Nizami Gəncəvi ərəb mənbələrində

 

Uzun illər Sovetlər İttifaqının tərkibində olmuş Azərbaycan öz tarixini, coğrafiyasını və böyük şəxsiyyətlərini müstəqil şəkildə araşdırmaqda çətinlik çəkmişdir. Bu məlumatları özündə əks etdirən mənbələr də qərəzli şəkildə sıradan çıxardılmışdır. Müstəqillik əldə ediləndən sonra ölkəmizlə bağlı olan məlumatları ortaya çıxarmaq məqsədilə həm ölkə daxilində, həm də xaricdə müxtəlif dillərdə yazılmış mənbələri araşdıraraq Vətənimizə aid bütün məlumatları üzə çıxarmağa cəhdlər edilir. Mən də 19 il Misir Ərəb Respublikasında yaşayıb təhsil aldığım müddətdə Azərbaycanla bağlı məlumatları toplamağa başladım. Ərəb dilini dərindən öyrəndikdən sonra bu mövzunu araşdırmağa xüsusi səy göstərirdim. Araşdırma əsnasında Azərbaycanla bağlı rast gəldiyim məlumatlar, xüsusilə xalqımızın dahi şəxsiyyətləri haqqında deyilən dəyərli fikirlər məndə qürur hissi oyadırdı.

IX əsr böyük ərəb alimi, ədəbiyyatşünas Abdullah bin Muslim İbn Quteybə “əş-Şir və əş-Şuəra” (Şeir və Şairlər) kitabında Əbu Yəqəzan Cuveyriyyədən nəql edərək yazır: “Mədinə şəhərində yaşayan məvalilərdən (İslam dinini qəbul etmiş qeyri-ərəblər) olan bütün şairlərin əsli azərbaycanlıdır”.

XI əsr ərəb alimi Əbu Tahir Əs-Siləfi Azərbaycan ilə Əndəlüs arasında müqayisə apararaq Şərqdə Azərbaycanın, Qərbdə isə Əndəlüsün elm və ədəbiyyatda xüsusi rolunu qeyd etmişdir.

XIII əsr ərəb alimi İmam Cəzəri isə Azərbaycanın Mərənd şəhərindən söz açaraq demişdir: “Azərbaycan elmin hər bir sahəsində dahi alimlər yetişdirmişdir”. Digər orta əsr ərəb mütəfəkkiri İmam Səməani isə “Əl-Ənsab” (Nəsəblər) əsərində yazmışdır: “Azərbaycan qədimdən bu günə qədər alimlər yetişdirən bir diyardır”.

Ərəb alimi İbn Aşur “Ət-Təhrir və Ət-Tənvir” (redəktə etmə və işıqlandırma)  adlı təfsir kitabında müqəddəs Qurani-Kərimin “Əl-Ğaşiyə” surəsinin on altıncı ayəsində cənnətdə vəsfi verilən xalçanın Azərbaycanla bağlılığı olduğuna işarə etmişdir. Onun təfsirinə görə, həmin ayədə Cənnətin Azərbaycan xalçaları ilə döşəndiyi bildirilmişdir.

Qeyd etmək lazımdır ki, İbn  Aşur Quran təfsirçiləri arasında xüsusi hörmətə və nüfuza malik olan bir alimdir. Müəllif  “Əl-Ğaşiyə” surəsinin on altıncı ayəsini şərh edərkən yazır ki, burada işlənən “zərabiy” “zurbiyə” kəlməsi cəmi olaraq, “boyanmış”, “yumşaq yundan toxunmuş kilim” və yaxalça” mənasındadır. Xalçanı varlı və maddi durumu yüksək olan insanların bəzək və üzərində oturmaq üçün yerə sərdiklərini yazan İbn Aşur “Zərbiyə” kəlməsinin ərəb dilinə xas inversiya olunmuş formada Azərbaycana işarə edildiyi qənaətindədir. Belə ki, “Zurbiyyə” kəlməsinin karzsamiti ilə işlənən “Əzribiyyə”yə işarə olduğunu yazan alima” hərfinin silinməsinin tələffüzü asanlaşdırmaq üçün ərəb dilində geniş yayılmış fonetik qayda olduğunu qeyd edir.

Ərəb dilinin fonetik quruluşu və qrammatikası baxımından tutarlı dəlillər gətirən İbn Aşurun bu təfsiri ilə hamı hesablaşır. Digər tərəfdən, Azərbaycanın qədim xalçaçılıq sənətinin dünyada şöhrət qazandığını və bu ənənələrin günümüzə qədər gəlib çatdığını nəzərə alsaq, burada məntiqi bağlılığın əsasını görərik. Əlbəttə, İbn Aşurun təfsirinə istinadən sözügedən ayənin Azərbaycanla bağlı hər hansı bir ehtimalı ortaya qoyması xüsusi əhəmiyyət kəsb edə bilər. Bu mövzuda dəfələrlə müxtəlif qəzet və jurnallarda Azərbaycan və ərəb dillərində məqalələrlə çıxış etmişəm. İndi yazacağım məqalə isə Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında olacaq.

Dahi şairimiz haqqında yazmaqdan öncə qədim ərəb mənbələrində Azərbaycanın və xüsusilə Gəncənin coğrafi xəritəsinə qısa nəzər salaq. Böyük coğrafiyaşünas alim İbnu əl-Fəqih “əl-Buldan” ( Ölkələr) əsərində Azərbaycanın sərhədlərindən söhbət açarkən yazır: Azərbaycanın sərhədləri Bərdədən Zəncana qədərdir. Bərkəri, Sələməs, Muğan, Xuvey (Xoy), Varsan, Beyləqan, Mərağa, Nəriz və Təbriz onun şəhərlərindəndir. Şərqdən isə Dilim, Tırım və Gilana birləşir. Bu şəhərlərdən Bərzə, Sabirxast, Xunəc, Məyanic, Mərənd, Xoy və Kulsərəni qeyd etmək olar. Bərzənd şəhəri isə dağınıq idi. Afşin onu bərpa edib orada yaşadı. Bundan başqa, Cəncə, Cəbirəvan, Zərduştun şəhəri Urmiyə və Azərcəşənsin atəşgahı olan Şiz şəhərlərinin də adlarını çəkmək olar. Bu atəşgahın məcusilər arasında xüsusi yeri vardır. Səlq və Səndbaya kəndləri, Bəzz, Mayənhəric kəndləri və Ərəm kəndləri Azərbaycan sərhədləri daxilindədir. Azərbaycanın vergisi 2000000 (iki milyon) dirhəmdir. Varsan isə, o tərəfdən Azərbaycanın son şəhəri idi. Bərzənddən Azərbaycanın son şəhəri Varsana 12 (on iki) fərsəxdir (təqribən 58 kilometr).

Qeyd etmək istəyirəm ki, doğma Vətənimizin sərhədləri və şəhərləri haqqında yazan ərəb dilli alimlər çoxdur. Mən isə bu məqalədə əsas mövzudan uzaqlaşmamaq üçün sadəcə biri ilə kifayətlənirəm.

Ərəb mənbələrində Gəncə bir neçə formada ifadə olunur. Böyük alim əs-Səməani Əl-Ənsab “(Nəsəblər) kitabında yazır: “əl-Cənzi Azərbaycanın məşhur şəhərlərindən biri Cənzəyə (Gəncəyə) mənsubdur”. O, Gəncəyə mənsub olan alimlərdən bir neçəsinin adını qeyd edərək onlar haqqında fikirlərini yazır. Bunlardan  İbrahim ibn Məhəmməd əl-Cənzi, Abu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini misal göstərmək olar. “Taudihu əl-Muştəbəh”  (Şübhələrin aydınlaşdırılması) kitabında belə yazılır: “əl-Cənzi, Cənzəyə mənsubdur, o, elə Gəncədir”. Eyni kitabın başqa bir səhifəsində “əl-Cənzəvi Cənzəyə (Gəncə) mənsubdur”  deyilir.

XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini “Əsar ül-biləd və əxbər ül-ibəd” əsərində Azərbaycanın Gəncə şəhərindən söhbət açarkən yazır ki, Cənzə (Gəncə) gürcülərə yaxın, müsəlmanların yaşadıqları yenilməz, qədim, aran şəhərlərindən biridir, bolluq şəhəridir, xalqı dindar və xeyirxahdır. Xalqın əksəriyyəti silahdan istifadə edə bilirs. O, Nizami Gəncəvidən də söhbət açaraq deyir: “Dahimüdrik şair Əbu Məhəmməd Nizami bu şəhərdəndir”. Qəzvini Əbu Məhəmməd NizamininXosrovŞirin”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” kimi əsərlərinin olduğunu, “XosrovŞirin” əsərində, dini nəsihətlərdən, hikmətli kəlamlardan, atalar sözlərindən və gözəl hekayələrdən çox istifadə etdiyini yazır. O, bu əsərin  səlcuqilər şahı Toğrul Ruslan oğlu üçün yazıldığı və sultanın da şeir və şairlərə diqqət yetirdiyi üçün Nizamiyə böyük hörmət qazandırdığını, insanlar arasında nüsxələri yayılaraq onu məşhurlaşdırdığını bildirir.Leyli və Məcnun” əsərini isə Şirvan şahının istəyi ilə onun üçün yazdığını və bu əsərin analoqu olmadığını vurğulayır. Dahi şairin hicri tarixi ilə təqribən 590-cı (1194) ildə vəfat etdiyini qeyd edir.

XVII əsrdə yaşamış böyük alim Hacı Xəlifə öz “Kəşf əz-Zunun” (Şübhələri uzə çıxarmaq) əsərində “Xəmsə” (beşlik) adı ilə məşhur olanların adlarını çəkərkən deyir: “Onlardan biriŞeyx Cəmaluddin İlyas ibn Yusuf bin Muəyyid Nizami əl-Kəncəvidir”. (Ərəb dilində g hərfi olmadığından onu ya c ilə ifadə edirlər, ya da k ilə).

XX əsrin ortalarında yaşamış Dr. Əbdunnəim Həsəneyn “Nizami Gəncəvi” adlı əsərində Azərbaycanın Gəncə şəhərində yaşamış Nizami Gəncəvinin şahlara şeir və mədhiyyələr yazmağına baxmayaraq, o dövrdə ətrafında baş verən hadisələr onun hakimşahlardan daha çox tənhalığa üstünlük verdiyini  qeyd edir. O, şairin əsərlərində hər zaman yaxşı, xeyirxah əməllərə, gözəl əxlaqa, ədalətə və vəfalı olmağa çağırdığını və həmçinin zülmdən şikayət etdiyini qeyd edir. Müəllif böyük ehtimalla şairin hicri tarixilə 539-cu (1143) ildə doğulub və 608-ci (1210) ildə vəfat etdiyini yazır.

Araşdırmalar zamanı bir neçə mənbədə ərəb şairlərinin də Nizamidən ilham aldıqları qeyd edilir. Bu mənbələrdə Nizaminin haralı olduğu haqqında heç bir məlumat olmadığından  həmin mənbələri burada sadalamağa ehtiyac görmədim. Nizami çox böyük bir şair olduğundan və əsərlərini Azərbaycan dilində yazmadığından, bəzi xalqlar onun azərbaycanlı olmadığını sübut etməyə, özününküləşdirməyə çalışırlar.

Lakin, məncə, Nizaminin əsərlərini dərindən öyrənsək, bu əsərlərin hansı şahlar üçün yazıldığına diqqət yetirsək, dahi mütəfəkkirin azərbaycanlı olduğunu açıq-aşkar görərik.

Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında araşdırma əsnasında yüzlərlə azərbaycanlı alimin adına rast gəldim ki, onlar bütün əsərlərini yalnız ərəb dilində yazmışlar. Ərəb alimləri onların azərbaycanlı olduqlarını  birmənalı şəkildə qəbul edirlər. Bu mövzu ilə ətraflı tanış olmaq istəyənlər Azərbaycanın MƏR-dəki səfirliyinin dəstəyi ilə ərəb dilində çap edilmiş “Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılıqları”  adlı kitaba müraciət edə bilərlər. Ümid edirəm ki, bu kitab tez bir zamanda Azərbaycan dilində də çap olunacaq və xalqımız öz Vətəni, görkəmli övladları haqqında bilmədikləri məlumatları əldə edəcək. Qeyd edim ki, kitabda altı ildən artıq davam edən araşdırmaların nəticəsi olaraq, beş yüzə yaxın müxtəlif ərəb mənbələrindən toplanmış yüz azərbaycanlı alim və ədib haqqında materiallar təqdim edilmişdir.

 

Seymur NƏSİROV,

Qahirə Açıq Amerika Universitetinin

ərəb dili ədəbiyyatı fakültəsinin doktorantı

 

Xalq qəzeti.- 2015.- 15 mart.- S.7.