Kürdəmirdə gerçəkləşən
arzular...
Son vaxtlar həyata vəsiqə
qazanmış layihələr bu cür düşünməyə
əsas verir
Atalar məsəlidir: yüz
eşitməkdənsə bir görmək yaxşıdır. Yaxud bir məsəl də
var ki, aşıq gördüyünü çağırar. Düzdür, qələmlə
saz arasında kifayət qədər məsafə
olsa da, onların əsas
amalı gördüyünü, bildiyini, insanlara olduğu kimi, rəhmətlik Sabir
demişkən, düzü-düz, əyrini-əyri çatdırmaqdır. Kürdəmir
rayonu ilə bağlı yazıya bu girişlə başlamağım heç də təsadüfi deyil.
Kürdəmir o Kürdəmirdir ki, yerləşdiyi
məsafə baxımından ölkənin mərkəzi
sayılır.
Az qala bütün istiqamətlərə aparan yollar burada kəsişir və Kürdəmirlə bağlı hər bir məlumatın nə qədər dəqiq olduğu, həqiqəti yansıtdığı, yaxud da şişirdildiyi gün kimi ortada olur. Və bu yazını hazırlayanda bu məqamın ağırlığını əvvəldən axıradək hiss etdiyimə görə rəsmi rəqəmlərin həqiqəti ifadə etmək qabiliyyətinə həmişəkindən daha çox sevindim. Bəs rəqəmlər nə deyir? Rəqəmlər deyir ki, 2014-cü ildə Dövlət Proqramında Kürdəmir rayonu üçün nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir.
Tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Şəhərin Bakı prospektində yeni layihə əsasında 2 metr hündürlüyündə 2472 metr məsafədə dekorativ hasar tikilmiş, hasar 5250 kvadratmetr aqlay və keramik plitələrlə üzlənmişdir. Prospekt boyunca yolun hər iki tərəfində 2,5 metr enində mozaik tavalarla üzlənmiş piyada yolları çəkilmiş və bardürlər qoyulmuşdur. 16 mənzilli 2 mərtəbəli yaşayış binasının dam örtüyü və binanın fasad hissəsi rekonstruksiya olunaraq yenidən işlənmiş, Heydər Əliyev, Bakı prospektlərində və Vaqif küçəsində 129 ədəd 2 plafonlu, 10 ədəd 5 plafonlu işıq dirəkləri, 16 ədəd projektor quraşdırılmışdır.
Heydər Əliyev prospekti boyunca qala divarları 3925 kvadratmetr sahədə aqlay və keramik tavalarla üzlənmiş, piyada yollarına 3110 kvadratmetr mozaik tavalar döşənmiş, 1540 metr bardür qoyulmuşdur. Heydər Əliyev parkında 1843 kvadratmetr qranit tavalar döşənmiş, dekorativ kol və güllər əkilmiş, giriş hissəsinin sağ və sol hissələrinə torpaq yamacı salınmışdır. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulan rayon icra hakimiyyətinin səyi ilə şəhərə bitişik ərazilərdə ikimərtəbəli, 100 yerlik 2 uşaq bağçası-körpələr evi tikilmişdir. Şəhidlər xiyabanında şəhid məzarlarının qəbirüstü abidələri üzlənmiş, şəhidlərin xatirəsinə 8 metr hündürlükdə abidə monumenti yüksəldilmiş, xiyabanın giriş darvazası təzələnmiş və qarşısında 850 kvadratmetr asfalt örtüyü döşənmiş, qala divarı çəkilmişdir. Şəhidlər xiyabanına bitişik şəhər qəbiristanlığının kənarına 600 metr uzunluğunda müasir üslubda qala çəkilmişdir. Şəhərin “dörd yol” adlanan ərazisi yenidən işlənilərək genişləndirilmiş, maşınlar üçün dayanacaq salınmış, dörd yol dairəsi yenidən tikilmiş, dairənin mərkəzi hissəsində xaricdə hazırlanmış “Alov” simvolik monumenti qoyulmuş, ətrafına dekorativ güllər və yaşıl ot bitkisi əkilmişdir. Dairənin ətrafında qədim Azərbaycan tarixini xatırladan qala divarı tikilmiş, üzərində “Köhnə Bakı” və “Yeni Bakı” lövhələri dekorativ üslubda işlənmiş, qala divarı üzərində müasir “Saat qurğusu” quraşdırılmış, ərazidə yaşıllıq zolağı salınmışdır. Şəhərin mərkəzində, su qülləsi ərazisindəki istirahət sahəsinin ətrafına hündürlüyü 5 metr, uzunluğu 50 metr olan qədim üslublu qala divarı tikilmiş, üzəri aqlay və keramik üzlük materialı və şəbəkələrlə üzlənmiş, divar müasir işıqlandırma sistemi ilə bəzədilmişdir.
Şəhər mərkəzindəki “Qələbə” parkı əsaslı şəkildə yenidən qurulmuş, park ərazisində bir ədəd müasir tipli fəvvarə qurğusu quraşdırılmış, parkın ərazisində 1800 kvadratmetr mozaik tava və 925 metr uzunluqda beton bardürlər düzülmüş, 140 kvadratmetr mərmər üzlük, 190 kvadratmetr qranit tava döşənmişdir. Parkın ərazisində yerləşən Tarix Diyarşünaslıq Muzeyinin dam örtüyü və fasad hissəsi müasir üslubda yenidən qurulmuş, binanın qapı və pəncərələri müasir dizayna uyğun şəkildə yenilənmişdir. Ərazisi 4,5 hektar olan yeni “Bayraq meydanı” kompleksi torpaqla doldurularaq hamarlanmış, bayraq dirəyinin dəmir-beton bünövrəsi tökülmüş, “Bayraq muzeyi”nin birinci mərtəbəsinin hörgü və dəmir beton işləri qurtarmış, fəvarrə qurğusunun tikintisinə başlanmışdır. Şəhərin mərkəzində Yeni Azərbaycan Partiyası rayon təşkilatının 2 mərtəbəli yeni inzibati binasının tikintisinə başlanılmış, binanın hörgü və dəmir-beton işləri qurtarmış, dam örtüyü vurulmuş, hazırda binanın fasad hissəsi aqlay üzlüklü material ilə üzlənilir. Rayonun giriş hissəsində hündürlüyü 7 metr olan “Giriş monumenti”nin tikintisi başa çatdırılmış, şəhər ərazisində 300-dən artıq sahibkarlıq obyekti klassik üslubda aqlay və digər üzlük materialları ilə üzlənmişdir. Rayon telekomunikasiya qovşağının və poçt şöbəsinin binası yüksək keyfiyyətlə rekonstruksiya edilərək əsaslı təmir olunmuş, müasir avadanlıq və texniki vasitələrlə təmin edilmişdir. Bütün bu işlərin nəticəsi olaraq il ərzində 920 kvadratmetr beton tökülmüş, 8795 kvadratmetr divar hörülmüş, 8650 metr uzunluğunda bardür düzülmüş, 19048 kvadratmetr piyada yollarına beton tava döşənmiş, divarlara 19200 kvadratmetr aqlay, 5182 kvadratmetr keramik tava vurulmuş, 2507 kvadratmetr qranit və mərmərlə üzləmə işləri aparılmış, küçə və meydanlara 37457 kvadratmetr asfalt vurulmuş, 58680 kvadratmetr torpaq daşınmışdır. Yeri gəlmişkən, qeyd edim ki, rayonda aparılmış abadlıq-quruculuq işlərində idarə-müəssisələr və iş adamları fəal iştirak etmişlər. 2014-cü ildə yol istismarı idarəsi 514 min manatlıq orta və cari təmir işləri aparmışdır. Şəhərin müxtəlif küçələrində və Vağzalyanı meydanda cəmi 39907 kvadratmetr olmaqla 455,7 min manatlıq asfalt işləri görülmüşdür. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2014-cü ildə 17 kürdəmirli sahibkara verilmiş 231 min manat kredit hesabına 32 yeni iş yeri yaradılmışdır. Bu da regionlarda sahibkarlığın inkişafı üçün yaradılmış şəraitin bariz nümunəsidir. Qeyd edək ki, 2014 cü ildə rayon əhalisinə 58,8 milyon manat pullu xidmət göstərilmişdir ki, bunun da 9,1 faizi dövlət, 90,9 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür. 2014-cü il üçün yerli gəlirlər planı ümumilikdə 101,3 faiz yerinə yetirilmişdir. Görülmüş tədbirlər nəticəsində ötən il 12,8 min ton kartof, 21,8 min ton tərəvəz, 48 min ton bostan, 21,5 min ton meyvə, 78,8 ton günəbaxan, 60,5 ton yerfındığı məhsulu və 66,5 min ton yonca otu istehsal edilmişdir. Kürdəmirdə 2014-cü ildə istehsal olunmuş 57,7 min ton taxılın 24 min tonunu buğda məhsulu təşkil edir. Taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülmüş, ötən il 1008 hektarda dənlik qarğıdalı əkilmiş, 4100 tondan çox qarğıdalı dəni istehsal olunmuşdur. Taxıl toxumu istehsalına daha diqqətlə yanaşılmış, 4,5 min tonadək toxumluq dən hazırlanmışdır. Ötən ilin payızında taxıl əkinləri mütəşəkkil keçirilmiş, bu ilin məhsulu üçün 39,2 min hektardan çox sahədə taxıl əkilmişdir. Əvvəlki ilə nisbətən kartofdan 1,4 sentner, tərəvəzdən 5,4 sentner, bostandan 4 sentner, günəbaxandan 2,7 sentner çox məhsul götürülmüşdür.
Lizinq yolu ilə alınmış 165 baş yüksək məhsuldar cins mal-qaranın sayı artırılaraq 320 başa çatdırılmış, süni mayalandırılan 803 baş iribuynuzlu mal-qaradan 592 bala alınmışdır. Hazırda iribuynuzlu mal-qaranın sayı 62,7 min başı, qoyun-keçilərin sayı 133,3 min başı, quşların sayı isə 372,9 min başı ötmüşdür. Əvvəlki illə müqayisədə rayonda ət istehsalı 1,4, süd istehsalı 0,1, yumurta istehsalı 4,3, yun istehsalı 0,8 faiz artmışdır. Heç şübhəsiz ki, yetişdirilmiş məhsulların vaxtında və itkisiz yığılmasında müasir yığım texnikasının mühüm rolu vardır. Dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” sərəncamına əsasən 20 ədəd kombayn Kürdəmir “Aqrotexservis” filialına verilmişdir. Bu da sevindirici faktdır ki, son illər rayonda arıçılığa maraq artmaqdadır. Ötən il arı ailəsi saxlayanların sayı 12 təsərrüfat artaraq 108-ə çatmış və ümumilikdə 965 arı ailəsi qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, ötən il torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, suvarma sistemlərinin təmiri və bərpası sahəsində də xeyli iş görülmüşdür. Hazırda rayonun süd zavodunda gündəlik 30 tondan çox süd emal olunur və 10-12 çeşiddə məhsul istehsal edilir. Yeni işlərdən biri də budur ki, şəhər və şəhərə yaxın kənd ərazisinin SİP kabellərlə təmin edilməsi ilə bağlı kabelləşmə işinə başlanılmışdır. Şəhər-1 hava xəttinin SİP kabellə çəkilişi başa çatmış, Trest hava xəttində SİP kabelləşmə işləri yekunlaşmaq üzrədir. Cənub və Şəhər-2 hava xətlərində isə SİP kabelləşmə işlərinə başlanmışdır. Ötən il rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsi, sıradan çıxmış transformatorların yenisi ilə əvəz olunması bu sahədə işlərin müsbət istiqamətdə irəliləyişindən xəbər verir. Məlumat üçün deyək ki, əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədilə 10 kv-luq elektrik verilişi xəttinin 4,28 kilometri əsaslı, 9,7 kilometri cari, 0,4 kv-luq elektrik verilişi xəttinin 6,2 kilolmetri əsaslı, 12,4 kilometri isə cari təmir olunmuşdur. 14 ədəd transformator əsaslı, 29 ədədi isə cari təmir edilmiş, 410 ədəd 1 fazalı sayğac, 1950 ədəd isə smart tipli 1 fazalı sayğac quraşdırılmışdır.
Dövlət Proqramına uyğun olaraq 2014-cü ildə şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşması işi davam etdirilmişdir.
Şəhərin və kəndlərin qaz təchizatının yaxşılaşdırılması istiqamətində təmir və tikinti işləri aparılaraq 562 metr korroziyaya uğramış qaz xətti yenisi ilə əvəz edilmişdir. Çöhranlı və Bağman kəndlərində qazlaşma işləri 2014-cü ilin fevral ayında başa çatdırılmış və hər iki kənddə yaşayan əhali təbii qazla təmin edilmişdir. Eyni zamanda, Karrar, Muğanlı, Xınıslı, Garıs-Əyribənd kəndlərinə və Karrar qəsəbəsinə daşıyıcı qaz kəmərləri çəkilmiş, Garıs Əyribənd kəndinin kənddaxili qaz xətləri və mənzillərə qaz sayğaclarının quraşdırılması işləri başa çatdırılmışdır. Ümumilikdə rayonun 62 yaşayış məntəqəsindən 22-si qazlaşdırılmış, 14 məntəqədə qazlaşdırma işləri aparılır. 11421 abonent təbii qazla təmin edilmişdir. Ağsu rayonunun Külüllü bulağından Kürdəmir rayonu istiqamətində müxtəlif diametrli polietilen borularla 29108 metr uzunluğunda su xətti çəkilmişdir. Bundan əlavə, Ağsu rayonunun Ərəbmehdibəy kəndində tutumu 7500 kubmetr olan su anbarının tikintisi başa çatdırılmışdır. Şəhər ərazisində də müxtəlif diametrli polietilen borularla 131 min metr uzunluğunda su xətti çəkilmişdir. Bundan əlavə, şəhərin kanalizasiya sistemində də müəyyən işlər görülmüşdür. Belə ki, diametri 300 millimetr olan polietilen borularla 481 metr, diametri 200 millimetr olan polietilen borularla isə 21255 metr yeni kanalizasiya şəbəkəsi qurulmuşdur. Bu şəbəkələr arasında diametri 1000 millimetr olan 622 ədəd dəmir-beton baxış quyuları quraşdırılmışdır. Babək prospektində 800 metr kanalizasiya xətti çəkilmişdir. Şəhərin qərb hissəsində çirkab suların təmizlənməsi üçün nasos stansiyasının tikintisinə başlanılmışdır.
Çirkab suları ötürmək üçün 12 metr dərinlikdə diametri 1200 millimetr olan dəmir-beton borularla 1200 metr uzunluğunda mikrotunel çəkilmişdir. Hazırda bu işlər davam etdirilir. Bu günədək 5846 ədəd su sayğacı quraşdırılmış, bunlardan 5746 ədədi aktivləşdirilərək istifadəyə verilmişdir. Abonentlərin ümumi sayı 21680 nəfərə çatdırılmışdır. Hazırda Kürdəmir şəhərində su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir.
Kənd əhalisinin içməli su təchizatını yaxşılaşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daha 15 kənddə su təmizləyici qurğuların tikintisinin aparılması üçün hazırlıq işləri görülür.
Ötən il Kürdəmirdə təhsil sahəsində də bir sıra əhəmiyyətli işlər görülmüşdür. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 180 şagird yerlik Xınıslı və Mürtülü kənd tam orta məktəbləri tikilərək istismara verilmiş, 624 şagird yerlik Atakişili kənd tam orta məktəbinin tikintisinə başlanılmışdır. 2014-cü tədris ilində 232 şagird ali, 114 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar ki, bu da əvvəlki göstəricidən çoxdur. Qəbul olunanlardan 12 nəfəri 600, 17 nəfəri isə 500 baldan çox nəticə göstərmişlər. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə ötən il şəhər 3 saylı tam orta məktəbin “Ən yaxşı ümumtəhsil məktəbi”, şəhər 3 saylı tam orta məktəbin müəllimi Xəyalə Veysovanın “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülməsi rayon ziyalılarını sevindirmiş və onları bundan sonra da daha səylə çalışmağa ruhlandırmışdır.
Səhiyyə sistemində görülən işlər də diqqətçəkəndir. Belə ki, ötən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən rayon mərkəzi xəstəxanasının 157 çarpayılıq əsas binası rekonstruksiya və əsaslı təmir edilmiş, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi və keyfiyyəti yüksəlmişdir. Dövlət başçısının tapşırığına əsasən, 2014-cü ildə 102686 nəfər tibbi müayinədən keçirilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, əhalinin tibbi müayinədən keçirilməsi 2015-ci ildə də davam etdirilir. Təbiətin mühafizəsi və ekologiyanın qorunması sahəsində də bəzi işlər görülmüşdür. Belə ki “İDEA” İB-nin təşəbbüsü ilə 2014-cü ilin oktyabr-noyabr aylarında “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kampaniyası zamanı 16 mindən çox ağac əkilmiş, bu xoşməramlı kampaniyanını 2015-ci ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur. Bir məqamı qeyd etmək yerinə düşər ki, Kürdəmir rayonunda məskunlaşmış məcburi köçkünlər ötən il də qayğı ilə əhatə olunmuş, onların problemlərinin həllinə diqqətlə yanaşılmışdır. Kürdəmirdə qısa müddətdə nəzərəçarpan işlər görülüb. Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovla söhbət zamanı bir daha əmin oldum ki, o, bütün bunları hələ gələcəkdə görüləsi daha böyük işlərin müqəddiməsi və başlanğıcı sayır. O işlər ki, Kürdəmirin görkəmini dəyişmək, onu daha da irəli aparmaq qüdrətindədir...
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2015.- 15
mart.- S.6.