Elimizə Novruz gəlir

 

Novruz bayramının tarixi çox qədimdir. Xalqın bu bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamla bağlı deyildir. Orta əsr alimləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer aldığını göstərirlər. Əbu Reyhan Biruni (XI əsr) Novruz bayramının yaranması səbəblərindən, bu el şənliyi münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, onun təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamülülk (XI əsr) də “Siyasətnamə” əsərində Novruz bayramından bəhs edərkən yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq şənliklərini xatırladır.

 

Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Bəzi qədim inanclara görə, Kainat 4 ünsürdən – od, hava, su və torpaqdan yaranıb. Hər il 4 çərşənbə Novruzdan—gündüzlə gecənin bərabərləşməsindən əvvəl qeyd olunur. Ustad aşıqlarımız da vücudnamələrində “Abü atəş, xakü baddan yarandım” deyiblər. Yəni su, od, torpaq və hava bağlıdır insana. Birinci keçirilən su çərşənbəsi baharın gəlişi ərəfəsində çayların buz bağlayan hissələri əriyərək coşub daşmağa başlayır. Qızlar, gəlinlər bulaqlardan sərin su gətirib evin, həyət-bacanın ətrafına çiləyər, əl-üzlərini yuyaraq aydınlığa çıxardılar. Od çərşənbəsində bahara doğru Günəş yavaş-yavaş eli-obanı isindirir, torpaq qızmağa başlayır. Tonqallar qalanır, ailə üzvlərinin adına şam yandırılır, xonçalar düzəldilir. Yel çərşənbəsində azacıq oyanmış torpaq sanki cana gəlir, təzəcə çıxan yaza həsrət güllər tərpəşir, tumurcuqlanan ağaclar əsməyə başlayır. Torpaq çərşənbəsində isə ana təbiət Tanrının yaratdığı su ilə islanır, günəşlə isinir, onu yaratmağa hazırlayır. Məhz torpaq çərşənbəsi günü erkən yaz əkininə başlayardılar. İnsanlar “Səməni, saxla məni, ildə göyərdərəm səni”,- deyərək, buğda isladıb səməni göyərdərdilər Novruz bayramı ərəfəsində.

Novruz dünyəvi bayramdır. Hər bir xalq bu bayramla bağlı özünəməxsus mövsümi nəğmələr, mərasimlər yaratmışdır. Novruz Azərbaycanla yanaşı, Qafqazda, İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Albaniyada “Sultan Nevruz bayramı” dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd olunur. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Novruz dünyanın əksər ölkələrində yerli xalqların nümayəndələri tərəfindən geniş şəkildə bayram edilir. Bu cür məkanlar arasında Vaşinqton, Los-Anceles, Toronto, London kimi iri şəhərlər də var. Los-Anceles şəhərində ocaq qalamağa icazə verilmədiyi üçün Cənubi Kaliforniyada yaşayan müsəlmanlar okean sahilindəki çimərliklərə gedir və oralarda bayram ocaqları qalayırlar.

Azərbaycanda adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin başlanmasının rəmzi hesab edilir. Adamlar səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış olurlar. Onlar bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, müxtəlif mahnı – “Gün çıx!” nəğməsi oxumaqla oda, atəşə, Günəşə olan etiqad və inamlarını ifadə etmişlər. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Bayramqabağı, adətən, evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir.

Novruz bayramında ləziz şiriniyyat növləri – qoğal, külçə, fəsəlli, paxlava, şəkərbura, şəkərçörəyi hazırlanır— və plov bişirilir. Rəngbərəng yumurtalar boyanır, məcməyi və sinilərdə xonça bəzədilir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, dünyasını dəyişənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir, oğlan və qızlar təzə paltar geyir, çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapır, qurşaq tuturlar. “Haxışta”, Bənövşə", “Kos-kosa” xalq oyunları maraqla izlənilir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq məhsulu — su, süd, səməni, sünbül, sucuq, siyənək (balıq) və süzmə—qoyulur.

Minillik qan yaddaşımızdan süzülüb gələn Novruz bayramı müxtəlif təqiblərə, qadağalara baxmayaraq, xalqımız tərəfindən daim qorunub, uca tutulub, böyük sevgi ilə qeyd edilib. Bu gün məmləkətimiz Novruzun pişvazına çıxıb. Həmişə olduğu kimi, bu Novruzda da ürəklər arzu, istəklə doludur. Adət-ənənələrindən tutmuş rəmzlərinədək Novruzun hər bir əlaməti arzu, dilək carçısıdır.

Adətdir, Novruzda niyyət edib qapı pusarlar. Eşidilən ilk sözü və ya söhbəti yozub, bəxt haqqında mülahizələr yürüdərlər. Neçə-neçə oğul və qızlarımızın ürəklərindəki arzularının çin olub-olmayacağını eşidilən sözlərə bağlayarlar. Qoy, bu Novruz bayramı da cavanlarımızın istəklərini çin etsin, evlərdən yalnız xoş sözlər eşidilsin.

Adətə görə, gənc oğlan qıza məhəbbətini izhar etmək üçün dəsmalın və yaxud örpəyin ucunu düyünləyərək  qız evinin qapısına atır. Əgər ev sahibi oğlan və qızın ailə qurmasına razılıq versə, bu zaman düyünü açıb qızın belinə, qoluna bağlayarmış. Razı olmasa, örpəyin içərisinə bayram şirniləri qoyub sahibinə qaytararmış. Ona görə də, arzu edirik ki, bu Novruzda Vətən oğullarımızın sevgili qapısına atdığı örpəklər qızların belinə bağlansın.

Novruz bayramında bulaqdan, çaydan, axar sudan “lal su” gətirərlər. Su gətirməyə gedən qız qabı əlinə götürəndən ta suyu gətirib evdə iynə salınacaq qaba tökənəcən dinməməlidir. Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə pambıq dolayıb hərəsini bir tərəfdən suya salırlar. Uğurlu halda iynələr müxtəlif səmtlərə hərəkət etsə də, axırda bir-birinə bitişir. Əksinə olanda isə iynələr o tərəf bu tərəfə hərəkət edərək qovuşmur.

Bayram günü pəncərənin yanına yumurta qoyarlar. Əgər onun üzərinə qırmızı xətt çəkilərsə, yumurta kimin bəxtinə qoyulubsa, o, xoşbəxt olacaq.

Arzu edək ki, bu Novruzda, eldən, obadan, yurddan, yuvadan, hər yerdən məsum körpə səsləri ucalsın.  Çəkiclər bir zindana vurulsun. Cəmiyyətimizdə fikir ayrılığı olmasın.

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2015.- 20 mart.- S.9.