Laçın: dövlət
proqramlarının uğurla həyata
keçirilməsi problemlərin həllini
sürətləndirir
Laçın köçkünlərinin
23 ildən bəri yığcam məskunlaşdıqları və
əvvəlki qışlaq yerində yeni bir rayon
yaratdıqları Taxtakörpüyə budəfəki səfərimiz
torpaq adamları üçün daha önəmli olan ilk
çərşənbələrdən sonrakı günlərə
təsadüf etdi. Mövsüm təqvimində qışlama
rəsmən davam etsə də, yazın nəfəsinin
duyulması artıq adamları kütləvi şəkildə
çöl-bayıra çıxartmışdı. Təzə-
təzə yaşıllaşmağa başlayan
örüşlərdə qatar-qatar mal-qara
görünürdü, ətrafdan kənd təsərtrüfatı
maşınlarının səsi eşidilirdi. Tikinti
meydançalarında isə qışın
qarlı-sazaqlı günlərində də qaynar iş gedib.
Rayon
rəhbərliyi, bu yaxınlarda ötən ilin sosial- iqtisadi
göstəricilərinə yekun vurub, bu ilin mühüm
quruculuq işlərini müəyyən edib, qüvvə və
imkanları dəqiqləşdirib. Belə bir məqamda rayonda
olduq. Ayrı-ayrı qurumların, kollektivlərin
qayğıları ilə maraqlandıq. Görülən
işləri əks etdirən fakt və rəqəmlərə
nəzər saldıq. Axırda rayon icra hakimiyyətində
olub başçı ilə görüşdük.
Ötən il rayonda görülmüş işlər və bu il qarşıda duran vəzifələr barədə sualımızı həvəslə cavablandıran Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov söhbətin əvvəlində erməni təcavüzünün qurbanı olmuş insanlara ölkəmizdə göstərilən yüksək dövlət qayğısından söz açdı:
– Ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycandan erməni millətçilərinin zorakılıqla çıxardıqları soydaşlarımıza və Ermənistanın Qarabağda işğal etdiyi bölgələrin əhalisinə nicat gətirmiş humanitar siyasətini bu gün Prezident İlham Əliyev yüksək qayğıkeşliklə davam etdirir. Bunu ötən il köçkünlərin problemlərinin həlli üçün 630 milyon manat vəsait sərf olunması bir daha sübut edir. 2014-cü ildə köçkünlərin məskunlaşdıqları ərazilərdə sosial- texniki infrastrukturlu 7 yeni yaşayış kompleksi salınmış, 2288 şagird yerlik 7 məktəb binası tikilmişdir. 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil- məişət şəraiti yaxşılaşmışdır. İl ərzində hər məcburi köçkünə xərclənən vəsait, təxminən, 1170 manat olmuşdur. Bu, dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
İşğal olunmuş bölgələrin əhalisinin sosial problemlərinin həlli ilə bağlı dövlət proqramlarında, eləcə də üçüncü regional inkişaf proqramında rayonumuz üçün nəzərdə tutulmuş tədbirlər ötən il də uğurla gerçəkləşdirilmişdir. Laçınlı məcburi köçkünlərin yığcam yerləşdikləri Kürboyu qışlağın ərazisində 1500 ailəlik qəsəbənin tikintisi ilə bağlı ötən il torpaqayırma və layihələndirmə işləri başa çatdırılmış, bu il tikinti işlərinin sürətlə aparılması üçün hazırlıq aparılmışdır.
Ötən il rayonda makroiqtisadi sabitlik qorunub saxlanılmış, əmək haqları, pensiya və müavinətlər vaxtında ödənilmişdir. Yerli büdcənin mədaxil hissəsi 22 milyon 694 min 235 manat proqnoza qarşı, 22 milyon 631 min 205 manat və ya 99,7 faiz yerinə yetirilmişdir. Vergi daxilolmaları isə 1 milyon 986 min manat əvəzinə, 2 milyon 196 min 970 manat və ya 110,6 faiz təmin edilmiş, büdcəyə 328 min 243 manat artıq vəsait daxil olmuşdur.
İqtisadi sahədə qazanılmış uğurlar barədə məlumat verən rayon rəhbəri bildirdi ki, Taxtakörpü ərazisində dövlət fondunda olan 31,6 min hektar qış otlaq sahəsi laçınlı məcburi köçkünlərin istifadəsindədir. Bu obalarda əhalinin əsas məşğuliyyəti bitkiçilik və heyvandarlıqdır. İndi rayonda 35171 baş iri, 204907 baş xırda heyvan var ki, bu da bir il əvvələ nisbətən, müvafiq olaraq – 108 baş və 700 çoxdur. Ötən il 23300 sentner ət, 221400 sentner süd, 3880 sentner yun və 980 min ədəd yumurta istehsal olunmuş, əvvəlki ilə nisbətən 300 sentner ət, 81940 sentner süd, 80 sentner yun artmışdır. Ötən ilin yay aylarında yaylaq örüşləri problemi vaxtında həll edilmiş və iri mal arasında baş verən xəstəliklərin qarşısı alınmışdır.
Keçən mövsümdə 1228 hektar taxıl sahəsi biçilmiş, hər hektardan 30,9 sentner olmaqla 3799,4 ton taxıl istehsal olunmuşdur. Biçin dövrü rayona ayrılmış texnikadan istifadə mərkəzləşmiş qaydada həyata keçirilmişdir. 34 hektardan 35 ton tərəvəz, 462 ton bostan məhsulları istehsal olunmuşdur. Taxtakörpü ərazisində 1578 hektar yonca sahəsi biçilmiş, 13780 ton qaba yem istehsal olunmuşdur.
Kənd əməkçilərinə sahələrin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan güzəşt 50 faizdən 70 faizədək artırılmışdır. 43 buğda istehsalçısına 9640 manat, 657 istehsalçıya 3090,91 hektarda digər bitkilərin əkininə görə 123 min 636,4 manat vəsait onların plastik kartına köçürülmüşdür.
Taxtakörpü ərazisində suvarmaya yararlı torpaq sahəsi 18500 hektardır. Əhali və fermer təsərrüfatlarında mövcud əkin sahələrinin vaxtında suvarılması üçün Laçın rayon Suvarma Sistemləri İdarəsinin balansında olan 18 ədəd nasos stansiya, 12 ədəd elektriklə, 6 ədədi isə dizel yanacağı ilə işləyən nasoslardan istifadə olunur. 2014-cü ildə 8 ədəd elektrik mühərriki, 5 ədəd dizel mühərriki, 4 ədəd nasos stansiya əsaslı, 16 ədəd hidrotexniki qurğu cari təmir olunmuş, 54,8 kilometr suvarma kanalı lildən təmizlənmişdir. Suvarma sistemlər idarəsinə 1 ədəd UAZ markalı avtomaşın, qoşqusu ilə birlikdə 1 ədəd Belarus markalı traktor, 1 ədəd ekskavator verilmişdir.
Torpaqların şorlaşmasının qarşısının alınması və meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün Qarakeçdi obalarında 4240 metr qapalı dren, 850 metr beton kanal , 7 ədəd suötürücü qurğu və 2 ədəd beton körpü tikib istifadəyə verilmişdir.
İl ərzində əhalinin sosial ehtiyaclarının ödənilməsi ilə bağlı və ümumi mənafeyə xidmət göstərən bir sıra tədbirlərin həyata keçirilməsindən danışanda başçı qeyd etdi ki, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və yaxından köməkliyi ilə Bakı şəhərində Yeni Günəşlidə laçınlı məcburi köçkünlər üçün mərasim evi tikilmişdir. Yeni Yasamal yaşayış massivində məcburi köçkünlər məskunlaşdıqları binanın həyətində abadlıq işləri aparlımış, yeni asfalt örtüyü salınmışdır. Xətai rayonunda 81 məcburi köçkün ailəsinin məskunlaşdığı 25 saylı yataqxananın istilik sistemi, Səbail rayonu “Şıx” sanatoriyası, Qaradağ rayonu Sahil qəsəbəsində 16 saylı yataqxana əsaslı təmir olunmuş, 1, 12 və 14 saylı yataqxanalarda daxili elektrik xətləri dəyişdirilmişdir. “Qurd qapısı” yaşayış massivinə alternativ yolun çəkilişi başa çatmışdır.
Paytaxtın Qaradağ rayonundakı Ümid qəsəbəsində 7 saylı tam orta məktəb üçün müasir bina, Şirinqum adlanan ərazidə Malıbəy obası üçün yeni tibb məntəqəsi də ötən il istifadəyə verilmişdir.
Taxtakörpü qəsəbəsində Mərkəzi Xəstəxananın, Mədəniyyət və Turizm şöbəsinin binasının fasadı aqlay tavalarla üzlənmiş, poliklinikada əsaslı, Alxaslı, Şəlvə, Qarıqışlaq və Ağbulaq kənd xəstəxanalarında cari təmir işləri aparılmışdır. Laçın rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsi yeni istifadəyə verilmiş binaya köçürülmüş , inventar və avadanlıqlarla təmin edilmişdir.
Taxtakörpü – Alxaslı, Mayıs – Hacılar, Taxtakörpü– Mişni, Arduşlu və Qarakeçdi- Qoşasu obalarına gedən çınqıl yolların 64 kilometrində cari təmir aparılmış, Qayğı qəsəbəsində ümümi istifadə ərazilərinə çınqıl örtük verilmişdir. 552 saylı qəsəbə istiqamətində yolun genişlənən hissəsində çınqıl yol əsası düzəldilmiş, həmin yola 4800 kvadratmtr, sosial binalar yerləşən küçəyə 1430 kvadratmetr asfalt- beton örtük salınmışdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun vəsaiti hesabına Şeylanlı, Fingə, Qarakeçdi (İnçalan) və Sadınlar yaşayış məskənlərində obalararası çınqıl örtüklü yollarının salınmasına isə yaxın vaxtlarda başlanacaqdır. Taxtakörpü ərazisində tikinti abadlıq işləri ilə yanaşı, yaşıllıqların qorunması, yeni yaşıllıq zolaqlarının salınması işləri davam etmişdir. Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində Taxtakörpü ərazisində idarə, müəssisə və təşkilatlar 775, Yaşıllaşdırma İdarəsi isə 4,5 min bəzək ağacları və gül kolları əkmişdir. Görülən tədbirlərin nəticəsində yaşıllıq sahəsi artaraq 8,4 hektara çatmışdır.
Öyrəndik ki, il ərzində Rabitə Qovşağı rayon təşkilatlarına və əhaliyə normal poçt xidməti göstərmişdir. Taxtakörpü ərazisində rayon əhalisinin məskunlaşdığı 86 obada və 3 qəsəbədə əhaliyə fasiləsiz elektrik enercisi ilə təminatının daha da yaxşılaşdırılması üçün xətlərə mütəmadi texniki qulluq göstərilmiş, 14600 metr elektrik hava xətlərində təmir və bərpa işləri aparılmışdır. Müxtəlif güclü 6 transformatorda əsaslı, 45-də isə cari təmir işləri aparılmışdır. Dövlətqaçqınkomdan alınmış transformatorlar Alxaslı, Canavarlı, Malıbəy, Qarakeçdi obalarında quraşdırlmışdır. “Mingəçevir Elektrik Şəbəkə” MMC- dən alınmış transformator isə Alxaslı obasında istifadəyə verilmişdir.
Əhalini içməli su ilə təmin etmək məqsədi ilə obalarda yararsız hala düşmüş 12600 metr boru yenisi ilə əvəz olunmuş, 4750 metrlik xətlərdə isə cari təmir işləri aparılmışdır. Qarakeçdi və Alxaslı obalarında sutəmizləyici qurğular tikilib istifadəyə verilmiş, Mişni və Qarıqışlaq obalarında modul sutəmizləyici qurğuların tikintisinə başlanılmışdır. Ağbulaq, Fingə, Sadınlar obalarında belə bir qurğunun tikintisi layihəyə salınmışdır.
Ötən tədris ilinin 626 orta məktəb məzunundan 469 nəfəri ali məktəblərə ərizə vermiş, onlardan 254 nəfəri və ya 54,2 faizi tələbə adı qazanmışdır. Bu son 22 ildə ən yüksək göstəricidir. 21 nəfəri 500-dən, 8 nəfər isə 600-dən çox bal toplamışdır. 12 nəfər ali hərbi akademiyalara və 3 nəfər C. Naxçıvanski adına liseyə daxil olmuşdur. Laçın Rayon İcra Hakimiyyəti ali hərbi təhsil alan tələbələrin ailələrinə hər ay 200 manat, liseydə oxuyanların ailələrinə isə 100 manat vəsait ödəyir. 2014-cü ildə 354 nəfər sağlam laçınlı gənc ordu sıralarına həqiqi hərbi xidmətə yola salınmışdır.
Laçın RİH- in başçısı Akif Səlimov bu il qarşıda duran vəzifələri belə şərh etdi:
– 2015-ci ildə qarşımızda çox mühüm vəzifələr durur. Belə ki, dövlət proqramına əlavələrə əsasən, qamış və daxal evlərdə məskunlaşmış ailələr üçün 1500 evin tikilməsi, ərazidə geniş abadlıq və quruculuq işlərinin aparılması, 552 saylı qəsəbənin təsərrüfat suyuna olan tələbatının ödənilməsi məqsədi ilə əlavə su xəttinin çəkilməsi, muzey və idman kompleksinin inşası, Qayğı qəsəbəsindən 552 ailəlik qəsəbə istiqamətində yolun hər iki tərəfində genişləndirilməsi, obalarda olan qəbiristanlıqların, mərkəzi yolların , körpülərin təmiri və bərpası, Qayğı qəsəbəsində gündəlik tələbat və ərzaq satışı üçün həftəlik bazarın tikilməsi qarşıda duran vəzifələrdəndir.
Ötən il olduğu kimi bu il də qarşımıza qoyduğumuz hədəflərin vaxtında və lazımi səviyyədə yerinə yetirilməsinə nail olacaq, əhalinin rifahının yaxşılaşdırılması üçün əməli tədbirlər görəcək, torpaqlarımızın azad olunması istiqamətində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetiriləcəyik.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2015.- 7 mart.- S.6.