Onunla fəxr edirik
“... Mən Azərbaycanın
sadə vətəndaşıyam.
Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir”.
Ulu öndərimiz Heydər Əliyev müəllim əməyini necə də uca tutub.
Ümumiyyətlə, bütün
dövrlərdə müəllimin,
həkimin və alimin cəmiyyətdə hörməti və məqamı
yüksək olub. Həyatda elə insanlar da olur ki,
onların timsalınıda
bunların hər üçü birləşir,
yəni həm qayğıkeş müəllim,
həm kamil həkim, həm də böyük alimdirlər. Belə nadir insanlardan
birini – Azərbaycan Tibb Universiteti daxili xəstəliklər
kafedrasının professoru, tibb elmləri doktoru Sərvər Nəriman oğlu Alimetovu oxuculara təqdim etmək istəyirəm. Bəri başdan deyim ki, professor Sərvər Alimetov Azərbaycan Tibb İnstitutunda (indiki ATU) təhsil alarkən
mənim müəllimim, tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya
müdafiə edərkən
isə resenzentim olub.
Sərvər Alimetov 1940-cı il
mart ayının 12-də Azərbaycan
Respublikası Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. 1956-cı ildə Düztahir kənd orta məktəbini qızıl
medalla bitirmişdir.
İkinci dünya müharibəsi
qurtardıqdan sonra açılmış bu məktəb o vaxtlar Qusarda “kənd akademiyası” adlanırdı.
Burada o zaman tətbiq olunan vahid mütərəqqi
proqram üzrə qabaqcıl fənlər yüksək ixtisaslı və təcrübəli müəllimlər tərəfindən
tədris edilir, ciddi nizam-intizam gözlənilir, güclü
təlim-tərbiyə işi
aparılır, şagirdlərə
vətənpərvərlik hissi aşılanırdı.
Sərvər Alimetov
1956-cı ildə yüksək
bal toplayaraq N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuşdur. 1962-ci ildə ali təhsilini
də əla qiymətlərlə başa
vurduqdan sonra Azərbaycan Tibb İnstitutunda uşaq cərrahiyəsi kafedrasında
saxlanılması haqqında
Elmi Şuranın qərarına baxmayaraq, o,
təyinatını kəndə
götürmüşdür.
1962-1970-ci illərdə Qusar rayonunun Şirvanovka regional xəstəxanasında
baş həkim vəzifəsində çalışmışdır. Bu xəstəxana o vaxtlar Nabran, Yalama, Şirvanovka və Samur qəsəbəsi də daxil olmaqla,
Azərbaycan-Dağıstan sərhədi boyunca iyirmidən çox kənd və yaşayış məntəqəsinə
tibbi xidmət göstərirdi. Həmin illərdə
əhali arasında müxtəlif parazitar və infeksiya mənşəli xəstəliklər,
yüksək uşaq ölümü faizi, səhiyyə-maarif işinin
yoxluğu xüsusilə
özünü göstərirdi.
Gənc baş həkim yeddi il ərzində
peşəkar kollektiv
formalaşdıra bilmiş,
onun gərgin təşkilatçılıq işi sayəsində diaqnostika, müalicə və profilaktika sahəsində yüksək
nəticələr əldə
edilmiş, uşaq ölümü faizi xeyli aşağı endirilmiş, Nabran turizm bazasında tibbi xidmətin səviyyəsi yaxşılaşdırılmışdır.
1970-ci ildə səhiyyə
sahəsində zəngin
praktik təcrübə
qazanmış S.Alimetov
gərgin müsabiqə
üzrə Azərbaycan
Tibb İnstitutunun
hospital terapiya kagedrasının
aspiranturasına daxil olmuşdur. Akademik Cahangir Abdullayevin rəhbərlik etdiyi həmin kafedra N.D.Semaşko adına
1 saylı klinik xəstəxanada yerləşirdi.
Akademik
C. Abdullayev isə Azərbaycanda kardiologiyanın
banisi olmuşdur.
S.Alimetov
1972-ci ildə Azərbaycan
Tibb İnstitutunda “Öd kisəsi və ödçıxarıcı
yolların xəstəliklərində
su və elektrolit mübadiləsinin
dinamikası” mövzusunda
dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edərək tibb elmləri namizədi olmuşdur. Bu dissertasiyasında
o, duodenal zondun modifikasiyasını
və öddə elektrolitlərin alovlu fotometr vasitəsilə müəyyən edilməsi
üsulunu işləyib
hazırlamışdır.
Tibb elmləri
namizədi dissertasiyasının
müdafiəsindən sonra,
aspiranturanı vaxtından
əvvəl müvəffəqiyyətlə
başa çatdırmış
kadr kimi o, Azərbaycan Tibb İnstitutunun hospital terapiya
kafedrasında assistent
vəzifəsinə təyin
edilmişdir. Bundan sonra müxtəlif illərdə Azərbaycan
Tibb İnstitutunda pediatriya fakültəsində
elmi işlər üzrə dekan müavini, internatura şöbəsinin müdiri,
Azərbaycan Respublikası
Tibb-Məhkəmə Ekspertizasında
terapevt-ekspert, səhiyyə
maarif müşaviri, fakültə partiya təşkilatının katibi
və sair vəzifələrdə işləmişdir.
1976-cı ildə Azərbaycan Tibb İnstitutu daxili xəstəliklər kafedrasının
dosenti vəzifəsinə
seçilmişdir.
S.Alimetov
1977-1980-ci illərdə xüsusi
ezamiyyət üzrə
bir sıra xarici ölkələrdə,
o cümlədən Əlcəzairdə,
Benisaf şəhərindəki çoxprofilli mərkəzi xəstəxanada həkim işləmişdir. Həmin dövrdə
o, Əlcəzair, Mərakeş,
Tunis, Macarıstan, Bolqarıstan,
Yaponiya və digər ölkələrdə
keçirilmiş elmi
konfrans, konqres və simpoziumlarda fəal iştirak etmişdir.
Sərvər Alimetov 1998-ci ildə “Xronik ürək çatışmazlığında hemodinamik və homeostaz pozğunluqlarının
xüsusiyyətləri və
korreksiyası” mövzusunda
dissertasiya müdafiə
edərək tibb elmləri doktoru olmuşdur. O, ürək çatışmazlığına düçar olmuş xəstələrdə bəzi
toksiki mikroelementlərin
çoxluğu sayəsində
toksikozlar, bradikardiya, hipotoniya, refrakter vəziyyətlərdə rekompensasiya
üsullarını işləyib
hazırlamışdır. Yeni klinik əlamət elmi ədəbiyyata Alimetov simptomu adı altında düşmüşdür (Tibb
terminləri və klinik simptomlar, Bakı, “Elm və təhsil” nəşriyyatı,
1915, 156-cı səhifə). Alim 1971-ci ildən Azərbaycan və Rusiya Terapevtlər və Kardioloqlar cəmiyyətlərinin
üzvüdür.
Professor S.Alimetov Türkiyə, Rusiya, Orta Asiya, Avropa və Amerika ölkələrində çap olunmuş onlarca elmi məqalənin, 300-dən çox elmi işin, 50-dən çox kitabın, o cümlədən 20-dən çox dərsliyin, elmi-praktik vəsaitin, monoqrafiyanın, metodik tövsiyənin, 7 səmərələşdirici təklifin müəllifidir. Azərbaycan Tibb Universitetində fəaliyyət göstərdiyi 45 il ərzində yüzlərlə tələbə, gənc əməkdaş və dissertantların elmi işlərinin yerinə yetirilməsində və formalaşmasında onun yaxından köməyi olmuşdur.
S.Alimetov “İbn Sina” Beynəlxalq və “Qızıl Qələm” media mükafatları laureatıdır, 2005-ci ildə “İlin ən yaxşı tədqiqatçı alimi” seçilmişdir.
Vətənpərvər ziyalı, bacarıqlı terapevt kardioloq, məhsuldar alim və qayğıkeş pedaqoq Sərvər Alimetov bu gün də gənclik həvəsi ilə, yorulmaq bilmədən Azərbaycan Tibb Universitetində daxili xəstəliklər kafedrasında yaradıcılıq işini davam etdirir. Sevimli müəllimimizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Əhməd
BABAYEV,
Akademik C.Abdullayev
adına
Elmi Tədqiqat Kardiologiya
İnstitutunun
baş həkimi, tibb
elmləri doktoru
Xalq qəzeti.- 2015.- 12
mart.- S.7.