Bərdə: tariximizə hörmətlə, bu günümüzə

ehtiramla, sabahımıza böyük ümidlə...

 

Mən istəyirəm ki, Azərbaycanın qədim paytaxtı, nizamilərin, nüşabələrin

Bərdəsi qısa müddət ərzində müasir tipli gözəl şəhərə çevrilsin.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Bu gün Bərdə ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biridir...

Çox şadam ki, Bərdədə belə sürətli inkişaf, quruculuq-abadlıq işləri aparılır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 ...Bərdə türbəsi, yaxud Nüşabə qalası şəhərin lap mərkəzində yerləşir. Tarixi çox qədimlərə gedib çıxır. Bir qədər sonra bu barədə qısa məlumat verəcəyik. İndi isə demək istədiyimiz mətləb başqadır. İstər sovetlər birliyində, istərsə də müstəqilliyin ilk illərində bu nadir memarlıq abidəsinin təmir və bərpası, sadəcə olaraq, yada düşməmişdir. Halbuki, uzun əsrlər bundan əvvəl tikilmiş, o vaxtdan bəri tarixin çox sınaqlarından çıxmış, müharibə, talan və basqınlara sinə gərmiş, üzərindən çox soyuq küləklər əsmiş bu qalanın belə bir həssas və qayğıkeş münasibətə ehtiyacı vardı.

Tək bircə dəfə türbənin bərpasına təşəbbüs göstərilmişdi. Təəssüf ki, o da çox uğursuz olmuşdu. Necə deyərlər, ayna daşa toxunmuşdu. Naşı bərpaçı və inşaatçılar zərgər dəqiqliyi və böyük sənətkarlıqla işlənmiş türbəyə mümkün qədər ehtiyatla yanaşmaq əvəzinə, ağır beton plitələrdən istifadə etmiş, beləliklə də bu nadir abidə nəinki bərpa olunmuş, hətta öz əvvəlki görkəmini qismən itirmiş, yana əyilmişdi.

Bu, bir. Təəccüb və təəssüf doğuran ikinci cəhət isə odur ki, qalanın həyəti tamamilə baxımsız vəziyyətə düşmüşdü. Kol-kos, natəmizlik baş alıb gedirdi. İş hətta o yerə çatmışdı ki, ətrafda yaşayanlar zir-zibillərini bura tökürdülər.

Əlbəttə, vəziyyət belə davam edə bilməzdi. Elə ona görə də respublika Prezidentinin xüsusi tapşırığı ilə Bərdə Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi bu vacib məsələni nəzarətə götürdü. Yaranmış vəziyyəti nəzərə alaraq xaricdən mütəxəssislər cəlb edildi. Sözsüz ki, burda, necə deyərlər, nə tələsmək, nə də gecikmək olmazdı. Ən əsası isə odur ki, tarixilik, milli üslub və təkrarsız ornamentlər mütləq qorunub saxlanılmalı, başlanmış möhtəşəm yüksək zövq və həssaslıqla sona çatdırılmalıdır.

İndi Bərdənin ürəyi burda döyünür  desək, heç də səhv etmərik. Hər şeydən əvvəl, qalanın yerləşdiyi ərazi abadlaşdırılmış, genişləndirilmiş, səliqə-sahman yaradılmış, küçə və səkilər qaydaya salınmışdır. Mütəxəssislərin fikrincə, qalanı əhatə edən kərpic divarlar əvvəlki görkəmində qalsa, yaxşıdır. Bəzi yerləri uçub tökülsə də, hər halda, uzun əsrlərə sinə gərən bu divarları olduğu kimi saxlamaqda haqlıdırlar.

Türbənin özündə isə gecə-gündüz gedir. Bərpaçıların dediyi kimi, bəzən bir kərpicin görkəmi, bir rəngin alınması üçün saatlarla baş sındırmalı olurlar. Elə türbənin qədimliyi, nadirliyi, təkrarsızlığı da bundan ibarətdir.

Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq deyək ki, Nüşabə qalası 1322-ci ildə tikilmişdir. Hələ XIX əsrdə tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə məşhur şərqşünas Xanıkov və 1861-ci ildə akademik Dorn abidənin üzərindəki kitabələri oxumuş və nəşr etdirmişlər. Kitabələr qalanın Naxçıvan memarlıq məktəbinə aid olduğunu göstərir.

Bərdə türbəsi qülləvari quruluşda olub, yeraltı və yerüstü hissələrdən ibarətdir. Səkkiz metr yarımlıq bir hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bu kitabə 200 dəfədən artıq “Allahsözünü naxış şəklində təkrarlayır.

Son günlər Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə kabinet söhbətimiz heç cür alınmırdı. Səbəb isə çox sadədir. Günün hansı vaxtı axtarsam, “Bərdə türbəsindəyəm” – deyirdi. Əslində, burada qeyri-adi heçyoxdur. İcra başçısı təbiətən narahat adamdır. Hər hansı sahədə işin gedişi ilə şəxsən tanış olmasa, gündə bir neçə dəfə baş çəkməsə, rahat olmur. Bu, məlumdur, buna, necə deyərlər, sözümüz yoxdur. Ancaq mən burada diqqəti məsələnin başqa tərəfinə cəlb etmək istəyirəm.

Vidadi müəllim ixtisasca tarixçidir, tarix üzrə fəlsəfə doktorudur. Şəxsən mən tarixçi alimin 3 min ildən artıq tarixi olan qədim Bərdədə icra hakimiyyətinin başçısı olmasında bir qanunauyğunluq, simvolika görürəm. İcra başçısı bərpaçılardan bir addım da olsun kənar durmur, hər yazıya, hər təsvirə dönə-dönə diqqət kəsilir, yeri gəldikcə məsləhət və tövsiyələrini də bildirirdi. Bax burada ixtisas təhsili icra başçısının köməyinə gəlir. Özübu əməkdaşlıq təkcə Bərdə türbəsi ilə məhdudlaşmır. VI əsrdə Tərtər çayı üzərində tikilmiş körpünün, Bəhmən Mirzə türbəsinin və başqa tarixi abidələrin bərpasında da belə olmuşdur.

İcra başçısı hiss edirdi ki, söhbət üçün münasib məqam axtarıram. Ona görə də qalanın həyətində ayaqüstü olsa da, söhbətimiz baş tutdu:

– Bərdənin maraqlı, mən deyərdim ki, qəribə taleyi var. – Vidadi müəllim bizi əlindəki arayışla tanış etdi.  Bildiyimiz kimi, 3 min ildən çox tarixi olan Bərdə müəyyən bir dövrdə ölkə paytaxtı olmuşdur. Ərazisi qədim memarlıq abidələri ilə zəngindir. Ancaq təəssüf ki, Bərdə deyəndə çoxlarının yadına kənd təsərrüfatı, daha dəqiq desək, pambıq düşür. Bəli, bunları heç kim inkar etmir. Həqiqətən, 70-80-ci illərdə Bərdə respublikanın ən böyük aqrar rayonlarından biri olub. Ancaq bu qədim bölgəni təkcə kənd təsərrüfatı ilə məhdudlaşdırmaq olmaz. Bəs tarix, bəs zəngin maddi-mədəniyyət abidələri, nadir memarlıq nümunələri?

Elə Bərdə türbəsinin taleyi bu dediklərimizə gözəl sübutdur. Buna görə də ilk gündən ona nail olmaqla çalışdıq ki, tarixi abidələr, milli memarlıq nümunələri bərpa edilməklə yanaşı, yeni park və abidələr yaradılsın. Bir sözlə, Bərdənin mədəni siması layiq olduğu səviyyəyə qaldırılsın.

Son 5 ildə Bərdədə görülüb başa çatdırılmış və hazırda da davam etdirilən irimiqyaslı layihələr, sözün həqiqi mənasında, onillərə bərabərdir. Belə demək mümkünsə, siz Bərdəni yenidən tikdiniz, qurdunuz. Bu, əlbəttə, heç də öz-özünə əldə edilməmişdi. Rayon icra hakimiyyətinin başçısı kimi sizin üslubunuza, təşkilat-idarəetmə məsələlərində tətbiq etdiyiniz maraqlı formalara yaxşı bələdəm. Bizcə, Bərdədə daha çox nəzərə çarpan cəhətlər bunlardır: çevik, operativ idarəetmə, ardıcıl və sistemli icra intizamı, kadrlara qarşı ciddi tələbkarlıq, daha çox elmi münasibət...

– Əvvəlcə bayaqkı sualınızdakı bir məqama aydınlıq gətirmək istəyirəm. Əlbəttə, hər hansı sahədə ixtisas təhsili çox vacibdir. Heç uzağa getməyək: Bərdə türbəsinə tarixçidə baxış bir cür, baytar həkimində isə başqa cür ola bilər. Buna, necə deyərlər, sözümüz yoxdur. Ancaq orası da var ki, harda olursa-olsun, söhbət işin düzgün təşkilindən, adamlarla işləmək, onları öz ardınca apara bilmək bacarığından, tariximizə, torpağımıza, millətimizə övlad məhəbbətindən, yaradıcı və təşəbbüskar fəaliyyətdən gedir. Biz, yeri gəldi-gəlmədi, Bərdənin qədimliyindən, məşhurluğundan danışırıq, böyük Nizaminin məlum misralarını tez-tez təkrar edir, yaxud da 70-80-ci illərdəki şöhrətindən və s. həvəslə danışırıq. Ancaq gəlin görək Bərdənin 5-10 il bundan qabaqkı görkəmi belə bir zəngin tarixə nə dərəcədə yaraşırdı?

– Bəli, söhbət tariximizə, milli-mənəvi dəyərlərimizə qayğıdan, hörmət və ehtiramdan gedir. Ulu öndər Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin bu sahədəki yorulmaztitanik fəaliyyəti hər bir rəhbər işçi, hər bir sadə adam üçün parlaq nümunədir. Ancaq orası da var ki, yerlərdə işin təşkilindən də çox şey asılıdır...

– Əslində, bu dedikləriniz gündəlik fəaliyyətimizin ana xəttini təşkil etməlidir. Axı həyatımızın başqa sahələrində olduğu kimi, burda da bütün zamanlar üçün hamımıza parlaq örnək, canlı nümunə, əsl məktəb var. Bu, Heydər Əliyev məktəbi, Heydər Əliyev nümunəsidir. Böyük fərəh hissi ilə deyə bilərik ki, həmin zəngin ənənə bu gün daha böyük uğurla davam etməkdədir. Ölkə Prezidenti İlham Əliyevin qətiyyətli, müdrik daxilixarici siyasət xətti, tariximizə, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə böyük qayğı və diqqəti, regionlara müntəzəm xarakter alan səfərləri, adamlara qayğısı, sözün əsl mənasında, bizim üçün həyat dərsləridir. Biz bu zəngin və tükənməz xəzinədən mümkün qədər çox şey öyrənməliyik.

Bayaqkı sözümün davamı olaraq deyə bilərəm ki, son illər ümumi sahəsi 40 hektar olan Heydər Əliyev park - bulvarı, Qəhrəmanlar parkı, Mərkəzi meydan, Nüşabə parkı, Bayraq meydanı, Səhəng bulağı, 14 fəvvarə kompleksi, 14 istirahət guşəsi və s. yaradılmışdır.

Tərtər çayının sahili boyunca salınmış Heydər Əliyev park – bulvarı isə, sözün əsl mənasında, bir möcüzədir. Parkın mərkəzində ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmışdır. Burada 6 fəvvarə, 2 süni göl, çay evi, mini idman meydançası, yay kinoteatrı, inzibati bina, “Anauşaqkafesi, tarixi körpünü seyr etmək üçün asma körpüs. quraşdırılmışdır. Bu unikal istirahət mərkəzi həm də gözəl mədəniyyət abidəsidir. 2014-cü ilin avqust ayında ölkə Prezidenti İlham Əliyev növbəti dəfə Bərdədə olarkən park - bulvarda görülən işləri yüksək qiymətləndirmiş, əlavə məsləhət və tövsiyələr vermişdir.

İlk baxışda adama elə gəlir ki, Bərdədə inkişaf və yüksəliş, necə deyərlər, zirvə nöqtəsindədir – daha elə bir ciddi kəm-kəsir qalmamışdır, nəzərdə tutulan hər şey görülüb başa çatdırılmışdır. Siz isə deyirsiniz ki, qarşıda bizi hələ görüləsi işlər, iri layihələr gözləyir...

– Belə bir məntiqlə qətiyyən razılaşa bilmərəm. Əvvəla, ona görə ki, həyat bir yerdə durub dayanmır, hər gün özü ilə yeni qayğılar, həllivacib problemlər gətirir. İkinci tərəfdən, hər kəs öz gücü, qabiliyyəti, potensialı çərçivəsində işləyir. Bizim hələ gücümüz və potensialımız tükənməyib. Deməli, daha böyük zirvələr hələ qabaqdadır...

İcra başçısının sözlərinə əlavə olaraq deyək ki, son illər Bərdədə inkişaf və yüksəliş təkcə tarixi və memarlıq abidələrinə, milli-mənəvi dəyərlərə göstərilən böyük diqqət və qayğı ilə məhdudlaşmır. Diqqəti cəlb edən odur ki, burada iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət formalaşmış, ardıcıl və sistemli icra intizamı təmin edilmişdir. Elə buradaca son vaxtlar ayrı-ayrı sahələrdə əldə edilmiş uğurları əks etdirən bəzi göstəriciləri, fakt və rəqəmləri bir daha yada salsaq yerinə düşər. Ötən il bu sahədə xüsusilə əlamətdar və yaddaqalan olmuşdur - desək, heç də səhv etmərik.

Məsələn, məcburi köçkünlər üçün 538 ailəlik yeni məhəllə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 38 mənzilli yaşayış binası, Dövlət Əmlak Komitəsinin Rayon Şöbəsinin, Rayon təhsil şöbəsinin inzibati binaları, uşaq musiqi məktəbi, Nazırlı, Qazaxlar kənd məktəbləri tikilib istifadəyə verilmiş, Ərazi kənd təsərrüfatı idarəsinin, Toxumçuluq müfəttişliyinin, Aqrokimya laboratoriyasının, Gənclər evinin, Nizami parkının, beşulduzlu mehmanxananın və s. tikintisi, şəhər 2, 6, 7 saylı məktəblərin əsaslı təmiri davam etdirilir.

Bundan başqa, ölkə Prezidentinin sərəncamı ilə Mollaisalar - Bayramlı - Mollaəhmədli - Sərkarlar avtomobil yolunun əsaslı təmiri başa çatdırılmışdır. Ümumiyyətlə, ötən il 303,1 milyon manatlıq ümumi məhsul, o cümlədən 12,2 milyon manatlıq sənaye, 139,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. İqtisadiyyatın inkişafına 56,4 milyon manat əsas investisiya yönəldilmiş, bunun 50,7 milyon manatı və ya 91,6 faizini tikinti-quraşdırma işləri təşkil etmişdir.

2013- ilə nisbətən sənaye istehsalı 9,4 faiz, kənd təsərrüfatı 8,1 faiz çoxalmışdır. Orta aylıq əmək haqqı 2013-cü ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artaraq 245 manat təşkil etmişdir. Dövlət proqramları qəbul olunandan indiyədək rayonda 25574 yeni yeri açılmışdır ki, bunun da 12773-ü daimidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 3,3 faiz artaraq 9,3 min nəfərə çatmışdır.

Sahibkarlığın inkişafında iri fermer təsərrüfatlarının yaradılması, sənaye məhəllələrinin təşkil edilməsi prioritet istiqamət təşkil edir. Cari ildə Mehdili kəndində yeni yem istehsalı müəssisəsinin, Mirzalıbəyli kəndində heyvandarlıq kompleksinin tikintisinə başlanmışdır.

2014-cü ildə 53593 hektarda taxıl əkilmişdir. İlin təsərrüfat üçün əlverişsiz keçməsinə baxmayaraq, əkinlərin 4,8 dəfə suvarılması təmin edilmiş, sahələrdən yüksək məhsul götürülmüşdür. İl ərzində 54,6 min ton taxıl istehsal olunmuş, məhsuldarlıq 35,7 sentnerə çatdırılmışdır.

Diri çəkidə 17250 ton ət, 65433 ton süd, 29,5 milyon ədəd yumurta, 444 ton yun istehsal edilmişdir. 2013-cü ilə nisbətən ət istehsalı 4,3 faizya 716 ton, süd istehsalı 14,6 faizya 8318 ton, yumurta istehsalı 5 faizya 1,4 milyon ədəd, yun istehsalı 2,8 faizya 12 ton artmışdır. İl ərzində rayondan Bakı şəhərində təşkil olunan yarmarkalara 376,7 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir. Göründüyü kimi, kənd təsərrüfatı məhsulları istehsalının artımı ərzaq təhlükəsizliyi proqramında nəzərdə tutulan hədəflərə uyğundur.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı sahəsində əsaslı tədbirlər işlənib həyata keçirilmiş, insan amili, onun vacib sosial ehtiyacları diqqət mərkəzində olmuşdur.

Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilmişdir. Belə ki, əvvəlki ilə nisbətən 2014-cü ildə qəbul imtahanlarında 500-dən artıq bal toplayan məzunların sayı 4 nəfər artaraq 62 nəfər olmuşdur. Akademik Z.Əliyeva adına Texniki təmayüllü məktəb - liseyin məzunlarından 12 nəfər, şəhər 1, 2, 3, Xəsili, Yeni Əyricə kənd tam orta məktəbindən 2 nəfər, Kələntərli, Xanqaraqoyunlu və Muğanlı kənd tam orta məktəblərinin hər birindən 1 məzun qəbul imtahanlarında 600-dən çox bal toplayaraq tələbə adını qazanmışlar. Ötən il məzunlardan 4 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. Bu göstəriciyə görə Bərdə rayonu Bakı və Sumqayıt şəhərlərindən sonra üçüncü yerdədir.

Mərkəzi Xəstəxanada 64,4 min manat dəyərində təmir işləri aparılmış, 559,6 min manat dəyərində dərman preparatları və sarğı materialları, 204,3 min manat dəyərində ərzaq məhsulları, 215,7 min manat dəyərində avadanlıq və inventar alınaraq tibb müəssisələrinə paylanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bütün respublikamızda olduğu kimi, Bərdə rayonunda da 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhali tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı sakinlərin sağlamlıq durumu barədə geniş məlumat toplanmışdır. Cari ilin fevral ayının 2-dən əhalinin yenidən tibbi müayinədən keçirilməsinə başlanmışdır və bu kampaniya müvəffəqiyyətlə davam etdirilir.

Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər görülmüşdür. Ədalət naminə deyək ki, son vaxtlar rayon mədəniyyət və turizm şöbəsinin təşəbbüskar fəaliyyəti ən xoş sözlərə layiqdir. Burada işin təşkili tamamilə yenidən qurulmuş, möhkəm intizamciddi tələbkarlıq yaradılmışdır. Ötən il 902 mədəni-kütləvi tədbir keçirilmiş, 82 mindən çox əhali iştirak etmişdir.

Turizmin inkişaf etdirilməsi məqsədilə 2 ölkə və 17 yerli əhəmiyyətli tarixi abidənin ətrafında abadlıq işləri aparılmış, ad göstəriciləri yeniləşdirilmiş, tarixləri barədə məlumatlar internet portalında yerləşdirilmişdir. Bərdə şəhərinin mərkəzi küçələri milli memarlıq üslubunda yenidən qurulmuşdur. Rayonun tarixinə həsr edilmiş elmi-praktik konfrans və digər tədbirlər keçirilmişdir.

2013-cü ilə nisbətən 2014-cü ildə rayon icra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərin sayı 524 ədəd və ya 32,3 faiz azalmışdır. Bu tendensiya dövlət orqanlarından daxil olan müraciətlərdə də özünü göstərmişdir. İl ərzində rayon icra hakimiyyəti başçısı aparatında 12417 nəfər, o cümlədən Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1593 nəfər qəbul edilmişdir. Rayon icra hakimiyyəti başçısının yerlərdə 47 qəbulu keçirilmiş, bu görüşlərdə 12800 sakinin iştirakı təmin edilmiş, 432 nəfərin müraciəti dinlənilmişdir. Yerlərdə keçirilən səyyar qəbulda səslənmiş müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunmuşdur.

İqtisadi, sosial və mədəni sahələrdən gətirdiyimiz misallar, fakt, rəqəm və göstəricilər bir daha sübut edir ki, qədim Bərdə öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu gün inkişaf və yüksəliş dinamik xətlə gedir, ardıcıl və sistemli xarakter daşıyır. Hər yerdə, hər addımda yüksək mütəşəkkilliyin, böyük ruh yüksəkliyinin və sabaha dərin inamın şahidi oluruq. Bu gün rayonda qaynar, yaradıcı və təşəbbüskar ab-hava, sağlam mənəvi-psixoloji mühit mövcuddur.     

Bərdəlilər bütün sahələrdə əldə edilmiş böyük inkişaf və yüksəlişi haqlı olaraq ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısının konkret nəticəsi kimi qiymətləndirir, respublika rəhbərinə öz sonsuz minnətdarlıqlarını bildirir, bundan sonra da bütün səy və bacarıqlarını əsirgəməyəcəklərini bəyan edirlər.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 11 mart.- S.6.