Bişkekdə Azərbaycan musiqisi günü

 

“Roza Otunbayevanın Təşəbbüsü” Fondu Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi ilə birgə martın 17-də Bişkek şəhərində Qırğız Milli Konservatoriyasının böyük salonunda “Musiqi xalqın ürəyidir” adlı Azərbaycan musiqisinə həsr olunmuş  tədbir keçirmişdir. Tədbirin hazırlanmasında Qırğız Xalq Assambleyası və Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyası iştirak etmişlər.

 Tədbirdə Qırğız Respublikası hökumətinin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri,  ictimai-siyasi xadimlər, elm, təhsil və yaradıcılıq təşkilatlarının nümayəndələri, Azərbaycan diasporunun üzvləri və Qırğızıstanın kütləvi  informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Tədbirin əvvəlində Qırğızıstan və Azərbaycanın Dövlət himnləri səslənmişdir. Sonra Azərbaycandan bəhs edən  film nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov musiqi mədəniyyətimizin qədim, zəngin tarixi haqqında geniş məlumat vermişdir. Demişdir ki, hələ min yüz il bundan qabaq qələmə alınmış möhtəşəm tarixi yazılı abidəmiz - “Kitabi-Dədə Qorqud” eposunda müxtəlif musiqi alətlərimizin adları çəkilir, musiqi ifaçılığı epizodları təsvir edilir.

Səfir Azərbaycan musiqisinin inkişaf mərhələləri, professional, klassik musiqimizin formalaşması və inkişafı barədə də danışmışdır. O, həmçinin qırğız xalqının da musiqi sahəsində zəngin irsə malik olmasını qeyd etmişdir.

H.Orucov bildirmişdir ki, bu tədbirin əlamətdar olmasının digər səbəbi də türk dünyasının möhtəşəm qeyd etdiyi Novruz bayramı ərəfəsində keçirilməsidir.

Səfir vurğulamışdır ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti cənab Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.

Sonra çıxış edən Qırğız Respublikasının Mədəniyyət, Turizm və İnformasiya naziri Altınbek Maksutov demişdir ki, bu tədbir vasitəsilə qardaş Azərbaycan xalqının musiqi mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazandıq. O, belə yüksək tədbirin təşkil olunmasına görə Azərbaycanın Qırğız Respublikasında səfirliyinə və şəxsən səfir Hidayət Orucova təşəkkürünü bildirmişdir.

Qırğızıstanda yaşayan azərbaycanlıların “Azəri” Mədəniyyət Mərkəzinin sədri Əziz Əliyev soydaşlarımızın əzablı sürgün talelərindən sonra qırğız torpağında doğma qardaş-bacılar kimi qarşılanmasından, bu gün hər iki ölkə rəhbərlərinin diqqət və qayğısını hər an hiss etmələrindən bəhs etmişdir.

Sonra Novruz bayramının Azərbaycanda necə qeyd olunmasını əks etdirən səhnələr göstərilmiş, video materiallar nümayiş etdirilmiş, tədbir iştirakçılarına Novruz süfrəsinin nemətləri  paylanmışdır.

Azərbaycanın Xalq artistləri Mələkxanım Əyyubovanın, Möhlət Müslümovun və Fəxrəddin Dadaşovun, Qırğızıstanın görkəmli müğənnilərinin ifa etdikləri mahnılar,  Qırğız Respublikası Opera və Balet Teatrının solistlərinin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından duetlər, burda yaşayan azərbaycanlıların “Azəri” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının, Qırğız-Türk “Manas” Universitetinin “Türk Dünyası” Orkestrinin repertuarlarında olan Azərbaycan mahnıları ilə zəngin proqram tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

 Tədbirin sonunda  çıxış edən “Roza Otunbayevanın Təşəbbüsü” Fondunun icraçı direktoru Doktorqul Kenderbayeva və Qırğız Xalqı Assambleyasının prezidenti, akademik Bektemir Murzuibraimov tədbiri heç vaxt unudulmayacaq möhtəşəm gün adlandırdı və belə gecələrin bir-birimizi daha yaxından tanımağımıza, sevməyimizə xidmət etdiyini vurğuladılar.

 

 Xalq qəzeti.- 2015.- 20 mart.- S.9.