Sevgi, doğmalıq,
qədirbilənlik bayramı
Hər
bir xalqın özünəməxsus, əziz
bayramları olsa da, dünyada hamılıqla qeyd
olunan sevimli, ortaq gün azdır. 8
Mart-Beynəlxalq Qadınlar Günü yer üzünün hər
yerində böyük təntənə
ilə keçirilən bayram kimi bəşər tarixini
şərəfləndirən hadisələrdən biridir.
Qadın anamızdır, anamızın anasıdır, bacımızdır, qızımızdır, gəlinimizdir, iş yoldaşımızdır... Onun nəcib, ilahi varlığı daim hərəkətdə olan həyatımızın iki təkərindən birini təşkil edir. İsti ana ağuşu insanlığın ilk və müqəddəs beşiyidir. Qadının həyatdakı yeri, mövqeyi, çəkisi barədə söylənən bütün hikmətləri bir daha təsdiqləyərək, demək istəyirəm ki, biz hər birimiz dünyaya gəldiyimizə , dil açıb danışdığımıza, böyüyüb xalqımıza gərəkli olduğumuza görə bütün bunları bizə bəxş edən analarımıza borcluyuq. Təqvimin ildə bir gününün dünyamızın bəzəyi olan qadınlarımızın şərəfinə bayram edilməsi məhz bu həqiqətin hamılıqla dərk edilməsinə, qadınların layiq olduqları uca məqama qaldırılmasına xidmət edir.
Xalqımızın tarixində, ədəbiyyatında qadına hörməti, məhəbbəti ifadə edən bir sıra parlaq səhifələr var. Bununla ulu babalarımız bizə öyünclü mərifət irsi, qadına münasibətdə doğru yol qoyub getmişlər. Məhəmməd peyğəmbər ana ayaqlarının altını cənnətə bərabər sayıb. Dədəmiz Qorqudun müqəddəs söz mülkündə Qazan babamız Burla xatun nənəmizi “başım baxtı, evim taxtı” deyə əzizləyib. Füzuli babamızın qadına, gözələ verdiyi bədii tərifin dünya ədəbiyyatında misli yoxdur. Mənaların-mətləblərin ən gözəlinə sığal çəkən şairlərimiz təravətli, ətirli sözlərini çiçək kimi qadınların başına səpiblər, onların könül dünyasını güldürüblər.
Lakin məsələ qadını təkcə öymək, əzizləmək deyil, daha çox onun həyatını yaxşılaşdırmaq, zəif və zərif çiyninə düşən ağırlığı azaltmaqdır. Bu gün hardasa əzilən, incidilən, alçaldılan bir qadın varsa, bu cəmiyyətin, ilk növbədə, kişilərin vicdanına yazılmalıdır. Tarixən, cəmiyyətlər, dövlətlər qadını yüksəltməklə irəli gedib. Babalarımızın da qadına qayğıkeş münasibət nümunələri zaman keçdikcə miqyasca genişlənib, məzmunca kamilləşib. Müstəqil dövlətimizin yaranması indiki nəsillərin analarımıza ən böyük hədiyyəsidir. Anaların ən böyük xidməti isə varlığımızın anası saydığımız torpaqlarımızı qoruyan, onun yolunda canını belə əsirgəməyən övladlar doğub-böyütmələridir. Düşünürəm ki, yaralı Qarabağımızı geri qaytarmağımızla analarımızın bizdən ən böyük gözləntisini onlara qaytarmış olarıq. İnşallah, bu, mütləq baş verəcək və bununla analarımızın-bacılarımızın qəlbindəki ən ağrılı yaraya məlhəm qoyulacaq.
8 Mart-Beynəlxalq Qadınlar Günü ilk vaxtlar başqa məmləkətlərdə qeyd olunsa da, bu bayram xalqımız üçün öz məna və mahiyyəti ilə çoxdan doğmalaşmışdır. Qadınlarımız bizim üçün hər gün əziz olsalar da, bax bu gün biz onların varlıqlarını, dünyamızı nurlandırmalarını daha dərindən duyub-anlayırıq. Məhz belə bir gündə analarımızı, bacılarımızı, sevgilimizi, bir sözlə, xalqımızın bütün qadınlarını ülvi bir diləklə əzizləyirik, təbrik edirik.
Mən bu bayram münasibəti ilə bütün qadınlarımızı, sevgimizin, məhəbbətimizin şahı olan insanları ürəkdən təbrik edirəm. Arzu edirəm ki, təkcə 8 Mart günü yox, ilin bütün günləri onlar üçün məhəbbət bayramı olsun. Hər zaman nəsibləri sevgi, gülüş, rahatlıq olsun. Bəzən yanaqlarından süzülən göz yaşı kədərdən yox, sevincdən qaynaqlansın. Bütün qadınlarımızın evli- eşikli, çörəkli- köynəkli, oğullu-qızlı, nəvə-nəticəli, firavan, xoşbəxt olması onlara Tanrının bəxş etdiyi haqdır.
Qadınlar dünyanın yaraşığı, gözəlliyi, ətri və təravətidir. Bu ətir, bu təravət dünyamıza əmin-amanlıq və bərəkət gətirir. Qoy özləri də güldən ətirli, çiçəkdən təravətli, sünbüldən bərəkətli, torpaq qədər müqəddəs, göylər qədər geniş olsunlar. Bizi şair, bəstəkar, alim, həkim və müəllim... eləyən analara bu əziz bayram günündə salamlar olsun!
Qoy qadınlarımız bu təbriklər axınının gur selində bir daha paklansınlar, varlıqlarının İlahi mənası ilə öyünsünlər. Qoy qadınlar daim sevinməkləri ilə dünyamızı bir az da şənləndirsinlər, qayğısız eləsinlər.
Zəlimxan YAQUB,
Xalq şairi
Xalq qəzeti.- 2015.- 8 mart.- S.3.