ON BİR İLDƏ ON DÖRD SƏFƏR

 

Gəncəyə böyük diqqət və qayğı göstərilir

 

Zalın müxtəlif yerlərində quraşdırılmış mikrofonlardan birinin önündə çıxış edən  yığıncaq iştirakçısı çaşıb qalmışdı. Çünki danışdığı yerdə mikrofonun səsi kəsilmişdi. Salondakılar qeyri-ixtiyari olaraq rəyasət heyətində əyləşmiş şəhər icra hakimiyyətinin başçısına baxdılar. Elmar müəllim gülümsəyərək “onu mən baglamışam, pult burdadır, məni tərifləsən, yenə kəsəcəyəm,” – dedi. Bu sözdən sonra salonda bir canlanma yarandı. İcra hakimiyyətinin başçısı sözünə davam edərək dedi:

– Möhtərəm cənab Prezidentimiz on bir ildə on dörd dəfə Gəncədə olub, təməlini qoyduğu obyektlərin açılışını da özü edib. Biz bu gün Gəncəmizlə fəxr edirik və buna görə yalnız ölkə başçımıza minnətdarıq. Məhz onun diqqəti, qayğısı, köməyi sayəsində qədim Nizami yurdu özünün, necə deyərlər, intibah dövrünü yaşayır. Biz yalnız icraçılarıq. Bir də ki,  bu işləri sizinlə birgə, şəhər sakinləri ilə bir yerdə görmüşük. Atalar nahaq deməyib ki, “el bir olsa, dağ oynadar yerindən”...

Təsvir etdiym epizod  2014-cü ildə Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr haqqında” şəhər icra hakimiyyəti başçısının hesabatı ilə bağlı bu günlərdə keçirilən fəallar yığıncağındandır. Əslində, çıxışçı ürəyindən gələn fikirləri ifadə etmək istəyirdi. Həm də bu günlərdə 4 il tamam olmuşdu ki, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi. Bu da həqiqətdir ki, ölkə başçısının etimadını heç də hamı doğrulda bilmir. Amma etiraf etmək lazımdır ki, Elmar Vəliyev ona tapşırılan işin öhdəsindən layiqincə gəlir. Məsuliyyətlidir, təşkilatcıdır, zövqlüdür, işgüzardır, ən başlıcası isə dövlətə və dövlətçiliyə sədaqətlidir.Yadımdadır, hələ dörd il bundan əvvəl fevral günlərinin birində mətbuat işçiləri ilə görüşündə şəhərin yeni rəhbəri Gəncədə həyata keçiriləcək elə layihələrdən, planlardan danışırdı ki, etiraf edirəm, biz tez-tez dönüb bir-birimizin üzünə baxırdıq.Yəni deyilənlər realdırmı, baş tutacaqmı, bəlkə təzə başçının dedikləri elə kağız üzərində qalacaq?

İlk günlər, aylar, doğrudan da, çətin idi. Həm təzə başçı üçün, həm də şəhər sakinləri üçün sanki bir sınaq, tanışlıq dövrü başlamışdı. Amma bir qədər keçdi, hər şey öz axarına düşdü. Bütün çətinliklərə, təzyiqlərə, böhtana-şərə , hədə-qorxuya baxmayaraq, Gəncə hamının gözü önündə dəyişməyə başladı. Nələr yazmırdılar? Heç nəyə fikir vermədən şəhərdəki sağlam qüvvələrin dəstəyi ilə nəzərdə tutulanlar həyata keçirilməyə başlandı.Tezliklə ölkə başçısı gəldi şəhərə və fərəhlə bildirdi ki, belə getsə, Gəncə Bakını keçəcək. Sonra dövlət başçısı yenə Gəncəyə səfər etdi, bir çox mühüm obyektlərin qırmızı lentini kəsdi, öz tövsiyə və tapşırıqlarını verdi, ayrı-ayrı vaxtlarda pul vəsaiti ayrılması haqqında sərəncamlar imzaladı, şəhər rəhbərliyi qarşısında yeni vəzifələr qoydu. Hər səfər Gəncənin həyatında mühüm hadisəyə çevrildi, şəhər daha çox qonaqlı-qaralı oldu, ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Beləcə ölkə başçısının prezidentliyi dövründə, yəni, 11 ildə Gəncəyə 14 səfəri oldu. Təkcə keçən il ölkə rəhbəri 3 dəfə Gəncəyə gəldi. Daha mühüm obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi.

...Gəncənin dünəni, bugünü və sabahı barədə, Azərbaycanın ikinci böyük şəhərində aparılan nəhəng abadlıq, quruculuq işlərınin gedişi, mədəniyyəti, təhsili, digər sahələrinin inkişafı haqqında qəzetimizdə vaxtaşırı yazılarla çıxış etmişik, yeri gələndə bədniyyətli “yazarlara” öz sözümüzü də demişik, bədxahlara “mane olmayın, çəkilin” mesajını da vermişik və bu gün, artıq 2015-ci ilin iki ayını arxada qoyduğumuz bir məqamda, şəhər haqqında qürurla danışmağa, az da olsa, mənəvi haqqımız çatır.

Təkcə 2014-cü ildə əldə olunan uğurlardan danışmaq kifayətdir ki, şəhər necə böyük sürətlə inkişaf edir. 2014-cü ilin yekununa görə əsas makro göstərici olan məhsul buraxılışı 12 faiz və ya 88 milyon manatlıq artaraq, 819, 7 milyon manatlığa çatmışdır.“Gəncə Şərab-2”, Avtomobil zavodu, “Gəncə-Tekstil” və bəzi digər müəssisələrdə məhsul istehsalı və xidmətlərin həcmi əvvəlki illə müqayisədə artmışdır. Məhz belə müəssisələrin ahəngdar işləməsi nəticəsində əlavə olaraq, 39 milyon manatlıqdan çox məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Qeyd edək ki, dövlət başçısı tərəfindən 2014-cü iln “Sənaye ili” elan olunması şəhərdə aparılan işləri daha da genişləndirmiş və sənayeləşməni sürətləndirmişdir.“Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” ölkə Prezidentinin 23 aprel 2013-cü il tarixli sərəncamı ilə Gəncə şəhərində dəmir istehsalından başlamış polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsi nəzərdə tutulur. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2015-ci ildə Alüminium Kompleksinin istehsal gücünün artırılması, Gəncədə sənaye parkının yaradılması, infrastrukturun formalaşdırılması və fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görülməsi istiqamətində ardıcıllıqla işlər aparılır. Ölkə başçısının xeyir-duası ilə təməli qoyulmuş və özünün iştirakı ilə keçən il yanvarın 21-də Gəncə  DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin 2 zavodu-metaltökmə və fasiləsiz yayma, həmçinin təzyiqlə emal və boyama zavodları istifadəyə verilmişdir. Elə həmin il oktyabrın 18-də Prezident İlham Əliyev “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak etmişdir. Hazırda tikintisi davam etdirilən zavod müasir standartlara cavab verən sərnişin vaqonlarının və lokomotivlərin istehsalı ilə məşğul olacaqdır.

Gəncədə tikinti kompleksinin dinamik inkişafı 2014-cü ildə də davam etmişdir. Bütövlükdə, tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi sərmayənin 91,1 faizini təşkil edərək 353 milyon 210 min manat olmuşdur. Bu, əvvəlki illə müqayisədə 15,9 faiz çoxdur. Bəzən belə bir ifadə işlənir ki, “şəhər geniş tikinti meydanını xatırladır”. Əslində, hazırda Gəncə məhz bu vəziyyətdədir. Heydər Əliyev Park Kompleksində 4 min kvadratmetr ərazidə Əyləncə Mərkəzinin və Qış Parkının, həmçinin beynəlxalq standartlara cavab verə biləcək 17 hektar ərazidə Gəncə Olimpiya Parkının tikintisi davam etdirilir.

Təməli ölkə başçısı tərəfindən qoyulmuş 1200 tamaşaçı yeri olan Gəncə Dövlət Filarmoniyasının və tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulmuş Gəncə Dövlət Dram Teatrının yeni binalarının inşası davam etdirilir. Cari ildə filarmoniyanın istifadəyə verilməsi gözlənilir. Biz jurnalistlər də yaddan çıxmamışıq. Hazırda Sahil parkında inşası başa çatmaqda olan Mətbuat Evi kütləvi informasiya vasitələri işçiləri üçün əvəzolunmaz bir hədiyyə olacaqdır.

Sahil parkından söz düşmüşkən, Gəncəçayın sahili tezliklə şəhər sakinlərinin daha bir istrahət məkanına çevriləcəkdir. Dövlət Kukla Teatrı binasının yanından başlanan Sahil Parkı Bayraq Meydanına kimi uzanacaqdır. İnsanların istirahəti üçün bütün infrastruktur nəzərdə tutulub.

Ümumiyyətlə, şəhərdə mədəniyyətin inkişafına, mədəni-kütləvi tədbirlərin rəngarəngliyinə, tarixi-memarlıq abidələrinin qorunmasına, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, teatr, incəsənət xadimlərinə xüsusi diqqət yetirilir. Ölkə başçısının təşəbbüsü və himayəsi sayəsində orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən olan “ İmamzadə” kompleksində tikinti-təmir, bərpa və abadlıq-quruculuq işləri sürətləndirilmişdir.Kompleksin 2015-ci ildə istifadəyə veriməsi nəzərdə tutulmuşdur. Dahi şairimiz Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və başqa mütəfəkkirlərlə bağlı on illər boyu görülməyən işlər cəmi son 3-4 il ərzində görülüb.Özü də bu işlər çox fundamental işlərdir, ən müxtəlif sahələri əhatə edir. Məsələn, keçən il görkəmli şair və maarifçi Mirzə Şəfi Vazehin Berlin Milli Kitabxanasında qorunan kitablarının, şairin sözlərinə bəstələnmiş musiqi əsərlərinin not nüsxələrinin surətləri Gəncəyə gətirilmiş və AMEA Gəncə bölməsində bu sahədə tədqiqatlar aparılmış, 20 adda kitab və məqalələr nəşr olunmuş,Venesuela, Avstriya və Almaniyada dahi mütəfəkkirin irsi ilə bağlı alman və ingilis dillərındə Gəncə alimlərinin məqalələri çap edilmişdir. Ötən ilin oktyabrında şəhər icra hakimiyyəti və AMEA Gəncə bölməsinin təşkil etdiyi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransa Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları olan 24 ölkədən 38 nümayəndə, o cümlədən tanınmış dövlət və ictimai xadimlər qatılmışlar.

Bir məsələni də qeyd edək ki, şəhər icra hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə M.Ş.Vazehin vaxtilə Gəncədə yaratdığı “Divani-hikmət ” məclisi bir əsrdən də çox fasilədən sonra yenidən fəaliyyətə başlamışdır. 2014-cü ildə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, Məhsəti Gəncəvi Mərkəzi, Nizami Gəncəvi Muzeyi, Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, “Xəmsə” adlı Daş Kitabələr Kompleksi Gəncənin mədəni tarixi obyektləri sırasında öz yerini tutmuşdur. Görün, təkcə son bir ildə şəhərdə neçə muzey və muzey kompleksi tikilib istifadəyə verilmişdir. Halbuki, bunadək şəhərdə cəmi bir muzey – Tarix Ölkəşünaslıq Muzeyi fəaliyyət göstərirdi. Şah Abbas və Uğurlu xan karvansaralarında, Qızıl Hacılı məscidində milli-memarlıq üslubu qorunmaqla əsaslı və bərpa işləri uğurla davam etdirilr.

Şəhərdə elm, mədəniyyət və incəsənət xadimlərinə, idmançılara, diqqət və qayğı xeyli artmışdır. Onların maddi-mənəvi mükafatlandırılması, yubileylərinin keçirilməsi, ədəbi-bədii gecələrin, müxtəlif sərgilərin təşkili və digər tədbirlər onu göstərir ki, şəhərdə ideoloji işə xüsusi önəm verilir.

Bir məsələ maraq doğurur ki, şəhərdə bu qədər nəhənğ işlər görülməklə yanaşı, digər sahələr də qətiyyən unudulmur. Keçən ilin sonlarında şəhər təhsil idarəsi üçün gözəl bir inzibati binanın açılışı oldu. Sonra icra hakimiyyətinin başçısı akt zalında təhsil işçiləri ilə görüşdü, onları bir daha təbrik etdi, problemləri ilə maraqlandı, səmimi söhbət apardı. Görüşdən sonra təhsil işçiləri özləri də yarızarafat, yarıciddi deyirdilər ki, əsl “açıq dərs”i bizə elə Elmar müəllim keçdi. Doğrudan da, şəhər rəhbəri konkret elə vəzifələrdən bəhs etdi ki, sanki çox təcrübəli bir təhsil işçisi idi.

...Gəncənin qısa vaxt ərzində bu qədər gözəlləşəcəyini heç kim gözləmirdi. Kim inana bilərdi ki, yaşayış evlərinin və inzibati binaların on illərlə əl dəyməyən dam örtükləri belə qısa vaxt ərzində tamamilə yenidən vurulacaq.Bilirsiniz neçə binadır? Sayı 900-ü keçib. Doqquz deyil, doxsan deyil, doqquz yüzdür! İş isə dayanmaq bilmir, davam edir. Binaların görkəmi dəyişib,həyət-bacalar abadlaşdırılb, saysız-hesabsız park və xiyabanlar salınıb. Gecələr zülmət qaranlığa qərq olan küçə və prospektlər, həyətlər, dalanlar indi süd kimi işığa bürünüb.Yüzlərlə işıq dirəkləri dəyişdirilib. Hansı küçəyə, parka, həyətə gedirsən, yaraşıqlı gecə lampaları görürsən.

İlk baxışda görünməyən, hiss edilməyən, lakin çox vacib olan su və kanalizasiya xətlərinin yüksək sürətlə çəkilişi davam edir. Artıq Göygöldən çəkilən su xətti istifadəyə verilib. Qızılqaya xətti işə düşür. Şəmkir SES-dən gələn su tezliklə şəhərdə olacaq. Yaxın vaxtlarda Gəncə əhalisi 24 saat ərzində su ilə fasiləsiz təmin olunacaq.Yeni tikilən məktəb, səhiyyə ocaqları, mədəni-maarif obyektləti, digər tikililər şəhərin simasını daha da gözəlləşdirəcək.

Gəncədə yaşamaq və işləmək adama mənəvi zövq verir. Çünki qədim şəhərdə tarixiliklə müasirlik qoşa addımlayır. Adamlara diqqət, qayğı var, yeni iş yerləri açılır. Görülən işlər də göz qabağındadır. Sabaha inam, dövlətə və dövlətçiliyə olan inamdır. Gəncəlilər ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə də, indi də bu qayğıya, diqqətə əməli işləri ilə cavab veriblər.

Gəncəni “Avropanın Gənclər paytaxtı” elan edənlərə gəncəlilərin bir vədi var: Biz daim dövlətə, dövlətçiliyə, möhtərəm Prezidentimizə sədaqətliyik!

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2015.- 12 mart.- S.6.