Bahar Qarabağa bolluq,

bərəkət, bir də ümid gətirib...

 

Söhbət Füzulidən, cəbhə xəttində yerləşən bu bölgənin bahar qayğılarından gedir

 

Siz düşmənlə üz-üzə yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz. Biz burada düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük. Getsinlər, öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və görməlidir. Azərbaycan ictimaiyyəti də bunu bilməlidir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 ...İlin bu çağlarında Qarabağ qənirsiz gözəlliklərə bürünür. Min bir rəngə çalan gülləri, çiçəkləri sarı-çəhrayı rənglərində dil açan meşələri, coşub-çağlayan bahar suları, dağlara-düzlərə yaşıl xalı sərən ilmələri ilə... Hərdən dağlardan soyuq küləklər əssə də, yamaclarda zərif tülə bürünən duman sürünsə də, torpaq isinir, cana gəlir, sanki, qoynunda addımladığı insanları salamlayır, “yurdunuza bahar gəlib” - deyir.

Oyanan, üzümüzə boylanan təkcə güllər, çiçəklər deyil. Qarlı-boranlı, uzun-üzücü qış günlərindən sonra insanlar da sevinir, ürəkləri arzu və ümidlə döyünür, çölə-bayıra, iş üstünə, ana tarlaya tələsirlər...

Qarabağın bərəkətli bölgəsi olan Füzuliyə bax belə vaxtda səfər etdik. Məqsədimiz bu bahar günlərində cəbhə xəttində yerləşən kəndlərə baş çəkmək, adamlarla görüşmək, onların bahar qayğıları, arzu və düşüncələri ilə tanış olmaq idi.

Yastı təpələrin arası ilə uzanan yol Şükürbəyli kəndinə gedir. Aradan gör nə qədər vaxt keçib. Ancaq təpələrin döşündə səngər yerləri hələ də qalmaqdadır. Kəndə yaxınlaşdıqca müharibənin, hücum və atışmanın soyuq küləyi adamın üz-gözünü dalayır: yandırılmış, dağıdılmış evlərlə, ara-sıra rast gəldiyimiz döyüş texnikasının qalıqları ilə... Bəli, burda 21 il əvvəl ağır döyüşlər getmiş, hər ev, hər küçə uğrunda ölüm-dirim savaşı olmuşdur. İndi isə... kənddə bir özgə büsat, bir özgə şənlik var. Demək olar ki, hamı obanın ortasında çatılmış tonqalın başına toplaşmışdı. Deyən-gülən, zarafat edən, fişəng atan, mahnı oxuyan... Bir sözlə, əsl bahar bayramı, Novruz ovqatı!.

– Axşamınız xeyir... Novruz bayramınız mübarək... -Xoş gəldiniz, çox sağ olun.

Sözün düzü, istədim deyəm ki, cəbhə xətti, az qala, biraddımlıqdadır. Tonqal başında bu qədər adamın toplanması təhlükəli deyil ki?.. Ancaq Ədalət Həsənov ürəyimizdən keçənləri dərhal hiss etdi:

-Heç nədən qorxub-çəkinmirik. Bu tonqalı da qəsdən bu boyda çatmışıq. Qoy bu, mənfur düşmənlərimizə bir dərs olsun. Bizim ocağımızı söndürmək, ruhumuzu öldürmək mümkün deyil. Hələ harasıdır, biz belə tonqalları tezliklə Xankəndində, Laçında, Şuşada... çatacağıq.

Şükürbəyli də Füzuli rayonunun başqa yaşayış məntəqələri kimi cəmi bir neçə ay düşmən caynağında olub. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəllərində başlanan güclü əks-hücumu nəticəsində müqəddəs ata-baba torpaqlarımız mənfur düşməndən azad edildi. Ancaq bu bir neçə ay ərzində namərd düşmən nələr etməmişdi?! Kənddə, demək olar ki, salamat ev qalmamışdı. Yollar, körpülər, su, qaz və elektrik xətləri dağıdılmışdı. Qarabağ müharibəsində şükürbəylilər də şəhid olmuşlar. 11 nəfər gənc döyüşlərdə canını qurban vermişdi.

Dağıntı və çətinliklərə baxmayaraq, azad olan kimi kənd sakinləri doğma ev-eşiklərinə qayıtdılar. İlk aylar öz həyətində çadır qurub yaşayanlar da, dağılmış evinin təsadüfən salamat qalan divarına sığınıb qalanlar da oldu. Onlara ümid verən, yaşadan ayaqlarının doğma torpaq üstə olması, bir də ölkə başçısının gündəlik diqqət və qayğısı idi. Günlər keçdikcə həyət-baca da, bağ-bostan da insan nəfəsi ilə isindi, genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı.

İndi Şükürbəyli kənd sakinlərinin heç nədən – nə elektrik enerjisindən, nə təbii qazdan, nə də içməli sudan çətinliyi yoxdur. Gün-güzəran, dolanışıq ildən-ilə yaxşılaşır, gəlir artır. Əsas diqqət taxılçılığa yönəldilib. Ağsaqqallar deyirlər ki, indi işğaldan əvvəlki dövrə nisbətən məhsul istehsalı 2-3 qat çoxalıb.

Mətləb Məstəliyev qürur və inamla danışır:

– Elə bir gün olmur ki, qarşı tərəf atəşkəs rejimini pozmasın. Ancaq dərhal da öz layiqli cavabını alır. Əkin-biçin yerlərinin çoxu güllə məsafəsində yerləşir. Lakin bu, bizi qətiyyən qorxutmur. Evsizliyin, didərginliyin acı taleyini gördük. Ona görə də bir addım da olsun geri çəkilən deyilik. Heç nədən qorxumuz yoxdur. Elə bir ailə tapmaq olmaz ki, illik azuqəsini bu torpaqdan çıxarmasın. Artığını da bazarda satırıq.

Çingiz Həsənov, az qala, göyə bülənd olan alov dillərinə baxa-baxa:

– Bu tonqal qarşı tərəfdən də çox aydın görünür, - dedi. - Biz daha 10-15 il əvvəlki insanlar deyilik. Ayağımızı torpağımıza möhkəm dirəmişik. Prezidentimizə, ölkəmizə, ordumuza inamımız sonsuzdur. Bizi düşmənlə, necə deyərlər, üz-üzə yaşadan da elə bu inam və ümiddir.

Alıxanlı da Füzulinin cəbhə xəttinə ən yaxın olan yaşayış məntəqələrindən biridir. Burda da tonqallar çatılıb. Kənd sakinləri bu ilin baharına böyük ümid və arzularla baxır, onu sevinc və həvəslə qarşılayırlar. İlk müsahibimiz Babaxan Məmmədov oldu:

– Müharibə bizim kəndə də çox fəlakətlər gətirib. 17 nəfər şəhidimiz var. Mən hələ yaralananları, itkin düşənləri demirəm. Bununla belə, gördüyünüz kimi, hamımız ayaq üstəyik, tonqal başındayıq. Bu ilin baharından çox şey gözləyirik. Haqq-ədalət, nəhayət, qələbə çalmalı, doğma torpaqlarımız düşməndən azad olunmalıdır.

Biz tonqal başında balaca bir oğlan uşağı ilə də tanış olduq. Əynində hərbi parçadan tikilmiş paltar vardı:

– Necəsən, balaca əsgər? -Yaxşıyam. Ancaq tüfəngim yoxdur. Tüfəngim olsaydı...

Hamımız gülüşdük. Balaca əsgərin saçını sığalladım, öz-özümə “sən böyüyənə, əyninə həqiqi əsgər forması geyənə qədər doğma torpaqlarımız azad olacaq, mənim balam” - dedim.

Horadiz şəhərində, Zobucuq qəsəbəsində, Qazaxlar kəndində də olduq. Hər yerdə də bahar tonqalları gördük, bu gur ocaqların ətrafında toplaşan insanlarla söhbət etdik. Gəldiyimiz yekdil nəticə belədir: füzulililər bahar bayramını böyük sevinc və arzularla qarşılayırlar. Bütün yaşayış məntəqələrində, xüsusilə cəbhə xəttində yerləşən kəndlərdə geniş tikinti-abadlıq işləri aparılır, vacib sosial məsələlər ardıcıllıqla yerinə yetirilir. Göstərilən diqqət və qayğı onları daha da ruhlandırır, doğma torpaqlarımızın azad olacağı günə inam və ümidi artırır.

Söhbət, əlbəttə, təkcə cəbhəyanı yaşayış məntəqələrindən getmir. Böyük fərəh hissi ilə qeyd etməyə dəyər ki, inkişaf və yüksəliş bütünlüklə Füzuli rayonunu əhatə etmişdir. Genişmiqyaslı tikinti-quruculuq işləri aparılmış, onlarla yeni müəssisə işə düşmüş, Horadiz respublikamızın ən abad və yaraşıqlı şəhərlərindən birinə çevrilmişdir.

Təkcə ötən il rayon üzrə ümumi məhsul buraxılışının həcmi 133,1 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur. Burada 8,1 milyon manat sənayenin, 63,5 milyon manat isə kənd təsərrüfatının payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 290 manat təşkil edir. Bu, 2013-cü illə müqayisədə 16,2 fazi artıqdır.

Son illər taxılçılığın inkişafına ciddi fikir verilir. Belə ki, 30,1 min hektar sahənin məhsulu biçilmiş, 91 min ton taxıl əldə edilmişdir. Aşağıdakı rəqəmlərə diqqət yetirək. 2011-ci ildə 90 min ton, 2012-ci ildə 101 min ton, 2013-cü ildə isə 111 min ton taxıl istehsal edilmişdir. Hər hektarın məhsuldarlığı 28-30 sentnerə çatdırılmışdır. Cari ilin məhsulu üçün 35,2 min hektar sahədə taxıl əkilmişdir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.

İki ildir ki, 300 hektar sahədə məhsuldar toxumluq təsərrüfatı yaradılmışdır. Həmin sahələrdən 55 sentner taxıl götürülür. Məqsəd yaxın gələcəkdə taxılçılığı həmin elit növ toxum hesabına inkişaf etdirmək, taxıl istehsalını 160-180 min tona çatdırmaqdır.

Heyvandarlıq məhsulları istehsalı da dinamik inkişaf etdirilir. Hazırda rayonda 32670 baş qaramal, 120 min baş qoyun-quzu, 473 min baş ev quşları var. Ötən il 4731 ton ət, 17867 ton süd, 6,5 milyon ədəd yumurta, 152 ton yun istehsal edilmişdir. Bundan başqa, keçən il 1632 ton kartof, 10700 ton bostan-tərəvəz məhsulları, 44 min ton çuğundur, 150 ton pambıq, 1120 ton meyvə, 530 ton üzüm və s. əldə edilmişdir.

Heyvandarlığın aparıcı sahə olduğunu nəzərə alaraq Haramı adlanan ərazidə 5000 baş ətlik və südlük istiqamətində heyvandarlıq kompleksinin və sutkada 10 ton süd qəbul edəcək zavodun tikintisi başa çatmaq üzrədir. Hazırda həmin kompleksin birinci növbəsi işə başlayıb, buraya 500 baş südlük istiqamətli məhsuldar heyvan gətirilmişdir.

Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək-un məmulatları istehsal edən zavodun yaxınlarda istifadəyə verilməsi üçün son hazırlıq işləri görülür. Dövlət proqramına uyğun olaraq, içməli və suvarma suyuna ehtiyac olan 10 yaşayış məntəqəsində 20 artezian quyusu istismara verilmiş, 85 nasos təmir edilmiş, 19 yeni nasos alınmış, 10 transformator bərpa olunmuşdur. Bu il əlavə 20 artezian quyusu qazılacaq və beləliklə, su ilə bağlı problemlər əsasən aradan qaldırılacaqdır.

Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına və dövlət proqramına uyğun olaraq, rayona təbii qaz çəkilişi, demək olar ki, başa çatdırılmışdır. İndiyədək 39 yaşayış məntəqəsində 13 minədək abonent təbii qazdan istifadə edir.

Prezidentin 2011-ci və 2013-cü il tarixli sərəncamları ilə rayonun 24 yaşayış məntəqəsinin 64,4 kilometrlik yararsız vəziyyətdə olan yolları əsaslı bərpa olunmuşdur. Hazırda həmin yollardan 40 min nəfər əhali istifadə edir. Yaxın vaxtlarda Qayıdış – I və Qayıdış – II qəsəbələrini birləşdirən 21 kilometrlik yolun da bərpasına başlanılacaqdır.

Təhsil, mədəniyyət və səhiyyənin inkişafı da diqqət mərkəzindədir. Təkcə ötən il Qazaxlar kəndində orta məktəb binası istifadəyə verilmiş, Əhmədbəyli kəndində isə musiqi təmayüllü gimnaziya binasının tikintisi davam etdirilmişdir.

Həyata keçirilən tədbirlərin sayəsində son 10 ildə rayon üzrə 4 mindən artıq, son beş ildə 3 minə yaxın, 2013-cü ildə 548, 2014-cü ildə isə 608 daimi iş yeri, 10 mindən çox müvəqqəti iş yerləri açılmışdır.

Əvvəllər yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatında ciddi nöqsanlara yol verilirdi. Son illər həyata keçirilən tədbirlər nəticəsində enerji verilişində ciddi nöqsanların qarşısı alınıb. Məsələn, ötən il 15 yeni transformator quraşdırılmış, 17-si isə təmir olunaraq istismara verilmişdir. Böyük Bəhmənli, Kərimbəyli, Alıxanlı, Araz Dilağarda, Qarabağ, Bala Bəhmənli, Aşağı Yağlıvənd kəndlərində, Horadiz şəhərində, Qayıdış və Zobucuq qəsəbələrində quraşdırılmış transformatorlar əhaliyə normal xidmət göstərir.

Rayonun 55 min nəfərə yaxın əhalisi respublikanın 50 şəhər və rayonunda məskunlaşmışdır. Rayon İcra Hakimiyyəti müəyyən olunmuş qrafikə uyğun olaraq, əhalinin daha çox məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında xidmət təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri ilə birlikdə müntəzəm olaraq görüşlər keçirilir, söhbətlər aparılır, vətəndaşları narahat edən məsələlər yerindəcə həll edilir.

Səyyar qəbulların forma və məzmunu təkmilləşdirilir. Belə qəbulların böyük səmərəsi olur. Əsas müraciətləri yerlərdə həll olunan əhali başqa təşkilatlara müraciət etmir, əziyyət çəkmir. 2014-cü ildə rayon icra hakimiyyəti başçısının 46 səyyar qəbulu olmuş, 8 min nəfərdən artıq vətəndaş qəbul edilmiş, qaldırılan 340 məsələnin 90 faizi qısa müddət ərzində həll edilmişdir.

Ötən ilin sosial-iqtisadi və mədəni inkişafından danışarkən bir məsələni xüsusilə qeyd etmək lazımdır. Bu da Prezident İlham Əliyevin 2014-cü ildə bu bölgəyə tarixi səfəridir. Səfər zamanı ölkə rəhbəri tikiş fabrikinin, Tarix—Diyarşünaslıq Muzeyinin, Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı avtomobil yolunun, 2 nömrəli körpələr evi - uşaq bağçasının, Horadiz şəhərində işğal zamanı dağıdılmış 227 evin və 3 binanın bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Prezident Dövlət bayrağı meydanında, Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə, Mil - Muğan hidroqovşağının faəliyyəti ilə də tanış olmuşdur. Onu da əlavə edək ki, həmin səfər və keçirilən görüşlər bu gün də füzulililərin yaddaşında unudulmaz bir xatirə kimi yaşamaqdadır. Ölkə başçısının görülmüş işlərə yüksək qiymət verməsi, məsləhət və tövsiyələri rayon sakinlərini daha da ruhlandırmış, onlara əlavə güc və həvəs vermişdir.

Prezident görüş zamanı demişdir: “Bu, mənim Füzuli rayonuna beşinci səfərimdir. Hər dəfə burada olarkən yeniliklər görürəm, ürəyim sevinir və əldə edilmiş bütün uğurlar münasibətilə Sizi ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, füzulililəri çox sevirəm və çox sevinirəm ki, Füzulidə bu qədər inkişaf var”.

Son illər əldə edilmiş inkişaf və yüksəlişdən danışarkən bu amili də unutmaq olmaz. Məlum olduğu kimi, respublika Prezidentinin müvafiq sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir. Horadizin inkişafında yeni mərhələ də, əslində, bundan sonra başlanmışdır. Daha əyani təsəvvür üçün son üç ildə burada görülüb başa çatdırılmış işləri, inkişaf və yüksəlişi əks etdirən bəzi fakt və rəqəmləri bir daha yada salaq. Ən əvvəl onu xatırladaq ki, Horadiz şəhəri xeyli genişlənmiş, burada Heydər Əliyev parkı, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının, Gənclər mərkəzinin, Təhsil və Polis şöbələrinin inzibati binaları tikilmişdir. Park və xiyabanlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmış, dünyanın müxtəlif ölkələrindən nadir gül-çiçək və 100 minə yaxın ağac gətirilmişdir.

Bir sözlə, ərazisinin 70 faizi hələ də düşmən tapdağında olsa da, hər gün atəşkəs rejimi pozulsa da, basqın və atışma baş versə də, Füzuli qısa müddət ərzində respublikanın ən sürətli inkişaf edən bölgələri sırasına çıxmış, tikinti-abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Rayon icra hakimiyyətinin, onun yerli strukturlarının, bütün idarə, müəssisə və təşkilatların iş üslub və metodları, təşkilat-idarəetmə məsələləri daha da təkmilləşdirilmiş, möhkəm icra intizamı, ciddi tələbkarlıq yaradılmışdır. Rayonda həyatın axarı gurdur, sağlam, mənəvi-psixoloji mühit, yaradıcı, təşəbbüskar ab-hava mövcuddur.

...Bərəkətli Qarabağ torpaqlarında bahar tonqalları yanır. Alov dilləri göyə bülənd olur, az qala, külli-Qarabağı işığa bürüyür. Bəli, bu ilin baharı özü ilə bolluq, bərəkət, bir də ümid gətirib...

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 20 mart.- S.12.