Balakən: işıq-nur ünvanları
gündən-günə çoxalır
Bölgə müxbiri kimi, ən
çox sevdiyim və daha
tez-tez söz
açdığım rayon barədə yazının əvvəlində
“nur ünvanları” ifadəsini işlətməyimiz təsadüfi
deyil. Çünki bu ilin sentyabrında rayonda daha bir nur ünvanı
– “Balakən-1” kiçik su elektrik stansiyası istifadəyə veriləcək. Elə
bu stansiyasız da Balakənin işığı, nuru həmişə
istənilən qədər olub.
Tanrı bu diyarın təbiətindən öz nurunu əsirgəmədiyi kimi, insanlarının qəlbini də kifayət qədər işıqlı yaradıb. Həmin işıq balakənliləri həmişə uğurlara, aydın sabahlara aparıb. Təsadüfi deyil ki, sovet dönəmində Azərbaycanın ən çox əmək qəhrəmanı olan rayonu məhz Balakən idi. Elə müstəqillik dövründə də bu insanların səsi çox-çox uzaqlardan gəlib.
Bu qənaətimi konkret faktla əsaslandırmaq istəyirəm. İki ay–yarım əvvəl, dekabrın ortalarında kütləvi informasiya vasitələrində belə bir xəbər yayılmışdı: “Balakənli müəllim ABŞ-da mükafat aldı”. Telekanallar Təhsil Nazirliyinə istinadən bildirirdilər ki, Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyev “Dünya müəllimi mükafatı”nın finalçıları sırasındadır. ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu “Varkey GEMS” Fondu tərəfindən təsis olunmuş bu mükafat barədə məlumat verən nazirlik rəsmisi demişdi ki, Azərbaycan müəllimlərinin dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxaq tədbirlərdə müxtəlif təhsil layihələri ilə iştirakı və ciddi uğurlar qazanması təqdirəlayiq hadisə kimi təhsil sistemimizin inkişafının nailiyyətlərindən hesab oluna bilər. Gənc müəllim Məhəmməd Qarakişiyev mükafat fondu 1 milyon ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində “məktəb müəllimləri üçün Nobel mükafatı” kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində iştirak edən beş min müəllimdən biri idi və finala cəmi 50 nəfər çıxmışdı. O zaman balakənli ağsaqqal Rəşid Musayevdən maraqlı fikirlər eşitmişdik: “Orta təhsili də, ali təhsili də Azərbaycan dilində almış bi əyalət gəncinin dünyanın 50 müəllimindən birinə çevrilməsinin bircə səbəbi var: Balakənin təbii havası və bu gənci yetişdirən mühitdəki sosial-mənəvi ab-hava”. Bu rayonun sakinlərindəki Vətən sevgisini, yurda bağlılığı, dövlətçiliyə sədaqəti, əməksevərliyi, halallığı, qonaqpərvərliyi, elmə, təhsilə münasibəti uzun illər, həm də, hər addımda görən bir jurnalist kimi qətiyyətlə deyə bilərəm ki, Məhəmməd müəllimin uğurunu Balakənin havası və onun ətrafındakı sosial- mənəvi ab-hava ilə bağlayanlar tamamilə haqlıdırlar.
Söhbət dövlətçiliyə sədaqətdən və yurda bağlılıqdan düşmüşkən, bir məqamı da yada salmaq istəyirəm. Yaxşı yadımdadır. Ulu öndərimiz Heydər Əliyev 2002-ci ilin noyabr ayında, Şəkidə Olimpiya İdman Kompleksinin açılışında iştirak edirdi. Böyük dövlət xadiminin bütün nitq və çıxışları kimi həmin tədbirdəki çıxışı da izdiham tərəfindən dərin maraqla dinlənilirdi. Ancaq ulu öndərin çıxışının bir yerində diqqətini konkret ünvana yönəltməsi sakinlərin daha böyük marağına səbəb oldu:
-"Mən bayaqdan baxıram. Orada, deyəsən
bir gənc qızdır. Bayrağı
əlində tutubdur. Bayaqdan ona fikir verirəm. Sizin
hamınız fikir verin. Bayrağı bir əlində tutub.
Külək bayrağı o tərəfə, bu tərəfə
vurur. Amma qız bayrağı əlində düz
saxlayıbdır. Qızım, sənin üzünü
görürəm. Gözəl qızsan. Mən səni
öpürəm. Bağrıma basıram. Sən ki, Azərbaycanın
müstəqilliyinin rəmzi olan o bayrağı o qədər
sevirsən, onu əlində o cür saxlayırsan, buna görə
mən sənə hörmət
- ehtiramımı, sevgilərimi bildirirəm. Bu,
xalqımızın müstəqilliyidir".
Ulu
öndər sonra üzünü Bəxtiyar Vahabzadəyə
tutaraq əlavə etdi: “Bu, şeir mövzusudur, hə,
gördün? Mərasim başlanandan mən ona baxıram. Bəzən
deyirəm, bəlkə başqa adamın əlidir? Deyirəm,
bəlkə süni əldir? Görürəm, yox!
Özü də qızdır. Heyranam, heyranam. Bu bayraq Azərbaycanın
göylərində daim dalğalanacaq və heç vaxt enməyəcəkdir”.
...
Milli bayrağımızı küləkli bir gündə
öz zərif əlləri ilə düm-düz saxlayan, bir an
belə əyilməyə qoymayan
həmin vətənpərvər qız Şəki Tibb
Texnikumunun ikinci kurs tələbəsi, balakənli Turanə Məmmədova
idi. Həmin tədbirdə mən mikrofondan uzaq olsam da, bayraq
saxlayan qıza lap yaxın idim. 2014-cü il dekabrın 12-də
Balakən Mədəniyyət Evində ulu öndərin
anım günü münasibətiylə keçirilən tədbirdə həmin lent bir daha nümayiş
etdirildi və mən...ulu öndərin bir tələbə
qıza ehtiram bildirdiyi kadrları təkrar görəndə
sözün həqiqi mənasında
kövrəldim. Tədbirdən sonra Turanə xanımla
görüşüb söhbət etdim, ötən-keçənlər
barədə xatirələrini eşitdim. Mərkəzi Xəstəxanada tibb bacısı
işləyən Turanə xanım yuxarıda haqqında
söz açdığımız məqamı elə
danışdı ki, sanki mən həmin anları televizorda
görürdüm. Məlum oldu ki, bu xanımın təkcə
vətənpərvərliyi, dövlətçiliyə sədaqəti
güclü deyil,o, həm də
rəvan nitqə, məntiqli mühakimələrə,
fikir ifadə etmək qabiliyyətinə yüksək səviyyədə
malik imiş.
Yeri gəlmişkən.
Turanə Məmmədova ilə
birlikdə iştirak etdiyimiz həmin tədbirdən
üç-dörd gün sonra
Balakən Rayon Mədəniyyət Mərkəzində
“Balakən: Azərbaycanın folklor paytaxtı-2014” ili çərçivəsində keçirilən
“Bayatılarımız, laylalarımız nənələrin
və gənc nəslin dili ilə” adlı musiqili tədbirdə
şahidi oldum ki, bu rayonun yeni nəsli arasında Turanə xanım kimi gənclər
istənilən qədərdir. Rayonun folklor və musiqi
kollektivlərinin iştirak etdiyi musiqili tədbir
tamaşaçılara xoş təəssürat bağışlamışdısa,
mən bu əyalət rayonunda milli-mənəvi dəyərlərimizin
qorunub saxlanımasından sadəcə məmnun olmuşdum.
Həmin
hissləri Heydər
Əliyev Mərkəzində
“Ekologiyanın qorunması, ətraf mühitin təmizliyi hamının borcudur” mövzusunda keçirilən “Açıq
qapı ”günü də yaşamışdım. Deyirəm,
kaş hörmətli oxucular da rayon icra hakimiyyəti
başçısının humanitar məsələlər üzrə müavini Nəzakət
Rüstəmovanın rəhbərliyi ilə keçirilən həmin tədbirdə Balakən gənclərinin
nümayiş etdirdiyi təəssübkeşliyi
və təşəbbüskarlığı görmüş olaydılar. Onda
bilərdilər ki, mən nə üçün istənilən
yazıda bu rayona olan ehtiramlı münasibətimi dilə gətirirəm.
Amma, deyəsən,
Balakənin bu günkü həyatı, sosial-iqtisadi
inkişafı barədə qələmə almaq istədiyim
yazının girişi çox əhatəli oldu. İndi hansısa həmkarım deyə
bilər ki, o boyda rayonda yada salınmalı faktlar, rəqəmlər
yoxdurmu ki, belə əhatəli girişə imza
atırıq? Var. Faktlar və rəqəmlər o qədərdir
ki, ən geniş qəzet yazısının istənilən
cümləsində qeyd etsək belə tükənməz.
Onlardan bəzilərini yığcam da olsa
xatırladacağam. Daha doğrusu, Rayon icra hakimiyyətinin başçısı İslam
Rzayevlə söhbətimiz zamanı dəftərçəmə qeyd etdiyim bir çox məqamlar
yazını daha da əhatəli
edəcək. Məsələn,
dəftərçəmdə qeyd etmişəm ki,
ötən il rayonda ümumi məhsul
buraxılışının həcmi 137 milyon manat təşkil
edib, 620-si daimi olmaqla 1220 yeni iş yeri açılıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondunun vəsaiti hesabına 2014-cü ildə
rayon üzrə 15 sahibkara 189 min manat məbləğində
güzəştli kreditlər verilib.
Başqa bir qeyddə isə göstərilir ki,
iqtisadiyyatının əsasını kənd təsərrüfatı
məhsulları istehsalı təşkil edən Balakəndə həyata keçirilən zəruri
tədbirlər nəticəsində 39,6 min ton dən
qarğıdalı, 22,2 min ton tərəvəz, 28,6 min ton meyvə,
7,1 min ton kartof və digər növ kənd təsərrüfatı
məhsulları istehsal olunub. Məhsul
istehsalçılarına dövlət dəstəyi tədbirləri
çərçivəsində
2137 nəfər istehsalçıya 218 min manat yardım
ödənilib. Pis göstəricilər deyil – desəm, yəqin
ki, hamı razılaşar.
Yaxud,
İslam müəllim qeyd etdi ki,
Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncama
əsasən ayrılan vəsait hesabına Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala
avtomobil yolunun tikintisinə başlanılıb və yolun 16,2
kilometrlik hissəsində işlər artıq başa
çatdırılıb. Ümumiyyətlə, bu gün Balakən
sözün həqiqi mənasında tikinti
meydançasına çevrilmiş
rayonlarımızdandır. Məsələn, Talalar kəndində 280 şagird
yerlik yeni məktəb binası, Qaysa kəndində 20, Şərif
və Şambul kəndlərində isə 40 yerlik yeni
uşaq bağçaları tikilib istifadəyə verilib. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Balakən
şəhərində inşa edilən 100 yerlik uşaq
bağçasının tikintisi artıq başa
çatdırılıb və bu məktəbəqədər
tərbiyə müəssisəsi yaxın vaxtlarda
balacaların istifadəsinə veriləcək. Yuxarıda qeyd etdiyimiz kimi ötən
il “Balakən-1” kiçik su elektrik stansiyasının tikintisi
davam etdirilib. Stansiyanın cari ilin sentyabrında istifadəyə
verilməsi nəzərdə tutulur. Həmin
açılış mərasimindən
hazırlayacağım yazının bəzi konturları indidən
beynimdə dolaşır.
Biz “Xalq qəzeti”ndə
bu rayonda təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində
görülən işlər barədə, eləcə də əhalinin
kommunal xidmətlərlə təminatının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər haqqında dəfələrlə
yazmışıq. Indi isə əlavə edirik ki, Azərbaycan Prezidentinin
müvafiq Sərəncamı ilə 2015-ci ilin ölkəmizdə
“Kənd təsərrüfatı ili” elan edilməsi, dövlətimizin
başçısının ərzaq təhlükəsizliyinin
təmin olunması ilə bağlı verdiyi
tapşırıqlar Balakəndə
də aqrar sahədə çalışanların
qarşısına yeni vəzifələr qoyur. Məsələn, 2015-ci ildə “Azəryem Sənaye”
MMC-nin soyuducu anbar kompleksinin genişləndirilməsi, orada
meyvəqurutma və konserv məhsulları istehsalı üzrə
sənaye xəttinin açılması, müəssisənin
heyvandarlıq kompleksinin daha da inkişaf etdirilməsi və
digər tədbirlər nəzərdə tutulur.
Xatırladım
ki, rayon rəhbərliyinin təşəbbüsü ilə meyvəçiliyin inkişaf
etdirilməsinə, yeni intensiv bağların salınmasına
və mövcud bağlara qulluq göstərilməsinə diqqət
daim artırılır. Təkcə
son bir ildə bağlardan 28,6
min ton meyvə istehsal edilib ki, onun 14,3 min tonu xurma, 3,9 min tonu
fındıq, qalanı isə digər meyvələrdir.
Bununla
yanaşı heyvandarlığın inkişaf etdirilməsi də
təmin edilir və damazlıq
işlərinə, mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasına diqqət
artırılır. Bayaq adını çəkdiyim “Azəryem Sənaye” MMC-də məhsul
istehsalı artırılıb, müəssisədə tara
istehsalı sexi tikilib. Həmçinin, meyvə-tərəvəz
məhsullarının konservləşdirilməsi və qablaşdırılması
üzrə yeni istehsal sahəsinin tikintisi davam etdirilir.
Dövlət
siyasətinin mühüm tərkib hissələrindən olan əhalinin
keyfiyyətli kənd təsərrüfatı məhsulları
ilə təminatı məsələsi Balakəndə də
gündəlikdəki əsas mövzulardan birinə çevrilib. Rayonun fermerləri
Bakı şəhərində keçirilən kənd təsərrüfatı
məhsullarının satışı yarmarkalarında fəal
iştirak edirlər. Bir ildə həmin yarmarkalarda 117 ton müxtəlif
növ meyvə və tərəvəz məhsullarının
satışı təşkil edilib. Eyni zamanda, “Novruz” bayramı,
“31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və
“Məhsul bolluğu” bayramları ərəfəsində
rayonda da kənd təsərrüfatı
məhsullarının satış - yarmarkaları təşkil
olunur. Ötən il aqrar sahədə
əldə olunmuş uğurlar Heydər Əliyev parkında
“Məhsul bolluğu” bayramı keçirilməklə qeyd olunub.
Rayonda istehsal olunan bütün növ kənd təsərrüfatı
məhsullarının nümayiş etdirildiyi bayram tədbirində
çox sayda rayon sakini və qonaqlar
iştirak ediblər.
Əhalinin
içməli su ilə təminatının
yaxşılaşdırılması sahəsində
reallaşdırılan tədbirlər öz müsbət nəticələrini
verməkdədir. Bu məqsədlə su anbarları, magistral
və şəhər su xətləri təmir olunub, şəhərin
Rafiq Səmədov küçəsinin su və kanalizasiya xətləri
1200 metr məsafədə yeni
polietilen borularla çəkilib,
Ə. Ansuxski və Nizami küçələrində
yerləşən 3 yaşayış binasının su və
kanalizasiya xətləri yenilənib, kanalizasiya baxış quyuları tikilib.
Xidmət
sektorlarının fəaliyyəti rayon sakinləri tərəfindən
məmnunluqla qarşılanır. Əhali və qeyri-əhali
abonentlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması
üçün 117 transformator cari, 28 transformator isə əsaslı
təmir olunub. Təsərrüfata xidmət edən
avadanlıqlar — güc
transformatorları, açar və ayırıcılar yenilənib
və ya təmir edilib, 44 dəmir-beton,
57 ağac dayaq basdırılıb,
3,2 kilometr məsafədə SİP kabellər çəkilib.
Əhaliyə təbii qazın fasiləsiz verilməsini və
təzyiqin tələb olunan rejimdə saxlanılmasını
təmin etmək məqsədilə tənzimləyici
şkaflara və siyirmələrə, daşıyıcı
qaz xətlərinə texniki xidmət göstərilir, zəruri
hallarda xətlərin yeri dəyişdirilir.
Öyrəndik
ki, əhaliyə rabitə xidmətlərinin göstərilməsi
sahəsində də zəruri addımlar atılır. Məsələn,
Meşəşambul və Qazma kəndlərində hər
biri 256 nömrə tutumlu yeni elektron telefon stansiyası
quraşdırılıb. Xətt şəbəkəsi
qurulmaqla əhaliyə telefon çəkilişi davam etdirilir.
Yazının
əvvəlində qeyd etdiyimiz kimi
Balakəndə xüsusi qayğı və diqqət
göstərilən sahələrdən biri təhsildir. Məktəblərin
maddi-texniki və tədris bazasının
yaxşılaşdırılması istiqamətində
işlər hər il davam
etdirilir. Məktəblərdə müasir avadanlıq və tədris
vəsaitləri ilə təchizata, həmçinin
qış mövsümünə hazırlıq məsələlərinə
böyük diqqət yetirilir. İnformasiya və kommunikasiya
texnologiyalarının təhsil müəssisələrində
tətbiqi ilə bağlı kifayət qədər iş görülüb. Hazırda
rayon məktəblərində 632 ədəd müasir tipli
kompüter vardır və hər 18
şagirdə 1 kompüter düşür. 226
kompüter sürətli internet şəbəkəsinə
qoşulub.
Azərbaycan
Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli sərəncamı ilə rayonun
Texniki və humanitar təmayüllü liseyi “İlin ən
yaxşı məktəbi”, 2 müəllim — Aygün
Hacıyeva və bayaq adını çəkdiyimiz Məhəmməd
Qarakişiyev isə “İlin ən
yaxşı müəllimi” müsabiqəsinin qalibi elan
olunublar. Vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi
məqsədilə “Ölkəmizi
tanıyaq” devizi altında rayonun 40 nəfər yuxarı sinif
şagirdi 3 gün ərzində Quba, Qusar və Xaçmaz
rayonlarında istirahət edib.
Prezident İlham Əliyevin təşəbbüsü
və tapşırığına əsasən rayon əhalisinin
tibbi müayinədən mütəşəkkil şəkildə
keçirilməsinə rəhbərlik və nəzarəti təmin
etmək üçün rayon qərargahı yaradılıb,
17 fevral - 30 aprel tarixlərində rayon əhalisi tibbi
müayinədən keçirilib.
Əvvəlki
yazılarda qeyd etdiyimiz kimi 2014-cü ildə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
“2010-2014-cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları Proqramı” çərçivəsində
Balakən Azərbaycanın Folklor Paytaxtı elan edilmişdi.
Bu mədəni tədbirin il ərzində qeyd edilməsi ilə
əlaqədar tərtib olunmuş tədbirlər planına əsasən
yanvar ayından başlayaraq mədəniyyət və turizm
şöbəsi tərəfindən rayonun folklorunu, milli adət-ənənələrini,
kulinariyasını əks etdirən 41 rəngarəng tədbir həyata keçirilib. Həmin tədbirlərin içərisində
2 xarici ölkənin folklor kollektivinin də
qatıldığı “Balakən payızı” folklor
festivalı xüsusi qeyd olunmalıdır. Məlumat
üçün bildirək ki,
həmin folklor festivalına
artıq beynəlxalq status
verilib.
Şahidi
olduğum faktlardan biri də odur ki, gənclər arasında
orduya məhəbbət hissinin, hərbi vətənpərvərlik
ruhunda tərbiyənin aşılanması, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinə mütəxəssis
hazırlanması sahəsində iş qənaətbəxş
səviyyədə qurulur. Təkcə
ötən il 505 nəfər
çağırışçı müddətli hərbi
xidmətə yola salınıb.
Könüllü Hərbi Vətənpərvərlik
Texniki İdman Cəmiyyətinin
Balakən Aviasiya Mərkəzində respublikanın hər
yerindən gələn idmançı və həvəskarların
paraşütdən tullanma
üzrə təlimləri müntəzəm olaraq
keçirilir.
Yuxarıda
yada saldığımız kimi, Prezident İlham Əliyevin sərəncamı
ilə 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı
ili” elan edilib. Deməli, Balakənin ənənəvi kənd təsərrüfatı
rayonu olması, dövlət
başçısının həm bu sərəncamı,
həm də ərzaq təhlükəsizliyinin təmin
olunması, kənd təsərrüfatının
inkişafı ilə
bağlı verdiyi
tapşırıqlar rayon rəhbərliyinin
qarşısına böyük vəzifələr qoyur. Məhsul istehsalının
artırılmasını şərtləndirən tədbirlərlə
yanaşı, verilən tapşırıqların icrası
istiqamətindəki fəaliyyət də genişləndirilir.
Bu isə balakənlilərin daha bir mənəvi keyfiyyətinin
- məsuliyyətin göstəricisi kimi qəbul edilməlidir.
.. Adətən bu qəbildən olan yazıları rayonda gördüyümüz hansısa təbiət lövhəsi və ya dünya görmüş el ağsaqqallarından birinin ifadələri ilə yekunlaşdırırıq. İndi isə bu sətirləri bilavasitə İslam Rzayevlə söhbətimiz zamanı yaddaşıma köçürdüyüm iki faktla başa vurmaq istəyirəm. Rayon rəhbəri qeyd etmişdi ki, bu il “Balacans” MMC-nin konserv sexində İtaliya istehsalı olan müasir şüşə qablardan istifadə etməklə yeni konserv çeşidlərinin istehsal olunması nəzərdə tutulur. Bundan başqa, Hənifə kəndinin ərazisində keramika məmulatlarının istehsalı üzrə tikintisinə başlanan müəssisə də bu il istifadəyə veriləcək. Bu iki fakt isə qonaqları gündən-günə çoxalan Balakənin əcnəbi turistlərə özünəməxsus hədiyyə təqdim etmək üçün hazırlıq gördüyünün təsdiqidir. Əminəm ki, tələskən oxucunun “bəs turizm sahəsi barədə nə üçün söz açmadınız?” – sualına cavab vermiş olduq. Bu rayonun turizm obyektlərini isə sadəcə görmək lazımdır. Qələm onları təsvir edə bilməz.
İlqar
HƏSƏNOV
Xalq qəzeti.- 2015.- 7 mart.- S.5.