Azərbaycanın BMT üzvlüyünə qəbulu ölkəmizin

dünyaya inteqrasiyası üçün əlverişli imkan yaratmışdır

 

Respublikamızın BMT-yə üzv qəbul olunmasından 23 il ötür. Bu müddət ərzində mötəbər qurumla əməkdaşlıq ölkəmizin dünya birliyinə inteqrasiyasına nail olmaq və Azərbaycanın beynəlxalq imicini möhkəmləndirməklə bərabər, həm də işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə əlverişli imkan yaratmışdır. İldən-ilə inkişaf edən, demokratik dəyərlərə böyük önəm verən Azərbaycan hazırda bu qurumda böyük nüfuz sahibinə çevrilib.

 

Dünya birliyinin tamhüquqlu üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə qəbul olmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyur. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan da dünya dövlətləri ilə hərtərəfli qarşılıqlı əməkdaşlığın qurulması və müstəqilliyinin möhkəmləndirilməsi məqsədilə BMT üzvlüyünə qəbul edilmək üçün zəruri addımlar atmağa başlamışdır. 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycan Respublikasının təşkilata üzv qəbul edilməsi haqqında qətnamə qəbul olunmuş və həmin gün Nyu-Yorkda, BMT-nin iqamətgahı qarşısında Azərbaycanın bayrağı qaldırılmışdır.

BMT kimi nüfuzlu bir quruma üzv olmaq yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rol oynamışdır. Çünki Birləşmiş Millətlər Təşkilatının qlobal məramı məhz bütün dünya ölkələrini bir araya gətirmək, sivilizasiyalar və millətlər arasında dialoq qurmaq və hər bir xalqın milli və mədəni ənənələrinə hörmətlə yanaşmaqdan ibarətdir. Bu məramı rəhbər tutan Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı birləşmələrinin müstəqil Azərbaycan dövlətinə hərbi təcavüz edərək ərazilərini zor gücünə işğal etməsinin yolverilməzliyi bu təşkilat qarşısında qaldırılmışdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etməsi BMT Təhlükəsizlik Şurasının reaksiyasına səbəb olmuş və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları barədə 4 qətnamə qəbul olunmuşdur.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalı ilə əlaqədar 30 aprel 1993-cü ildə 822, Ağdamın işğalından sonra 29 iyul 1993-cü ildə 853, Füzuli, Cəbrayıl, Qubadlının zəbt edilməsi ilə əlaqədar 14 oktyabr 1993-cü ildə 874, nəhayət, Zəngilanın Ermənistan tərəfindən tutulması ilə əlaqədar 12 noyabr 1993-cü ildə 884 saylı qətnamələri qəbul edib. Suveren Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bu qətnamələrdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olması təsdiqlənmiş və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət edilməsinə qəti şəkildə çağırış etmişdir. Həmçinin bildirilmişdir ki, başqa ölkələrin ərazilərinin əldə edilməsi məqsədilə güc işlədilməsi beynəlxaq hüquqa ziddir. BMT qətnamələri Azərbaycanın zəbt olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını və doğma ata-baba yurdlarından didərgin salınmış insanların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtması üçün şəraitin təmin olunmasını tələb etmişdir.

Bundan başqa, həmin dövrdə BMT-nin Baş katibi Azərbaycanın ərazi bütövlüyünüsuveren hüquqlarını dəstəkləyən yeddi bəyanatla çıxış etmişdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, İraqın Küveyti işğal etməsi, keçmiş Yuqoslaviyada, Əfqanıstanda, Ukraynada baş verən hadisələr zamanı qəti mövqe nümayiş etdirən və böhranın nizamlanmasına nail olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın bu günə kimi həmin qətnamələrə əməl etməməsinə sərt reaksiya vermir.

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün kütləsinin yaranması ilə əlaqədar BMT Baş Assambleyası 1993-cü ildəki plenar iclasında müvafiq qətnamə qəbul etmişdir. Qətnaməyə görə Azərbaycandakı qaçqın və məcburi köçkünlərə beynəlxalq yardım göstərilməsi nəzərdə tutulub.

Xalqın təkidli xahişi ilə ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarla əəməkdaşlığın genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Bu illər ərzində qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına öz töhfəsini vermişdir. Əməkdaşlığın dərinləşməsində BMT-nin baş katibi Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasiiqtisadi həyatı, demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi və Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan Butros Qali mövcud problemlərin həllində ölkəmizə dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının səylərini artıracağını bildirmişdir.

BMT Baş Assambleyasının 1994-cü ilin sentyabrında keçirilən 49-cu sessiyasında ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir. Ulu öndər sessiyada nitq söyləyərək Azərbaycandakı vəziyyət, Ermənistanın işğalçılıq siyasəti barədə dünya ictimaiyyətinə ətraflı məlumat vermişdir. Ümummilli lider 1994-cü il sentyabrın 29-da BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Azərbaycanın bu nüfuzlu qurumla əməkdaşlığına böyük önəm vermişdir: “Bütövlükdə Azərbaycan Respublikası gələcək üçün BMT-nin perspektivlərini nikbinliklə qiymətləndirir və bundan sonra da Birləşmiş Millətlər Təşkilatının yüksək prinsiplərini müdafiə etmək, təşkilatın nüfuzunun səmərəsinin artırılmasına nail olmaq əzmindədir.”

Bir il sonra BMT-nin 50 illik yubileyi ilə əlaqədar Baş Assambleyanın xüsusi təntənəli sessiyasında da ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsi, problemin həllində Azərbaycanın mövqeyini açıqlayaraq dünya birliyini Ermənistanın təcavüzünün dayandırılması üçün tədbirlər görməyə çağırmışdır. Azərbaycan bu yüksək tribunadan haqq səsini ucaltmaqla təşkilat qarşısında götürdüyü öhdəliklərin öhdəsindən də uğurla gəlmişdir. Bundan sonra Azərbaycan-BMT əlaqələri yüksələn xətlə inkişaf etmişbu nüfuzlu qurumla əməkdaşlıq daha da genişləndirilmişdir. Ölkəmiz BMT qarşısında götürdüyü öhdəliklərə sadiqliyini nümayiş etdirmiş və məhz buna görə də həmin qurum qarşısında böyük inamerimad qazanmışdır.

1998-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi Azərbaycanda yüksək səviyyədə qeyd edilmişdir. Həmin il ölkədə ölüm hökmü və mətbuat üzərindəki senzura ləğv olunmuşdur.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirmiş, bu qurumlar qarşısında götürdüyümüz öhdəliklərin yerinə yetirlməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. 2004-cü ilin sentyabrında Assambleyanın 59-cu sessiyasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini xatırlatmışdır. Dövlətimizin başçısı işğal edilmiş Azərbaycan ərazilərindən narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, silah ötürülməsi, qeyri-qanuni iqtisadi fəaliyyət, qaçaqmalçılıq məqsədilə istifadə edilməsi, bu ərazilərin terrorçu yuvasına çevrilməsini sessiya iştirakçılarının nəzərinə çatdırmışdır. Respublikamızın rəhbəri BMT qərarlarının həyata keçirilməsi üçün səmərəli və təsirli mexanizmin əhəmiyyətini xüsusi vurğulamışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi məntiqli xarici siyasətin, uğurlu diplomatiyanın və düşünülmüş beynəlxalq əməkdaşlığın nəticəsində 2008-ci il martın 14-də BMT-nin Baş Məclisi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” barədə növbəti bir qətnamə qəbul etmişdir. Bu əhəmiyyətli sənəd ölkəmizin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir, doğma totpaqlarından didərgin salınmış azərbaycanlıların öz yurdlarına qaytarılması üçün müvafiq şəraitin yaradılmasını əks etdirir. Baş Assambleya üzv dövlətləri Azərbaycanın suverenliyinə və beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etməyə və dəstəkləməyə çağırmışdır: Baş Assambleya bir daha bildirir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır və bu vəziyyətin saxlanmasına yardım göstərməməli və ya şərait yaratmamalıdır”.

Arxada qalan 23 il ərzində ölkəmiz təşkilatın fəal üzvü olmaqla qurumun inkişafına da sanballı töhfələr vermişdir. BMT-nin Cenevrədə keçirilən İşgəncələrə qarşı Komitəsinin 43-cü sessiyasında “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyası üzrə ölkəmizin gördüyü işlər, yüksək səviyyəli nümayəndə heyəti ilə təmsilçilik, Azərbaycan hökumətinin Universal Dövri İcmal da daxil olmaqla altı BMT müqavilə orqanlarında dövrü məruzələrinin baxışının keçirilməsi, Konvensiyanın Fakültativ Protokolunun ratifikasiyası və insan hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq sənədlərə qoşulması, Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi ilə davam edən əməkdaşlıq, məhkəmə hüquqpenitensiar xidməti sahəsində aparılan islahatlar yüksək qiymətləndirilmişdir.

Azərbaycan-BMT əlaqələri bu gün də yüksək səviyyədə davam etdirilir. Ölkəmizin bu nüfuzlu qurumun müxtəlif sahələr üzrə ixtisaslaşmış təşkilatları – İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarı, Uşaq Fondu, Elm, Təhsil və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı ilə sıx əməkdaşlıq edir.

Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakımız xüsusi qeyd edilməlidir. Məlum olduğu kimi, 2001-ci il 11 sentyabr hadisəsindən sonra Azərbaycan BMT-nin antiterror tədbirlərinə qoşulmuş və BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Komitəsi ilə sıx əməkdaşlıq etmişdir. Bu beynəlxalq təşkilatın yüksək vəzifəli şəxslərinin Azərbaycana etdikləri səfərlər zamanı ölkəmizdə müxtəlif sahələrdə görülən işləri yüksək qiymətləndirməsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdikləri bəyanatlar, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləmələri bir daha Azərbaycanın BMT-də güclü mövqeyə malik olmasının, həmçinin ölkəmizin bu qurumla sıx əməkdaşlığının bariz nümunəsidir.

BMT ilə geniş əlaqələr quran Azərbaycan əməkdaşlığın müxtəlif vasitələrindən istifadə edir. Əməkdaşlığın səmərəli şəkildə həyata keçirilməsi üçün ölkəmizbir sıra mühüm beynəlxalq müqavilələrə qoşulmuşdur. Bu müqavilələr Azərbaycanın müasir ictimai-siyasi, sosial-iqtisadi sahələri ilə bağlı meydana çıxan problemlərin həll olunması üçün əlverişli imkanlar yaratmışdır. Azərbaycan mülkisiyasi hüquqlar, iqtisadi, sosial və mədəni hüquqlar, uşaq hüquqları, qadınların, qaçqınların, müharibə qurbanlarının statusu və müdafiəsi, soyqırımının qarşısının alınması və bu cinayətə görə cəzalandırma, habelə başqa məsələləri əhatə edən çoxsaylı beynəlxalq sənədlərə qoşulmuşdur.

Dövlət müstəqilliyimizin 20 illiyi ərəfəsində Azərbaycanın BMT Təhlükəsilik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin dünya dövlətlərinin yüksək etimadını və dəstəyini qazandığını bir daha təsdiqləmişdir. Bu seçim ölkəmizə müxtəlif vaxtlarda iki dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etmək imkanı yaratmışdır. Beynəlxalq siyasətimizin təntənəsi olan bu hadisə bir daha təsdiqləmişdir ki, biz 23 ildə müstəqil ölkə kimi özümüzü dünyada təsdiqlətmişik. Azərbaycan öz düçünülmüş diplomatiyası ilə sübut etmişdir ki, etibarlı tərəfdaşdır. Müstəqil siyasət yürüdən Azərbaycanın dünyadakı dostlarının sayı daim artmaqdadır. Dünya ölkələri Azərbaycana inanır, rəğbətlə yanaşır, dəstəkləyir və bütün sahələrdə əməkdaşlıqda maraq nümayiş etdirirlər.

Ölkəmizin dünya birliyinin layiqli üzvünə çevrilməsi bir daha təsdiqləyir ki, Azərbaycan Respublikasının BMT üzvlüyünə daxil olmasından ötən 23 il ərzində yaranan qarşılıqlı əlaqələr sürətli inkişaf yolu keçərək çoxşaxəli əməkdaşlığa çevrilmişdir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan da bu mötəbər beynəlxalq təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2015.- 4 mart.- S.6.