Zəriflərin zəriflik bayramı
İllərimizdəki
fəsillərin ən gözəli olan
baharın mart ayı hələ qədim
dövrlərdən Azərbaycanın həyatına bayramlar ayı - çərşənbələr
və Novruz Bayramı ayı kimi həm təqvimə, həm də
insanların qəlbinə əbədi həkk olunub. Martın gəlişi iqlimi dəyişdirir, donmuş
buzluqları əridir, torpağı isidir,
novruzgülünü, bənövşəni
oyadır. Bu dəyişikliyi duyan, hiss edən, bayram ovqatına köklənənlər də
ilk növbədə zərif xanımlar olurlar və onların dəstəyi ilə bu bayramlar
hüdudlarını genişləndirərək ailə,
ölkə çərçivəsində qeyd
edilir. Azərbaycan
xalqının məişətinə daxil
olan Novruz
Bayramından başqa mart
ayına sonralar qadınların, təbii ki, həm də kişilərin ürəyincə
olan daha bir bayram əlavə olunmuşdur ki, bu da dünyanın bir çox xalqları kimi Azərbaycan xalqı tərəfindən də
həmişə təmtəraqla qeyd
edilən 8 Mart Beynəlxalq Qadınlar
Bayramı Günüdür.
Qadınlarımız üçün mart bayramları, xüsusi
olaraq, ən əziz bayramlar
sırasındadır.
Azərbaycan qadını belə əziz bayramları şad əhval-ruhiyyə ilə, sevinclə, fərəhlə keçirməyə layiqdir. Həm müqəddəs kitabımız olan “Qurani Kərim”də, həm də qədim milli kitabımız olan “Kitabı Dədə Qorqud"da qadın əməyinə, qadın mənəviyyatına yüksək qiymət verilib. “Cənnət qadınların ayağı altındadır” – deyimi qadın varlığına verilən ən yüksək dəyərdir. Qadınlarımız həm gündəlik məişət işlərində, həm dövlətçilik fəaliyyətində, həm də elmi biliklərə yiyələnmədə öz ağlının gücü, tədbirli və təmkinli olması ilə seçiliblər. Tomriz analar, Nüşabələr, Tuti Bikələr, Məhsətilər, Natəvanlar, Həmidələr, Nigarlar, Həcərlər, Sevillər, Bəstilər, Şamamalar Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan dövlətçiliyinə, elminə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına başucalığı, şərəf və ləyaqət gətirən zərif xanımlar olublar.
Azərbaycan tibb elminin akademik Zərifə Əliyeva, professorlardan Sona xanım Vəlixan, Kübra Fərəcova, Ümnisə Musabəyli, Məhbubə Mahmudbəyova, Adilə Şaxtaxtinskaya, Sayalı Tağıyeva, Zəhra Salayeva, Törə Qədirova, Zərəngiz Tağızadə, Zəhra Quliyeva, Sosialist əməyi qəhrəmanı Şamama Ələsgərova və digər qadın həkim və elm xadimləri nümayəndələri daim Azərbaycana şan-şöhrət gətirib, onun səhiyyəsini, tibb elmini, tibb təhsili sistemini inkişaf etdirərək dünyaya tanıdıblar. İlk qadın opera müğənnisi Şövkət Məmmədova, ilk qadın SSRİ xalq artistləri Hökümə Qurbanova və Mərziyə Davudova, həmçinin müğənni və aktrisa kimi Xalq artisti fəxri adlarına layiq görülmüş Həqiqət Rzayeva, Leyla Bədirbəyli, Gülxar Həsənova, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Barat Şəkinskaya, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Nəcibə Behbudova, Sofa Bəşirzadə və digərləri kimi aktrisa, bəstəkar və müğənnilərimizin səsləri, rəqqasələrimizin rəqsləri, avazları dünya səhnəsini bəzəyib, Şərqdə ilk opera yazan Azərbaycan qadını Şəfiqə Axundova, “Dan Ulduzu" kimi ilk möhtəşəm instrumental orkestrin müəllifi və rəhbəri olmuş Gülarə Əliyeva, şeirləri qəlblərə nur çiləyən Mirvarid Dilbazi, Nigar Rəfibəyli, 50 ilə yaxın bir müddətdə ATU-nun qızlardan ibarət “Çinar” rəqs ansamblına rəhbərlik etmiş xalq artisti Əminə Dilbazi və başqa qadınlarımız Azərbaycan torpağının istedadlı övladları, məğrur və yenilməz anaları olublar.
Onların yollarının layiqli davamçıları, istedadlı və fədakar qadınlarımız bu gün də var, bu gün də yaşayıb yaradırlar, Azərbaycan xalqına, Azərbaycan millətinə ləyaqətlə xidmət edirlər.
Hazırda Azərbaycan Tibb Universitetində təhsil alan tələbələrin 65-70 faizini gənc qızlar təşkil edir. Qızlarımız həkimlik peşəsinin ən çətin sahələrində çalışmaqdan çəkinmirlər. Onların arasında biz gələcəyin savadlı, bilikli praktik həkimlərini, cərrahlarını, onkoloq, ginekoloq, stomatoloq və oftalmoloqlarını, elm xadimləri və səhiyyə işçilərini görürük. Onlar ölkə Prezidenti cənab İlham Əliyevin gənclər üçün yaratdığı əlverişli şəraitdən, gənclərə göstərdiyi diqqət və qayğıdan lazımınca yararlanaraq, tibb elminin incəliklərinə yiyələnirlər. Bu günlərdə Prezidentin qayğısı sayəsində ölkəmizdə tibb təhsili alan rezidentlərin ilk buraxılışı oldu. Onlar müstəqil ölkəmizin ilk rezident diplomlarına layiq görüldülər. Rezident-məzunlarımız arasında qızlarımız da kifayət qədərdir.
Azərbaycan Tibb Universitetinin 1200 nəfərə yaxın professor-müəllim heyəti sıralarında çalışan 400 nəfərdən çox qadın müxtəlif elmi dərəcə, elmi ad və fəxri adlara, mükafat və təltiflərə layiq görülüblər. Belə qadınlarımızdan 1nəfəri (akademik Adilə Namazova) Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və Dövlət mükafatı laureatıdır, 1 nəfəri (dosent Zemfira Topçubaşova) Prezident təqaüdünə layiq görülüb. ATU-da fəaliyyət göstərən qadınlardan 9 nəfəri kafedra müdiri, 33 nəfəri elmlər doktoru, 24 nəfəri professor, 255 nəfəri elmlər namizədi, 155 nəfəri dosentdir.
Ölkəmizdə qadınlar hər sahədə aktiv fəaliyyət göstərirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, həmin Fondun vitse prezidenti və Moskvadakı nümayəndəsi Leyla xanım Əliyevanın bütün sahələr üzrə əvəzsiz xidmətlər göstərmələri günümüzün reallığı Azərbaycan xanımlarının intellekt rəmzinin möhkəm dayaqlarıdır.
Ölkəmizdə fəaliyyətdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (sədr - Hicran Hüseynova), həmçinin ombudsmanın (professor Elmira Süleymanova) qadın hüquqlarının qorunması, gender problemlərinin həllindəki xidmətləri hamı tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın qadın millət vəkilləri, hüquqşünasları xalqımızın hüquqlarını qoruyur, onları ədalətsizliklərdən, həkim - qadınlarımız isə onları xəstəliklərdən qoruyur və mühafizə edirlər.
Ölkəmizdə, eləcə də dünyanın hər yerində yaşayan bütün Azərbaycan qadınlarını, qızlarını, bütün ana və bacıları, ürəyi Azərbaycanın rifahı, uğurları naminə döyünən bütün qadınları zəriflərin zəriflik bayramı olan 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, onların hər birinə möhkəm cansağlığı diləyir, başları üzərində daim aydın və günəşli səma olmasını arzulayıram.
Əhliman
ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət
mükafatı laureatı,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2015.-
8 mart.- S.3.