Avropa İttifaqı və postsovet məkanı:

geosiyasi dəyişikliklər fonunda problemlər

 

Avropa İttifaqı (Aİ) son 25 ildə genişlənmə istiqamətində müəyyən addımlar atıb ki, bu da bir sıra problemlər meydana gətirib. Yuqoslaviyanın bölünməsində Aİ birbaşa iştirak edib. Təşkilatın genişlənmə siyasəti son nəticədə Ukrayna böhranına gətirib çıxarıb. Afrikanın şimalında, Suriya, İraq və Əfqanıstanda baş verən proseslərdə Aİ-nin öz rolu vardır. Sürix protokollarının imzalanmasında, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində bu təşkilatın canfəşanlığı yaddan çıxmayıb. Brüssel həmin məsələdə Türkiyəyə xeyli təzyiqlər edib. Bütün bunlar onu təsdiqləyir ki, Aİ üçün digər istiqamətlərlə yanaşı, postsovet məkanının da əhəmiyyəti artıb. Təşkilatın bu istiqamətdə yeritdiyi siyasətin mütəxəssislərin diqqət mərkəzində olması da elə məhz bununla izah olunur. Təhlil göstərir ki, buradakı mənzərə heçtam aydın deyil. Aİ-nin yol verdiyi səhvlər və bir çox digər amillər vəziyyəti xeyli mürəkkəbləşdirib. Bu faktorların prizmasından Brüsselinkimi addımlar atacağı maraq doğurur.

 

UkraynaMoldova: Aİ-nin geosiyasi məqsədləri

 

Avropa İttifaqının Ukrayna siyasətini yalnız Rusiya faktoru müstəvisində qiymətləndirmək birtərəfli yanaşma olardı. Burada enerji, nəqliyyat, iqtisadiyyat və hərbi sahələri əhatə edən çoxlu sayda amillər də rol oynayır. Ukrayna Şərqi Avropanın böyük dövlətlərindən biri kimi xüsusi geosiyasi əhəmiyyətə malikdir. Bunları nəzərə alanbu ölkə ilə xüsusi münasibətlər yaratmağa can atır.

Bu bağlılıqda assosiativ üzvlük sazişinin imzalanmasını təşkilatın uğuru hesab etmək olar. “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Brüsselin Kiyevlə əlaqələri maksimum dərəcədə inkişaf etdirmək niyyətində olduğu da məlum faktlardandır. Ayrılıqda NATO-nun Ukrayna ilə sıx əməkdaşlıq planları haqqında kifayət qədər informasiyalar yayılıb. Bir sıra ekspertlərin fikrincə, Kiyev NATO-nu Avropanın hərbi-siyasi dayağı hesab etsə də, onun bu quruma qoşulmaq perspektivi yoxdur.

Hazırda Aİ üçün Ukrayna istiqamətində ən vacib məsələ ölkənin ərazi bütövlüyünü təmin etmək və iqtisadi böhranı aradan qaldırmaqdan ibarətdir. Bunun üçün azad ticarət zonasının yaradılmasına böyük ehtiyac var. Lakin Moskva hələlik assosiativ üzvlük sazişinin bu hissəsinin reallaşmasına imkan vermir və çətin ki, Kreml bu mövqeyindən çəkilə. Çünki bu halda Rusiya iqtisadiyyatı zərər görə bilər. Deməli, hələlik Aİ-Ukrayna əlaqələrinin yüksələn xətlə inkişafının qarşısında əngəllər mövcuddur. Bununla yanaşı, əməkdaşlığın konkret hüdudları da məlumdur.

Bu, 18 mart 2014-cü ildə Brüsselin qəbul etdiyi bir sənədlə müəyyənləşib. Burada Aİ-nin Ukraynanı “Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı” çərçivəsində önəmli bir tərəfdaş” hesab etdiyi vurğulanıb. İndiki şərtlər daxilində proseslərin bu müstəvidə necə inkişaf edəcəyi haqqında birmənalı proqnoz vermək riskli olardı. Çünki ortaya gözlənilməz geosiyasi və hərbi faktorlar çıxıb. Ukrayna uğrunda mübarizə bütün kəskinliyi ilə davam etməkdədir.

Maraqlıdır ki, Qərb analitikləri arasında Ukrayna böhranında VaşinqtonBrüsseli günahlandıranlar az deyil. Onlar hesab edirlər ki, böyük dövlətlər qonşuluqdakı potensial təhlükələrə həmişə həssas olublar. Ukraynada da bu təhlükəni məhz Qərb yaradıb və Moskva buna mütləq reaksiya verməli idi. Başqa tərəfdən, mütəxəssislər Ukraynanın Aİ-yə inteqrasiyasını heçtam müsbət hadisə kimi qiymətləndirmirlər. Birincisi, KiyevinAvropaya inteqrasiya istiqamətində əldə etdiyi nailiyyətlər elə də çox deyil”; ikincisi, “Aİ-yə üzvlüyün mənfi nəticələri yalnız qısa müddətdə deyil, həm də uzun zamanda öz təsirini göstərə bilər”. Rəsmi Kiyev isə bu məsələyə hər şeydən əvvəl ölkənin davamlı və sabit iqtisadi inkişafı müstəvisində baxır. Göründüyü kimi, burada məqsədlə real vəziyyət arasında müəyyən ziddiyyətlər var.

Hazırda Aİ Ukraynaya maliyyə dəstəyi verir, onun təhlükəsizliyinin təmini üçün addımlar atır. Bunların qaneedici olması məsələsi isə açıqdır. Başqa faktorlarla yanaşı, vəziyyəti qeyri-müəyyən edən həm də yuxarıda vurğuladığımız Aİ-Rusiya münasibətlərindəki problemlərdir. Yaxın perspektivdə burada ciddi dəyişikliklərin ola biləcəyini proqnozlaşdırmaq çətindir. Kiyev sanki Avropa İttifaqı ilə Rusiyanın arasında sıxılır. Onun öz qarşısına çıxan problemlərin həlli istiqamətində atacağı addımlardan çox şey asılı olacaq. Bununla yanaşı, Ukraynanın kifayət qədər mürəkkəb geosiyasi vəziyyətə düşdüyüetiraf olunmalıdır.

Moldova haqqında da eyni fikirləri söyləmək olar. Ancaq bu ölkədə separatizm Ukraynadakı qədər ixtilaflara hələlik aparıb çıxarmayıb. Doğrudur, Moskva Aİ-yə assosiativ üzvlüklə bağlı rəsmi Kişinyovu bir neçə dəfə xəbərdar edib ki, Dnestryanıda vəziyyət gərginləşə bilər. Rusiya üçün hər hansı iqtisadi təhlükə yaranarsa, Kreml hərəkətə keçə bilər. Burada əsas səbəb Aİ-nin Moldova ilə azad ticarət zonasını formalaşdırmaq məsələsinə böyük önəm verməsidir. Çünki Moldova prinsipcə, balaca və kasıb ölkədir. Onun iqtisadi yardıma ciddi ehtiyacı vardır. Ancaq maraqlıdır ki, bu proses elə əzəldən bir qədər qeyri-müəyyən məzmun aldı.

Belə ki, Avropa İttifaqı Moldovada istehsal olunan məhsulların idxalına məhdudiyyətlər qoydu. Məsələn, hər birsakini il ərzində cəmi 40 qram Moldova alması ala bilərdi! Bundan başqa, Moldovanın daxili bazarında yerli istehsalçılarla Avropa şirkətlərinin rəqabəti birinciləri çox çətin vəziyyətə salardı. Bunlar diqqətə alınmaqla, Kişinyov üçünkeçid mərhələsi” adlanan və ticarətdə bir sıra güzəştlərin edilməsini nəzərdə tutan sənəd hazırlandı. Bununla da aydın oldu ki, Aİ-yə assosiativ üzvlük bu ölkəyə tez bir zamanda fayda verməyəcək.

Digər tərəfdən, Ukrayna böhranı Brüssel-Kişinyov münasibətlərində əlavə çətinliklər yaratdı. Birincisi, aydın oldu ki, Moskva istənilən zaman Moldovaya müdaxilə edə bilər. İkincisi, çox şey ölkədə 2014-cü ilin noyabrında keçirilmiş parlament seçkisinin nəticələrindən asılı olacaqdı. Bunları nəzərə alaraq, Moldova ehtiyatlı davrandı. Parlament seçkisinin nəticələri də bu aspektdə maraq doğurur. Birinci yerə 20,51 faizlə sosialistlər çıxıblar, ikinci yerdə liberal demokratlar (20,16 faiz), sonrakı yerlərdə Demokratik Partiya (15, 8 faiz) və liberallar (9,67 faiz) qərarlaşıblar. Kommunistlərin mühafizəkar qanadı isə 17 faizdən bir qədər çox səs toplayıb. Bununla da Moldova parlamentində “Avropa qanadı”nın üstünlük təşkil edəcəyi məlum olub. İndi aktual məsələ ölkənin Avropa İttifaqı ilə əməkdaşlığının hansı məzmun alacağıdır. Çünki Moldova parlamentində mövqelərin fərqli olacağına şübhə yoxdur.

Hətta Avropa meyilli demokratik qüvvələr arasında belə buya digər məsələlər üzrə fikir ayrılığı vardır. Buraya sosialistləri və kommunistləri də əlavə etmək gərəkdir. S.Markedonov bu bağlılıqda yazır: “...“Sol Moldovanın” rəyini nəzərə almamaq mümkün deyil. Əgər gələcək məqsəd stabil və təhlükəsiz Avropadırsa, onda daxili parçalanmaların və çəkişmələrin aradan qaldırılması üzərində indidən düşünmək lazımdır”.

Bunlar onu göstərir ki, Moldovanın Avropa İttifaqı ilə əməkdaşlığı hələlik bir neçə qeyri-müəyyən faktorlarla müşayiət olunur. Ukrayna böhranının buna təsiri hiss ediləcək dərəcədədir. Eyni zamanda, parlament seçkiləri təsdiqlədi ki, bütövlükdə bu ölkə Avropaya inteqrasiya yolunu seçib. Prosesinzaman başa çatacağı haqqında proqnoz vermək riskli işdir. Rusiyanın təzyiqi ilə Aİ-Moldova münasibətlərinin müəyyən transformasiyalara məruz qalması mümkündür. Çünki ölkə daxilində siyasi sabitliyin pozulması üçün Moskvanın əlində imkanlar vardır. Təcrübə göstərir ki, belə hallarda Kreml situasiyanı dəyişə bilir. Belə ki, 2008-ci ildə Gürcüstanda baş verən hadisələr həmin fikri təsdiq edir. Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətlərində həmin faktor hələ də öz təsirini göstərməkdədir.

 

Aİ-Cənubi Qafqaz: əməkdaşlığın

perspektivləri və problemlər

 

Hər şeydən əvvəl, Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin ziddiyyətli məqamlarla müşayiət olunduğunu etiraf etmək lazımdır. Bunun müxtəlif səbəbləri göstərilir. 2008-2011-ci illərdə isə onun prinsipial dəyişikliklərə uğradığı qeyd olunur. Həmin mərhələdə münasibətlərdə sülhyaratma və danışıqlar önə çıxmışdı. Ancaq burada bir məqam unudulmamalıdır.

Cənubi Qafqaz dövlətləri müstəqillik əldə etdikdən sonra Aİ-nin regiona marağı artdı. Təşkilat real vəziyyəti nəzərə almadan, bu bölgədəki ölkələr arasında fərq qoymadan onlarla əməkdaşlıq modeli üzərində işlədi. Təsadüfi deyil ki, ilk zamanlarda Avropa İttifaqı bu regionda əsasən iqtisadi, energetik, nəqliyyat və maliyyə yardımı proqramları ilə fəaliyyət göstərməyə üstünlük verirdi. TACIS və TRACECA kimi layihələr həmin dövrdə meydana gəldi. Ancaq bu cür əməkdaşlıq formatı uzun müddət davam edə bilmədi və bu, bir neçə səbəblə izah olunur.

Birincisi, Aİ regionun real geosiyasi vəziyyətini düzgün qiymətləndirə bilmədi. Brüsselin bir sıra prinsipial məsələlərə “ikili standartlarla” yanaşması onun buradakı nüfuzuna mənfi təsir göstərdi. O cümlədən Brüssel Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal, obyektiv və ədalətli mövqe tutmadı. İkincisi, dünyadapostsovet məkanında baş verən ciddi geosiyasi dəyişikliklərə Avropa İttifaqı kifayət qədər çevik reaksiya vermədi. Onun siyasəti sanki hadisələrin arxasınca gedirdi. Üçüncüsü, Cənubi Qafqazda böyük geosiyasi güclərin mübarizəsi kəskin və gərgin xarakter aldı ki, bu da daha mürəkkəb rəqabət mühitinin yaranmasına gətirib çıxardı.

Bu kimi faktorlara 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında meydana çıxan ixtilaf əlavə olundu. Nəticədə, yuxarıda vurğulanan dəyişikliklər özünü göstərdi. Əslində, region dövlətlərinin Aİ ilə əməkdaşlığının öz dinamikası və məzmunu var. Azərbaycan həmin təşkilatla daim bərabərhüquqlu tərəfdaş kimi münasibət qurmağa üstünlük verib. Postsovet məkanı ölkələri “assosiativ üzvlüksazişi imzalamağa çalışarkən, Bakı başqa təşəbbüs göstərdi. Ölkə başçısı Strateji Modernləşən Tərəfdaşlıq (SMT) ideyasını irəli sürməklə Azərbaycanın müstəqil və çoxvektorlu siyasət yeritdiyini bir daha anlatdı.

Aİ ilə sıx əməkdaşlıq yolunu seçən Gürcüstan Rusiya faktorunu lazımi səviyyədə qiymətləndirə bilmədi ki, bunun da nəticəsi məlumdur - rəsmi Tbilisi indi həmin kontekstdə yol verdiyi səhvləri düzəltməyə cəhd edir, amma hələlik əhəmiyyətli nailiyyət əldə edə bilməyib. Mütəxəssislərin qənaətinə görə, Avropa İttifaqı “Gürcüstanla münasibətlərin inkişafını qənaətbəxş hesab etmir”.

Ermənistan Avropa İttifaqına münasibətdə daha ziddiyyətli mövqe tutdu. İrəvan ənənəvi olaraq Rusiyanın təsiri altındadır. Ancaq erməni siyasətçilər Brüsselə də isti mesaclar verdilər. Aİ Ermənistana Dağlıq Qarabağ məsələsində gizli surətdə dəstək verməyə başladı. Bunlar təşkilatın təcavüzkar dövlətə maliyyə yardımları göstərməsində, Avropa Parlamentinin bir sıra deputatının separatçılarla görüşməsində, Dağlıq Qarabağa Azərbaycandan icazə almadan səfərlərin təşkil edilməsində və münaqişənin həllinə “ikili standartlar” əsasında yanaşılmasında öz ifadəsini tapır.

Hətta İrəvanın Avrasiya İqtisadi İttifaqına üzvlük haqqında qərarı da Aİ-ni Ermənistandan uzaqlaşdırmadı. Hazırda tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müzakirələr gedir. Göründüyü kimi, Brüssel Cənubi Qafqazda ikili yanaşma siyasətindən imtina etmək fikrində deyil. Bu səbəbdən əksər ekspertlər Cənubi Qafqaz ölkələrinin Aİ-yə inteqrasiyasına bir çox faktorun mane olduğu qənaətindədirlər.

 

Mərkəzi Asiya: Aİ-nin ümidlərinin puç olduğu məkan

 

Əvvəlcə onu vurğulayaq ki, Mərkəzi Asiya Avropa İttifaqının qonşuluq siyasəti proqramında yer almayıb. Buraya daha çox texniki, maddi və maliyyə dəstəyi proqramları çərçivəsində nüfuz etməyə cəhd göstərilib. Məlum 11 sentyabr terror hadisəsindən sonra Brüsselin həmin regiona münasibəti dəyişməyə başladı. 2007-ci ildə Almaniyanın Aİ-yə sədrliyi dövründə “Mərkəzi Asiya (siyasi) Strateji Sənədi (2007-2013)” qəbul edildi.

Almaniyanın Xarici İşlər naziri F. Ştaynmayer təşkilatın regionla bağlı məqsədini qısaca olaraq belə ifadə edib: “Mərkəzi Asiya Rusiya və Çinlə həmsərhəd olduğuna görə, onların tam təsiri altına düşməməlidir”. Bundan başqa, Aİ Əfqanıstan, İranPakistandan mümkün təhlükələri də nəzərə almağa çalışmalıdır.

Mütəxəssislər Avropa İttifaqının xarici siyasətindəki bu dəyişiklikləri, onun Mərkəzi Asiya istiqamətində “yeni bir strategiyaya doğru” addımı kimi qiymətləndirirlər. Lakin burada onların müəyyən şübhələri də vardır. Məsələ burasındadır ki, təşkilatın bu regiondakı planları konkret fəaliyyətin nəticələrindən fərqlənir. Daha dəqiqi, Aİ Mərkəzi Asiyada elə bir ciddi uğur qazana bilməyib.

Burada hər şeydən əvvəl RusiyaÇin faktorlarını vurğulamaq gərəkdir. Pekin son illər həmin regiona daha çox nüfuz edib. O cümlədən iqtisadi, mədəni və enerci sferalarında konkret proqramlar təklif edib, külli miqdarda sərmayə qoyub. Moskvanın isə həmin bölgədə təsiri ənənəvi olaraq güclüdür. Hazırda Kreml Mərkəzi Asiya ölkələri ilə iqtisadi və hərbi əməkdaşlığı yeni səviyyəyə qaldırmağa çalışır. Bunların fonunda Asiya qitəsinin dünyada geosiyasi çəkisinin artmasını və orada bir neçə regional təşkilatın inkişaf etməkdə olduğunu unutmaq olmaz.

Nəhayət, ABŞ-ın Əfqanıstan siyasətinin Aİ-Mərkəzi Asiya münasibətlərinə ziddiyyətli təsir etdiyini qeyd etməliyik. Avropa həmin bölgədən qanunsuz narkoticarətin və terrorun yarada biləcəyi təhlükələri diqqətə almağa məcburdur. Eyni zamanda, ekspertlərə görə, “Avropa İttifaqını Mərkəzi Asiya ilə əməkdaşlığa enerji faktoru məcbur edir”. Rusiya ilə meydana çıxan gərginlik məsələnin bu tərəfini daha da aktuallaşdırıb. Belə çıxır ki, Aİ bundan sonra Mərkəzi Asiya ilə əlaqələrini yeni səviyyəyə qaldırmağa cəhdlər göstərəcəkdir.

Beləliklə, Aİ-nin həmin regionda siyasətində qeyri-müəyyənliklər qalmaqdadır. Ona bütövlükdə təşkilatın postsovet məkanında həyata keçirdiyi siyasət kontekstində baxmaq olar. Yuxarıdakı təhlil göstərir ki, hazırkı mərhələdə Aİ bu istiqamətdə xeyli problemlərlə üzləşib, onların necə və nə zaman aradan qaldırılacağı məsələsi isə açıqdır. Brüssel hələlik yaranmış vəziyyəti dəyişməyə nail ola bilmir. Eyni zamanda, Aİ üçün həmin geosiyasi məkanda digər böyük güclərin daha da fəallaşması ciddi rəqabət mühiti formalaşdırır. Onun məzmunu ilə bağlı hələ ki, birmənalı fikir yoxdur. Bəzi mütəxəssislərin sözlərinə görə, ekspertlərin əksəriyyəti “geosiyasi illüziyaya qapılıb. Reallıqda RusiyaÇin ABŞ-ın uzun illərdir yaratdığı geosiyasi sistem çərçivəsində fəaliyyət göstərirlər. Belə şəraitdə təşkilatın hansı siyasi kursa üstünlük verəcəyini demək çətindir. Lakin Avropa İttifaqının postsovet məkanı uğrunda geosiyasi mübarizəsini davam etdirəcəyi haqqında fikir söyləmək mümkündür.

 

Kamal ADIGÖZƏLOV

 

Xalq qəzeti.- 2015.- 4 mart.- S.8.