Yevlax Kürün
sahilində bir gözəl şəhər
Yevlax bu gün Avropanın ən
qabaqcıl şəhərlərindən bir addım geri
qalmır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Mən Yevlaxı
daha abad, daha gözəl görmək istəyirəm.
Heydər ƏLİYEV
Ümummilli lider
Yevlaxa budəfəki səfərimizdə diqqətimizi ilk çəkən vaxtından qabaq çiçəkləmiş alca ağaclarının bəmbəyaz görkəmi oldu. Bu mənzərə əvvəllər qələmə aldığımız bir müşahidəmizin doğruluğundan xəbər verirdi. Doğrudan da, son on ildə bu bölgədə ən azı bir əsrə bərabər quruculuq işlərinin aparılması nəticəsində Yevlax cənnətmisal məkana çevrilmişdir. Əvvəllər yayda istisi-bürküsü, qışda sazağı – tüstüsü ilə adamları bezdirən bu yerlərdə indi abadlıq, yaşıllıq, gözəllik, rahatlıq tədbirlərinin genişliyi, əhatəliyi, həqiqətən, ictimai-siyasi mühitlə yanaşı, təbii iqlimi də dəyişdirmişdir. İndi isti aylarda Aranın göydən od yağan bu şəhəri nə qədər kölgəlikləşib-şərinləşibsə, qışı da bir o qədər mülayimləşib-hərarətlənib.
Bu duyğu-düşüncələrlə şəhərin avropasayağı bir abadlıq və rahatlıq qoynunda uyuyan küçə və meydanlarını dolaşıb şəhər icra hakimiyyətinə gəldik. Ötən ilin əsas sosial-iqtisadi yekunları, bu ilin başlıca hədəfləri barədə lazımi materialları topladıqdan sonra konkret işlərlə tanış olmaq, bölgənin uğurları ilə bağlı suallarımıza cavablar almaq üçün ayrı-ayrı obyektlərə üz tutduq.
Son illər şəhərdə yaranmış idarəetmə ənənəsinə uyğun olaraq rəhbərliyin hər bir işçisi işlər başa çatanadək konkret bir tikinti- quruculuq ünvanına təhkimdir. Hər məsul şəxsin iş günü həmin obyektdən başlanır, sonra kabinetdə davam edir. Təbii olaraq, günün sonunda hamının evə yolu yenidən cavabdeh olduğu iş meydançasından keçir. Şəhər icra hakimiyyətinin başçısını isə gün ərzində kabinetdə tapmaq çətindir. Çünki o, başqalarından fərqli olaraq, bütün şəhəri gəzib-dolaşır, hər gün obyektlərə baş çəkir. Bundan əlavə, o, rayonun digər yaşayış məntəqələrində də olur, hər yerdə adamlarla sıx ünsiyyət yaradır, “axsayan işlərə” yerindəcə təkan verir.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovla əvvəllər olduğu kimi, bu dəfə də iş üstündə görüşüb söhbətləşməli olduq. Müsahibimdən əvvəlcə artıq adi qaydaya çevrilmiş bu iş üslubunun məğzini açıqlamasını xahiş etdik. O bildirdi ki, Yevlaxda bu ənənə şəhərin əvvəlki başçısı Elmar Vəliyevin başladığı əsaslı, irimiqyqslı quruculuq işləri dövründə yaranıb:
– Əvvəl belə ikiqat işləmək – həm kabinet məsələlərini yoluna qoymaq, həm də tikinti meydançalarında, çöl- bayırda üzərinə götürdüyün vəzifəni yerinə yetirmək o qədər də asan olmurdu. Vaxt keçdikcə bu çətinliyə alışdıq. Görəndə ki, ellikcə apardığımız quruculuq- abadlıq tədbirləri şəhərimizin və rayonumuzun simasını sürətlə dəyişdirir, ölkə rəhbəri görülmüş işlərə yüksək qiymət verir, inkişafı hərtərəfli himayə edir – onda gücümüz də ikiqat artdı.
Zəhmətimizin bəhrəsi həyatımızı gözəlləşdirdikcə özümüz də otaqlarda qərar tuta bilmirik, bu gözəllikləri yaradanlarla bir sırada olmaqdan öyünc duyuruq. Adamlar da sağ olsunlar, rəhbər işçiləri öz yanlarında görəndə daha şövqlə, ikiqat hünərlə çalışırlar. Elmar müəllim bu iş qaydasını özü ilə Gəncəyə də apardı. Görürsünüzmü, son illərdə orada da genişmiqyaslı və sürətli işlər ölkənin bu ikinci böyük şəhərini necə vüsətli bir inkişaf yoluna çıxarıb.
Qoca Səmədov sözünə davam edərək dedi:
– Ulu öndər Heydər Əliyev Yevlaxın həm coğrafi mövqeyini, həm də potensialını nəzərə alıb onu daha güclü, abad, gözəl görmək istəyirdi. Onun bu arzularının həyata keçdiyinə əmin olan Prezident İlham Əliyev isə Yevlaxın bugününə belə bir yüksək qiymət verib: “Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır”. Şübhəsiz, dünya da, Avropa da daim inkişafdadır, ən abad, gözəl şəhərlər də dayanmadan yeni problemlərini həll edir, irəliyə gedir. Dövlətimizin başçısının yüksək dəyər verdiyi Yevlaxı biz daim irəli aparmağa səfərbər olmuşuq.
Müstəqilliyimiz bizə tarixi fürsət və imkan verib ki, sərvətlərimizdən daha çox faydalanaq, şəhər- kəndlərimizi abadlaşdıraq, həyatımızı gözəlləşdirək. Bax ikiqat işləmək zərurəti bundan irəli gəlib. Biz zaman-zaman ağalara çox işləmişik, buna görə də müəyyən qədər geri qalmışdıq. Şükürlər olsun ki, bu geriliyin əvəzini layiqincə çıxırıq. İnkişaf, uğur üçün bütün qapılar açıqdır. Sahibkarlar istədiyi sahədə iş qurur, bolluq yaradırlar. Torpağın sahibi olmuş kəndlilər həvəslə əkib-biçir, dövlətdən hərtərəfli dəstək görürlər. Tikinti-quruculuq işləri üçün artıqlamasilə dövlət vəsaiti ayrılır. Yerli imkanlar da getdikcə artır. Bizə qalır çalışmaq, ehtiyaclarımızı ödəmək. İldən-ilə artan uğurlarımızın özülündə bax bu gerçəklik dayanır.
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı əhatə edən növbəti Dövlət Proqramına şəhərimizin həyatının bütün sahələrini əhatə edən 18 tədbir daxil edilmişdir. Nəzərdə tutulan layihələr uğurla icra edilir. Prezident İlham Əliyevin Yevlaxın hərtərəfli inkişafına göstərdiyi böyük diqqət və qayğı, eləcə də ötən illərdə qazandığımız təcrübə, yaratdığımız potensial bizə imkan verir ki, bundan sonra da şəhərimizin inkişafı üçün lazım olan bütün tədbirləri görək. Yeni iş yerlərinin yaradılması, sosial-mədəni quruculuq işlərinin davam etdirilməsi bu il də fəaliyyətimizin əsasını təşkil edəcəkdir. Dövlətimizin başçısını, xalqımızı, yevlaxlıları əmin edirik ki, qarşımızda duran vəzifələri vaxtında və layiqincə yerinə yetirəcək, doğma şəhərimizin daha da inkişaf etdirilməsi üçün bütün qüvvələri səfərbərliyə alacağıq.
Başçı ilə söhbətimizin davamı olaraq yevlaxlıların belə bir aydın məram və yüksək əzmkarlıqla qazandıqları son uğurlara nəzər salaq. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də şəhərin hərtərəfli inkişafı üçün bütün qüvvələr səfərbərliyə alınmış, quruculuq, abadlıq, tikinti işləri artan sürətlə davam etdirilmişdir. İnfrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir.
İnkişafın dinamikası
2014-cü ildə ümumi daxili məhsulun həcmi 518,2 milyon manat – əvvəlki ilə nisbətən 48,1 milyon manat və yaxud 10,2 faiz çox olmuşdur. ÜDM-in 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Artım əsasən məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin həcminin artması hesabına olmuşdur. Məhsul və xidmətlərin 20,9 milyon manatını sənaye, 76,5 milyon manatını kənd təsərrüfatı, 102,3 milyon manatını tikinti, 256,3 milyon manatını ticarət, 6,4 milyon manatını nəqliyyat, 1,3 milyon manatını rabitə, 55,5 milyon manatını digər xidmətlər təşkil etmişdir.
2014-cü ildə adambaşına 4152,1 manat ümum daxili məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilə nisbətən 352 manat və yaxud 9,3 faiz çoxdur. Şəhərin büdcə xərcləri 24 milyon 182 min manat olmuşdur. Bu isə 2013-cü illə müqayisədə 1 milyon 739,3 min manat çoxdur. Orta aylıq əmək haqqı 225 manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 9,3 manat çoxdur. 2014-cü ildə əhalinin pul gəliri 269,5 miylon manat olmuşdur. Bu, 2013-cü ilə nisbətən 25 milyon manat və yaxud 10,2 faiz çoxdur.
2014-cü ildə pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 278,4 milyon manat olmuşdur. Bu da 2013-cü il ilə müqayisədə 10,6 faiz və yaxud 26,8 milyon manat çoxdur. İl ərzində 17 ticarət və xidmət obyekti tikilib istifadəyə verilmişdir. Hazırda rayonda mindən çox ticarət, iaşə və xidmət təşkilatı əhaliyyə müxtəlif xidmətlər göstərir. 499 hüquqi, 6969 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində fəaliyyət göstərir.
Keçən il 76,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Aqrar sahə istehsalçılarına 1 milyon 62,6 min manat dövlət yardımı verilmişdir. 2015-ci ilin məhsulu üçün buğda və çəltik istehsalçılarına 165,3 min manat dövlət yardımı hesablanmış və sənədlər respublika komissiyasına təqdim edilmişdir. Torpaq mülkiyyətçilərinə 4592 tondan çox mineral gübrə güzəştli şərtlərlə satılmışdır. 13564 hektar sahədə taxıl əkilmiş və 38,9 min ton məhsul istehsal edilmişdir. Bu da 2013-cü ilə nisbətən 4,8 min ton çoxdur. 2013-cü illə müqayisədə 19 ton ət, 236 ton süd, 12 min ədəd yumurta, 14,7 ton yun çox istehsal edilmişdir.
Yevlax rayon “Aqroservis”
filialı 15 ədəd taxılyığan kombayn,
11 ədəd traktor, 6 ədəd
taxılsəpən və 2 ədəd qoşqu
lapeti almışdır. 2014-cü ildə sahibkarlara, iş
adamlarına 40 miylon 196 min manat kredit verilmişdir. 1531 iş
yeri açılmışdır. Onlardan 1267-si daimidir. Ümumilikdə,
2004-2014-cü illərdə rayonda 17158 iş yeri
yaradılmışdır ki, onlardan 10606-sı daimidir.
Rayonun əhalisi
125 min nəfərdir. İl ərzində əhalinin sayı 1100 nəfər
artmışdır. Əhalinin keçən ilə nisbətən
artımı əsasən doğuşların və şəhərə
gələnlərin sayının artması hesabına
olmuşdur. 2014-cü ildə 985 nigah
bağlanmışdır.
“Kənd Yerlərinin
Kompleks inkişafı layihəsi” çərçivəsində
ərzaq təhlükəsizliyinin və gəlirlərin
artırılması imkanlarının təkmilləşdirilməsi
məqsədilə Yevlax, Ağdaş, Şəki və
Oğuz rayonlarında kompleks tədbirlərin həyata
keçirilməsinə yaxın günlərdə
başlanacaqdır. Layihəni
Azərbaycan hökuməti, İslam İnkişaf Bankı və
İFAD təşkilatı maliyyələşdirəcəkdir.
Tikinti-quruculuq, abadlıq
Ötən
il bütün maliyyə mənbələri
hesabına şəhərdə və rayon ərazisində
kapital qoyuluşunun həcmi 104 milyon 400 min manat olmuşdur. Bu
da 2013-cü ilin müvafiq dövrünə nisbətən 4 milyon 600 min manat və
ya 4,6 faiz çoxdur. 240 şagird yerlik 10 nömrəli şəhər
tam orta, Əcəmi və Yuxarı Bucaq kəndlərində
180 şagird yerlik ümumi orta məktəblərin, BTC -nin
inzibati-tədris korpusunun, Energetika Nazirliyinin Yevlax regional qaz nəzarəti
idarəsinin, Kənd Təsərrüfatı Nazirliyinin
regional referens və toksikologiya ekspertiza laboratoriyasının
inzibati binaları istifadəyə verilmişdir. Şəhərdə
1176 şagird yerlik 3 nömrəli tam orta məktəb
binası əsaslı təmir olunmuşdur.
Hazırda Kür çayı
sahilində 5 ulduzlu otelin, polis şöbəsinin,
İqtisadiyyat və Sənaye Nazirliyinin Aran regional inkişaf mərkəzinin,
təhsil şöbəsinin, “Azərbaycan Beynəlxalq Bank”
ASC-nin Yevlax filialının, Kənd Təsərrüfatı
Nazirliyinin Yevlax rayon idarəsinin, 11 saylı Ərazi Vergilər
Departamentinin, Qaz İstismar Sahəsinin inzibati və 100 yerlik 2
mərtəbəli uşaq bağçasının
binalarının tikintisi aparılır.
Bakı-Ələt-Qazax avtomobil yolunun 297 kilometrliyindən ayrılan 25
kilometrlik Səmədabad-Qaraməmmədli-Qaramanlı-Rüstəmli-Köyük
avtomobil yolu əsasən istifadəyə verilmişdir.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən
keçən hissəsi, yəni Xaldan-Aşağı Qarxun
avtomobil yolunun tikintisi də başa çatmışdır.
Bakı-Ələt-Qazax avtomobil yolunun Aran qəsəbəsindən
keçən hissəsində isə
körpü tikilərək istifadəyə
verilmişdir.
Şəhərdə də abadlıq işləri davam etdirilmişdir. Rəsulzadə, Dostluq, Kamil
Sabitov, Fariz Məmmədov, Abbas Səhhət və Koroğlu
küçələrində, Bakı yolundan 32-ci məhəlləyədək
və Bakı yolundan reablitasiya mərkəzinədək
avtomobil yollarında təmir işləri
aparılmışdır. Küçələrə 3100 metr
dəmir beton səki daşları düzülmüş,
yolların əsasına 12 min kubmetr
torpaq, 3500 kubmetr
çınqıl verilmiş, 4200 kvadratmetr asfalt
örtüyü salınmışdır.
Yevlaxlıların sevimli istirahət və gəzinti yeri olan Kür çayı
sahilindəki Bulvar İstirahət Kompleksində yenidənqurma
və genişləndirmə işləri aparılır. Artıq ərazidə 3 min
kvadratmetr tamet plitəsi döşənmiş, bulvar
uzadılmışdır. Nizami prospektində (H.Əliyev
prospekti ilə kəsişmədən Qala divarınadək
olan ərazidə) abadlıq işləri
aparılmışdır. Divarlar və binaların
fasadları aqlay daşı ilə üzlənmiş və
suya davamlı boya ilə rənglənmişdir. 31 məhəllədə
5 beşmərtəbəli yaşayış binasının
fasadlarında üzləmə işləri
aparılır. Şəhərdə
geniş yaşıllaşdırma işləri də
görülmüşdür. Aeroport, Yevlax-Bərdə,
Bakı-Ələt-Qazax avtomobil yollarının kənarlarına
və eyni zamanda, prospekt, küçə, park və
yaşıllıqlara 15 min kubmetr münbit torpaq, 360 ton
üzvi gübrə verilmiş, ərazilərdə 115 min ədəd
müxtəlif ağac və gül əkilmişdir. Aran qəsəbəsinin
mərkəzindən keçən Bakı-Ələt-Qazax
avtomobil yolunun kənarlarında 2013-cü ildə
başlanılmış abadlıq işləri davam
etdirilmişdir. Yolun sağ tərəfində uzunluğu 341
metr olan qala divarı və bürclər tikilmişdir.
Hazırda Qala divarlarında və bürclərdə aqlay
daşı ilə üzləmə işləri
aparılır.
Rifah, güzəran
Əhalinin içməli su ilə təmin olunması
diqqət mərkəzində olmuş, artezianların,
kanalizasiya və nasos stansiyalarının istismarı nəzarətdə
saxlanılmışdır. Əhalinin və digər
istehlakçıların içməli su təminatı
normal səviyyədə olmuşdur. Magistral və
paylayıcı su xətlərində cari təmir işləri
aparılmış, küçələrə 1,6 kilometr
uzunluğunda paylayıcı su xətləri və 31-ci məhəllədəki
yaşayış binalarına 360 metr uzunluğunda kanalizasiya xətti
çəkilmişdir.
Şəhərdə və rayon ərazisində əhalinin və istehsalat sahələrinin
fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata
keçirilir. Elektrik şəbəkəsində 65 min
manatlıq təmir işləri görülmüşdür.
49 ədəd transformator yarımstansiyası cari, 28
transformator yarımstansiyası əsaslı təmir
olunmuşdur. 2,3 kilometrlik elektrik verilişi xətləri dəyişdirilmiş,
561 ədəd sayğac quraşdırılmışdır.
İstehlakçıların təbii qaz təminatının
yaxşılaşdırılması işləri davam
etdirilmişdir. Yaşayış məntəqələrini təbii qaz
ilə təminatını yaxşılaşdırmaq
üçün istismar müddətini başa vurmuş 3600
metr orta təzyiqli qaz xətləri dəyişdirilmişdir.
650 abonent təbii qaz ilə təmin olunmuşdur. Rayonun 49 kənd
yaşayış məntəqəsindən 27-si
qazlaşdırılmışdır. Hazırda Yuxarı Qarxun,
Gülövşə, Ərəş, Yuxarı Salamabad kəndlərində
qazlaşma işləri aparılır.
Təhsil, səhiyyə, mədəniyyət
Məktəblərin
maddi-texniki bazasının əsaslı surətdə
inkişafı istiqamətində görülən işlər,
təlim-tərbiyənin səviyyəsinin yüksəldilməsi
üçün həyata keçirilən tədbirlər
uğurla davam etdirilmişdir. Şagirdlərin hərbi vətənpərvərlik,
dövlətçiliyə inam və sədaqət ruhunda tərbiyə
olunması istiqamətində həyata keçirilən tədbirlərin
nəticəsidir ki, 11 nəfər Cəmşid
Naxçıvanski adına hərbi liseyə, 7 nəfər
müxtəlif ali hərbi məktəblərə və
akademiyalara qəbul olunmuşlar. Məzunların ali məktəblərə
qəbulunda ötən il ən yüksək göstəriciyə
nail olunmuşdur. 344 nəfər ali məktəblərə qəbul
olunmuşdur ki, onlardan 1 nəfəri 600-dən, 28 nəfəri
500 dən çox bal toplamışdır.
Rayon əhalisinə yüksək
tibbi xidmətin göstərilməsi
istiqamətində tədbirlər davam etdirilmişdir. 113744 nəfər şəhər
və kənd sakini tibbi müayinədən
keçirilmişdir. İl ərzində 2109 nəfər
uşaq doğulmuş, körpə və uşaq
ölümü halı olmamışdır. Yoluxucu və
parazitar xəstəliklərin sayı minimuma enmişdir.
Mədəniyyət və Turizm Şöbəsi yeni
“Kür” instrumental estrada ansamblı
yaratmış və dekabr ayında ansambl yevlaxlılar
qarşısında konsert proqramı ilə
çıxış etmişdir. Bayramlar münasibətilə
böyük el şənlikləri, respublikanın
tanınmış incəsənət ustalarının
iştirakı ilə böyük konsert proqramları təşkil
edilmiş, bu tədbirlərdə minlərlə yevlaxlı
iştirak etmişdir. Şəhərin Kukla teatrı və Bəşir
Səfəroğlu adına Xalq teatrı məktəblərdə,
uşaq bağçalarında yeni tamaşalar göstərmişdir.
Azərbaycan Milli Dram Teatrının və Gənc
Tamaşaçılar Teatrının tamaşaları da
yevlaxlılar tərəfindən razılıqla
qarşılanmışdır.
Yevlax bu gün inkişafın
yüksək mərhələsini yaşayır. Sosial- iqtisadi uğurlar ildən-
ilə artdıqca yaşayış məntəqələri
daha sürətlə böyüyür, yeniləşir,
gözəlləşir. Bütün bunlara uyğun olaraq
problemlər azalır, əhalinin ehtiyacları dolğun ödənilir,
ümumi rifah yüksəlir. Uğur olsun, yevlaxlılar, sizi
daha gözəl günlər gözləyir!
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2015.- 15
mart.- S.5.