəriciləri ilə işləyən yeniləri
quraşdırılıb; Heydər Əliyev prospektində 3 ədəd
müasir işıqli tablo quraşdırılıb və 28 ədəd
günəş batareyası ilə işləyən yol
göstəriciləri qoyulub, 19 müasir dayanacaq və 3 ədəd
xidmət köşkü istifadəyə verilib, ticarət
sıralarında əsaslı təmir işləri
aparılıb; şəhər ərazisində mövcud olan
və 40 il səmərəsiz istifadə nəticəsində
istismara yararsız hala düşmüş yeganə
yeraltı keçid əsaslı təmir olunub; əhalinin əsas
istirahət guşələrindən olan Teatr meydanı və
“Güllü bağ” əsaslı yenidən qurulub. Teatr
meydanındakı fəvvarə təmir olunub, “Güllü bağ”a fəvvarə
quraşdırılıb, daş və tamet döşənib,
işıqlandırma sistemləri yenilənib, oturacaqlar
qoyulub; Şəhidlər xiyabanı yenidən qurulub,
işıqlandırma sistemi quraşdırılıb, daş
döşənib, oturacaqlar qoyulub, şəhid məzarları
qara mərmərlə üzlənib; İslamzadə
küçəsində yerləşən birmərtəbəli
yaşayış binaları, onların hasarları xüsusi
materialla üzlənib, rənglənib və yeni
işıqlandırma quraşdırılıb; müxtəlif
ünvanlarda yerləşən hündürmərtəbəli
47 yaşayış binasının dam örtüyü əsaslı
təmir olunaraq 27 min kvadratmetr metal-kirəmit örtük
salınıb; aparılan abadlıq və quruculuq işlərinin
davamı kimi Gəncə istiqamətində magistral yolun hər
iki tərəfində əsaslı abadlıq işləri
aparılıb, 3500 maşın torpaq daşınıb, 10 minə
yaxın çinar, sərv, zeytun və digər ağaclar əkilib,
ağacların qorunması üçün 12 min kvadratmetr
yolqırağı metal tor quraşdırılıb, magistral
yolların kənarına 500 metr təhlükəsizlik səddi,
800 kvadratmetr alüminium lövhə çəkilib, 2 min
kvadratmetdrən çox metal hasar düzülüb. Bəli,
bu işlər məhz bir il ərzində görülüb.
Hələ
bu, harasıdır?! Niyazi Bayramovun deməyə sözü
çox idi. O, qürurla bildirdi ki, şəhərin mərkəzi
xəstəxanası əsaslı şəkildə yenidən
qurulub və müasir tibbi avadanlıqla təmin olunub. Xəstə
və kimsəsiz uşaqlar üçün yeni bina inşa
edilib və onlar üçün lazımı şərait
yaradılıb. 10 və 4 nömrəli məktəblər,
10 və 12 nömrəli uşaq bağçaları –
körpələr evi əsaslı təmir olunub və
lazımi avadanlıqla təchiz edilib. Şəhərdə 2
yeni bağca tikilib. Hazırda 1, 7 və 9 nömrəli məktəblərdə
əsaslı təmir işləri davam edir.
Müasir
layihə əsasında tam yenidən qurulan Heydər Əliyev
meydanında və parkında 2014-cü ildə
başlanmış işlər yüksək sürətlə
davam edir və yaxın aylarda nəzərdə tutulan işlər
tam həcmdə icra olunacaq.
Hesabat
ilində Dövlət Proqramına uyğun istilik sisteminin bərpası,
su və kanalizasiya xətlərinin yenidən qurulması
işləri davam edib. Şəhərin enerji təminatı və
qazlaşma işləri ardıcıllıqla aparılıb.
İl
ərzində 1,3 min metr magistral su xətti, 185 min metr
paylayıcı su xətləri yenilənib, 6 mindən
çox “smart” tipli su sayğacları quraşdırılıb.
Hər biri 10 min kubmetr olan 3 ədəd su anbarının
tikintisinə başlanıb. Ötən il 76 min metr kanalizasiya
xətləri çəkilib və 3 ədəd
ötürücü nasos stansiyasının tikintisi davam edib.
Mingəçevir
sənaye şəhəridir. Bu barədə
yığıncaqda dönə-dönə
danışıldı. İcra hakimiyyətinin
başçısı vurğuladı ki, şəhərin ən
iri sənaye müəssisəsi olan
Azərbaycan İstilik Elektrik Stansiyasının
mövcud 3 enerji blokunun hər biri əsaslı şəkildə
yenidən qurulub. Müəssisədə işləyənlərin
sayı 1029 nəfərdir, onların orta aylıq əmək
haqqı 450 manat təşkil
edib.
2014-cü
il ərzində şəhərin digər sənaye müəssisələri
“Mingəçevir SES silsiləsi”, “Azneftemaş”, “Akkord
Maşınqayırma Zavodu”, “Mingəçevir -İzolit”
ASC-lər, “Kür” Elektron Avadanlıqları" MMC sabit
iş rejimində işləyib. Mingəçevir şəhərinin
sənaye müəssisələrində ümumilikdə
işləyənlərin sayı 3051 nəfər olub ki,
onlardan 2324 nəfər dövlət, 727 nəfər özəl
sektorda fəaliyyət göstərir. İstehsal olunan 225
milyon manat sənaye məhsulunun 201 milyon manatlığı
dövlət, 24 milyon manatlığı özəl sektorun
payına düşür. Sənayedə orta aylıq əmək
haqqı dövlət sektorunda 394 manat, özəl sektorda isə
284 manat təşkil etməklə, 370 manat olub. Hesabat
yığıncağında Mingəçevir təhsilinin
uğurlarından da danışıldı. Qeyd olundu ki, 438 nəfər
qəbul imtahanlarını müvəffəqiyyətlə verərək
tələbə adına layiq görülüb.
2014-cü
ildə Texniki Humanitar Liseyin müəllimi Sevda
İsmayılovanın “Riyaziyyat-7" dərsliyi Təhsil
Nazirliyi tərəfindən əsas dərslik kimi təsdiq
edilib. 4 nömrəli tam orta məktəbin informatika müəllimi
Natavan Mustafayeva İKT sahəsində “Əcnəbi dildəki
veb resurslarının dilimizə tərcümə edərək
vahid bloqda yerləşdirilməsi” layihəsinin, 13 nömrəli
tam orta məktəbin ingilis dili müəllimi Gülnaz
Hacıyeva “İlin ən yaxşı müəllimi”, şəhərin
3 nömrəli tam orta məktəbi, təbiət, riyaziyyat və
humanitar elmlər təmayüllü lisey “İlin məktəbi”
müsabiqələrinin qalibləri olublar.
Təbiət,
riyaziyyat və humanitar elmlər təmayüllü liseyin
şagirdi Fəridə Süleymanova Gənclər və
İdman Nazirliyinin “İstedadların hazırlığı
laboratoriyası” layihəsi çərçivəsində
keçirdiyi Respublika Olimpiadasında I yerə layiq
görülüb, 20 nömrəli tam orta məktəbin X
sinif şagirdi Ayşən Məmmədli “Azərbaycan tarixi”
fənni üzrə respublika olimpiadasında II yeri qazanıb,
10 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fərid
Əhədli biologiya fənni üzrə İndoneziyada
keçirilən beynəlxalq olimpiadada iştirak edib, 13
nömrəli tam orta məktəbin X sinif şagirdi Zaur Vəlizadə
ətraf mühitin mühafizəsi beynəlxalq layihə
olimpiadasında III yerə çıxaraq bürünc medala
layiq görülüb.
Şahmat
məktəbinin yetirməsi Aysel Səlimova isə 8 yaşadək
qızlar arasında Azərbaycan cempionu, 7 yaşa qədər
qızlar arasında Avropa çempionu, “Rupid” və “Blits”
üzrə dünya çempionu olub. Bu il Sinqapurda keçiriləcək
məktəblilərin dünya
birinciliyinə vəsiqə qazanıb.
Hesabat
ilində Mingəçevir Politexnik İnstitutuna 272 nəfər
tələbə qəbul olunub, 252 nəfər tələbə
institutu bitirib, hazırda 1059 tələbə təhsilini davam
etdirir.
Azərbaycan
Müəllimlər İnstitutunun Mingəçevir
filialına tələbə qəbulu olmayıb,131 nəfər
tələbə filialı bitirib, 449 nəfər tələbə
təhsilini davam etdirir.
Mingəçevir
Turizm Kollecinə 800 nəfər qəbul olunub, 694 nəfər
kolleci bitirib, hazırda burada 2306 nəfər tələbə
oxuyur.
Mingəçevir
Tibb Kollecinə 162 nəfər tələbə qəbul
olunub, 99 nəfər kolleci bitirib, hazırda kollecdə 398 nəfər
tələbə təhsilini davam etdirir.
Qeyd
olunan müəssisələrdə tələbələr
arasında nizam-intizam məsələlərinin gücləndirilməsinə,
keyfiyyət göstəricilərinin yüksəldilməsinə,
müasir təlim texnologiyalarından daha səmərəli
istifadə olunmasına diqqət artırılır.
Mingəçevir
Şəhər Mərkəzi Xəstəxanası 14 tibb
müəssisəsini birləşdirir. Burada 2192 nəfər
tibb işçisi çalışır, onlardan 382 nəfəri həkimdir.
Kollektiv 100 mindən çox şəhər, 20 mindən
yuxarı məcburi köçkün və qaçqın ailələrinə,
eləcə də müraciət edən ətraf rayonların
əhalisinə tibbi xidmət göstərir.
Sonra
natiq Mingəçevirdə səhiyyə, mədəniyyət
sahəsində atılan addımlardan danışdı, əldə
olunan uğurları, habelə problemləri qeyd etdi, 2015-ci ildə
görüləcək işləri sadaladı.
Yığıncaqda çıxış edən digər
natiqlər də görülən işləri müsbət
qiymətləndirdilər. Bildirdilər ki, “Nur şəhəri”nin
sabahı bax beləcə aydındır. Son bir ildə Mingəçevir
dünyanın bir sıra şəhərləri ilə rəqabətə
girəcək bir məkana çevrilib.
Yığıncaqda
Prezident Administrasiyasının məsul işçisi Vəfadar
Bağırov və Milli Məclisin deputatı Aydın Mirzəzadə
çıxış etdilər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2015.- 5
mart.- S.6.