Ömür dedikləri bir karvan yolu

 

Söhbət respublikanın ilk traktorçu qadınlarından olan Səkinə Hacıyevadan gedir

 

...Qarşımızda bir sənəd var. Yazıldığı tarix belədir: 8 aprel, 1943-cü il. O vaxtlardan gör neçə illər, onilliklər gəlib keçib. Saralıb-solsa da, bəzi yerləri didik-didik olsa da, hər halda oxumaq mümkündür. Sənəddə yazılıb: “ Verilir vətəndaş Cavadova Səkinə Abı qızına, ondan ötrü ki, o, həqiqətən, Goranboy MTS nəznində 4 aylıq traktorçular kursunu bitirmişdir, ixtisas komissiyasının qərarı ilə qənaətbəxş qəbul edilmiş, traktoru idarə etmək hüququ verilmişdir”.

 

Redaksiyadan 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə yazı hazırlamaq barədə tapşırıq alanda yadıma dərhal Səkinə xala düşdü. Ona görə də Goranboy rayonunun Yeniyol kəndinə getdik. Yaşı 100-ə yaxınlaşsa da, özünü gümrah hiss edir. Eşitməyindən, görməyindən şikayəti yoxdur. Gəlişimizin məqsədini biləndə kövrəldi: – Hə, yaxşı ki, gəldiniz, – dedi:

Ötən illəri, müharibə dövrünü, ağlasığmaz çətinlikləri xatırlamaq bu ixtiyar yaşlı qoca üçün çətin olsa da, həvəslə danışır. Təltif olunduğu orden və medalları, fəxri fərmanları göstərir, haqqında yazılmış qəzet və jurnal məqalələrini bir-bir vərəqləyir...

Haqqında yazı hazırlamaq istəməyimiz, görüşünə gəlməyimiz, görünür, bu arıq, qarayanız qadının qəlbini tərpətmişdi. Tez-tez minnətdarlıq edir, nə yaxşı ki, məni yada salmısınız – deyir.

Bəli, biz insanlar beləyik. Hansı yaşda, hansı mövqedə olsaq da gördüyümüz qayğı, eşitdiyimiz xoş söz, isti münasibət qəlbimizdə sonsuz minnətdarlıq duyğuları yaradır. Laqeyidlik, biganəlik isə bizi sındırır, təəssüf və kədər doğurur.

Səkinə xalanın yaddaşı da yaxşıdır. Ona görə də nəinki ötən illəri, ayları, hətta günləri, saatları belə dəqiqliklə xatırlaya bilir:

– Müharibənin üçüncü ili idi. O zaman 21 yaşım vardı. Yaşadığımız Xanqərvənd kəndinin kişiləri cəbhədə idilər. Kənd qocaların, qadınların, uşaqların ümidinə qalmışdı. Gecə də, gündüz də işləyirdik. Ərlərimizi, qardaşlarımızı əvəz etməyə çalışırdıq. Yaxşı yadımdadır, aprel ayının 8-də məni kolxoz sədri yanına çağırdı. O zaman vəziyyət beləydi ki, hər iş əllə görülürdü. Texnikadan başı çıxan adamları barmaqla saymaq olardı. Qadınlar isə, umumiyətlə, bu işdən kənarda qalmışdı. Kolxoz sədri bu barədə uzun-uzad danışdı, sonra da dedi ki, sən tay-tuşların arasında fəalsan, diribaşsan. Ona görə də qərara almışıq ki, səni traktorçular kursuna göndərək. Texnikanı öyrənməliyik. Başqa yolumuz yoxdur.

Özbaşına razılıq verə bilməzdim. Ona görə də tez evə qayıtdım. Çətinlikə olsa da, valideyinlərimdən razılıq ala bildim. 21 nəfər idik. İlk günlər traktora yaxınlaşa bilmirdik. Günlər keçdikcə öyrəşdik, çətinliklər tədricən arxada qaldı. Kursu başa vurandan sonra isə Qızılhacılı kəndində işləməyə başladım.

O illər kolxozun cəmi bir traktoru vardı. Onu da mən idarə edirdim. Gecə də, gündüz də sahələrdə idik. Aylar, illər keçdikcə özümə qoçaq, çalışqan qızlardan ibarət köməkçilər də götürmüşdüm. Hətta rayonun başqa kəndlərindən də gələnlər vardı. Demək istəyirəm ki, illər keçdikcə gənc traktorçuların sayı artırdı.

Həmin illər rayonda gənc mexanizatorlar arasında keçirilən yarışda dəfələrlə birinci yerə çıxmışam. Tez-tez adlı-sanlı pambıqçılardan olan Bəsti Bağırova, Manya Kərimova ilə görüşür, fikir mübadiləsi edirdik.

Sonralar ailə həyatı qurdum. İstər-istəməz “dəmir at”ımla xudahafizləşdim. Ancaq bilirdim ki, yetişdirdiyim gənclər mənim işlərimi uğurla davam etdirəcəklər. Bir də ki, yenə də onların yanındaydım, manqabaşçısı işləyirdim:

Tez-tez 70-80-ci illəri, o zaman respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin Goranboya tarixi səfərlərini xatırlayır.

– Mən dəfələrlə o böyük insanı qarşılayanlar arasında olmuşam. Hər səfəri biz sadə kənd adamları üçün toy-bayrama çevrilirdi. Yaxşı işləyir, yaxşı da yaşayırdıq...

Səkinə xala danışır, mən isə bütün ömrüboyu halal zəhmətlə nəfəs alan, ev-eşik, oğul-uşaq sahibi olan bu fədakar qadın haqqında düşünürəm. Doğrudan da, illər ötür, zaman dəyişir, ancaq nə yaxşı insanlar, nə də onlarla bağlı xatirələr unudulmur.

Goranboyun ilk traktorçu qadını olan Səkinə Hacıyeva ana kimi də, nənə kimi də xoşbəxtdir. 10 uşaq böyüdüb, tərbiyə edib. Hamısı da ali təhsillidir. Səkinə xala balalarını tez-tez başına toplayır, ötənlərdən, mübarizələrlə dolu həyatından danışır. Onlara bu günümüzün qədrini bilməyi, harda, hansı sahədə işləmələrindən asılı olmayaraq xalqa, Vətənə sədaqətlə qulluq etməyi, halal zəhmətlə dolanmağı arzulayır.

Hazırda Səkinə Hacıyeva Goranboy rayonunun Yeniyol kəndində yaşayır. Həyat yoldaşının vəfatından sonra övladları onu öz yanlarına aparmaq istəsələr də, Səkinə xala öz əli ilə tikdiyi-qurduğu yurd-yuvasını tərk etməyib. Ancaq elə bir gün olmur ki, 10 övladından, 24 nəvəsindən, 26 nəticəsindən kimsə ata-baba ocağına gəlməsin, Səkinə xalaya baş çəkməsin.

Övladlarından biri ilə – tarix üzrə fəlsəfə doktoru Gündüz Hacıyevlə söhbət edirik.

– Söhbət təkcə mənim anamdan getmir, – deyir.

 – Belə insanlardan öyrənməli, nümunə götürməli cəhətlər çoxdur. Mən, hər şeydən əvvəl, anamdan halal zəhmətin qədrini bilmək, haqq-ədalət, torpağa, Vətənə sonsuz sədaqət kimi nəcib duyğular, yüksək mənəvi keyfiyyətlər öyrənmişəm. Biz ayrıca ev-eşik, oğul-uşaq sahibi olsaq da, müəyyən bir yaşa çatsaq da, hələ də onun məsləhətləri, xeyr-duası ilə yaşayırıq.

Goranboy rayonu, Yeniyol, kəndi. Yaşı 100-ə yaxınlaşan nurani çöhrəli Səkinə xala burda yaşayır. Bu ev-eşik, həyət-baca həmişə qonaqlı-qaralı olsa da, Səkinə xala daha çox tək qalmağı xoşlayır. Övladları deyirlər ki, saatlarla evinin pəncərəsindən görünən geniş çöllərə baxır. Kim bilir, bəlkə də, gözləri önündən ilk gənclik illərini – “dəmir atı ilə torpağın bağrında şırımlar açdığı o illəri xatırlayır...

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 8 mart.- S.6.